"Nəsimi ili"nə töhfə

 

 

Bir neçə gün öncə "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin "Nəsimi ili"nə töhfəsi kimi "Zərrə mənəm, günəş mənəm" adlı albom-kitab nəfis şəkildə nəşr edilib oxuculara təqdim edildi.

 

Bu münasibətlə Yazıçılar Birliyinin "Natəvan" klubunda təqdimat mərasimi də keçirildi. Bu nəcib təşəbbüs ziyalılar tərəfindən yüksək qiymətləndirildi.

Uzun zamandır kitabın tərtibçisi, ön sözün müəllifi və redaktoru Mustafa Çəmənlinin yaradıcılığını və fəaliyyətini izləyən biri kimi onun haqqında yazmaq fikrində idim. Barəsində yazdığım "Zərrə mənəm, günəş mənəm" albom-kitabı bu işə təkan verdi. Sevimli şairimiz Cabir Novruzun: "Sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin..." şeirindəki müdrik kəlamına sadiq qalaraq, sözün həqiqi mənasında, yaxşı insan olan Mustafa Çəmənli haqqında mütləq yazmalıydım. Ancaq haradan başlamalı, ilk növbədə nədən danışmalı, fəaliyyətini və şəxsiyyətini bütöv şəkildə necə əhatə etməli sualları məni çox düşündürürdü. Axı, onun haqqında layiqincə yazmaq lazım idi. Eynən özü kimi. Eynilə onun Azərbaycan mədəniyyətinin və incəsənətinin dahiləri haqda yazdığı kimi yazmaq lazım idi. Bu işin öhdəsindən gəlmək isə elə də asan deyildi.

Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib edilən "Mustafa Çəmənli. Biblioqrafiya" kitabını qarşıma qoyub baxıram. Kitabı vərəqlədikcə Mustafa müəllimin nə qədər xoşbəxt insan olduğunu düşünürəm. Bu qədər şəxsiyyət haqqında yazmaqbu cür yazmaq, hər bir faktı və hadisəni beyninin süzgəcindən və ürəyinin dərinliyindən keçirib yazmaq, onları sapa düzmək, gələcəyə miras qoymaq, tarixin unudulmuşlar qaranlığına gömülmüş şəxsiyyətlərə işıq tutduğu ruhların savabını qazanmaq, onları yaşadaraq tarixdə əbədi olaraq yaşamaq demək deyilmi?! Elə bircə "Leyli və Məcnun" - 100 il səhnədə" kitabını vərəqləmək bəs edir ki, tədqiqatı əhatə edən nəhəng əməyi təsəvvür edə biləsən. Bu isə səadətdir. Zəhmətlə qazanılmış səadət isə səadətlərin ən ülvisi, ən gözəlidir.

Görəsən, hələ 1970-ci ildə "Kommunist" nəşriyyatında çapçı köməkçisi işləyən Mustafa Mustafayevin ağlına gələrdimi ki, zaman keçəcək və 40-dan çox kitabın müəllifi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli haqqında kitablar, məqalələr yazılacaq. Görəsən, 1973-cü ildə tələbə ikən yazdığı və nəşr etdirdiyi "Əks-səda" adlı hekayəsini yazanda təsəvvür edərdimi ki, zaman keçəcək və onun "Xallı gürzə", "Ölüm mələyi" kimi tarixi romanları ən oxunaqlı əsərlərdən olacaq və dəfələrlə nəşr ediləcəkdir. Görəsən, uşaq ikən Ağdamın Çəmənli kəndində radioda dinlədiyi məşhur xanəndələr haqqında kitabların müəllifi olacağı heç ağlına gəlirdimi? Ancaq Azərbaycan mədəniyyət və incəsənət tarixində Mustafa Çəmənli imzası elə bir möhür vurdu ki, imzalar içində səsləndi. Öz sanbalı, çəkisi və yükü ilə böyük bir yer tutdu. Elə bir yer tutdu ki, biblioqrafiyası belə yarandı. Uzun və zəngin kitab karvanı sıralandı, illər keçdikcə kitabların sayı artdıqca artdı. Bu karvan zaman adlı səhrada ləngər vura-vura irəlilədi.

Mustafa müəllim məsuliyyətli, mədəni, səliqəli, təəssübkeş vətəndaş və əsl mədəniyyət fədaisi, layiqli insandır. Onun bütün ömrü müqəddəs işə - kitaba, mənəviyyat işinə, nəşriyyat işinə sərf edilib. Onun əməyinin məhsulu isə Azərbaycan xalqının mənəvi-mədəni inkişafına, mədəniyyətinin tərəqqisinə xidmət edib. Bunlardan biriideya müəllifi və naşiri Tural Axundov olan, böyük filosof, klassik, Azərbaycan xalqının xüsusi sevgisini və məhəbbətini qazanan Seyid İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə kimi nəşr edilən, ədəbiyyatşünaslığa, nəsimişünaslığa da töhfə olan "Zərrə mənəm, günəş mənəm" adlı albom-kitabdır. Kitabın tərtibçisi və redaktoru Mustafa Çəmənlinin gərgin əməyi və xüsusi qayğısı, məsuliyyətli yanaşması, tədqiqatının elmiliyi, aktuallığı və vacibliyi bu albom-kitabı vərəqlədikcə aydınlaşır. Kitaba Nəsimiyə həsr olunmuş məqalə və esselər, poema və şeirlər, sözlərinə yazılmış mahnı mətnləri, haqqında çəkilmiş portret şəkillər, illüstrasiyalar, heykəllərinin reproduksiyaları toplanmışdır.

Kitabxana çox əsərlərin yaranmasının şahidi olub. Kitabxananın bağrında qoruyub saxladığı cövhərlər çox alimin, yazıçının, tədqiqatçının yoluna, yaradıcılığına işıq tutub, səmt göstərib. Onu yönləndirib, məlumatlandırıb, fikrini formalaşdırıb. Kitabxanaçılar isə bütün bu proseslərin şahidi və köməkçisi olur. Bu mənada, Mustafa müəllimin dəfələrlə Milli Kitabxanaya gəlişinin, lazım olan materialları sifariş edib oxumasının, informasiya ilə işləməsinin, axtarmasının, aramasının şahidi olmuşuq. Sonra da səbirsizliklə hazırlanan kitabın çapını gözləmişik. Zaman gəlib çatanda, kitab nəşr ediləndə, kitabxanaya təqdim edilən kitabın əl-əl gəzməsinin, vərəqlənməsinin, məzmununun açılmasının, oxuculara nə dərəcədə çatdırıla biləcəyinin araşdırılması proseslərinin də şahidi olmuşuq. Müəllifin özü qədər sevinmişik. Lazımlı kitab - həmişə işlənən, oxunan, tələb olunan kitab - həmişə oxunmaqdan, vərəqlənməkdən köhnəlir, dağılır. İnanıram ki, Mustafa müəllimin digər kitabları kimi, bu kitab da o taleyi yaşayacaq.      

Kitabın üz qabığının tərtibatından tutmuş, mətnlərin seçilib düzülməsi, lazımi bölmələrin yaradılması, materialların həmin bölmələrdə sistemləşdirilməsi, tarixi xronologiyanın gözlənilməsi, fotoların yerləşdirilməsi xüsusi peşəkarlıqdan xəbər verir. Tərtibçinin də qeyd etdiyi kimi, müəlliflərin dilüslubuna toxunulmamış, yazıldığı dövr nəzərə alınmış, şairin qəzəllərindən gətirilmiş sitatlar bu gün Nəsiminin nəşr olunmuş əsərləri ilə tutuşdurulmuşdur. Xülasə, zərgər dəqiqliyi ilə aparılmış, ortaya sənət əsəri çıxarılmışdır.

Nəsiminin adının Azərbaycan tarixində layiqli yerini tutmasının səbəbkarı, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin unudulmaz hamisi, Ümummilli lider Heydər Əliyevin 1980-ci ildə şairin heykəlinin açılışındakı fotosu ilə açılan kitabda daha sonra daha bir liderin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Ulu öndərin layiqli davamçısı, onun ənənələrini yaşadan dövlət başçısının 2005-ci ildə Şamaxıda şairin heykəlinin açılışı zamanı çəkilən fotosu öz əksini tapmışdır. Tərtibçinin bu iki fotonu məhz bu şəkildə yerləşdirməsi böyük bir tarixi xronologiyanı, siyasi varisliyin layiqli davamını vizual şəkildə göstərir.

Kitabda "Nəsimi alim sözlərinin işığında" bölməsi də verilmiş, burada Qulam Hüseyn Saedinin, İsa Həbibbəylinin, Qəzənfər Paşayevin, Səadət Şıxıyevanın və başqa alimlərimizin yaradıcılığından sitatlar verilmişdir. Nəsimi haqqında məqalələr Salman Mümtazın məqaləsi ilə başlayır, burada M.C.Cəfərovun, R.Rzanın, H.Araslının, M.Quluzadənin, C.Qəhrəmanovun, Mir Cəlalın, Anarın, X.R.Ulutürkün, Z.Bünyadovun, O.Həsənovun, Suriyalı alim Bəkir-ən-Nasirin, B.Nəbiyevin məqalələri, Nəsiminin müasir tədqiqatçısı S.Şıxıyevanın müsahibəsi verilmişdir. Məqalələrin arasında ilkin qaynaqların fotoları, izahları, "Nəsiminin kəlamları" başlığı ilə şairin qəzəlləri, tuyuqları verilmişdir. Bu isə kitabı quruluqdan azad etmiş, maraqlı fotoşəkillərlə zənginləşdirmişdir. Müəlliflərin şəkillərinin də verilməsi kitaba mistik aura qatmış, sanki alimlərin özlərinin danışması, özlərini bir daha xatırlatmaları kimi təəssürat yaratmış, tərtibçinin sayəsində vəfat edənlərin ruhlarının rəhmətlə yad edilməsinə, həyatda olanların isə xoş arzularla anılmasına səbəb olmuşdur. Şəkillər əslində, sahibinin enerjisini daşımaq qüvvəsinə malik olur. Bunu hiss etməmək mümkün deyil.

Kitabın "İmadəddin Nəsimi rəssamların gözü ilə" bölməsi Azərbaycan rəssamlığının Nəsimi epopeyasının vizual inikasıdır. Bu bölmədə SSRİ Xalq rəssamı M.Abdullayevin, Ə.Əzimzadənin, S.Şərifzadənin, A.Mehdiyevin, N.İsmayılovun, T.Sadıqzadənin, L.Kərimovun, S.Məsimoğlunun, R.Məmmədovun, O.Sadıqzadənin, Y.Səmədovun, bir neçə naməlum rəssamın əsərləri, A.Hacıyevin, Ə.Məmmədovun, Ə.Həsənin, A.Hüseynovun kitablar üçün işlədikləri illüstrasiyalar öz əksini tapmışdır. Bu qalereyada toplanan əsərlərə baxdıqca hər rəssamın öz Nəsimisini yaratmasını, ümumiyyətlə, əsərə yanaşmasını görmək çox maraqlıdır. Əsərləri birləşdirən ümumi cəhət Nəsiminin dalğın baxışları, dərin gözləridir. Cəmi 48 il ömür sürmüş şairin gənc siması və doğma cizgiləri insanı düşünməyə vadar edir. Bəlkə də Nəsimi elə doğrudan da bu görkəmdə olub. Kim bilir? Yalnız bu bölməyə baxanda şairin "kəhrəba bənizi"nə və zəif bədəninə tamaşa edəndə istər-istəməz "Məndə sığar iki cəhan, mən bu cəhana sığmazam" qəzəli, o dəqiqə də "Nəsimi" filmindəki "Bu cılız bədənə iki cahan necə yerləşir?" ifadəsi, dərhal sonra isə Nəsiminin "Mən əbədiyyət səmasında doğan Günəşəm" sözləri düşür. "Zərrə mənəm, günəş mənəm" kitabı bizə Nəsimini bir daha xatırladır. Özü də necə xatırladır... Bu bölmədəki vərəqlər nədənsə çətin vərəqlənir. Sanki böyük qalereyada hər tablonun önündə dayanıb əsəri izlədikcə-izləyirsən. Hər əsərin təhlilinə uzun zaman sərf etmək, səhifələrlə yazı yazmaq olar. Buradakı Nəsimilər əsl Nəsiminin güzgüdəki inikası kimi insanın düşüncəsinin sürətini ağırlaşdırır, vərəqləri çevirə bilmirsən. 

Belə ağır və tutumlu bölmədən sonra daha möhtəşəm bir bölmə açılır. "İmadəddin Nəsimi Azərbaycan poeziyasında". İlahi, burda nə qədər gözəl insanların gözəl fikirləri, sözün müsbət mənasında, poetik gurultu, Nəsimi dühasına, Nəsimi hayqırtısına, Nəsimi cəsarətinə, Nəsimi lirikasına layiq əsər yaratmaq üçün sanki bütün qəlbini və beynini çalışdıran məşhur şairlərin imzası var. Bu bölməyə tərtibçinin yazdığı kiçik girişə diqqət edin. Mustafa Çəmənli yazır: "Azərbaycan ədəbiyyatı tarixində tək-tük ədəbi sima olar ki, Seyid İmadəddin Nəsimi qədər şəninə poemalar, şeirlər, dram əsərləri yazılsın, taleyi, şəxsiyyəti bunca vəsf edilsin. Şair və ədiblərimizin bu vurğunluğunun başlıca səbəbi İmadəddin Nəsiminin bir şəxsiyyət kimi böyüklüyünə, məsləki, əqidəsi yolunda şirin canından belə keçməyə (necə ki, keçmişdir) qadir olan, mənsub olduğu xalqa, millətə hər zaman başucalığı gətirən bu fikir fatehinə, söz qəhrəmanına, cəsarət simvoluna sonsuz ehtiramın, məhəbbətin, genetik fəxarət hissinin əbədiləşmiş nümunəsi, əks-sədasıdır". Bu sözlərdən sonra söz söyləmək olmaz.

"İmadəddin Nəsimi heykəltəraşlıqda" bölməsinin rəssamlıqdan poeziya bölməsinin ayırması da tərtibçinin yaradıcı yanaşmasıdır. Janrca qonşu iki bölmə bir-birinin ardınca verilsəydi, oxucu yorular, diqqəti dağıla bilərdi. Rəssamlıq bölməsindən sonra poeziya bölməsi sanki qızmar günəşli gündə bir içim sərin su təsiri bağışlayır. "İmadəddin Nəsimi heykəltəraşlıqda" bölməsində T.Məmmədov və İ.Zeynalovun, A.Əsgərovun, M.Rzayevanın, N.Əliyevin, V.NəzirovA.Quliyevin, S.Qurbanovun əsərləri, R.Ələkbərovun heykəl-installyasiyasının fotoları verilmişdir.

Ardıcıl verilən "İmadəddin Nəsimi musiqimizdə" bölməsində F.Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Rzayevanın dahi şair haqqında fikirləri toplanmış, musiqisi E.Sabitoğlunun, S.Ələsgərovun, N.Əliverdibəyovun bəstələrinin mətnlərini və notlarını özündə əks etdirir.

"İmadəddin Nəsimi obrazı kinodateatr səhnəsində" adından da bilindiyi kimi, kinoteatr səhnələrindən fotolar toplanmışdır. Bu sahədə son mədəniyyət hadisəsi olandünyada böyük rezonans doğuran müəllifi Sami Yusuf, prodüserrejissoru Andrey Boltenko olan İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırlanmış konsert-kompozisiyadan fotoların verilməsi təqdirəlayiqdir. "Nəsimi irsi kitablarda", "İmaddədin Nəsimi adlı ünvanlar", "İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı keçirilən tədbirlərdən fraqmentlər", "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçirdiyi tədbirlərdən fraqmentlər" başlıqlı fotoşəkillərin toplandığı hissələrdə zəngin informasiya almaq mümkündür.

"Ey özündən bixəbər qafil, oyan!

Həqdən olma yadü həm batil, oyan!

Olma fani aləmə mail, oyan!

Mərifətdən nəsnə qıl hasil, oyan!"   

Nəsiminin sözü ilə qapanır kitab. Həm necə bir sözlə. Nəsimi kəlamının qürub edən günəş fonunda, qırmızı şüaların arasında, sanki fəzadan asılı şəkildə verilməsi yaradıcı tapıntı, maraqlı nəticə estetik mesajdır. Nəsiminin "Mən əbədiyyət səmasında doğan günəşəm. Günəş qürub edəndə, əlbəttə saralar" sözlərindən alınmış fikirdən doğan "Nəsimi kəlamının ölümsüzlüyü" mesajı.

Kitabın təhlili tərtibçinin həm yazıçı, həm rəssam, həm ədəbiyyatşünas alim kimi müxtəlif yönlərdən görüntüləməyə imkan verdi. Mustafa Çəmənlinin kitabları bir-birinə bənzəmir. O, hər zaman çətin mövzulara müraciət edir. Ancaq hər zaman bu çətin işlərdən qalib çıxır. Adına layiq işlər ortaya qoyur. Haqqında bəhs etdiyimiz kitab da istisna deyil. Bu münasibətlə Mustafa Çəmənlini təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

 

Mehriban CƏFƏROVA   

 

525-ci qəzet.- 2019.- 25 dekabr.- S.15.