Arzu Bağırova: "Bizim cəmiyyətimizdə
hər zaman qadının yeri və rolu olub"
İki il
öncə mart ayının 5-də millət vəkili Qənirə
Paşayevanın dəvətilə 8 Mart Beynəlxalq
Qadınlar Günü və yeni bir İctimai Birliyin
açılışı münasibətilə keçirilən
tədbirə dəvət aldıq. Olduqca yüksək səviyyədə
hazırlanmış tədbirdə yeni bir qeyri-hökumət
təşkilatının yaranmasına şahidlik etdik: Regional
Hüquqi və İqtisadi Maarifləndirmə İctimai
Birliyi. Həmin gündən etibarən son iki
ildə müxtəlif layihələrdə, tədbirlərdə
sözügedən birlik və onun sədri Arzu
Bağırovanın adını tez-tez eşidirik. Cəmiyyətimiz üçün yararlı bu
cür sosial layihələri ya özləri həyata
keçirir, ya da dəstək olurlar. Biz də
Arzu xanımı və onun təşkilatını daha
yaxından tanımaq, eləcə də oxucularımıza
tanıtmaq üçün suallarımızı da
götürüb görüşünə getdik. Bizi səmimiyyətlə
qarşılayan Arzu xanım suallarımıza da sona qədər
eyni səmimiyyətlə cavab verdi.
Söhbətimizə Regional Hüquqi və İqtisadi Maarifləndirmə
İctimai Birliyinin yaranmasından başladıq:
- Əslində, çox əvvəllərdən bu
işlərdən xəbərdar idim, bir növ bu işlərin
içində idim. Xeyriyyə tədbirlərinə, maarifləndirmə
işlərinə qoşulurdum. Amma önə
çıxmağa, özüm bir təşkilat yaradıb
idarə etməyə cəsarət tapmırdım. Həmişə demişəm ki, məni
sözün həqiqi mənasında cəsarətləndirən
millət vəkilimiz Qənirə Paşayeva oldu. Bu, danılmaz faktdır. Onun
"sən bacararsan, bu işlərin öhdəsindən gələrsən"
sözləri mənə bir növ güc-qüvvət oldu.
Beləcə, burdan yola çıxaraq öz təşkilatımızı
yaratdıq və yaratdığımız gündən də
qızğın işlərə başladıq. İndi də işlərimiz çoxdur. Dövlətimizin də siyasətinin yanında olaraq
bu işlərlə cəmiyyətimizə faydalı,
yararlı olmağa çalışırıq.
Adımızda "hüquqi və iqtisadi maarifləndirmə"
sözü olsa da, biz bütün istiqamətlərdə
maarifləndirmə tədbirləri təşkil edir, layihələr
keçiririk.
Yəni, doğru, düzgün bildiyimiz,
faydalı hesab etdiyimiz hər bir sahədə maarifləndirmə
işləri aparırıq.
Cəmiyyətimizdə maarifləndirmə işi ilkin
olaraq hansı sahədən başlanmalıdır deyə
düşünsək, məncə, hələ ötən əsrin
əvvəllərinə- Azərbaycan Xalq Cümhuriyyəti və
onun qurucularının fəaliyyətinə nəzər sala
bilərik.
Onların siyasətində ilk iş universitet açmaq oldu. Amma bundan da öncə əgər Hacı Zeynalabdin
Tağıyev kimi milyonçunun ilk işlərindən biri
qız məktəbi açmaq oldusa, bu, onun və onun kimilərinin
təhsilə, maarifə verdiyi önəm idi. O
ziyalılarımız, o aydınlarımız əvvəlcə
insanların savadlanmasına diqqət yetirdilər. Elə bu dövrdə də ona ehtiyac var. Mən həmişə
demişəm ki, maarifləndirmə işi sistemli şəkildə
olanda daha effektli olur. Sistemli dedikdə, ev,
bağça, məktəb, universitet və ardıyca
bütün sahələri nəzərdə tuturam. Bu iş təməldən
başlanmalı və pilləli şəkildə davam etməlidir.
Onda öz faydasını daha çox göstərəcək.
Biz təqdimat
mərasimimizi keçirtdikdən sonra ilk iş kimi bölgələrimizə
üz tutduq, məktəblərdə şagirdlərlə,
müəllimlərlə görüşdük. Bu zaman biz uşaqlar arasında kitaba, mütaliəyə
meyli artırmaq, zərərli vərdişlərdən
çəkindirmək istiqamətində tədbirlər həyata
keçirtdik, görüşlərimiz oldu. Bölgələrdəki uşaqlara kitablar
payladıq. Bundan başqa, uşaqların
asudə vaxtlarını səmərəli keçirtməsi
yönündə layihələrimiz oldu. İlk
işlərimizdən biri də tariximizi öyrənmək, təbliğ
etmək yönündə oldu. Bunu
xüsusən qeyd etmək istəyirəm ki, nə qədər
tədbirlər keçirtsək də, hansı istiqamətlərdə
layihələr hazırlasaq da, bizim işimizdə birinci və
ən önəmli yeri şahid ailələrimizə, qazilərimizə
diqqət tutur. Onlara diqqətimizdən,
qayğımızdan qalmırıq, hər məsələdə
yanlarında olmağa çalışırıq. Şəhidlərimizin anım tədbirlərini
keçiririk, onlar haqqında kitabların yazılıb
çap olunmasına, filmlərin çəkilməsinə, təqdimatlarının
keçirilməsinə çalışırıq.
Bunu özümüzə iş deyil, borc bilirik. Ondan başqa fiziki məhdudiyyətli istedadlı
uşaqlarımızı, gənclərimizi tapıb onlara
öz sahələrində dəstək olur, kitablarını
çap etdirir, sərgilərini təşkil edir, onları cəmiyyətimizə
qazandırmağa və tanıtmağa
çalışırıq. Bütün
bu işlər bizim fəaliyyətimizdə hər zaman öz əksini
tapacaq.
Yeni
yarandığımıza görə say etibarilə kəmiyyət
çoxluğundan danışa bilməyəcəm, amma
keyfiyyət olaraq komandamızda çalışqan, işinin
peşəkarı, məsuliyyətli və bütün bu
işləri sevgiylə həyata keçirən insanlar
toplanıb. Eyni zamanda ayrı-ayrı işlərimizdə
bizə könüllü şəkildə kömək edənlər,
dəstək göstərənlər də olur. Amma yenə də qapılarımız gənclərimizin
üzünə hər zaman açıqdır. Bizimlə birlikdə ölkəmizin ictimai, siyasi, mədəni
həyatına öz töhfəsini vermək istəyən hər
kəsə şərait yaratmağa hazırıq.
Təbii ki, işlərimizi ancaq özümüz həyata
keçirtmirik. Daha keyfiyyətli və daha faydalı,
qüsursuz işlər ortaya qoymaq üçün fikrinə,
təcrübəsinə, peşəkarlığına
inandığın insanlardan məsləhət almaq, fikir
mübadiləsi aparmaq mütləqdir. Mən
də bundan heç zaman çəkinmirəm. Tərəddüd etdiyim məqamlarda Qənirə
xanım Paşayevaya, eləcə də başqa ziyalı
dostlarımıza üz tuturam. Onlar da
sağ olsunlar, heç zaman dəstəklərini əsirgəmirlər.
Buradakı
işlərimizlə yanaşı, xarici
ölkələrə səfərlərimiz də çox
olur. Konfranslarda, sammitlərdə iştirak edirəm.
İki dəfə Beynəlxalq Qadın Sammitində
iştirak etmişəm. Tokioda, Tailandda, Sidneydə
keçirilən böyük sammitlərdə iştirak etmişik.
Təbii ki, oraya əliboş getmirik. Əsasən Qarabağ həqiqətlərimizi, Azərbaycanımızı
təbliğ edən ingiliscə kitablar çap etdirib
aparmışıq. Bacardığımız
qədər yaralı yerimiz olan Qarabağ həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmağa
çalışırıq. Türkiyədə
Leyla xanım Əliyevanın "Xocalıya Ədalət!"
kompaniyası çərçivəsində bir çox tədbirlərdə,
Azərbaycan, Qarabağ parklarının
açılışlarında iştirak etmişik. Ölkəmizi təbliğ edən bütün
gözəl işlərdə varıq.
Bu proseslərdə
şahid olduğumuz əsas məsələ odur ki, dünyada
Qarabağ həqiqətlərini bilənlər heç də
az deyil. Bilib özünü
bilməyən kimi göstərənlər də var. Amma bizim
dayanmaq fikrimiz yoxdur. Var gücümüzlə
yaramızı, ağrımızı dünyaya
çatdırırıq. Getdiyimiz yerlərdə
həmin ölkələrin mətbuatıyla əlaqələr
yaradıb mətbuat vasitəsiylə danışırıq,
deyirik.
"Bizim Mehriban xanım Əliyeva kimi nümunəmiz
var".
Bizim cəmiyyətimizdə hər zaman qadının
yeri və rolu olub. Cəmiyyətimiz bu yöndən kasad
olmayıb.
Bu gün siyasətimizdə də çox güclü,
peşəkar qadınlarımız var. Ən əvvəl bizim
birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi nümunəmiz
var. O, humanistliyi, xeyirxahlığı, aydın
düşüncəsi, siyasi biliyi ilə hamımıza
örnəkdir. Ondan başqa da çox nümunələrimiz
var.
Təbii ki, qadınlarımızın bu fəaliyyət
sahələri daha da genişlənsə, hamımız sevinərik. Bunun genişləndirilməsi
yönündə bir neçə layihələr də həyata
keçirmişik. Onlardan ən
böyüyü "Uğura gedən yol" layihəsi idi
ki, bu çərçivədə ən çox
qadınlarımızla bağlı tədbirlər elədik.
Türkiyədən dəyərli uzmanlarla
qadınlarımızın, qızlarımızın
görüşlərini, seminarları təşkil elədik.
Doğrudur, bizim qadınlarımız zəif
deyillər. Sadəcə bir az istiqamət
və dəstək lazımdır. Öz
gücünə uğur qazanan xanımlarımız
çoxdur. Hərəsi öz sahəsində
peşəkarcasına işlər görürlər. Amma arzumuz budur ki, daha çox olsun. Fəaliyyətimizi də bu yöndən davam
etdiririk.
Bu yaxınlarda "Qadına şiddətə yox!" adlı sosial çarx hazırladıq və onun təqdimatını keçirtdik. Məncə, qadına şiddətin bir səbəbi, ya da bir qaynağı yoxdur. Əlbəttə heç bir məsələnin, heç bir problemin həlli yolu şiddət deyil. Nə olmağından asılı olmayaq, şiddət insanlığa xas olmayan bir şeydir. İnsanıqsa, hər bir problemi danışaraq, dinləyərək, ya da ən pis halda yolları ayıraraq həll etmək olar. Biz də istədik bu yöndən töhfəmizi verək və məsələyə bir az fərqli yanaşaq. Çünki bu mövzuda çox tədbirlər keçirilir, video çarxlar hazırlanır. Bunu eliyən, diqqəti bu sahəyə yönəldən hər kəs sağ olsun. Biz də bacardıqca onların yanında oluruq. Özümüz edərkən isə fikirləşdik ki, işinin peşəkarı olan, cəmiyyətdə nüfuz sahibi, gözəl ailəsi olan kişilərimizi çəkək. Qoy bu dəfə onlar cəmiyyətimizə, öz həmcinslərinə mesaj versinlər. Və belə bir rolik çəkdik. Sağ olsunlar dəyərli ziyalılarımız o rolikdə çəkildilər.
Bütün bunlardan təəssüflə bəhs edirəm. Çünki biz elə bir zamanda, elə bir əsrdə yaşayırıq ki, cəmiyyətə bu cür mesajlar verilməməlidir. Nəinki şiddətlə mübarizə, ümumiyyətlə şiddətin ən kiçik belə nümunəsi bu dövrdə qalmamalıdır. Amma çox təəssüf ki, var və zaman-zaman da artmaqdadır. Yenə düşünürəm ki, bu işdə də maarifləndirmə böyük rol oynayır. Bu gün döyülən uşaq sabah döyən valideyn ola bilər. Əgər bu gün bu hadisələr baş verirsə, deməli, çox az çalışmışıq, görülən maarifləndirmə işləri yetəri qədər deyil.
Birliyimiz ədəbiyyatçılarla, yazıçı, şairlərlə çox sıx əlaqədədir.
Qarabağa, şəhidlərimizə aid kitablar yazılır və biz onları çap edirik. Artıq birliyimizin dəstək olduğu 30-a yaxın kitab işıq üzü görüb. Onların bir çoxunun təqdimatını da keçirtmişik. Eləcə də uşaqların, gənclərin ziyalılarımızla görüşlərini təşkil edirik. Bu vasitəylə ziyalılarımıza səslənmək istəyirəm ki, bölgələrimizə getsinlər. Orada yaşayan insanların, məktəblilərin bu görüşlərə çox ehtiyacları var. Bu, onlar üçün ayrıca stimul, motivasiya və ilham qaynağıdır.
Müxtəlif mədəniyyət qurumlarıyla zaman-zaman iş birliyimiz olsa da, teatrlarla bu günə kimi heç bir ortaq işimiz olmayıb. Amma bu haqda da düşünürəm. Gələcəkdə bir neçə dövlət qurumuyla ortaq layihələrimiz ola bilər. Bu haqda düşünür, planlar hazırlayırıq. Bu yöndə bütün müvafiq qurumlarla iş birliyinə hazırıq. Bundan ancaq məmnunluq duyarıq.
İnsanın özünün özü haqqında danışmağı çətindir.
Çünki adətən özü özünü kənardan yaxşı görmür. Amma ətrafımın, ailəmin mənim haqqımda dediklərini deyə bilərəm. Övladlarımın diliylə desəm, çox mühafizəkar anayam. Hətta bəzi rəfiqələrim mənə "dəli ana" deyirlər (gülür). Bilirsiniz, uşağı qorumaq, mühafizə etmək çərçivələmək demək deyil. Çox zaman onlara sərbəstlik verməyə çalışıram. Amma bəzi mövzularda da mühafizəkarlığımı saxlayıram. Valideynlərimə görə zəhmətkeş, düşüncəli övladam. Həyat yoldaşımın diliylə desək, fədakar qadınam və bu fədakarlıqlarım hər zaman yaxşı yönə aparır bizi. Dostcanlıyam. Əsas isə məqsədim, istəyim hər kəsə faydalı, səmərəli insan olmaqdır.
Gəncliyimdə məni heç nə həvəsdən sala bilməzdi. Kimsənin mənfi fikir, neqativ sözü məni həvəsdən salmazdı, ruhdan düşməzdim. Amma son illərdə ən çox paxıllıqları görəndə əhvalım pozulur. Hələ bu paxıllığı qadınlar qadınlara edəndə, onlar həmrəylik göstərməyəndə mənə pis təsir edir. Çünki mən özüm heç zaman elə olmamışam. Allah eləməsin ki, nə vaxtsa olum da. Allah ağlımızı əlimizdən almasın deyə dua edirəm həmişə. Amma bu məyusluğum da uzun sürmür. Çox tez özümü toplayıram.
Birliyimizin fəaliyyətinə qayıtsaq, bayaq sadaladığım layihələrimizi davam etdiririk. Ondan başqa yeni bir istiqamət də tutmuşuq. Türk dünyasının gücləndirilməsi və türkdilli dövlətlər arasındakı əlaqələrin inkişafı yönündə öz töhfələrimizi verməyə çalışırıq. Çünki bizim güclü olmağımız birliyimizdən keçir. İstər siyasi, istər mədəni sahələrdə bir-birimizi daha çox tanımağımız, sahiblənməyimiz və dəstəkləməyimiz önəmlidir. Biz də bu sahədə layihələrimizi keçirəcəyik və düşünürəm ki, öz faydasını verəcək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 21 dekabr.- S.9.