Aşıq Veysəl şeirlərində vətən sevgisi

 

 

TÜRKSOY türk aşıq şeirinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Veysəlin 125 illiyi münasibətilə 2019-cu ili “Aşıq Veysəl ilielan edib.

Aşıq Veysəlin ilk çap olunan əsəri Qazi Mustafa Kamal Paşa Atatürkün şərəfinə yazdığı şeirdir. Aşıq Veysəl öz bədii külliyyatını yaradarkən ən çox Yunus İmrədən, Karacaoğlandan, Emrahdan, Dərdlidən və başqalarından bəhrələnmişdir.

Onun şeirlərinin əsas mövzularından birini də vətənpərvərlik və yurd sevgisi təşkil edir. Aşıq Veysəl yaradıcılığında vətən sevgisinə həm ənənəvi, həm də özünəməxsus prizmadan yanaşma vardır. O, vətən sevgisi deyəndə sidq ürəklə, qəlbən vətənə bağlanmağı, vətən üçün ölməyi bacarmağı, vətənin hər daşı, torpağı uğrunda tökülən şəhid qanının qədrini, dəyərini bilməyi diqqət mərkəzinə çəkir. Onun düşüncəsinə görə kiçikdən-böyüyə hamının qəlbi vətən eşqi ilə coşmalı, millətinə dəyər verən, onu sevən hər bir şəxs vətəni üçün yanmalı, taleyinə biganə qalmamalıdır.

Aşıq Veysəl xalqın inkişafının, tərəqqisinin yeganə yolunu elmdə, təhsildə görmüşdür. "İnsan olmak için okumak gerek" deyən Aşıq Veysəl təhsilin həm insani keyfiyyətlərin, həm mədəni, elmi səviyyənin formalaşmasındakı rolunu önə çəkir.

Olmaq istəyirsən dünyada məsud,

Haqqa, xalqa yarayacaq bir tut.

Çalışdır oğlunu, qızını oxut,

İnsan olmaq üçün oxumaq gərək.

Aşıq Veysəl qələmi ilə vətənə xidmətindən qürur duysa da, şeirlərinin birində gözünün görməməsi üzündən vətənə lazımi səviyyədə xidmət göstərə bilməməsinə görə məyusluq ifadə edir. Belə ki, vətən uğrunda gedən döyüşlərdə düşmənə qarşı qılınc oynada bilmədiyinə və düşmən qanı tökmədiyinə görə təəssüflənir və bir növ öz qara bəxtindən şikayətlənir.

Nə yazıq ki, mənə olmadı qismət

Düşməni dənizə tökərkən millət,

Fələk qırdı qolum, vermədi fürsət,

Qılınc vurmaq üçün düşmən başına.

Aşıq Veysəl hər zaman türk oğlu olması ilə, türk əcdadlarının tarixən şanlı qəhrəmanlıq səhifələri yazması ilə fəxr etmişbundan son dərəcə qürur duymuşdur. Bu səbəbdən o, türk kimi yaşamağı şərəf bildiyi kimi, türk kimi ölməyi, türk kimi şəhid olmağı da ən xoşbəxt məqam kimi dəyərləndirir.

İftixar etdiyim böyük muradım

Türk oğluyam, təmiz Türkdür əcdadım,

Şəhid ismi yazılaydı soyadım,

Qanım ilə məzarımın daşına.

Aşıq Veysəl şeirlərində milli birlik ideyasını irəli sürərək millətini daim tərəqqiyə səsləmişdir. Aşıq Veysəl indiki halda xalqın xoşbəxtliyini onların bir bayraq, bir məqsəd və bir amal altında birləşməsində görürdü. O, dünya türklərini bir kökdən, bir soydan olduğuna görə bir-birinə qardaş hesab edirdi. Şair bir sıra şeirlərində xalqa üz tutaraq "xalqın dərdi sənin də kədərin, dərdin olmalıdır" deyə müraciət edirdi.

Birləşiriz bir bayrağın altında

Biz Türklərin ikilik yox aslında,

Yanar tutuşarız vətən aşqında,

Hamımız bu yurdun övladlarıyız.

Aşıq Veysəl türk gəncliyinin işıqlı gələcəyinə yüksək inam nümayiş etdirmişdir, müasir Türkiyə gəncliyini Atatürkün yaratdığı dövlətçilik ənənələrinə sadiq olmağa, müəyyənləşdirdiyi düzgün yolu davam etdirməyə səsləyirdi. Şair şeirlərində həm də gənclərin elmlə irəli gedərək işıqlı gələcək qurmasına çox böyük ümidlər bəsləyirdi.

Kitablar yazılmış nəsihət dolu,

Birlikdə güclənir gəncliğin qolu.

Gənçliyə əmanət Atatürk yolu,

Hamımız bu yurdun övladlarıyız.

Aşıq Veysəli hər zaman dövlətinin ictimai-siyasi, mədəni, iqtisadi inkişafı düşündürmüşdür. O, hər zaman xalqını rifah içində, mədəni səviyyəsi yüksək, elmli görmək istəmişdir. Aşıq Veysəl təfəkküründə vətən anlamı dar mənada deyildi, yəni o, vətən deyəndə Türkiyəni yalnız coğrafi anlamda nəzərdə tutmurdu. Aşıq Veysəl anlamında vətən hər şeydən əvvəl torpaqdır, əcdadların əmanətidir, millətin tarixidir, onun yaratmış olduğu mədəniyyətin tarixidir, iman yeridir, inanc mənbəyidir. Bu mənada Aşıq Veysəlin vətən düşüncəsi bir qədər həm fərqli, həm də fəlsəfi, amma eyni zamanda, konkret görünür. O, hər bir şəxsi vətəninin inkişafı, tərəqqisi uğrunda xidmətə çağırır, vətənə, xalqa, torpağa canı-qanı ilə, bütün mənəviyyatı ilə sevgi göstərməyə səsləyirdi. Şeirlərində Aşıq Veysəlin dünyasının bu amalla, bu ideya ilə hər an alışıb-yandığını görmək mümkündür.

Aşıq Veysəl Türkiyənin də Avropa səviyyəsində inkişaf etməsini istəyirdi. O, xalqının qəflət yuxusundan oyanmasını ilk növbədə xalqın savadlanmasında görürdü. Düzgün olaraq fikirləşirdi ki, Avropa indiki tərəqqisinə yalnız elmi inkişaf sayəsində gəlib çatmışdır. Ona görə də öz ölkəsində Avropa modelinin yaranmasına xüsusi maraq göstərir və onu daim təbliğ edirdi. Aşıq Veysəl müasirliyin tərəfdarı olsa da, müasirliyi milli-mənəvi dəyərləri itirmədən, islami dini-dəyərləri qoruyaraq inkişaf etdirməyi tövsiyə etmişdir.

Tarixə nəzər saldıqda görürük ki, türk torpaqları tarixən cəng meydanları olmuş, bu torpaqlar neçə-neçə qəhrəman igidlər yetirmişdir. Bu igidlərin adları tariximizə qızıl hərflərlə yazılmışdır. Belə qəhrəmanlardan olan Qazi Mustafa Kamal Atatürk də Aşıq Veysəlin qənaətincə, "ölmüş vətənə" yenidən can verdi. Türk xalqı Atatürkün öndərliyi ilə İstiqlal savaşını qazanıb öz cümhuriyyətini qurdu. Bu qələbə asanlıqla deyil, xalqın dönməz mübarizə əzmi sayəsində, düşmənə qarşı bir yumruq kimi birləşərək son nəfəsinə qədər mübarizə aparması sayəsində qazanılmışdır.

Atatürküm Türkiyənin ihyası,

Qurtardı vətəni düşmənimizdən,

Canını bu yolda eylədi fəda

Biz dəxi keçəlim öz canımızdan.

İddiaçı Türkiyənin insanı

Çalışmaqla qazandık biz vətəni,

qurd kimi parçaladıq düşməni,

Şücaət görüncə aslanımızdan.

Aşıq Veysəl vətəninin hər bir guşəsini, məmləkətinin hər qarışını sevmişdir. O, Türkiyə Cümhuriyyətinin abadlaşan, inkişaf edən mənzərəsini ayrı-ayrı şeirlərində əks etdirib. "Ziyaret eyledim koca Sivası", "Karaözü", "Erzincan", "Yurt ürünleri", "İstanbul" və sair şeirlərində adları çəkilən doğma yerlər böyük sevgi ilə vəsf olunur.

Xüsusən "İstanbul" şeirində İstanbul şəhərinin gözəlliklərini bədii bənzətmələrdən istifadə ilə vəsf edib. Şair İstanbul şəhərinin dənizlər şəhəri olmasını, əsrarəngiz coğrafi relyefdə yerləşməsini Allahın möcüzəsi hesab etmiş, bu möhtəşəm liman şəhərini dünya ticarəti mərkəzinin beşiyi adlandırıb. Fateh Mehmet Sultan tərəfindən İstanbulun türk yurduna çevrilməsindən qürur duyduğunu ifadə edib. 

Fatih Mehmet Sultan təməli qurdu,

Ondan sonra oldu Türklərin yurdu.

Ədirnəden gələn o böyük ordu

Ay-ulduzlu bayraq nurun, İstanbul.

Türk aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Veysəlin dili olduqca sadə və xalqın anlayacağı şəkildədir. Onun yaradıcılığı bu mənada da milli kökə bağlılığın zirvəsində dayanır, çünki əsərlərində türk milli-mənəvi dəyərləri qorunub. Aşıq Veysəl yaradıcılığı bilavasitə xalqa xidmət, xalqın ruhunu oxşamaq, onun mənəvi irsini zənginləşdirmək baxımından da böyük əhəmiyyət daşıyır.

 

Ülkər BAXŞIYEVA

AMEA Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 21 fevral.- S.8.