"Qafqasya dağlıları"

 

Qafqasya Dağlılar firqəsinin fikirlərini nəşr etmək üzərə Parisdə çıxmaqda olan "Qafqasya Dağlıları" məcmuəsinin kanuni-sani (yanvar) - şubat (fevral) nüsxəsi intişar eyləmişdir.

Bu nüsxə əksəriyətlə polemik məqalələrə həsr edilmişdir. "Dağlılardakı ayrılma hərəkatı və onun mənşələri" ünvanlı məqalədə keçənlərdə Milyukovun qəzetəsində "Qafqasyalılar İttihadı" namına bəyanatda bulunaraq Qafqasya separatizminin əsassız olduğundan bəhs edən zata cavabən yazılan müfəssəl məqalədə Qafqasyadakı milli hərəkatların əsaslı və ciddi olduğu əsaslı surətdə isbat və Qafqasya Dağlılar firqəsinin ideolojisi şöyləcə təsbit olunuyor:

"Rusya ilə nə lisan, nə adət, nə irq, nə hars, nə də əqrəbalıq bağları ilə bağlı olmayan biz qafqasyalılar toprağımızın məhsulatına bizzat malik olmaq istəriz. Bizim bu adilanə arzumuz "biz sizi qüvvətlə ram edəriz!" seyhasına məruz qalıyor. Biz bunu bərayi məlumat işidir, fəqət bununla bərabər qafqasyalıların adilanə istəklərinə hizmətdən geri qalmıyoruz".

Şamilin qeyb etdiyi davayı hanki qüvvətlə şimdi siz qazanacaqsınız? sualına məcmuə atidəki sətirlərlə cavab veriyor:

"Avropa şərqindəki millətlərin böyük inqilabı hala davam etməkdədir. Moskva ilə Qafqasya arasında dərin bir uçurum açılmışdır. Rusya ilə Qafqasyayı tutan yeganə bağ komunist firqəsidir. Bunun xaricindəki digər bütün bağlar çoxdan qopmuşdur. Moskva Qafqasyadan alıyor, fəqət müqabilində oraya bir şey vermiyor. Gələcək fırtınalarda isə bu bağ - Komunist firqəsi dəxi sabun köpüyü kibi bir ləhzədə partlıyacaqdır".

Bundan başqa mühərrir milli vəhdəti formula edən münəvvər zümrə ilə, Cenevrədəki Cəmiyyəti Əqvam mövcudiyətini də mühüm birər qüvvət kibi tələqqi ediyor.

Məcmuənin tədqiqinə görə Milyukovun qəzetəsində Qafqasya istiqlal hərəkatını şübhəli görən "Qafqasya İttihadı"nın 2-3 osetinlə bir inquş və 2-də dəmiryolçu ermənidən ibarət imiş.

"Rus imperyalizminin könüllüləri" ünvanlı məqalə erməni Kuqasov tərəfindən Parisdə rusca olaraq nəşr edilən "Vozrojdeniye" qəzetəsinə bir cavab təşkil etməkdədir.

Bu məqalə aşağıdakı cümlə ilə bitiyor:

"Bütün Qafqas Şimalını soyuk və zülmətilə qəti əlaqə etmiş günəşlə işıqlanan Ağ Dənizə doğru üz çevirmiş, Avropa mədəniyət, hürriyət və səadətinə doğru istiqamət almışdır. Bu andan etibarən Qafqas sadə coğrafi deyil, eyni zamanda siyasi bir fikir məfhumudur. Qafqasya istiqlalı günün məsələsidir. Bu hadisənin böyüklüyü qarşısında beynəlmiləl yağma, əsarət və qırbac idarəsinin gönüllü ajanlarına düşən vəzifə ancaq susmaqdır".

Rusya millətlərindəki ayrılma hərəkatına qarşı düşmənanə vəziyət alan rus siyasilərindən birisi də sabiq müvəqqəti hökumət rəisi bulunan Kerenskidir. Kerenskinin Parisdə nəşr etməkdə olduğu "Dni"də yazdığı bir məqaləsinə cavabən digər bir məqaləsində "Qafqasya Dağlıları"nın, yəni Kerenskinin "Rusyanın daha ziyadə parçalanmasını İngiltərə kəndisi üçün müzurr və qeyri-məqbul görüyor", deyə yazdığını istihza etdikdən sonra:

"Xayır əfəndilər, sizin bilməm nərədə isə eşitdiyiniz böyük "imperyalist" dövlətlərin "dur!" demələri milli həyat dərinliyindən gələn bir istəyi durduramaz!

Bu istək isə - milli istiqlala doğru getməkdən və istər qızıl, istərsə bəyaz olsun Moskvaya qarşı ittihad etməkdən ibarətdir".

Bu məqalələrdən maəda (başqa) məcmuədə "Rusyanın Ermənistan siyasəti", "Türküstanda beynəlmiləl münasibət" və sairə kibi məqalələr vardır.

 

"Odlu Yurd", Nisan (aprel) 1929, 2

 

Diqqət ediləcək bir ixtifal (mərasim)

 

24 həziranda İstanbul milli istiqlal uğrunda mücadilə edənlərin diqqətlərini bilxassə cəlb edəcək bir ixtifalə şahid oldu. Lehistan əskəri heyəti tərəfindən Hələbdən alınaraq, Lehistana götürülən lehli (polyaq) Murad Paşanın kəmiklərini təşyi üçün Sirkəci stansyonunda səmimi bir ixtifal tərtib edildi.

Murad Paşanın Türk və Leh bayraqlarına sarılı bulunan tabutu üzərinə Türk ordusu, Lehistan, Macarıstan, Fransız, Misir səfarətləri ilə digərləri naminə birər çələng qoyulmuşdu.

Tabut Lehistan Rəisi Cümhuruna məxsus salon-vaqona qoyulmadan əvvəl Lehistan səfiri Müsyo Olşevski, Türk Ordusu naminə Emin paşa və sairləri tərəfindən nitqlər irad edilmişdir.

Leh səfirinin gözəl və mənidar nitqindən atidəki cümləyi alıyoruz:

"... Vətənini tərkə icbar edilən bu qəhrəman Türkiyə toprağında müsafirpərvərliyə nail olmuş və bu məmləkətdə təqdir edildiyindən kəndisinə yüksək bir əskəri rütbə tövcih edilmişdir. Bundan dolayı Türkiyə toprağına hörmətlər...".

Emin Paşanın nitqindən daha atidəki sətrləri qeyd ediyoruz:

"Ana vətənindən cüda olaraq ölən bu müqəddəs ölüyü milli bir istiqlal qəhrəmanı olaraq təbcil edərkən Türk ordusunda bir Türk kibi hizmət və böyük rütbələr qazanan əziz Fəriqimizin ifa etmiş olduğu iyi hizmətlərini Türkiyə Cümhuriyəti Ordusu naminə təqdirən bir daha təzkər etməyi vəzifə biliriz".

Macarıstan səfiri ilə Lehistan əskəri heyəti naminə dəxi birər nitq söyləndikdən sonra böyük tabutu möhtəvi (aparan) tren Türk əskəri qitəsinin təzim mərasiminin ifasından sonra hərəkət eyləmişdir.

Lehistan mültəcisi möhdəti Murad Paşanın əsil ismi general Bemdir. Lehistan tarixində pək mühüm bir rol oynayan bu general bütün həyatını mücadilə içərisində keçirmişdir.

Rusya, Avstriya və Almaniya tərəfindən təqsim edilən Lehistan, bir aralıq Napalyon tərəfindən qurtarılmışdı. O zaman Bem, yüzbaşı rütbəsində bulunmuş və lehli legionunda böyük yararlıqlar göstərmişdir.

1830 sənəsində Lehistanın Rusyaya qarşı qiyam etdiyi zaman Bem bu qanlı mücadilədə böyük qəhrəmanlıqlar göstərmiş və general rütbəsini almışdır.

İstiqlal hərəkatı əqim (nəticəsiz) qaldıqdan sonra hürriyətpərvər general vətənindən uzaqlaşmağa məcbur olmuşsa da, Vətəni üçün çalışmaqdan xali qalmamışdır.

1848 sənəsində istiqlal mücadiləsinə atılan Macar qüvvətlərinin başına keçərək, Macarıstan istixlasını təminə müvəffəq olmuş, fəqət Rusyanın Avstriya yardımına göndərdiyi 200 min kişilik ordu ilə pək qəhrəmananə hərb etdikdən sonra Türkiyəyə iltica eyləmiş, Avstriya və Rusyanın müdaxilələrinə baxmayaraq Türkiyə tərəfindən himayə görmüşdür. General Bem Türkiyədə islamiyəti qəbul ilə Murad Paşa ismini almış və Türk əskəri hizmətinə alınaraq orduda böyük rütbələr qazanmış və nəhayət Hələb Valeliyində ikən vəfat etmişdir.

Böyük istiqlal mücahidi şimdi mütəşəkkir vətəndaşları tərəfindən hür və müstəqil Lehistana götürülüyor. Nə Məsud ölü!... Nə Məsud Vətən!...

"Odlu Yurd", temmuz (iyul) 1929, 5

 

 

Onuncu ildə!..

 

(Azərbaycan "Çeka"sının ildönümü münasibətilə)

 

1929 mayın 20-də Azərbaycan "Çeka"sının təşəkkülündən 9 il keçdiyi üçün "Çeka"nın indiki rəisi Novruz Rzayev bu münasibətlə Bakıda türkcə nəşr olunan "Komunist" qəzetəsində ( 114) "Doqquz illik fəaliyyət" haqqında uzun bir məqalə yazmışdır. Rzayev məqaləsində "Çeka"nın tarixi təşəkkülündən bu vaxta qədər Azərbaycan daxilində "Müsavat" firqəsinin gizli surətdə çalışan təşkilatı ilə vaqe olan mücadiləsindən, "Müsavat" firqəsinin 1922 sənəsindən 1929 sənəsinə qədər "əskiyi (köhnəni) iadə və komunist diktatorluğunu yıxmaq" üçün göstərdiyi inaddan bəhslə bilxassə 1928 sənəsi üzərində duruyor, diyor ki:

"1928 sənəsində Azərbaycan Fövqəladə Komisyonu - "Çeka" "Müsavat" firqəsinin yeni mərkəzini (?) kəza və Bakı şöbələrini, əskəri və terror qrup və təşkilatlarını kəşf və təsviyə etdi (?)".

"Kəşf və təsviyə olunan (yəni Sibiryaya sürülən, qətl olunan və s.) "Müsavat" v.s. kontrrevolisyon təşkilatları hüdud xaricində olan əksi-inqilab idarə və təşkilatları ilə münasibətdə bulunmuş, onlardan yardım və direktiv almışlardı..."

Fəqət bolşeviklərin "Çeka" mütəxəssislərinə məxsus raporlarında bir lisan vardır. Daima "Masavat" aradan qaldırıldı, "gömüldü" deyən və böylə deməyə alışqan olan, "Müsavat"ın əbədi olaraq məhv edildiyini iddia edən çekistlər bu dəfə yalnız "təsviyə" təbirilə iktifa ediyor, eyni zamanda böyük bir qorxu içərisində bulunduğuna bir əlamət olaraq diyor ki: "Məhəmməd Əmin Rəsulzadələr, Sovetlər İttifaqını içərisindən dağıtmaq istiyorlar. Şübhə yoxdur ki, bu təşəbbüslər nəticəsiz qalacaqdır. Çünki proletar diktatorluğunun lazımı orqanları ("Çeka", Qızıl Ordu) Sovet hökumətini sarsıtmaq istəyən hər təşkilatın kökünü vaxtlı-vaqtında yandırmaqdadır".

"Azərbaycan çekistləri, Azərbaycan "Çeka"sı 10 ilinə daxil olarkən kəndi sıralarını bir qat daha möhkəmlədəcək və fəaliyətini artıracaqdır".

İstilanın 10-cu ilində və "Çeka" fəaliyətinin 10 ildən bəri 10 minlərlə milliyətçini imha (məhv) və dəfələrlə "Müsavat"ı kəşf "təsviyə" və "ilğa" eylədikdən sonra, yenə "sıralarını möhkəmlətmək" ehtiyacını hiss eyləməsi, "Müsavat" və müsavatçı adı qarşısında Azərbaycan komunistlərinin nə böyük bir qorxu duyduqlarını göstərməkdədir. Bu əndişə müsavatizmin və bu təbirin ifadə etdiyi Azərbaycan İstiqlalçılığının nə dərin bir kökə malik olduğuna dəlil ola bilir.

9 ildən bəri qətiyən sönmədiyini, getdikcə alovlandığını və Sovet hökumətindən ötrü, harsı, ədəbi, iqtisadi, ictimai-siyasi və əskəri cəbhələrdə böyük bir təhlükə təşkil eyləməyə başladığını, gəncliyin bilxassə məktəbli və darülfünunların, hətta komsomolların belə, bu dərin milli hərəkatda iştirak etdiklərini, həbslərin, sürgünlərin, qətllətin Milli Hərəkatda iştirak etdiklərini, həbsləri, sürgünləri, qətlləri sövq və idarə edən "Müsavat"ın kəndi fəaliyətini durdurmadığını rəsmi "Çeka" reporlarından öyrəniyoruz. Öyrəniyoruz ki, Rzayevin təbirilə "ümumi Rusya "Çeka"sının direktiv və rəhbərliyi ilə" Rusyanın istila və imperyalizmi ilə mücadilə edən və Azərbaycanın istiqlal və qurtuluşu üçün "Çeka"nın qanlı bodrumlarında canlarını sevə-sevə verən Azərbaycanın həqiqi övladını imhayə məmur bulunan Azərbaycan "Çeka"sı, qanlı və vəhşi fəaliyətinin 10-cu ilində bu qüvvətli və şanlı Milli Hərəkata qarşı daha hızlı bir surətdə mücadilə yürütmək məcburiyətini hiss edir.

"Çeka"nın bu "daha qüvvətlənmək" ehtiyacı, bizim daha ziyadə qüvvətli olduğumuzdan iləri gəlir. Bu da Sovet rejimi və bolşevik hakimiyyətinin zəifliyini, milli istiqlal hərəkatının canlılığını və təbii bir xalq hərəkatı olduğunu göstərməkdədir.

Bu, istiqlal hərəkatının və rus istilası ilə olan mücadilənin davam eyləməkdə olduğuna şəhadət edər. Göstərir ki verdiymiz minlərcə qurbanlar üzərinə yeni qurbanlar əlavə etmək qarşısındayız.

"Çeka"nın bu 9 sənəlik vəhşətini xatırlarkən vermiş olduğumuz böyük istiqlal qurbanlarının müqəddəs xatirələri önündə diz çökəlim! Onlara, o Pirilərə, Məhəmməd Bağırlara, Dadaşlara, Ağa Kərim və Ağa Səlimlərə minlərcə rəhmətlər göndərəlim. Verdiyimiz qurbanların və verəcəyimiz yeni şəhidlərin izlərilə o böyük istiqlal qayəsinə doğru yürütməkdə davam edəlim. Sıralarımızdan Rəhimlərin, Əli Yusiflərin, Nəsrullah və Əbülfəzlərin Məhəmməd Həsən və Vahabların buzlu cəhənnəmlərə göndərilməsi, Piri, Dadaş və Qasımların qanlı bodrumlarda şəhadəti əzmimizi sarsıtmasın, biz yeni qurbanlar verəcəyimizdən qətiyən qorxmuyalım. Yalnız verəcəyimiz və verdiyimiz qurbanlardır ki, bizi hürriyət və istiqlala qovuşduracaqdır.

Böyük ölülərimizin, "Çeka"larda uğrunda can verdikləri müqəddəs Azərbaycan istiqlalına, yenə böyük ölülərimizin mübarək vücudlarına basaraq iləriləməliyiz.

Zalım və vəhşi "Çeka"nın varlığına olan nifrət və lənətlərimizi yalnız bu surətdə izhar edəlim! İstiqlal mücadiləsindəki inadlarımızla...!

 

M.B.Məhəmmədzadə

 

"Odlu Yurd", temmuz (iyul) 1929, 5

 

525-ci qəzet.- 2019.- 17 dekabr.- S. 14; 15.