Dostum Rəşad Məcidlə Yeni il ərəfəsində söhbət

 

BU DƏFƏ TƏKCƏ SEVGİDƏN DANIŞAQ...

 

Əziz dostum, əksər saylarını həvəslə oxuduğum, müasir mətbuatımızda öncüllüyünü qoruyub saxlayan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid.

Canından uzaq, bu bayram ərəfəsi ətrafı bürüyən qrip epidemiyasından mənə də pay düşüb. Adətimdir, belə vəziyyətlərdə halsızlığı unutmaq üçün oxumağı planlaşdırdığım kitablar həyanım, məlhəmim olur. Sənin yeni çapdan çıxmış "Səbəbi sənsən" kitabı da əlimim altındadır. Yadımdadır, deyəsən, heç avqustun 21-də 55 yaşının tamamında düzənlənən məclisdə sənə belə gəlişi gözəl sözlərlə müraciət etməmişdim. Bəs nə olub, nə dəyişib?

Heç nə, sadəcə bu dəfə yuxarıda sadaladıqlarımın əksərini kənara atıb istərdim qarşıdakı yeni 2020-ci ili ailən, bütün doğmaların da daxil olmaqla təbrik edim və yalnız sevgidən danışaq. Digər cəhətlər isə cild-cild kitablara sığmayan irili-xırdalı duyğulardı ki, özümüz də bilmədən iştirakçıları, personajlarıyıq.

Bir də səbrli, duyğulu-düşüncəli, həssas Rəşad Məcid xarakterini kitab kimi oxumaq istəyənlər onun poeziyasının da ənginliklərinə baş vurmalıdırlar. Yoxsa, tanınmış qələm sahibi, doğum günündə belə "şamları söndürməyi sevməyən, bir az həlim, kövrək üfürən" Rəşad Məcid xarakterinə bələdçilikdən nə haqla danışmaq mümkündür.

Əziz dostum, "... ən xoş arzularla, 18 oktyabr, 2019" sözləri yazılmış yeni kitabını axşamüstü ailədə birgə vərəqləyərək feyziyab olduq. Qadınların lirikaya necə möhtaclığının dərəcəsi yalnız Yaradana bəllidir.

Kitab başdan-ayağa məhəbbət motivlidir. Onu yaxşı tanımayan ilk oxucu mütaliədən sonra elə güman edər ki, müəllifi əsrimizin Məcnunudur, şairin isə eşqdən, məhəbbətdən qeyri mövzusu yoxdur. Belələrinə heç olmasa kompyuteri açıb məlumat bazasına sənətkarın yalnız adını yazması kifayətdir. Onun 29 yaşından bəri işıq üzü görən kitablarını sıraya düzək: "Hələ ki, vaxt var", "Əlvida və salam", "Dəlicəsinə", "Çiyələk qadın", "Bir də gəlməyəcək", "Çığıracam"... bunlarda şeirləri toplanıb. "10 sentyabr"da isə hekayələri.

Doğrudur, bu kitablarda məhəbbət və ictimai motivli şeirlərin nisbəti 60-ın 40-a birincilərin xeyrinədir. Bu nisbəti Rəşad Məcid şeirlərindəki ictimai məna yükünün yüngüllüyündə axtarmaq sadəlövhlük olardı. Gəlin misallarla danışaq, "Yastıq"ı təhlil edək. Bu şeiri mənalı, müşahidəli, mütaliəli həyat yolu keçməyən şəxs yaza bilməz.

Kamil poetik nümunədir. "Başı yastıqdan düşən adamın bunun əsrarına varmadan onu dübarə başının altına çəkməsinin" fəlsəfi təfərrüatları təhlilini tapır. Həqiqətən də insan doğulanda başının altına, oturanda böyür-başına, yeriyəndə durumundan asılı olaraq yolu üstünə yastıq qoyular:

Sonra noğul yastığı,

Sonra nağıl yastığı,

Başı üşüyəndə papağı yastıq,

Əli üşüyəndə bayrağı yastıq,

Qəbri üşüyəndə torpağı yastıq.

Ağrıyan dizinə yastıq qoydular.

... Diksinib ayıldı yuxudan

Başı yastıqdan düşmüşdü.

Çəkdi yastığı başının altına.

Əladır, şair tapıntısıdır.

"Futbol oynadığım yadımdan çıxıb" sujeti bu idman oyunu üzərində qurulan, əslində, böyüklər üçün yazılan nümunədir. Hansımızın yadından çıxar uşaqlıqda futbol oynayan zaman "yıxılıb daşlara dəydiyimiz, əllərimizin, ayaqlarımızın yaralandığı, dizlərimizin daşlara dəyib parçalandığı, dabana qədər tər axıtdığımız" anlar. Baxın, şair bu oyundan uzaq düşməyimizin fəsadlarını necə ictimai motiv kimi təqdim edir:

On il, on beş il topsuz-filansız,

Yenə də yıxılan, əzilən mənəm.

Amma yıxılanda dizim qanamır,

Çünki yıxılıram ürəyim üstə,

Futbol oynamağı yadırğayandan...

Mən Rəşad Məcidin belə motivli şeirləri az yazmasını müasir poeziyamızın öncüllərindən olan Ramiz Rövşənin fikri ilə əsaslandırmaq istərdim: "Çünki o, şair işləmir". Yəni Rəşad. Fəqət onun yaxşı şair, jurnalist olaraq özünü qabarıq büruzə verən keyfiyyətlərindən tanınmış qələm sahibləri elə dolğun, səmimi danışmaqdadırlar ki, hamısını desəm, qorxuram dostum bu şaxtalı günlərdə arxayınlaşıb qış xoşhallığına qapıla. İnşallah olmaz.

Mətləbdən deyəsən, bir qədər uzaq düşdük. Qayıdaq məhəbbət motivlərinə. Sanıram yeni il istirahətində olduğumuz günlərdə soyuq evləri, münasibətləri, qəlbləri söz qədər isindirə biləcək ikinci material tapmayacağıq. Lirik sətirlər, duyğular isə atomdan da güclü sınanmış, etibarlı mənbələrdir. Məsləhət görərdim ki, stolunuzun üzərində "Səbəbi sənsən"i də saxlayasınız. Kitabın başlığının haradan götürülməsi sualına 93-cü səhifədə cavab aldım. Məlum oldu ki, əməkdar artist Xumar Qədimova bu şeirə necə şirin, rəvan mahnı bəstələyib, ifa edibsə, şairə təsirsiz ötüşməyib. Dörd bənddən biri:

Özümü hamıdan güclü sanmağım,

Durduğum yerdəcə qanadlanmağım,

Mənim sevinməyim, ya şadlanmağım,

Hamısı, hamısı sənə görədir.

X.Qədimovanın həzin səsi ilə daha birini - "Bir də gəlməyəcək"i dinləyib digər yeddi mahnıya da qulaq asdım. İkisinin bəstəçisi Xanım İsmayılova ("Səndən bir söz çıxanacan" və "O") idi. Aysel Kərim üçünə musiqi həyatı vermişdi - "Gözlərimə bax"a, "Daha"ya və "Nə fərqi"nə. Bu mahnıları tanınmış təranə ustadları Gülüstan Əliyevanın, Tünzalə Ağayevanın və digərlərinin ifalarında dinlədim. Hər üç tərəfə xoş duyğularımı bildirdim.

Bunlar Rəşad Məcidin niyə ovqat xarakterli səhər verilişlərində lövbər salmaq haqqına əsaslar verirdi. Belə xarakterli proqramlar sirr deyil ki, insanları yaşından asılı olmayaraq iş yerlərinə yüksək əhval-ruhiyyə ilə səfərbərliyə alır. Rəşad Məcid gözəl bilir ki, ovqatsızlıq, "əsəblərin tarıma çəkilməsi, damarda qanın donması, min illərin yorğunluğu, ürəyin zorla vurması"dır. Bənddə bir misranın özü belə səfərbəredici gücə malikdir. Həmin kontekstdə, "Ovqat"da çıxışından unudulmaz epizod. R.Məciddən yeni sevgi şeiri istədilər, oxudu:

Sən dərdin qənimi!

Sən qüssənin cəlladı!

Sən ağrıların keyidicisi!

Sən gerçək - yalan

artan - çoxalan

yüzə, minə vurulan

bəd xəbərlərin qovucusu!

Valerianım!

Karvalolum!

Validolum!

Aparıcı bu vaxta qədər hesab edirdi ki, söhbət eşqin haldan-hala saldığı qəddar məşuqədan gedir. Elə ki, daha 5 misranı dinlədi, heyrətdən əli ağzında qaldı:

Bu şeirdə mənim sənə

Təşəkkürüm, sədaqətim!

Tütünüm!

Nikotinim!

Tüstüm!

Siqaretim!

Rəşad Məcidin bu şeiri ilk dəfə avtobusda Milli Mətbuatımızın 140 illiyi ilə əlaqədar Zərdaba gedərkən yolu qısaltmaq, yorğunluğu azaltmaq üçün dilə gətirmişdi. Yumorla fəlsəfi duyumun vəhdəti! Ona görə aparıcıda doğurduğu təəssürat başadüşülən idi.

Burada haşiyəyə çıxım ki, onun siqaret barədə bəy tərifli şerindən sonra avtobusda papiros çəkməyənlər belə qullab vurmağa çalışdılar. İçərini tüstü və öskürək səsləri bürüdü. Ümumiyyətlə, xaricə, ölkə daxilinə saysız səfər təcrübəmizə istinadən deyim ki, xoş o adamın halına qismətinə Rəşad kimi yol yoldaşı düşür. Bu zaman onun hər kitabını, o cümlədən, "Səbəbi sənsən"i özünlə götürməkdən itirməzsən.

Şairin kimsənin ismini çəkmədiyi adlı-adsız şeirlərinin ünvanı, qəhrəmanı sevgi adlı saf, nəcib, tərəf müqabilindən həssaslıq uman mücərrəd varlıqdır. Bu mücərrədliyin təməlində hər birimizə doğmalıq, ucalıq təlqin edən saf hisslər dayanır. Adsız şeirlərdən:

 

Bəs bu nə qəm nəğməsidir -

ağaclar ağı deyir,

Bəs o qara bulud niyə tabuta

bənzəyir -

keçir damların üstündən?

***

 

Sənsən varım-varidatım, mülküm

-dövlətim -

səninlə doluyam,

Çox zənginəm, çoox...

***

Beş misralıq "Səni düşünmək"də sevgi düsturu cızılır:

Quyuya qəfil sallanan kəndirin sevinci...

Qara buludlar arasından sıyrılan

Günəş şüasının səadəti!

Yalanı, riyanı qovan saflığın,

duruluğun qalibiyyəti!

Şair bütün kitab boyu kredosuna sadiqdir. Yəni sevgi onun üçün əbədidir. O, insanın qəlbinə bir dəfə gələ bilər. Nə zamansa tuş gəldiyin sevgi həqiqidirsə, elə sevginin özüdürsə, bütün ümumiliklər bir "O"da cəmləşəcək:

Qoluma girəcək yenə də qızlar,

Əsən xəfif külək O olmayacaq.

Hansısa baxışlar nəsə deyəcək

Nə arzu, nə istək O olmayacaq.

Bəlkə yaşanacaq yeni bir nağıl,

Bu sevgi kitabı O olmayacaq.

Sevinci, atəşi, gur səadəti,

Kədəri, əzabı O olmayacaq.

Min yoldan qayıdam, min yol axtaram,

Beləsi bir daha doğulmayacaq.

Tapdığım gözəllər tez gözdən düşüb,

Sevdiyim mələklər O olmayacaq.

Onun fəlsəfi, təbiət şeirləri də sonda mütləq sevgi motivləri ilə vəhdət təşkil edir. Yalnız 7 rəngin palitrasından yaranan "Göy qurşağı" çıxmaq şərtilə. Müəllif Tiflis yağışının saçlarını yaladığı, yanaqlarından sürüşdüyü, dodaqlarının arasından şirinləşdiyi, boynunu, boğazını titrətdiyi... "Tiflis yağışı"na həsəd aparır, "Sabahın xeyir"lə salamladığı gözəli:

... Bahardı.

Təkcə çöl-çəmən deyil,

ruhumuz da bürünüb yaşıla -

misraları ilə görüşə səsləyir.

Oxucuların da mütaliəsi üçün misraları, sətirləri saxlayıb vaxtı ilə poeziyaya özünün "Sənsən"i ilə qədəm qoyan Rəşad Məcidin indi gənc yazarların pasibanı olmağından dilə gətirdiyi qürur hissinə qayıtmaq istəyirəm. Atalar yaxşı deyib: hər kəs əkdiyini biçər. Bu hər sahədə belədir. Haradansa, kimdənsə yan keçməz.

Yeni ilin mübarək, Rəşad Məcid!

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili

 

525-ci qəzet.- 2019.- 29 dekabr.- S.12.