Söz

 

 

 

1973-cü ildə qədim adı Muğan olan Parsabad şəhərində dünyaya göz açıb. İbtidaiorta məktəbi həmin şəhərdə bitirib, sonra əsgərlik xidmətini başa çatdırıb. İşləyib, ailəsinin dolanışığı üçün əziyyət çəkib. Ailə qurduqdan sonra Tehrana üz tutub. Ali təhsilə alıb. Mircamalın ədəbiyyat aləminə qədəm qoymasında şair qardaşı Mircəlil Hüseyninin böyük təsiri olub. Azərbaycanın çağdaş dövr tanınmış şairləri ilə ünsiyyət qurub, klassik ədəbiyyatı öyrənib və şeir sənətinin incəliklərinə varıb.

Muğan ədəbiyyat dərnəyinin fəal üzvüdür. Dörd şeir kitabını çapa hazırlayan şair hələ ki, onların çapına nail ola bilməyib...

 

Zaman gedir,

Baxır həsrət bir göz,

Ömür imiş unutduğum.

Ürəyimdən hay gəlir, bir xəbər,

Laxtalanıb sükutumda bütün sözlər.

kimsəni dinləməyə halım vardı,

kimsəyə danışmağa yaxşı bir söz.

Sözsüz qalıbdır söz...

 

Qələmim

 

Ey mənim duyğulu odlu qələmim,

Həyatın o gizli üzündən danış.

Ey şərəf yurdunda əsən ələmim,

Qorxmaz ol, vicdanın əlindən yapış.

Yaşamın sirrini öyrəndin demək,

Çox baha uğurdur çox gözəl paydır.

Qiyməti min dəfə ölmək-dirilmək,

Zülmətdə doğulmuş bir yeni aydır.

Zamanda birləşir fasilələr ,

Qorxuda itirir özünü insan.

Saxta qürurların lap üzündə.

Aydın həqiqəti ayaqlayırsan.

Hansısa bir gücü axtaranların,

Gözucu baxsanız müəmmasına

Tapmayır bir arxa gizləyə canın,

Özü lam baxır uçulmasına.

Elə çal qanadı bilməsin fələk,

Yaxanı vicdanın əlinə vermə.

yerdən, havalan görünməz ruh tək,

duyğu danışsın, ki kəlmə.

Vücudum böyüyüb gəlmir əynimə,

Daşıya bilməyir ruhumu bədən.

Ey sənin yolunda əzab çəkdiyim,

Saxlaya bilmədin İnciyi vətən.

 

Qarabağda

 

Səsləndi "Heyratı", "Cəngi", "Koroğlu",

Üz tutub igidlər cəbhəyə doğru,

Titrəyir qorxudan qəsbkar oğru

Göstərib ordumuz şan, Qarabağda!

Çatdı savaş çağı, kişilik çağı,

Dirəndi sümüyə dözüm bıçağı,

Eşitsin elimin hər bir qocağı,

Yurduma gərəkdir can Qarabağda!

Ağardıb əsarət Zəngəzur saçın,

Gözləri yoldadır Kəlbəcər, Laçın,

Müqəddəs Şuşanın qolların açın

Ağlasın şikəstə Xan Qarabağda!

Hər kimsə düz deyir, anamdır vətən,

Buyursun meydana geyinsin kəfən...

Yaltaqlar görünmür gözümə nədən,

Əsarət deyilmi mən (yasaq - red) Qarabağda?

And olsun ürəkdə qalan sözlərə,

Qızların canını yaxan közlərə,

And olsun süngüylə çıxan gözlərə

Erməni qusacaq qan Qarabağda!

Görməsə düşməni dardan asılı,

Çətin ki, bağışlar bizi Xocalı...

Düşmənin o zaman pozular halı,

Ordumuz görəndə san Qarabağda!

Arzumdur, elə ki basıldı yağı,

Ucaldı Şuşada vətən bayrağı,

Görəydim yuxudan ayılan çağı

Sökülmüş bu səhər dan Qarabağda!

 

 

Mircamal HÜSEYNİ (İNCİK)

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.15.