Görkəmli alim, müdrik şəxsiyyət
- Arif Paşayev - 85
Kamillik
anı
İnsan kainatın sirlərinə elmin gücü ilə
vaqif olur. Bəşəriyyət dünyanı hər gün
addım-addım irəli aparan inkişaf proseslərinə
görə alimlərə borcludur. Müasir
həyatımızın tərəqqi mənzərəsi
onların fədakar zəhmətinin, elmi kəşflərinin
nəticəsidir.
Nə qədər qəribə səslənsə də,
cəmiyyət bu zəhməti, dövrün texnoloji
möcüzələri arxasından boylanan alim
obrazının əzəmətini bəzən tam
aydınlığı ilə görə bilmir.
Müasir dövrün insanı modern təyyarələrə
əyləşib cəmi bir neçə saat ərzində
dünyanın bu başından o biri başına yetişir. Yazdığımız
məktub internetin köməyi ilə saniyələr sonra
ünvanına çatır. Mobil texnologiyalar, az qala, bütün dünyanı əlimizdəki
balaca bir cihazın ekranına sığdırır. Təkmil tibbi cihazların, yeni dərman vasitələrinin
imkanları hesabına hər gün Yer üzünün
müxtəlif məkanlarında minlərlə insan
ölümün cəngindən qurtulur.
Fərd olaraq hər birimiz bu imkanlardan bəhrələnirik. Onları
yaradanlara “əhsən” deyirik. Amma bəzən
heç fərqində belə olmuruq ki, bütün bunlar
alimlərin on illərlə laboratoriyalarda, yazı masaları
arxasında, kitabxanalarda şam kimi əriyən
ömrünün işığıdır. Yüz illər ərzində bir alim nəslinin digərinə
ötürdüyü nəzəri-təcrübi tədqiqatların,
eksperimentlərin, irəli sürülən elmi nəzəriyyələrin
uğurudur.
Biz alimləri digər sənət sahələrinin məşhur
simaları qədər tez-tez görə bilmirik. Çünki
böyük mənada elm şəxslərdən daha çox,
əsl alimlərin ortaya qoyduqları əməklə, o əməyin
nəticələri ilə ifadə olunmağı,
görünməyi sevir. Ona görə də
alimlik bir mənəvi missiyadır. Bu
missiya ilə yola çıxmış bir gənci yalnız
şan-şöhrət, ad-san, məşhurluq, vəzifə,
status, maddi sərvətlər maraqlandıracaqsa, o, elmə
ciddi bir töhfə verə bilməyəcək. Ola bilər
ki, alim imici arxasında can atdıqlarının çoxuna
çatsın, amma əgər söhbət hüdudsuz elm dəryasının
bir damlasına çevrilməkdən, öz elmi irsi ilə gələcək
alim nəsli üçün yeni istiqamətlər
açmaqdan gedirsə, bu ülvi niyyətə yetişə
bilməyəcək.
Yol
Hələ elm qapısının kandarında ikən
ona ən çox əyan olan həqiqət məhz bu idi. Zəmanəsinin
görkəmli ədəbiyyatşünas alimlərindən
birinin, əsərləri böyük oxucu sevgisi
qazanmış məşhur yazıçının ailəsində
dünyaya gəlmişdi. Əsl alim zəhmətinin nə
olduğunu, kağız-qələmlə baş-başa
dirigözlü açılan səhərlərin yalnız mənəvi
qazanc gətirdiyini, maddi faydalarınınsa şəxsi mənada
bundan qat-qat az, çox cüzi olduğunu
yaxşı bilirdi. Amma bu yol onu maqnit kimi
sövq-təbii şəkildə özünə çəkirdi.
Elm onun şüurlu seçimi idi. Bu yola doğru ilk addımlarını atarkən, o,
gələcək elmi kəşflərdən, elmə verəcəyi
töhfələrdən başqa heç nə gözləmirdi.
Yolun davamında gördükləri ən
çox bunlar idi.
Və bu
nəticələrə mümkün qədər tez
çatmağa can atırdı.
Öz
istiqamətini də atasının sahəsindən tamam fərqli
bir səmtə çevirmişdi ki, burada məhz özü ola bilsin, onu hamı özü kimi
tanısın. Üzərinə kiminsə
kölgəsi düşməsin. Böyük
elm yolunda onunla eyni məramı, dəyərləri
paylaşan gənc fiziklərlə birgə addımlasın.
Atasının adına, doğulub
böyüdüyü ocağa layiq övlad olduğunu bu yolda
əldə etdiyi nailiyyətlərlə təsdiqləsin.
... Onda dünyanın hər yerində dəqiq elmlərə
maraq göstərən gənclər arasında fizikaya
xüsusi bir vurğunluq vardı. İkinci
Dünya müharibəsindən sonra hər yerdə elmi-texniki
tərəqqinin ilk işartıları görünməyə
başlamışdı. Cəmi bir neçə il əvvələ qədər az qala bir-birini
qırıb bitirəcək bəşəriyyət elmə
tapınırdı. İnsan övladı
anlayırdı ki, dünyanın bu günü də, gələcəyi
də ancaq elmdədir. O cəmiyyətlər irəli gedəcəklər
ki, nicatını yalnız elmdə axtarmış olsunlar. Bu həqiqəti dərk edən bir çox gənc
həmkarları kimi o da, fizikanın gücü ilə
dünyanı dəyişdirə biləcəklərinə
inanırdı.
Yola tanınmış Azərbaycan
yazıçısı, görkəmli ədəbiyyatşünas
alim, professor Mir Cəlal Paşayevin və əsilli-nəcabətli
Püstə xanımın oğlu kimi
çıxmışdı. Bir neçə ildən sonra
artıq onu elmi-ictimai çevrələrdə hər kəs
öz adı ilə tanıyırdı: akademik Arif Paşayev.
Sınaqlar
az olmadı
Bu
adın qərar tutduğu zirvəyə qədər
yaşanmış ömrün üzləşdiyi sınaqlar az olmadı. Amma bu sınaqlardan mətinliklə
çıxmağı bacardı.
Uşaqlığı çox çətin illərə
düşmüşdü. 1941-1951-ci illərdə, müharibənin
insanları minbir məşəqqətlə üz-üzə
qoyduğu zamanlarda Bakı şəhərindəki 164
saylı orta məktəbdə keçən şagirdlik dövründə
kitablardakı, müəllimlərin izahlarındakı dərslərdən
əlavə, onu bir ömür boyu izləyəcək
böyük həyat dərsi də almışdı. Bu dərsin aşıladığı əsas keyfiyyətlər
dürüstlük, vicdan, ədalət, məsuliyyət,
xeyirxahlıq, məqsədyönlülük idi.
1951-ci ildə orta təhsilini başa vurub gələcək
arzularının dalınca Bakıdan çox-çox uzaqlara
- Moskvaya üz tutdu. Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsi
kimi uşaqlıqdan könül verdiyi fizika elminin dərinliklərinə
vaqif olduqca, qarşıda onu nə qədər ağır zəhmətin
gözlədiyinin fərqində idi. Ona
görə də gecə-gündüz oxuyurdu. Bir göz
qırpımında keçən tələbəlik həyatından
mümkün qədər səmərəli istifadə etməyə
can atırdı. Bakıda ona görə nigaranlıq
keçirən, ondan böyük gözləntiləri olan
doğmaları qarşısında məsuliyyət hissini bir an belə unutmurdu.
Moskvada tələbə
ikən atasına göndərdiyi məktublar hazırda Nizami
Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin Mir Cəlala həsr olunmuş
guşəsində qorunur. Filologiya elmləri doktoru, akademik
Rafael Hüseynov bir neçə il əvvəl
tədqiqatçı marağı ilə bu məktubları
araşdırmışdı. Həmin məktublardakı
sətirlərə, onların ata-oğul münasibətlərinə
istinadən belə bir qənaətini
bölüşmüşdü ki, o köhnə nəsil,
xüsusən ziyalı ailələr övladlarına
münasibətdə daha tələbkar, daha ciddi, daha məsuliyyətli
idilər. “Mir Cəlal universitet professoru
idi və o dövr üçün kifayət qədər
yüksək məvacib alırdı, yazıçı idi,
vaxtaşırı əsərləri nəşr edilirdi,
qonorarlar gəlirdi.
Amma macal verməyiblər uşaqlar ərköyünləşsin,
övladları aza qane olmağa, israfçılıqdan
aralı dayanmağa alışdırmışdılar. Ailə tərbiyəsi
necə mükəmməl qurulmuşdusa, hətta kənar
şəhərdə olanda belə uşaqlar ata-ana nəzarətini
hiss edirdilər.
Arif tələbədir,
Moskvadadır, həm, yəqin ki, valideynlərinin dönə-dönə
xəbərdarlıqları nəticəsində, həm də
elə öz fəhmiylə anlayır ki, Bakıda evdəkilər
ən çox nədən narahat ola bilərlər.
Nigaran qalarlar ki, özünü soyuğa verə bilər,
nigaran qalarlar ki, nəhəng, gözəl Moskvadakı asudəliyi
nə şəkildəsə dərslərinə təsir edər
və bu qəbil şeylər.
Özü
bunların yada salınmasından öncə
Bakıdakıları sakitləşdirir: “Moskvada bu gün qar
yağmağa başlayıb. Mən özümə
900 manata bir palto almışam. Sizdən
xahiş edirəm, nigaran qalmayın. Siz elə
bilməyin mən çox gəzirəm. Xeyr! Dərslər çətinləşir, ona görə
də başqa işlərlə məşğul olmağa
vaxt yoxdur”.
Xatirə
olaraq qalsın deyə şəkillər çəkmək
istəyir və ailədən indiki bir çoxları kimi tələb
yox, ehtiyatla, sanki bir az da özünə
haqq qazandırmağa çalışaraq xahiş edir:
“Fotoaparatı yollayın. Çox xahiş edirəm,
elə bilməyin gəzmək üçün. Narahat
olmayın ki, bu mənim dərslərimə mane ola bilər. Moskvada adam
soyuqdan bilmir başını harada gizlətsin”.
Bu sətirlər
60 ildən də bir az əvvəl
yazılıb. Ancaq o sətirlərin içində
bugünün gəncliyinə də, valideynlərinə də
görk olan təfərrüatlar, incə işarələr
var. O tərbiyənin, övlada o cür güzəştsiz məhəbbətin,
övladların da o sayaq sözəbaxan,
başıaşağı, intizamlı olmasının nəticəsidir
ki, sadə bir tələbə qarşısına qoyduğu
bütün məqsədlərə çatdı və
adını dünyanın elm tarixinə həkk etdi.
Öz məktəbi
olan alim
Onu elmi titullar, dərəcələr o qədər də
maraqlandırmırdı. Əsas niyyəti
bütün həyatını elmə həsr etmək, öz
sahəsinin əsl bilicisinə çevrilmək idi. Bu istəklə Moskva Elektrotexnika Rabitə
İnstitutundan başlanan tələbəlik həyatı
Odessa Elektrotexnika Rabitə İnstitutunda davam etdi. 1957-ci ildə buradan məzun olaraq Azərbaycan Milli
Elmlər Akademiyasının Fizika İnstitutunda fəaliyyətə
başladı. Gənc radiofizik seçdiyi
elm sahəsində gedən prosesləri, dövrün
inkişaf meyllərini diqqətlə izləyirdi. Görürdü ki, yarımkeçiricilər fizikası
elm və texnikanın bir çox sahələrinə sirayət
etməkdədir.
Bu elmi istiqamətin perspektivlərini nəzərə
alaraq yarımkeçirici cihazlar və yarımkeçiricilər
fizikasını əsas tədqiqat sahəsi kimi müəyyənləşdirdi. Bu məqsədlə
1960-1964-cü illərdə Moskvadakı Dövlət Nadir
Metallar İnstitutunun (QİREDMET) aspiranturasında təhsil
aldı. 1965-ci ildə “Yüksək və
ifratyüksək tezliklərdə yarımkeçirici
materialların parametrlərinin kontaktsız ölçülməsi
üçün üsul və cihazların işlənməsi”
mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi
oldu. Bununla da gənc alimin sovet elmi mütəxəssisləri
sırasında material və məmulatların elektromaqnit nəzarət
üsullarının yaradılması prosesində yaxından
iştirakı başlandı.
Elmi axtarışlarını uğurla davam etdirən
Arif Paşayev 1978-ci ildə “Yarımkeçiricilərin zədəsiz
üsullarla tədqiqatlarının fiziki əsasları,
inkişaf prinsipləri və tətbiqi perspektivləri”
mövzusunda doktorluq dissertasiyasını da müvəffəqiyyətlə
müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru
alimlik dərəcəsinə layiq görüldü.
Düşünürəm ki, əsl alimin iki
ömrü olur. Bunlardan biri bütün insanlar kimi
yaşadığı fiziki ömürdür. İkinci ömürsə, fiziki həyatından
elmi-tədqiqat işlərinə ayırdığı illərdən
ibarətdir. Arif Paşayevin də
elektromaqnit nəzarət fizikasının və
yarımkeçiricilərin parametrlərinin
ölçülməsi metodlarının elmi əsaslarının
inkişafı və tədqiqində yaşanmış alim
ömrü 60 ildən çoxdur.
Akademik
Arif Paşayev 2 elmi kəşfin, 25 müəlliflik şəhadətnaməsinin,
59 patentin, 800-dən çox elmi əsərin, 105 monoqrafiya, dərslik
və dərs vəsaitinin, müəllifidir. Onun
fizikanın müxtəlif sahələrinə həsr
olunmuş 300-ə yaxın elmi əsəri xarici nüfuzlu
jurnallarda çap olunmuşdur.
Rəhbərliyi altında 11 aspirant və dissertant namizədlik
dissertasiyası müdafiə edib. Tədqiqat sahəsi
üzrə 15 doktorluq dissertasiyasının məsləhətçisi
olub. Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda
müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları
üzrə rəsmi opponent kimi çıxış edib. Təsadüfi deyil ki, akademik Arif Paşayev haqlı
olaraq yüksək və ifratyüksək tezliklər sahəsində
materialların kontaktsız üsullarla tədqiqatının
fiziki əsaslarının yaradıcısı sayılır.
Azərbaycanda bu elmi məktəbin banisi məhz
odur.
Uğurlar,
nailiyyətlər: alim əməyinə verilən qiymət
Arif müəllimin elmi tədqiqatlara
başladığı ilk illərdən irəli
sürdüyü əsas prinsiplərdən biri fundamental
fizikanın texnika ilə vəhdət şəklində
inkişaf etdirilməsi idi. Bu xüsusda hər zaman deyirdi: “Nəzəri
və eksperimental elmi nəticələr o zaman həyata vəsiqə
alır ki, onlar praktikada istifadə olunur. Bu nəticələr
sayəsində yeni fiziki hadisələrə əsaslanan
cihazlar layihələndirilir, istehsal və tətbiq edilir”.
O, öz
tədqiqatlarında bu prinsipə hər zaman əməl
edirdi. Mürəkkəb tərkibli yarımkeçirici
birləşmələrin monokristallarını alır,
onların xassələrini tədqiq edərək prinsipcə
yeni qanunauyğunluqlar və fiziki hadisələr aşkara
çıxarmaqla kifayətlənmir, həm də onların əsasında
müasir tələblərə cavab verən cihazlar yaratmaq məqsədilə
təcrübi-konstruktor işləri görür və əldə
etdiyi elmi tapıntılar yeni-yeni cihazların istehsalına vəsilə
olurdu.
Elmi innovasiyaların ölkənin gələcək
inkişafındakı rolunu düzgün dəyərləndirən
ulu öndər Heydər Əliyevin diqqət və
qayğısı sayəsində ölkəmizdə mikroelektronika
sənayesinin sürətli inkişafa başladığı
70-ci illərdə Arif Paşayevin öz tədqiqatları ilə
yaratdığı yeni nəzəri-təcrübi istiqamət
tarixi əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki,
1972-ci ilin sentyabrında Azərbaycanda rəsmi səfərdə
olan, SSRİ Elmlər Akademiyasının Prezidenti, dünya
şöhrətli alim Mıstislav Keldış məhz Arif
Paşayevin rəhbərlik etdiyi Azərbaycan Elmlər
Akademiyası Fizika İnstitutunun Zədəsiz ölçmə
və nəzarətin fiziki üsulları laboratoriyasına təşrif
buyurmuşdu.
“Avtonom
hidroakustika informasiya sistemi”nin
yaradılması sahəsindəki kompleks işlərinə
görə 1991-ci ildə o, Azərbaycanın dövlət
mükafatına layiq görüldü. Alim əməyinə
verilən qiymət bununla məhdudlaşmırdı.
Arif müəllimin ölçmə sistemləri, qurğu və
cihazları bundan əvvəl və sonra da müxtəlif sərgilərdə
birinci dərəcəli diplom, medal və mükafatlara layiq
görülmüşdü. Hələ sovet dövründə
bu sahədə ixtiralarına görə ona “SSRİ-nin
ixtiraçısı” fəxri adı verilmişdi. Kontaktsız
nəzarət yarımkeçiricilər fizikasının və
ölçmə istiqamətlərinin elmi əsaslarının
inkişafı və praktikaya tətbiqi sahəsində
gördüyü işlərə görə görkəmli
alim Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının
“Qızıl medalı” ilə təltif olunmuşdu. Belə bir nüfuzlu beynəlxalq mükafata layiq
görülməsi böyük alimin elmi-texniki uğurlarının
və nüfuzunun bütün dünyada tanınmasının
əyani təcəssümüdür. Orasını
da xüsusi qeyd edək ki, bu medalı Azərbaycana ilk dəfə
məhz akademik Arif Paşayev gətirib.
Bundan əlavə,
Arif Paşayev elm sahəsində qazandığı yüksək
nailiyyətlərə görə Y.Məmmədəliyev adına Qızıl medala və İngiltərə
Beynəlxalq Bioqrafiya Mərkəzinin Qızıl medalına
layiq görülüb. Elm və təhsil sahəsindəki
layiqli xidmətlərini nəzərə alaraq ona Beynəlxalq
Elmlər Akademiyasının “Qızıl nişanı” təqdim
olunub. Akademik “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi
Mükafat Komissiyasının həyata keçirdiyi “Azərbaycanın
tanınmış alimləri” beynəlxalq layihəsinin də
qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq
diplomu ilə təltif edilib. Bütün bunlarla yanaşı,
Arif Paşayev Azərbaycan elmini dünyada layiqincə təmsil
etdiyinə görə Beynəlxalq Mühəndislik
Akademiyasının yubiley Qızıl medalına,
Ümumdünya Sülh Şurasının “Dünyanın səfiri”
beynəlxalq diplomuna, Ukrayna Milli Aviasiya Universitetinin fəxri
doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru adına
layiq görülüb.
Azərbaycan
elminin, təhsilinin inkişafında müstəsna xidmətləri
olan akademik bu xidmətlərinə görə Azərbaycan
Respublikasının yüksək dövlət
mükafatları - “Şöhrət”, “Şərəf” və
“İstiqlal” ordenləri ilə də təltif edilib.
O,
müxtəlif elmi qurumlarda da təmsil olunur. Azərbaycan
Respublikası Ali Attestasiya Komissiyasının Ekspert
Şurasının, Tbilisi Texniki Universitetində Ərazi
Şurasının üzvüdür. AMEA-da
cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan
Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində
birləşmiş ixtisaslaşdırılmış
şuranın həmsədridir. Dövlətlərarası
Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin
hazırlanması üzrə əlaqələndirmə
şurasının üzvüdür.
Alim beynəlxalq elmi çevrələrdə də
böyük nüfuz sahibidir. Arif Paşayevin Beynəlxalq Nəqliyyat
Akademiyasının, Beynəlxalq Mühəndislik
Akademiyasının, Beynəlxalq Ekoenergetika
Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq
İnformatlaşdırma Akademiyasının, Beynəlxalq
Kosmonavtika Akademiyasının həqiqi üzvü olması
qlobal akademik dairələrin Azərbaycan aliminə olan
yüksək münasibətinin, onun əldə etdiyi elmi
nailiyyətlərin miqyasının təzahürüdür.
Akademik
Arif Paşayev Milli Aviasiya Akademiyası nəzdində
dissertasiya müdafiəsi üzrə ixtisaslaşmış
Şuranın sədri, Milli Aviasiya Akademiyası “Elmi məcmuələr”
jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma”
elmi-populyar jurnalının, Azərbaycan Mühəndislik
Akademiyasının Xəbərləri jurnalının baş
redaktorudur, Azərbaycan Respublikası Nazirlər Komitəsi
yanında Kosmik məsələlər üzrə
şuranın sədri, Azərbaycan Mühəndislik
Akademiyasının prezidentidir.
Təhsil
təşkilatçısı: Milli Aviasiya
Akademiyasının rektoru
Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək
AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə
və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik
etmiş və elmi tədqiqat işlərindən əlavə,
bacarıqlı elm meneceri olduğunu da dəfələrlə
sübuta yetirmişdi. Fizika İnstitutunun elmi istiqamətlərinin
müəyyənləşdirilməsində o, hər zaman
xüsusi fəallıq göstərirdi. Bu
bacarığını nəzərə alaraq 1996-cı ildə
dövlət onun qarşısında daha bir mühüm vəzifə
müəyyənləşdirdi. Arif
Paşayev Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə
təyin edildi.
Akademiyanın
müasir inkişaf səviyyəsini, maddi-texniki
bazasını, region ali məktəbləri
arasındakı nüfuzunu, hazırladığı
ixtisaslı kadrların peşəkarlığını nəzərə
alaraq bu ali təhsil qurumunun adı indi çox yüksək səslənir.
Amma Arif müəllim bu vəzifəyə təyinat
alanda Milli Aviasiya Akademiyası təxminən texniki peşə
məktəbi səviyyəsində tədris müəssisəsi
idi. Bu gün isə Azərbaycan Milli Aviasiya
Akademiyasının regionun ən mötəbər ali təhsil müəssisələrindən
biri olduğunu qeyd etməyən yoxdur. Çoxları
isə bu yüksək nailiyyətin necə gərgin zəhmət
bahasına əldə olunmasından bəlkə də xəbərsizdir.
Məhz Arif Paşayevin gərgin əməyi sayəsində
1996-cı ildən sonra qısa vaxt ərzində Milli Aviasiya
Akademiyasında intensiv inkişaf dövrü başlandı. Akademiyanın
maddi-texniki bazası gücləndirildi. Burada
dərslərin Azərbaycan dilində keçirilməsi
üçün ilk növbədə ana dilimizdə dərsliklər,
əyani vəsaitlər yaradıldı. Tədris
prosesində informasiya-kommunikasiya texnologiyaları tətbiq
edildi. Yeni kompüter sinifləri
açıldı. Zəngin elektron
kitabxana tələbə və müəllim heyətinin
istifadəsinə verildi. Müasir elektron dərsliklər,
o cümlədən, multimedia öyrədici proqramlar
hazırlandı. Tələbə və
müəllimlərə dünyanın məşhur
kitabxanalarına çıxış imkanları
yaradıldı. Respublikamızda ilk dəfə olaraq
bütün fənlər üzrə semestr
imtahanlarının informasiya-kommunikasiya texnologiyalarından
istifadə etməklə test üsulu ilə bu ali
təhsil müəssisəsində götürülməsi də
milli təhsil tariximizin Milli Aviasiya Akademiyası ilə
bağlı maraqlı faktıdır.
Beləliklə, akademik Arif Paşayev zəhməti,
yüksək təşkilatçılıq qabiliyyəti, ən
əsası isə vətənpərvərliyi, ziyalı kimi
mənəvi dəyərlərə sadiqliyi bu müəssisəni
müasir, Avropa tipli universitet səviyyəsinə yüksəltdi. O, öz geniş
erudisiyası və dünyagörüşünün
gücü ilə burada təhsil prosesini düzgün istiqamətləndirdi.
Akademiya milli aviasiyamız üçün yüksək
hazırlığa malik ixtisaslı kadrların
hazırlanmasına nail oldu. Bununla da ölkəmizin
xaricdə böyük vəsaitlər hesabına mütəxəssislər
hazırlamaq və ya başqa ölkələrdən xarici
mütəxəssislər dəvət etmək ehtiyacı
aradan qalxdı.
Ustad
Müxtəlif beynəlxalq aviaşirkətlərə
aid təyyarələrdə uçuş təcrübəsi
yaşamış hər kəs təsdiqləyə bilər
ki, Azərbaycan pilotları öz səriştələrinə,
mürəkkəb hava gəmilərini peşəkar tərzdə
idarəetmə təcrübələrinə, sərnişinlərdə
yaratdıqları təhlükəsizlik, rahatlıq və məmnuniyyət
duyğusuna görə dünyanın ən
yaxşıları sırasındadırlar. Bu peşəkarlığı
hiss edəndə, təyyarənin şturvalı
arxasındakı milli simalı, milli ad-soyadlı, ana dilimizdə
danışan gənc şahinləri görəndə
adamın köksü qürur hissi ilə dolur. Və
həyatımızı əminliklə etibar etdiyimiz bu
işıqlı gəncləri belə peşəkar şəkildə
yetişdirmiş, onların aydın çöhrəsinə
öz ziyalı simasından, intellektindən, əxlaq və mənəviyyatından
nur payı vermiş ustada - akademik Arif Paşayevə minnətdarlıq
duyğusu baş qaldırır.
Azərbaycan
Milli Aviasiya Akademiyası bu gün bütün dünyada
tanınan ali təhsil müəssisələrimizdəndir.
Dövlətlərarası Aviasiya Komitəsinin qərarı
ilə akademiya “Mülki Aviasiya ali təhsil müəssisəsi”
sertifikatına layiq görülüb və Beynəlxalq
Mülki Aviasiya Təşkilatının ali
təhsil müəssisələri siyahısına daxil edilib.
Təhsil sistemində Avropa standartlarına uyğun göstərdiyi
yüksək xidmətlərə görə 2008-ci ildə
Böyük Britaniyanın Oksford şəhərində Avropa
Biznes Assambleyası, Oksford Energetika İnstitutu və Avropa
Rektorlar Klubu tərəfindən təşkil olunmuş biznes,
elm və incəsənət sahəsində liderlərin
Oksford sammitində Milli Aviasiya Akademiyası “Avropa keyfiyyəti”
beynəlxalq mükafatına layiq görülüb.
Akademiyada yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması ilə yanaşı, elmi tədqiqatların
aparılmasından ötrü də hər cür şərait
yaradılıb. Təhsil müəssisəsi nəzdində
aviasiya sahəsinin müasir texniki problemlərini həll etməyə
imkan verən elmi-tədqiqat institutu, xüsusi konstruktor
bürosu və təcrübi istehsalat sahəsi fəaliyyət
göstərir. Pilotsuz uçuş
aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi
üzrə radioidarəolunan robotların, radiotexniki təminat
obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış
nəzarət sistemlərinin yaradılması və s. Milli
Aviasiya Akademiyasının elmi fəaliyyətinin əsas
istiqamətlərindəndir. Bütün bunlar
sözügedən təhsil müəssisəsinin akademik Arif
Paşayevin rəhbərliyi sayəsində müasir qərb
modelli təlim-tədris mərkəzinə çevrildiyini
göstərir, burada müasir dövr üçün
çox vacib olan “təhsil-elm-istehsalat” silsiləsinin
qurulduğunu əks etdirir.
Faydalı
olmaq
2005-ci ildə isə akademik Arif Paşayevin rəhbərliyi
ilə innovativ inkişaf dövründə ölkəmizin bu
günü və gələcəyi üçün
mühüm əhəmiyyət daşıyan daha bir təsisat
formalaşdırıldı. Azərbaycan Mühəndislik
Akademiyasının (AMA) əsası qoyuldu. Bu
Akademiyanın başlıca fəaliyyət istiqamətləri
ölkənin alim və mühəndislərinin
yaradıcılıq imkanlarının təmin edilməsindən,
mühəndislik fəaliyyəti sahəsində intellektual
potensialın artırılması və səmərəli
istifadə olunmasından, çox mühüm və
perspektivli tədqiqat və innovasiya proqramlarının işlənib
hazırlanmasından, onların həyata keçirilməsinə
kömək göstərilməsindən, Azərbaycan iqtisadiyyatında
elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin
edən prinsipcə yeni texnika, texnologiya və material növlərinin
fundamental elmlərin nailiyyətləri əsasında
yaradılmasından və tətbiqindən ibarətdir.
Ötən
14 il ərzində AMA mühəndislərin
və alimlərin peşə birliyini fəal şəkildə
dəstəkləyib. Elmi-texniki tərəqqinin
və mühəndislik fəaliyyətinin inkişafına
kömək göstərib. Həmçinin,
ekspertizaların aparılmasında tədqiqat işlərinin,
layihələrin və proqramların həyata keçirilməsinə
yardım göstərib. AMA müstəqil
elmi-texniki təşkilat olaraq qısa müddət ərzində
ölkəmizdə fəaliyyət göstərən
aparıcı mühəndis və ekspertləri birləşdirən
nüfuzlu bir quruma çevrilib.
Akademiyanın əsas diqqəti Azərbaycan Prezidenti
İlham Əliyevin ölkəmiz üçün müəyyənləşdirdiyi
strateji hədəflərə uyğun olaraq yerli elm, texnologiya
və innovasiya potensialının inkişafına yönəlib. Bu baxımdan
Mühəndislik Akademiyası müvafiq qurumlarla fəal əməkdaşlıq
şəraitində öz elmi-texniki, texnoloji və layihə
işlərini müxtəlif sahələrdə istehsalata
uğurla tətbiq edir. AMA-nın üzvləri ölkəmizin
ali məktəblərində təhsilin,
keyfiyyətin idarə olunması, o cümlədən, yüksək
ixtisaslı mühəndis yönümlü mütəxəssislərin
hazırlanmasında da faydalı olmağa
çalışırlar. Azərbaycanda alim və
mühəndisləri bir araya gətirən belə bir qurumun
uğurla fəaliyyəti də, bu çərçivədə
yerinə yetirilən layihələr də təbii ki, akademik
Arif Paşayevin zəhmətinin, alim kimi şəxsi
nüfuzunun bəhrəsidir. O, belə təşəbbüslərlə
cəmiyyətimizə fayda verməyə
çalışır.
İşığın
davamı
Hələ böyük elmin kandarında ikən onun
enişli-yoxuşlu yollarında öz adı ilə
tanınmaq arzusunu xatırlamışdıq. Bu arzu, niyyət,
prinsipiallıq uzaq cənub şəhərindəki
doğmalarından ayrılıb bilgi dalınca Moskvaya
yollanmış gənci kamil şəxsiyyətə,
dünyanın nüfuzlu alimlərindən birinə
çevirdi. Hamı onu akademik Arif
Paşayev kimi tanıdı. Hətta öz
uğurları ilə cığır açdı. Mir Cəlal ailəsinin ikinci övladı Hafiz
Paşayev də onun kimi fizikanı seçdi. Hələ ötən əsrin 70-ci illərindən
Azərbaycanın görkəmli fiziklərindən biri kimi
tanındı. Uzun illər ölkəmizi
səfir statusunda uzaq Amerikada şərəflə təmsil
etdi. Bu gün Hafiz müəllimin rəhbərliyi ilə
Azərbaycanda ADA universiteti kimi beynəlxalq standartlara tam
uyğun ali təhsil müəssisəsinin fəaliyyəti,
ADA-nın ölkəmizin təhsil brendi kimi bütün
dünyada tanınması Mir Cəlal ocağından
çıxmış ziyalıların Vətən sevgisinin,
Azərbaycan qarşısındakı məsuliyyət
duyğusunun, ailə ocağından gələn mənəvi-əxlaqi
keyfiyyətlərin ifadəsidir.
Mir Cəlal ailəsinin digər üzvü, çox əfsus ki, həyatdan bivaxt getmiş Aqil Paşayev də sayılıb-seçilən şəxsiyyətlərimizdən idi. Uzun illər Azərbaycan Həmkarlar İttifaqı Təşkilatında məsul vəzifələrdə çalışmışdı. Son dərəcə səmimi, xeyirxah, istiqanlı bir insan kimi xatirəsi onu tanıyanların qəlbində əbədi yaşamaqdadır. Bu ocaqdan çıxmış başqa övladlar - Elmira və Ədibə Paşayeva bacıları isə atalarının yolu ilə gedərək ömürlərini müəllimlik fəaliyyətinə həsr ediblər. Çox yaxından tanıdığım Elmira xanım Paşayeva hazırda Musiqi Kollecində çalışır. Respublikamızın “Əməkdar müəllimi”dir.
Bakı Dövlət Universitetində uzun illər bir yerdə çalışdığım professor Ədibə Paşayeva isə təbiətən çox sadə, təvazökar olmaqla yanaşı, üzərinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşan, tanınmış filoloq alimlərimizdəndir. BDU-nun filologiya fakültəsinin aparıcı alim-pedaqoqlarından biri kimi müəllimlərin də, tələbələrin də sevimlisidir.
Öz zəkalarının gücü, alın təri, göz nuru ilə əldə etdikləri bütün yüksək titullara, elmdə, ölkənin ictimai-siyasi həyatında məşhurlaşan öz adlarına, soylarına rəğmən mənəvi müstəvidə onlar yenə də Mir Cəlalın övladları, bu mənəvi titulun ehtiva etdiyi dəyərlərin daşıyıcısı olaraq qaldılar.
Mir Cəlal müəllim həmişə deyərmiş ki, mənim ən gözəl əsərim ailəmdir. Görkəmli ədibin bu əminliyi öz övladlarına verdiyi tərbiyənin düzgünlüyündən, onlara aşıladığı mənəvi keyfiyyətlərdən, ən əsası isə övladlarının gələcəyinə, cəmiyyət üçün nə qədər faydalı insanlar olacaqlarına inamından gəlirmiş. O, bilirmiş ki, ən mükəmməl əsərlərində təlqin etdiyi ideyalar öz övladlarının həyat və şəxsiyyətində yaşayacaq. Onlar öz əməlləri ilə, daşıdıqları keyfiyyətlərlə bu ideyalar işığında insanlıq üçün bir görk formalaşdıracaqlar. Övladları bu inamı, əminliyi bir ömür boyu doğrultdular.
Və Arif müəllim bu mənada çox xoşbəxt insandır ki, eyni dəyərlər onun mərhum həyat yoldaşı, Azərbaycanın daha bir görkəmli alimi, professor Aida xanım İmanquliyeva ilə birlikdə böyüdüb boya-başa çatdırdığı övladlarının - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın şəxsiyyətində, əməllərində də yaşayır, davam edir, nümunə yaradır, Vətənin abadlığına, cəmiyyətin mənəvi tərbiyəsinə xidmət göstərir.
Mehriban xanım Əliyevanın milli dövlətçiliyimizə verdiyi zəngin töhfələrlə Azərbaycanın müasir tarixində oynadığı rol, uğurla reallaşdırdığı beynəlxalq humanitar təşəbbüslər, dünyada sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun bərqərar olması, bəşəriyyətin xeyirxahlıq, mərhəmət kimi ali duyğulara tapınması üçün çəkdiyi zəhmət, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və bütün dünyada təbliği naminə göstərdiyi fədakarlıq bu ocaqdan düşən işıqdır.
Mir Cəlal düşüncəsinin, Arif Paşayev elminin, Aida İmanquliyeva dəyərlərinin Heydər Əliyev ideyaları ilə bir insanın simasında qovuşaraq Azərbaycanın gələcəyinə bələdçilik etməsidir. Azərbaycana xidmətdə hər zaman Mehriban xanımın yanında olan, ona kömək göstərən, bütün imkanlardan istifadə edərək Azərbaycan dövlətinə, Azərbaycan cəmiyyətinə, Azərbaycan insanına fayda verməyə çalışan övladları Leylanın, Arzunun öz nəcib işləri ilə yaratdıqları nümunələr bu işığın davamıdır.
Bu gün əldə silah Vətənin təhlükəsizliyi keşiyində dayanmış əsgər Heydər Əliyevin qətiyyəti bu ailə ocaqlarından gələn sağlam mənəvi ruhun gücüdür.
Akademik Arif Paşayev bu ilin 15 fevralında ömrün 85-ci zirvəsini fəth edir. Bilirəm ki, insan müdrikliyinin yaşı yoxdur. İnsan bu məqama yaşı ard-arda sıralayan rəqəmlər hesabına deyil, dünyaya ucalıqlardan baxışı, bəsirət gözünün açıqlığı sayəsində çatır. Bu baxımdan Arif müəllim lap çoxdan müdriklik məqamının sahibidir. Bu məqamda şərəflə yaşanmış 85 illik ömrün həyat təcrübəsi, illərin xatirələri, zəngin bilikləri, başqalarına edilmiş saysız-hesabsız yaxşılıqların ruhani məmnuniyyət hissi üst-üstə toplandıqda isə bu məqam artıq kamillik adlanır.
Arif Paşayev də bir ömürlük savab əməllərinə
görə həyatın kamillik məqamı ilə
mükafatlandırdığı şəxsiyyətdir. O, bu məqamda
da yaşayır, yaradır, fayda verir, taleyin bu ilahi
mükafatını yeni nəcib işləri doğruldur. Biz
də Arif müəllimə uzun ömür, möhkəm
cansağlığı, həyat və fəaliyyətində
yeni-yeni nailiyyətlər arzulayırıq.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2019.- 9 fevral.- S.8-9;11.