Hardan başlanır teatr?

 

Əsa teatrının son tamaşasından...

 

AND olsun ki, biz bir-birimizə münasibətdə çox xəsisik...

Əsanın bədii rəhbəri, rejissor Nihad Qulamzadənin Molyerin Xəsis pyesi əsasında quruluş verdiyi tamaşa And adlanır...

Əslində biz Nihadı elə andı ilə tanıdıq. Ölkədə ilk inklüziv teatrı yaradarkən, dövlətdən dotasiya alan bütün teatrların böhran içində çabaladıqları bir zamanda, evdən çölə çıxmaq üçün yardıma ehtiyacı olan istedadları bir yerə toplayıb onlara ümid, sevinc bağışlayarkən Nihad bir and verdi olursa olsun, Əsanı ayaqda saxlayacaq... Ki, bu gün Əsanın ayağa qaldırmaq gücü var. Yüzlərlə tamaşaçının truppanı ayaq üstə, davamlı alşıqladığının növbəti dəfədir ki, şahidiyəm...

Belə heyrətləndiyimsə ilk dəfədir...

Azərbaycanın ən böyük teatr səhnəsi. Tamaşa başlanır, alaqaranlıqda səhnəyə bir az da dərinlik verən pərdələr arasından insan siluetləri görünür. Ritmik musiqinin sədaları altında, kimi arabada, kimi qaçaraq irəli şığıyır... öz kiçik taxt-tacında bərqərar olmuş qocanın başına dolanırlar. Qoca əvvəl xoşhal olur, uzanan ovuclara pul da basır...amma dövrə vuranların rəqsi get-gedə qorxunclaşır, əcaib sifətlər sədəqəyə qane olmurlar, qocanı param-parça eləməyə hazırdılar...üzlər getdikcə sərtləşir, cizgilər silinir...bu başlanğıc məni diksindirir... yaxşı ki, kabus tezliklə bitir...

Xəyalın gerçəyi isə tamaşanın sonunacan səhnədə qalacaq. Xəsis Qarpaqonun mərhum xanımı zərli çərçivəyə alınmış tablodan elə hey boylanacaq...Hadisələrə şahid kimi baxacaq, bəlkə real qəhrəmanlardan daha hökmlü olacaq. Bircə kəlmə kəsmədən, yalnız baxışları ilə oynayacaq...

***

Əsanın aktyorlarına publika ilə canlı təmas gərəkdir. Məşhur komediyadakı məzəli replikalar tamaşaçını dirçəldir, zaldan gülüş, alqış səsləri gəlir...

Bircə əsərin qəhrəmanı xəsis Qarpaqon sirrini kimsəyə vermir...

... İlk şeirlər söylədiyi vaxtdan bəri səsini bəyəndiyim, sonra dostlaşıb çox sevdiyim, şəxsiyyətinə hörmət etdiyim Elşənə diqqətlə baxıram... Onun qəhrəmanının dərdi başqadı. Hiss edirəm ki, truppanın ilk dəfə çıxdığı səhnədə bütün boşluqları güclü enerjisi ilə dolduran Elşən zahiri oyununun alt qatına başqa məna yükləyib. bu məna yalnız əhvalatın axırına yaxın, bütün müşküllər həll olunandan sonra ortaya çıxır...varını, dövlətini hər kəsdən gizli saxlayan xəsis Qarpaqon itmiş mücrüsünü dəli kimi axrataranda...

Özünü səhnədən zala atır. Tamaşaçılar arasında tanış üzlər tapır, ümidlə yaxınlaşır...

- İlqar müəllim, mücrünü görməmisiz?

- Əzizim, bəlkə siz bilirsiz, hardadı mücrü?

- Ona söz vermişəm, heç vaxt itirməyəcəm, qoruyacam...

İtkinin ağırlığı deyəsən hər kəsə mənim kimi təsir edir. Zalı səhnəyə qatıb həyəcanla var-gəl edən Elşənin nigarançılığı hamımıza sirayət edir... elə bil biz nəsə itirmişik axı...

***

, belə... Bəlkə elə bilirdiz tamaşanı başdan-ayağa danışacam? Yanvarın 15-də premyeradır, özünüz baxarsız, məndən bu qədər...

Bircə onu bilməyinizi istərdim ki, bu gözəl tamaşanı hazırlayan Əsa teatrının öz binası var, məşq zalı. Milli Dram teatrının səhnəsində cəmi bir proqondan sonra, işıq, geyim dekora adaptasiya keçmədən belə bir möhtəşəm ərsəyə gətirməyi bacardıılar. Həm dövlətdən yardım almadan, maliiyələrini özləri taparaq, normal qiymətə bilet sataraq, hər tamaşa ilə peşəkarlıda bir addım əvəzinə 10 addım irəli ataraq... deyəsən? Bravo!

Uzun illərdir böyük sənətkarlar teatr nədən başlanır? sualına cavab axtarırlar. Asılqandanmı? Məncə yox! Teatr insandan başlanır. Əsa teatrının özəlliyi bu truppanı yaradanlar arasında özəl münasibətinə bağlıdır. Birlik, qardaşlıq ruhu, sənət eşqi, yaratmaq həvəsi...Sevgi!!! İtərsə, teatr da bitər... xəsislik hər şeyi məhv edər...

***

Qarpaqonun mücrüsündən çıxdı, bilirsizmi? Bir vaxtlar Sevgisinə verdiyi AND...

 

LALƏ

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.8.