Sərhəd hərəkatından həmrəylik
və azərbaycançılığa
31 dekabr
1989-cu il tarixindən bizi 30 il
ayırır. Azərbaycanın ən yeni tarixinə "Sərhəd
hərəkatı"nın baş verdiyi
gün kimi daxil olan həmin gün indiki yaşlı və
orta nəslin hafizəsində dərin iz buraxıb.
Məhz həmin
gün xalqın iradəsi və yenilməz gücü ilə
70 il göz bəbəyi kimi qorunan
SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər
və istehkamlar sökülmüş, bir-birindən ayrı
salınmış vətən övladlarının
qovuşması üçün imkan yaranmışdı. Sovet İttifaqının Azərbaycan SSR ərazisindəki
İran və Türkiyə ilə dövlət sərhədi
yüz minlərlə Azərbaycan oğul və
qızının sel gücü ilə bir gündə aradan
qaldırılmışdı. Qüdrətli
bir dövlətin sərhəd qoşunları və
çoxsaylı hərbi hissələri Mərkəzin təlimatı
üzrə xalqla toqquşmamaq və baş verənləri
seyr etmək zorunda qalmışdılar. Bu
sətirlərin müəllifi də həmin gün bəzi məsul
partiya-sovet işçiləri ilə bərabər, sərhəd
dirəklərinin və tikanlı məftillərin
sökülməsini seyr edənlərin arasında idi və əlində
xatirə olaraq bir parça sərhəd tikanlı məftili,
qəlbində "nəhayət, bağlı qapılar
açıldı, o taylı qardaşlarımızla
qucaqlaşa bildik sevinci" ilə geri dönmüşdü.
O zaman,
Sovet dövlətinin süqutundan təqribən iki il əvvəl
həyata keçirilən bu hərəkatı doğuran səbəblər,
əlbəttə, on illiklər boyu bir-birindən təcrid
edilmiş, aralarında keçilməz sədlər çəkilmiş
Azərbaycan xalqının təbii hissləri ilə
bağlı olsa da, bu hərəkat əslində, Sovet
İttifaqının müstəmləkəçi siyasətinə,
Kommunist ideoloji sisteminə qarşı xalqın bütün
demokratik, azadlıqsevər qüvvələrinin etiraz hərəkatı
idi. Bu, Azərbaycana qarşı qərəzli və
ədalətsiz mövqe tutan mərkəzi hakimiyyətə
qarşı respublikamızda 1988-ci ilin noyabrından
başlanan geniş ümumxalq etiraz hərəkatının
yeni şəkildə davamı idi. Azərbaycanın
ərazi bütövlüyünü pozmağa başlayan erməni
separatizminin və onu fəal dəstəkləyən Ermənistan
SSR-in təcavüzkar siyasətinin qarşısını
almayan, hətta buna gizli-aşkar rəvac verən mərkəzi
hakimiyyətə inamsızlığın və haqlı nifrətin
coşan bir təzahürü idi. O zaman respublikamızda
başlayan geniş xalq hərəkatının
Naxçıvan MSSR-dəki fəalları mərkəzi və
yerli partiya-sovet rəhbərlərinin, hüquq-mühafizə
orqanlarının bütün cəhdlərinə, hədə
və təzyiqlərinə baxmayaraq, qətiyyətlə ikiyə
bölünmüş Şimali və Cənubi Azərbaycan
(İran) arasında humanitar, mədəni, iqtisadi və
qohumluq əlaqələrini bərpa etmək məqsədilə
əsassız çəkilmiş sərhəd çəpərlərinin
və qurğularının sökülməsinin zəruriliyini
irəli sürürdülər.
Qeyd etmək
lazımdır ki, Azərbaycanda həm Mərkəzin, həm
də Respublikanın partiya-sovet rəhbərliyinə
qarşı yönəlmiş bu ümumxalq hərəkatının
kütləviliyi və qərarlılığı Sovet rəhbərliyini
də çaşbaş salmışdı, Arazın hər
iki sahilinə toplaşaraq bir-birini haraylayan, soyuq
şaxtalı bir gündə özlərini çaya atıb
qarşı sahilə qovuşmaq istəyən (təəssüf
ki, çayı keçib bizim sahilə çatmaq istəyənlərdən
Arazın sularına qərq olanlar da oldu) on minlərlə
insanın iradəsi ilə hesablaşmaq lazım gəlmişdi.
Həmin gün dövlət sərhəddini
süpürüb atanlara fiziki müqavimət göstərilməsə
də, sovet təbliğat aparatı bütün vasitələrlə
bu hərəkatı gözdən salmağa və bənzər
hadisələrin ölkənin digər sərhəd ərazilərində
baş verməsinin qarşısını almağa
çalışırdı. Azərbaycanın
o vaxtkı Sovet rəhbərliyi də bu hərəkata münasibətdə
Mərkəzdən fərqli mövqe tutmurdu. Çox
keçmədi ki, demokratiya və azadlıq istəyən
bütöv bir xalqa divan tutuldu, Azərbaycana qarşı erməni
təcavüzünə rəvac verildi, nəticədə isə,
qanlı "20 Yanvar" milyonlarla Azərbaycan vətəndaşının
nəzərində Sovet hakimiyyətinə və Kommunist
partiyasına kütləvi nifrət və mübarizə
gününə çevrildi.
Xalqın belə ağır günlərində dahi
siyasətçi, insanların yeganə inam və ümid yeri
olan Heydər Əliyev vətənə qayıtdı. 3 sentyabr 1991-ci il tarixində
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
seçilən gündən Heydər Əliyev Muxtar
Respublikanın əhalisinin bütün təbəqələrinə
möhkəm milli-mənəvi birlik iradəsi, müstəqil
Azərbaycanın qorunması və inkişafına sədaqətlə
xidmət göstərmək istəyi, Vətəni son nəfəsədək
qorumaq üçün hər an səfərbər olmaq hissi
aşılayır, eləcə də bütün dünya azərbaycanlılarını
vahid vətən -- Azərbaycan Respublikası
üçün təəssübkeşlik etməyə, onun
uğrunda çalışmağa və mübarizə etməyə
çağırırdı. Azərbaycanda
müstəqil dövlət quruculuğunun bir sıra
mühüm addımları Naxçıvanda, hələ
Sovet hakimiyyətinin mövcud olduğu bir zamanda Heydər
Əliyevin siyasi iradəsi ilə atılırdı. Belə
ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə
1991-ci il dekabrın 16-da iki il əvvəl baş vermiş və
tariximizə Sərhəd hərəkatı günü kimi
düşmüş 31 dekabrın Dünya Azərbaycan
türklərinin həmrəylik və birlik günü olaraq
qeyd edilməsi məsələsi Ali Məclisdə geniş
müzakirə edilmiş və tarixi qərar qəbul
edilmişdi.
Ali Məclisdə
keçirilən müzakirələrdə tarixi Azərbaycan
torpaqlarının 1813-cü il Gülüstan, 1828-ci il
Türkmənçay müqavilələri ilə İran və
Rusiya arasında bölündüyü, 1918-ci ilin mayın
28-də müstəqillik qazanan Şimali Azərbaycanda Xalq
Cümhuriyyəti qurulduğu, lakin iki il keçməmiş
müsəlman şərqinin bu ilk cümhuriyyətinin
bolşevik Rusiyasının işğalına məruz
qaldığı, Azərbaycan xalqına qarşı Sovet
hakimiyyəti illərində ədalətsizcəsinə
kütləvi cəza tədbirlərinin, həbs və
sürgünlərin, zorla köçürmələrin həyata
keçirildiyi vurğulanmışdı.
Burada qeyd
edilirdi ki, Sovet hökuməti və onun kommunist təbliğatı
illər boyu dünya türklərini, həmçinin,
SSRİ-dəki türk xalqlarını bir-birindən təcrid
etmək məqsədilə sistemli ideya-siyasi tədbirlər həyata
keçirmiş, birlik naminə çalışanları, hətta
bu barədə düşünənləri
"pantürkist" adlandırıb bu təbii hissləri
birdəfəlik yox etməyə
çalışmışdır. Daxildə
qanlı repressiyalara, sərhədlərdə dəmir pərdələrə
baxmayaraq, Azərbaycan türkləri milli dövlət
quruculuğu, milli və mənəvi bütövlük,
müstəqillik uğrunda mübarizəni bu və ya digər
şəkildə davam etdirmişdilər. Müzakirələrdə
deyilirdi ki, Naxçıvan Muxtar Respublikasından
başlanıb Azərbaycanın digər sərhəd
rayonlarına da keçən bu ümumxalq hərəkatına
imperiya və hegemonluq mövqeyindən yanaşan SSRİ-nin və
Azərbaycanın kommunist rəhbərliyi, hüquq-mühafizə
orqanları və hərbi dairələr qara yaxaraq onu
antidemokratik, bir qrup ekstremistin və cinayətkar
ünsürün əməli kimi qiymətləndirib,
dünya ictimaiyyətinin gözündən salmağa
çalışırdılar. Eyni zamanda, Mərkəzin
göstərişi ilə sərhəd zonasında əsassız
olaraq fövqəladə vəziyyət elan edib bir çox
yerlərdə sökülmüş sərhəd çəpərlərini
bərpa edirdilər, bu hərəkatın fəallarını
təqib edir, müxtəlif vasitələrlə onlara
qarşı repressiv tədbirlər görür, işdən
çıxarır, hətta həbs edirdilər. Lakin belə mürtəce addımlar daha xalqın
qaynayıb daşan gücünün qarşısını
ala bilməzdi. Üstəlik, həm
Türkiyədə və İranda, həm də yaxın-uzaq
ölkələrdə yaşayan azərbaycanlılar
arasında böyük bir ruh yüksəkliyi
yaranmışdı.
Qeyd etmək
lazımdır ki, 1990-cı ilin noyabr ayının 3-də
Türkiyədə keçirilən Birinci Beynəlxalq Azərbaycan
Türk Dərnəkləri qurultayı da Naxçıvan
Muxtar Respublikasından başlanmış Sərhəd hərəkatının
əks-sədası və real nəticəsi idi, bu qurultay
milli birlik və həmrəylik yolunda atılmış
mühüm addım idi. Lakin bu tarixi hərəkatın
ilk siyasi qiyməti məhz Heydər Əliyevin rəhbərliyində
Naxçıvan Muxtar Respublikası Ali Məclisində
verilirdi. Ali Məclisin sədri Heydər Əliyevin
imzaladığı 5 maddəlik bu tarixi qərarın 1-ci və
2-ci maddələrində deyilirdi:
1. 31
dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və
birlik günü elan olunsun və hər il
bayram edilsin. Həmin gün Naxçıvan Muxtar
Respublikası ərazisində iş günü hesab edilməsin.
2. 31
dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik
və birlik günü kimi Azərbaycan Respublikasında rəsmi
qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif
verilsin.
Qərarın digər maddələrində bu bayramla əlaqədar
mərasim və tədbirlərin, elmi konfransların
keçirilməsi, bu qərarın dünya Azərbaycan
türklərinə çatdırılması təsbit olunurdu. Sərhəd
çəpərlərinin bərpasının qanunsuz
olduğu və buna qarşı tədbirlər görülməsi
də burada öz əksini tapmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər
Əliyevin iradəsi ilə qəbul etdiyi bu qərar sonra Azərbaycan
parlamentinin qanunu ilə artıq ölkə çərçivəsində
31 dekabr Dünya azərbaycanlılarının həmrəylik
günü olaraq təsbit olundu.
1993-cu ildə Ulu öndər Heydər Əliyev artıq müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra həmrəylik bayramı məzmunca və formaca daha da zənginləşərək milli bayramlarımız sırasında yer alaraq həm ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıları bir-birinə və ana vətənə bağlayan təsirli vasitəyə çevrildi. Məlumdur ki, 1991-1992-ci illərdə ölkəmizdə milli dövlət quruculuğunda hələ çox ciddi çatışmazlıqlar mövcud idi, respublikanın vətəndaşları olan ermənilərin qanlı müharibəyə gətirib çıxaran separatçı fəaliyyətləri, bəzi digər milli azlıqların nümayəndələri arasında bölücülük və dövlətəzidd hərəkətlər mövcud idi. Belə bir şəraitdə sərhəd hərəkatını da məhz etnik mənşəcə türk olan azərbaycanlılar başlatdığı üçün bu bayramın "Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü" kimi təqdim edilməsi cari vaxta və şəraitə uyğun idi. Lakin Ulu öndərin dövlətçilik siyasətində azərbaycançılığı Azərbaycan Respublikasında yaşayan bütün etnik mənsubiyyətli vətəndaşların milli məfkurəsinə çevirməsi, vahid Vətən mənsubiyyətini və təəssübkeşliyini əsas tutması bu bayramı yalnız Azərbaycan türklərinin deyil, özünü azərbaycanlı hesab edən bütün vətəndaşlarımızın, hətta Azərbaycan vətəndaşı olmayan müxtəlif ölkələrdəki azərbaycanlıların bayramı etdi. Bununla Heydər Əliyevin milli dövlət quruculuğunda və ölkədə milli birliyin təmin edilməsində necə həlledici rol oynadığı bir daha üzə çıxdı.
Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının müvəffəqiyyətlə keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızı milli birlik yolunda tam bir hərəkətə gətirdi, onların Vətənə bağlılığının möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Heydər Əliyevin qurultayda böyük əzəmət və iftixarla dediyi "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı bu gün hər bir həmvətənimizin və soydaşımızın birlik və həmrəylik fəlsəfəsidir. Ulu öndərin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin (indiki Diasporla iş üzrə Dövlət Komitəsi) yaradılması ilə həmvətənlərimizlə iş artıq dövlət siyasəti səviyyəsində ardıcıl və sistemli şəkildə həyata keçirilməyə başlandı.
Bu gün Ulu öndər Heydər Əliyevin "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" kəlamı bütün dünya azəbaycanlılarının hisslərinə və şüurlarına nüfuz edən həmişəyaşar tövsiyə və nəsihətdir, həyat və fəaliyyət proqramıdır. Bu müdrik sözlər artıq milli təfəkkürümüzdə elə dərin kök salıb ki, bu sözləri hər bir vətəndaşımız etnik kökündən asılı olmayaraq qürurla səsləndirir. Bu, artıq bütöv Azərbaycan millətinin səsidir.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan
dünyaya günəş kimi doğacaqdır!" dahiyanə
sözləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə real həyatda özünü təsdiqləyir. Dünya Azərbaycanlılarının həmrəylik
günü ilə əlaqədar Azərbaycan Prezidentinin hər
yeni müraciəti ölkəmizin və xalqımızın
yeni-yeni nailiyyətlərindən xəbər verir, Azərbaycan
Respublikasını bütün dünya azərbaycanlıların
əzəli və əbədi Vətəni kimi daha da
ucaldır.
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru, fövqəladə və
səlahiyyətli səfir
525-ci qəzet.- 2019.- 29 dekabr.- S.17.