Milli Kitabxanada daha iki sərgi

 

 

Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "21 fevral - Beynəlxalq Ana Dili Günüdür" adlı kitab sərgisi açılıb.

 

Kitabxanadan bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Kitabxananın direktoru Kərim Tahirov UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilmiş bu əlamətdar günün tarixindən danışıb. O, ana dilimizin müqəddəs sərvətimiz, kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımız olduğunu, dilimizin dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən bir dil olduğunu diqqətə çatdırıb. Direktor bildirib ki, dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması xalqımızın ümummilli lideri, dilimizin təəssübkeşi, qayğıkeşi olan Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmiş, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova söyləyib ki, insan cəmiyyətlərini bir-birinə yaxınlaşdıraraq "millət" adı verilən sosial qurumun yaranmasına zəmin hazırlayan, insanları bir araya gətirən, onlar arasında ortaq duyğusal əlaqələr quran vasitələrdən biridildir. Hər bir xalqın dili həmin xalqın dövlət kimi formalaşmasında, inkişaf edib tanınmasında mühüm rol oynayan amillərdən biridir. Milli varlığımızın əsas atributlarından olan ana dilimizin, millətin, xalqın mənəviyyatının aynası olduğunu vurğulayan direktor müavini, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Kitabxananın şöbə müdiri, şair Səyyarə Məmmədli ana dilimizə aid yazıdığı şeirini səsləndirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bir həftə davam edəcək sərgidə Azərbaycan dilinin tarixi zənginliyini, dil mədəniyyətini əks etdirən kitabdövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.

Milli Kitabxananın növbəti sərgisi isə bu gün "Xocalı - XX əsrin soyqırımı" adlı kitab sərgisi açılacaq. Kitabxanadan bildirilib ki, sərgi çərçivəsində Ulduz Qasımın "Xocalı şikəstəsi" adlı kitabının təqdimatı da olacaq.

Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 22 fevral.- S.7.