Sözün işığında yaşanan ömür...  

 

Əməkdar jurnalist Zərbalı Mirzənin 60 yaşına

 

Onu sovet hökumətinin hünərli vaxtlarından tanıyıram. Onda insanlar indiki kimi qayğılı deyildilər. Rüzgarın hansı tərəfdən əsəcəyi heç veclərinə də deyildi. Heç insanlar çörəklə də imtahana çəkilmirdi. Televizorun düyməsini basan kimi, sovet şairlərinin qardaşlıq mövzusunda yazdıqları mahnıları maraqla dinləyir, müğəninin oxuduğu beynəlmiləl ruhlu mahnıların sözlərini əzbərləməyə çalışırdıq. "Azərbaycan", "Ulduz" jurnallarını oxuyub, bütün nömrələrini toplamaq bir ənənəyə çevrilmişdi. Kənd poçtalyonunun yoluna çıxmaq, gündəlik qəzetləri alan kimi nəzərdən keçirmək bir adət halını almışdı... "Azərbaycan gəncləri", "Kommunist", "İdman", "Ədəbiyyat və incəsənət" qəzetləri ən çox oxuduğumuz qəzetlər idi. Bir az da qabağa gedənlər tam anlamasalar da, "Komsomolskaya pravda"nı və "Literaturnaya qazeta"  yalandan üzünə tutardılar. Onda o adamın savadlı olduğuna heç kim şübhə etməzdi...

Belə bir zamanda, rayonumuzda çıxan "Yeni söz" qəzetində onun imzasına rast gəldim. Zərbalı Mirzə... Deyəsən, "Moskva" kolxozunun tarlaçılıq briqadiri, "Ağ qızıl  ustası" Əliheybət Zahidovdan yazmışdı. Daha sonra imzasını "Sovet kəndi", "Azərbaycan gəncləri", "Kommunist" qəzetlərində və "Kirpi" jurnalında görməyə vərdiş etdim. İmzasının altında gah xüsusi müxbir, gah da ictimai müxbir yazılırdı. Günlərin bir günü "Azərbaycan gəncləri" qəzetində dərc olunan məqaləsinin altında "S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli ADU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi" yazıldığını oxudum. O dövrü yaşamayanlar, bunun forsunu heç təsəvvür edə bilməzlər. Mətbuatda yazılarının dərc olunması, jurnalistika fakültəsinin tələbəsi olmaq zirvəyə gedən yolda olmaq idi. Artıq Zərbalı Mirzə öz yolunu tapmışdı. Hətta onu şəxsən tanımasam da, mənim kumirimə çevrilmişdi...

Tale elə gətirdi ki, arzularımın qanadında uçaraq mən də əlçatmaz jurnalistika fakültəsinə qəbul olundum. Kənddən gəlmiş bir kənd uşağı üçün səsli-küylü jurnalistika fakültəsini təsvir etmək bir az zor işdir. Burada oxuyanların çoxunun imzası respublikada tanınıb, təsdiq olunmuş imzalar idi. Özümü çox tənha hiss edirdim. Bu qədər "əjdaha"nın içində nə edə biləcəyimi düşünəndə vahimə məni basırdı. Bir şey də var idi ki, fakültənin ən gənc, yaşı az olan tələbəsi də mən idim. Bığlı, saqqallı kişilərə qaynayıb qarışmaq heç ağlımdan belə keçmirdi. Belə bir zamanda, qrup yoldaşım, Rüstəm (Rüstəm Kamal) məni dəhlizdə bir nəfərin gözlədiyini dedi. Qapının ağzında ucaboy, enlikürək, yaraşıqlı, gözü gülər bir oğlan bir əlini mənə uzadaraq - "Zərbalı Mirzə" - dedi. Əlimi mənə tərəf uzanan ovcunun içinə qoydum. Əlimi elə bərk-bərk sıxdı ki... O an mənə elə gəldi ki, Zərbalı bağışlamaq üçün dünyanı da özü ilə birlikdə mənə gətirib. Əlimi sıxan əlini dünyanın ən güclü qolu hiss etdim. O gündən başlayaraq Zərbalı hər gün məni həm fakültədə, həm də respublikada yaxşı tanınan məşhur imzalarla tanış edərdi. Beləcə, bizim dostluğumuz başladı.

Zərbalı Mirzə gözümdə öz orbitindən çıxıb bir dəyərə, bir tamlıq simvoluna çevrilirdi. Onun adı çəkiləndə istər-istəməz qürurla, iftixarla, "o, mənim dostumdur" - deyirdim. Həm də, dəqiq bilirdim ki, adını tutan adam mütləq onun ünvanına ən xoş kəlmələri işlədəcək.

Zərbalı ictimai fəaliyyəti ilə seçilən ən aktiv tələbələrdən idi. Universitet Tələbə Həmkarlar təşkilatının ən fəal üzvlərindən biri, komissiya sədri, fakültədə çıxan "Gənc jurnalist" qəzetinin baş redaktoruydu. Və həm də tələbəlik illərində respublika mətbuatında müntəzəm dərc olunan bir-iki tələbə-yazar var idisə, onun biri Zərbalı Mirzə idi. Və təbii ki, o, fakültədə tanındığı kimi respublikada da bir jurnalist kimi tanınırdı, oxunurdu.    

Zərbalı Mirzə Universitetdə oxuyarkən, yəni tələbə olarkən ailə həyatı qurdu. İsti yay günlərindən birində jurnalistika fakültəsinin əksər tələbələri o toyda iştirak edirdi. Şirvanın məşhur, əvəzsiz balaban ifaçısı, Aşıq Şakir yadigarı ustad Həsrət Hüseynovun qara zurnada sehirli ifaları, Şirvanın bənzərsiz ustad aşığı, aşıq Yanvarın qəlb oxşayan şirin avazı ilə bu toy yaddaşımıza öz möhrünü vura bildi. Atalar yaxşı deyib, yaxşı toyun ən yaxşı nəticəsi övlad dünyaya gətirməkdir. Zərbalı da bizləri əvvəl Ülvinin, sonra Həmidin, daha sonra Rüfətin dünyamıza gəlməsi ilə sevindirdi.

Zərbalı xaraktercə həlim, əqidəcə möhkəm, dostluqda sədaqətli adamdır. Bütün bu gözəlliklər ona qandan, gendən süzülüb gəlmədir. Ziyalı ailədə dünyaya göz açan Zərbalı el ağsaqqalı, eldə, obada gözəl əməlləri ilə ad çıxaran Mirzə dayının bütün yaxşı xüsusiyyətlərini özündə cəm elətdirib desəm, zənnimcə, fikrimi daha dolğun ifadə etmiş olaram. Hörmət əlaməti olaraq o zamanlar hamının "Allahverdiyev" adlandırdığı Mirzə dayının evi zəngin bir kitabxanaya bənzəyirdi. Burada nələr yox idi?.. Hətta o dövrün ən məşhur jurnalları sayılan "Oqonyok" və "Vokruq sveta"nın bütün nömrələrini axtarsaydın buradan tapa bilərdin.

Özünə sədaqət prinsipi, işinə bağılılığı, iş yeri seçərkən özünü ən çox büruzə verən amillərdən oldu. Zərbalı Mirzə tələbə olarkən tez-tez inşaatçıların həyatından bəhs edən silsilə oçerklər, bənzərsiz şirin məqalələr yazardı. Belə deyək ki, inşaatçılar arasında xeyli sayılıb-seçilən dostları da var idi. Dövrünün sayılıb-seçilən qəzeti olan "İnşaatçı"da o zaman çap olunmaq o qədər də asan iş deyildi. Hələ, qəzetin baş redaktoru, jurnalistika sahəsində öz dəsti-xətti olan redaktorlar redaktoru Oqtay müəllimin nüfuzunu demirəm heç. Zərbalının bənzərsiz qələmini, işə bağlılığını, işgüzarlığını, ən başlıcası ləyaqətini görən Oqtay Cəfərov Zərbalı Mirzəni "ovlamaq" qərarından əsla vaz keçməzdi. Keçmədi də... Və artıq 33 ildir ki, o, özünün dediyi kimi, inşaatçıların müqəddəs məbədində - "İnşaatçı"dadı. Zərbalı Mirzə bəlkə də iş yerini dəyişməyən, müxbirlikdən, baş redaktorluğa qədər ucalan və eyni redaksiyada "Əməkdar jurnalist" adına layiq görülən, işlədiyi qəzeti respublikanın ən oxunaqlı qəzetləri səviyyəsinə qaldırmağı bacaran nadir qələm sahiblərindəndir.

Zərbalı özünə dəyər verməyi bacaran qələm sahiblərindəndir. Əgər o, "şöhrət" ya "ləyaqət" dilleması qarşısında qalsaydı, əminliklə deyə bilərəm ki, ləyaqəti seçərdi. Bilmədiyi, sevmədiyi sahədən onu yazmağa əsla məcbur etmək olmaz. Yazının girişində qeyd etdiyim kimi, Zərbalı öz yolu, öz dəsti xətti olan fərqli bir yazardı. Bəzən ona, onun qələminə, istedadına bələd olanlar içərisindən, "niyə "siyasətdən" yazıb məşhur olmadın?" sualını verənlər də olur.

Ancaq mən düşünürəm ki, Zərbalı Mirzə imzası çox məşhurdur. Həm də halal çörəyini alnının təri ilə isladıb yeyən zəhmət adamlarının, inşaatçıların arasında daha çox məşhurdur. Sahə qəzeti olan "İnşaatçı"da onun qazandığı uğurları əldə etmək elə də asan bir iş deyil məncə. Bu qeydlərimi yazmazdan öncə ölkənin tikinti və layihə yönümlü təşkilatlarında kiçik bir sorğu xarakterli araşdırma apardım və zənnim məni yanıltmadı. "İnşaatçı" layihəçi, memar və inşaatçıların stolüstü, ən çox sevdiyi və oxuduğu bir qəzetdir.

Ömrünü qurub-yaratmağa həsr edən inşaatçıların həyatından bəhs edən yeddi sənədli əsər, Azərbaycan məmləkətıni kərpic-kərpic tikib abadlaşdıran memar və inşaatçılarımızın həyat və ömür yollarından bilgi verən "Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası" (ATKE) kitabı - çoxcildlik dərgi, Bakı Baş Tikinti İdarəsinin çoxminli kollektivinin fəaliyyətinə həsr etdiyi "BBTİ tikinti kompleksimizin akademiyasıdır" kitabı, nüfuzlu dövlət adamı, müstəqil Azərbaycanın ikinci Baş naziri Rəhim Hüseynova həsr etdiyi "İşıqlı insan" kitabı da (Bəhram İbrahimovla birlikdə) müəllifinə ucalıq, üz ağlığı və hörmət gətirib. 

Zərbalıdan bəhs edərkən Marlo Morqanın bir kəlamını xatırlamamaq olmur: "Qan və sümük bütün insanlarda var. Fərqli olan ürək və niyyətdir". Zərbalı böyük ürək sahibidir. Onu fərqli edən ən başlıca cəhəti də budur. Zərbalı aza qane olmağı bacaran, olanına şükür edən kişidir. Deyirlər, Allah bölməyi bacaranları çox sevər. Bu kəlamın işığına üz tutsaq çəkinmədən "Zərbalı Allahın sevdiyi bəndələrindəndir" - deyə bilərik. O, son tikəsini də dostları ilə bölməyi bacaran gözü, könlü tox, necə deyərlər, əsl əsilzadədir.

 Mən bayaq "gözü gülər" ifadəsini heç təsadüfən işlətmədim. "Göz ürəyin aynasıdır" - deyib müdriklər. Zərbalının şəffaf, iri, təmiz, həmişə gülən gözləri onun saf qəlbinin, təmiz ürəyinin aynasıdır. Zərbalı insanda, cəmiyyətdə, vətənimizdə, dünyamızda gözəllik axtaran, onu hamıdan yaxşı görüb tərənnüm etməyi bacaran qalsız, qeybətsiz, kişiliyin bütün yaxşı xüsusiyyətlərini özündə birləşdirən bir insandır.

Mən heç şübhə etmirəm ki, əgər gecə saat 3-də belə Zərbalını tanıyanları, dostlarını yuxudan oyadıb, onun bircə cümlə ilə xarakterizə edilməsini istəsələr, onun haqqında belə deyərlər: "O, bir tamlıq simvoludur". Zərbalı Mirzə dost kimi də, ata kimi də, həyat yoldaşı kimi də, vətəndaş kimi də, jurnalist kimi də, baş redaktor kimi də ləyaqətini, şərəfəni qorumağı, uca tutmağı bacaran kişi kimi də tamdır, bütövdür.

"İnsan ömrü bir hekayə kimidir. Nə qədər uzun olduğu deyil, nə qədər maraqlı olduğu önəmlidir", - deyib müdriklər. Yaşadığı bu 60 illik ömür yoluna dönüb nəzər salarkən yalnız yaxşı işlər görmüş, vicdanla yaşanmış ziyalı bir ömrün səhifələrini çevirməkdən qürur duyuruq. Bu gün dostumuz haqqında düşünərkən, nə yaxşı ki, sən bu ömrü belə yaşamağı bacaranlardan oldun deməyə üzümüz var.

Yubileyin mübarək, əziz dost!..

 

Elşən QƏNİ

 

525-ci qəzet.- 2019.- 25 dekabr.- S.23.