ADU-2019: tələbə-müəllim münasibətləri və beynəlxalq uğurlar

 

 

2019-cu il Azərbaycan Dillər Universitetinin (ADU) elmi-pedaqoji istiqamətində, beynəlxalq əlaqələrində, o cümlədən, sosial həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla özünün tələbəyönümlü, eləcə də professor-müəllim heyətinin peşəkarlığının daha da artırılmasına yönələn idarəçilik siyasətindəki ənənəsinə bu il də sadiqlik göstərdi. Universitetin beynəlxalq əlaqələri daha da genişləndi, imtahan prosesinin təkmilləşdirilməsi, biliyin keyfiyyətinin, müəllim və əməkdaşların rifahının artırılması istiqamətində vacib addımlar atıldı, qaçqın məktəblərində pedaqoji təcrübə yenə də prioritet istiqamət kimi diqqət mərkəzində saxlanıldı. Bəs ADU-nun kollektivi bütün bunları necə qiymətləndirir? Bu suala cavab almaq üçün universitet əməkdaşları arasında keçirilmiş sorğunu təqdim edirik.

ADU-nun Müəllim Həmkarlar Təşkilatının sədri, dosent Misgər Məmmədovaya sual:

- Həmkarlar Təşkilatı ötən ildə hansı işlərlə məşğul oldu və ötən il sizin yadınızda ən çox nə ilə qalacaq?

- Həmkarlar Komitəsinin fəaliyyəti Universitetin fakültələrini, kafedralarını, şöbələrini, mərkəzlərini və digər strukturlarını əhatə edir.

Mədəni-kütləvi tədbirlər, maddi yardım, idman və bədən tərbiyəsi, təsərrüfat xərcləri bölməsi 12 ay müddətində Universitet kollektivin həmkarlar təşkilatı səviyyəsində istək və arzularını yerinə yetirir.

 İl ərzində Yeni il, 8 Mart, Novruz bayramı, Respublika günü, Müəllim günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü HK tərəfindən qeyd edilir.

ADU HİK təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə əlaqədar Olimpiadalar təşkil edilir, həmçinin, Ümummilli lider H.Əliyevin əsərlərinin şifahi və yazılı tərcüməsi üzrə müsabiqələr təşkil edilir. İngilis dilinin, Roman və German dillərinin tərcüməsi və tərcüməçilik laboratoriyası, SABAH qrupları, Regionşünaslıq və Linqvokulturologiya, həmçinin, İngilis dilinin leksikologiyası, fransız dili kafedraları daha çox fəallıq göstərmiş, nəticədə bütün fakültələr üzrə 32 tələbə və 21 müəllim mükafatlandırılmışdır.

Ötən il ən çox yadda qalan universitetdə yeni yaradılmış laboratoriyaların işi oldu.

HİK Universitetdə yeni yaradılmış Azərbaycanşünaslıq, Multikulturalizm, Rusiyaşünaslıq və Türkiyəşünaslıq laboratoriyaların işində fəal iştirak edir, onların keçirdikləri tədbirləri dəstəkləyir.

Azərbaycançılıq ideologiyasının elmi-nəzəri məsələləri laboratoriya əməkdaşları tərəfindən demək olar ki, hər həftə seminar, dəyirmi masa, Azərbaycan dövlətinin və dövlətçiliyinin tarixi, ictimai, iqtisadi, sosial və siyasi həyatının geniş müzakirəsində Komitə fəalları çıxış edirlər.

Multikulturalizm laboratoriyasında çalışan əməkdaşların həyata keçirdiyi ən möhtəşəm tədbir isə 11 ölkənin 15 Universitetində Azərbaycan dəyərlərinin, mədəniyyətinin, tolerantlığının təbliğinə həsr edilmiş, növbəti ildə isə Azərbaycanın daxilində, respublikanın rayonlarının iştirakı ilə keçirilən bu konfransda HİK fəalları canfəşanlıqla bu ideyanı həyata keçirmişlər. Azərbaycan multikultural dəyərləri və tolerant davranış tərzi Avropa və Asiya məkanlarında ağızlarda səslənmiş, qulaqlarda eşidilmişdir.

Universitetin Rusiya Federasiyasının təhsil məkanı ilə xüsusi münasibətləri qurulub. Rektorumuz, akademik Kamal Abdulla ADU-nun əməkdaşlarını, o cümlədən, İngilis dilinin qrammatikası, Linqvokulturologiya və İngilis dilinin fonetikası kafedrasındakı həmkarlar fəallarını Moskva, Minsk, Kiyev Linqvistik universitetlərinə ixtisasartırma və peşə fəaliyyətini inkişaf etdirmək, müasir təlim texnologiyalarına yiyələnmək və qarşılıqlı pedaqoji mübadilə üçün göndərilmişdir və Komitədə ixtisasartırmada iştirak edən müəllimlərin fikir və rəylərini öyrənmişik və qeyd etmək istərdim ki, bu pedaqoji praktikada Universitet rəhbərliyinin ən böyük uğurlarından biridir. Müəllimlərimiz belə pedaqoji mübadilədən çox razı qayıtmışdılar və qeyd edim ki, rektor bu proyektin həyata keçirilməsi üçün hər üç ölkənin Universitet rəhbərliyi ilə şəxsi təmasları nəticəsində nail olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, 2019-cu ildən 26 nəfər professor-müəllim heyəti Latın Amerikası, Avropa, Asiya ölkələrində beynəlxalq konfranslarda iştirak etmişlər, həmçinin, Çində, Rumıniyada, Serbiyada, Yekaterinburqda olan Azərbaycanşünaslar mərkəzlərinin işini genişləndirmişlər.

Rusiya Federasiyasında analoji Universitetlərlə əlaqələrin yaradılması, qarşılıqlı əlaqələrin yaradılmasında Rusiyaşünaslıq laboratoriyası xüsusi rol oynayır.

Kadr hazırlığı sahəsində Universitetin həyata keçirdiyi çox perspektivli bir layihədə qaçqın məktəblərdə pedaqoji təcrübənin keçirilməsidir. Rektor Kamal Abdullanın təşəbbüsü ilə Cocuq Mərcanlıda ingilis dili kabinə təşkil edilmiş və o məktəb 3 ildir ki, pedaqoji praktikaya ADU-nun tələbələri könüllü olaraq gedirlər. Digər qaçqın məktəblərində və Cocuq Mərcanlı məktəbində pedaqoji praktikaya rəhbərlik edən ADU əməkdaşları mükafatlandırılıb. Qeyd etdiyim bütün hadisələrdə Universitetin HİK birbaşa iştirak edir.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayevə sual:

- Siz universitetin son bir ildəki fəaliyyəti barədə nə deyərdiniz?

- Cari tədris ilini Universitetimizdə son üç ildə həyata keçirilən islahatların daha da dərinləşməsi və genişləndirilməsi ili kimi xaraterizə etmək olar. Bu gün universitetimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli uğurlar əldə edilmişdir. Artıq müəllimlər də, tələbələr də işə daha məsuliyyətli münasibət bəsləyirlər, onlarda sanki ruh yüksəkliyi əmələ gəlir.

Cari tədris ilində universitetimizdə ən yaddaqalan hadisələrdən biri kimi Türkiyə Araşdırmaları Mərkəzinin açılması oldu. Həmçinin, Kamal Abdullanın təşəbbüsü ilə pedaqoji təcrübənin Cocuq Mərcanlı kəndində keçirilməsi ənənəsi qoyulmuş və daha yüksək keyfiyyətdə davam etdirilmişdir. Qeyd etmək lazımdır ki, müəllimlər, tələbələr Cocuq Mərcanlı kəndinə böyük həvəslə gedirlər, tədbirlər keçirirlər. Bu təşəbbüs Azərbaycan ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

2019-cu ildə də ən mühüm və əlamətdar hadisələrdən biri də, şübhəsiz ki, universitetimizin məzunu, sabiq Baş nazir Novruz Məmmədovun yenidən universitetimizə qayıtması, universitetimizin idarəçiliyində, ictimai, elmi, tədris həyatında fəaliyyətə başlamasıdır.

Təhsil-2 fakültəsinin yaradılmasını da universitetdə aparılan struktur islahatları sırasına daxil etmək olar.

Rəhbərlik etdiyim kafedraya gəldikdə isə, ümumiyyətlə, bütün kafedralarda elmi işlərin hazırlanmasında, elmi planın yerinə yetirilməsində canlanma var. Müəllimlərimizin xeyli hissəsi artıq xarici ölkələrdə məqalələrlə çıxış edir, dərs vəsaiti hazırlayırlar. Əsas tendensiya - elmi işləri praktik vəzifələrin həllinə istiqamətləndirmək - məhz bu istiqamətdə işlər davam etdirilir. Universitetin builki fəaliyyətini yüksək qiymətləndirirəm.

ADU rektorunun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyevə sual:

- Universitet əməkdaşlarının sosial vəziyyəti ötən il nə cür dəyərləndirildi?

- Universitetdə keçirilən sosial tədbirlər ölkəmizdə keçirilən tədbirlərin tərkib hissəsi kimi universitet kollektivinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlmişdir. Burada nəzərə almaq lazımdır ki, ölkə başçısı İlham Əliyev 2019-cu ilin əvvəlindən artıq sistemli şəkildə sosial sahədə mühüm məsələlər həyata keçirmişdir. Bu da, təbii ki, öz növbəsində universitetimizdə də bir sıra məsələlərin arzulanan şəkildə ənənəvi xarakter alaraq keçirilməsində mühüm rol oynamışdır. Universitetimizin inkişaf strategiyasının əsas prioritet sahələrindən biri də sosial məsələlərdir. 2019-cu ilin əvvəlindən başlayaraq sosial vəziyyətləri yaxşı olmayan əməkdaşlarımıza, tələbələrimizə maddi yardımların edilməsi prosesi həyata keçirilmişdir. Müəllimlərimizin, əməkdaşlarımızın yubileyləri münasibətilə onlara maddi yardım edilmiş, təbriklər ünvanlanmışdır. Çoxlu sayda ailə vəziyyəti ağır olan, valideynini itirmiş, ailə üzvlərində və ya özündə əlillik dərəcələri olan, köçkün ailəsindən olan tələbələrimiz var ki, onlara maddi yardım edilməsi üçün müraciətlərinə baxılıb. Əməkdaşlarımızdan elələri var ki, ailə vəziyyətləri çox ağır olduğu üçün onlara da maddi yardım edilibdir.

Yaddaqalan real işlərdən biri də ilin sonuna yaxın universitet əməkdaşlarının maaşlarının artırılmasıdır. Universitet büdcəsinin çox mühüm bir hissəsini maaş fondu təşkil edir. Biz bu məsələdə 89%-lə ölkə universitetləri sırasında birinci-ikinci yerləri bölüşürük. Bu, faktdır. Mən hesab edirəm ki, bunlar hamısı bizim kollektivin nüfuzunun möhkəmləndirilməsinə çox kömək etdi. Bu siyasət ardıcıl həyata keçiriləcək. Çünki sosial məsələlərə aid işlərin həyata keçirilməsi prorektorluq səviyyəsinə qaldırıldı. Bunun özü universitetin sosial məsələlərinə daha dərindən diqqət yetiriləcəyinin sübutudur. İnanırıq ki, universitet rəhbərliyi bu siyasəti sonuna qədər davam etdirəcək və sosial məsələlər üzrə həyata keçirilən tədbirləri ilbəil artıracaqdır.

Universitet kollektivi arasında sıx, mehriban münasibət formalaşıb. Bundan sonra da bunun belə davam edəcəyinə inanırıq. Arzu edirəm ki, universitet əməkdaşları bir-birinə daha mehriban, daha yaxın olsunlar. Universitetimizdə həyata keçirilən yüksək elmi-pedaqoji sahədəki fəaliyyəti universitetimizin nüfuzunun artmasının ən uğurlu göstəricilərindən biridir. Xarici ölkələrdə dərc olunan mötəbər jurnallarda müəllimlərimizin məqalələri çap olunur. Bizim pedaqoji fəaliyyətimizi öyrənmək üçün xarici ölkələrin universitetlərindən nümayəndələr gəlirlər. Xarici ölkə universitetləri ilə əlaqələrin yüksək səviyyədə olması, hesab edirəm ki, son illərin ən böyük uğurlarındandır. Əminəm ki, bütün bu işlər universitetin ümumi inkişafına çox yaxşı təsir edəcək.

Linqvokulturologiya kafedrasının müdiri, ADU Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyevaya sual:

- Universitetin həyatı ilə bağlı, xüsusilə köçkün məktəblərinə Universitet müəllimlərinin təcrübəyə göndərilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Mən təkcə universitet əməkdaşlarını deyil, həmçinin, bütün dünya azərbaycanlılarını Həmrəylik günü münasibətilə təbrik edirəm. Nə üçün fikrimi bununla başladım?! Çünki həmrəylik olan yerdə qarşılıqlı anlayış, hörmət və inkişaf olacaqdır. Eləcə də bizim universitetdə.

Bildiyimiz kimi, ölkə Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2019-cu il "Nəsimi ili" elan edilib. Bu münasibətlə bizim universitetdə bir çox fakültələr üzrə və beynəlxalq konfranslar keçirilib. Ən ümdə məsələ isə, bizim universitetin akkreditasiyanın qiymətləndirilməsindən uğurla keçməsi oldu. Digər tərəfdən, ADU artıq beynəlxalq aləmdə önəmli yerlərdən birini tutur. ADU ilə xarici ölkə universitetləri arasında tələbə-müəllim mübadiləsi get-gedə inkişaf edir. Hörmətli rektorumuz Kamal Abdulla tələbə-müəllim mübadiləsinə böyük önəm verir. Bunun da nəticəsi odur ki, bizim müəllimlərimiz müxtəlif ölkələrin universitetlərində təcrübə mübadiləsi keçir, universitetimizi təmsil edirlər. Bu yaxınlarda Rumıniyanın Piteşti Universitetində olduq, mühazirələr dedik, onların təcrübələri ilə maraqlandıq.

Bu il yenə də ən vacib məsələlərdən biri məcburi köçkünlərin məskunlaşdığı rayonlarda bizim tələbələrin pedaqoji təcrübə keçməsi oldu. Bu, orada yaşayan bizim məcburi köçkünlərimizə mənəvi dayaqdır. Özümüz də, kafedra müdirləri, müəllimlər də həmin rayonlara baş çəkirik, onların həyatı ilə maraqlanırıq.

Son illərdə universitetin qazandığı çoxlu sayda uğurlar var. Rektorumuz tələbələrin dostudur. Biz də tələbəyönümlü işlər həyata keçiririk, tələbələrlə daha sıx əlaqələr saxlayırıq.

Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətini də qeyd etmək lazımdır. TEC xeyli fəallaşıb. Digər tərəfdən, universitetdə həyata keçirilən tələbə özünüidarəsini reallaşdıran "Birgünlük xəlifə" layihəsi tələbələrin bəlkə də bizə deyə bilmədikləri iradları, tələbləri, lazımi məsələləri bizə çatdırmasında uğurlu vasitədir.

Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovaya sual:

- Təhsilin qurulması ilə bağlı ötən il hansı məsələlər həyata keçirildi?

- 2019-cu il Azərbaycan Dillər Universiteti üçün çox önəmli bir il oldu. Yola saldığımız 2019-cu ildə ADU-da bir sıra tədbirlər, layihələr, beynəlxalq konfranslar keçirildi. Tədris işləri ilə əlaqədar olaraq qarşımıza qoyduğumuz məqsədlərə uğurla çata bildik, belə ki, 2018-2019-cu il üzrə qəbul göstəricisi 95 faiz təşkil etdi. Bu da ADU-ya olan marağın ildən-ilə artması deməkdir. Bu maraq həmçinin, tədrisin keyfiyyəti ilə də əlaqədardır. Tədrisin keyfiyyəti tədris proqramlarının, tədris materiallarının hazırlanmasından, müəllim heyətinin peşəkarlıq səviyyəsindən, təhsil resurslarından, maddi-texniki bazadan və s. asılıdır. Gördüyünüz kimi, universitetin bütün strukturları tədrisin keyfiyyətinin təmin olunmasına xidmət etməlidir və edir. Bu sahələr üzrə bu günədək bir sıra tədbirlər, layihələr həyata keçirilib və keçirilməkdə davam edəcək. Tələblərdən biri tələbələrə yönəldilmiş təhsil, onların təhsil prosesinə cəlb olunmasıdır.

Belə ki, təhsil prosesində tələbələrə demokratik şərait yaradılıb. Tələbə-müəllim münasibətləri, müəllim seçmək hüququ, tələbələrin fikir və təkliflərinin nəzərə alınması, tədris prosesini qiymətləndirməsi, şikayətlərinə baxılması yüksək səviyyədə həyata keçirilir. Tələbələr universitetin şura, iclas, tədbirlərində yaxından iştirak edir, təkliflər verirlər. Tədris proqramlarının işlənməsində onların rəyi nəzərə alınır. Tələbələrlə iş zamanı Tələbə Həmkarlar Komitəsinin işini qiymətləndirməmək olmaz. Mətbuatdan da izlədiyimiz kimi, builki tələbə qeydiyyatı zamanı çox böyük işlərə imza atdılar. Digər tələb tədris planlarının təkmilləşdirilməsidir ki, bu istiqamətdə müəyyən işlər həyata keçirilib. Müəllim və tələbələrin rəyləri əsasında müəyyən təkliflər hazırlanıb. Növbəti dövlət standartları hazırlanan zaman bu təkliflər təqdim olunacaq. Başqa bir tələb müəllim heyətinin peşəkarlıq səviyyəsidir. Bu istiqamətdə də aparılan işlər öz nəticəsini verir. Belə ki, müəllimlərin peşəkarlıq səviyyələrini artırmaq üçün universitet müəllimləri bu il xarici ölkələrin profil ali məktəblərinə uzun müddətli ixtisasartırma kurslarına göndərildi və bu proses yeni ildə də davam edəcəkdir. Müəllimlərin xaricdə ixtisasartırma kurslarında ödənişsiz iştirakı müəllimlər üçün çox böyük fürsət oldu.

Bildiyimiz kimi, öz hesabına xaricdə kurs keçmək çox böyük maliyyə tələb edir. İlk dəfə olaraq özümüz də xarici mütəxəssisləri universitetimizə ixtisasartırma kursu keçməyə cəlb etdik. Bu yaxınlarda fransızdilli xarici mütəxəssislər 39 nəfər fransız dili müəlliminə universitetimizdə ixtisasartırma kursu keçdi. Digər tələb tədris resurslarının təkmilləşdirilməsidir. Bildiyiniz kimi, tədris resurslarına kitabxana, tədris vasitələri, tyutor məsləhət və tövsiyələri və s. aiddir. Bu istiqamətdə işlərimiz davam edir. Elektron kitabxananın qurulması prosesi, kitabxanaya yeni dərslik, dərs vəsaiti, ədəbiyyatın alınması prosesi davam edir. Hər il sillabusların, fənn proqramlarının monitorinqi aparılır. Tələbələrə məlumat və tövsiyələri düzgün versinlər deyə, ildə bir neçə dəfə tyutorlara təlimlər təşkil olunur.

ADU-nun maddi-texniki bazası, tədris resursları, mənəvi mühiti bu il də yüksələn xətlə inkişaf etdi. Bu isə müəllim-tələbə heyətinin bilik və bacarıqlarının artırılması üçün əlverişli şəraitin yaradılması deməkdir.

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.10;11.