Xocalı soyqırımı Türkiyə mətbuatında

 

 

1992-ci ildə Xocalı soyqırımının baş verdiyi zaman dünya mətbuatında faciənin işıqlandırılmasında ən böyük fəallığı Türkiyə mediası göstərmişdir.

 

Dünyada misli görünməmiş faciə olan Xocalı soyqırımı 1992-ci ildə Türkiyənin ən fəal mətbuat orqanlarında - "Cumhuriyet", "Hürriyet", "Milliyet", "Türkiye", "Tercüman", "Meydan" qəzetləri, "Azerbaycan Türk kültür dergisi"ndə işıqlandırılmışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsinin 26-cı ildönümündə şəhidlərimizin ruhunu rəhmətlə yad edərək qeyd etmişdir: "Amma hər kəs unutsa da, biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq".

Xocalı soyqırımı haqqında xəbərlər mahiyyət etibarilə Türkiyə mətbuatında 2 cür təzahür edir: hadisənin bütün gerçəklikərini ortaya qoyan canlı şahidlərin gözü ilə (Xocalı soyqırımından sonrakı xəbərlər) və başqa mətbuat nümunələrindən qaynaqlanan xəbərlər.

Xocalı soyqırımının törədilməsindən əvvəl erməni vəhşiliyi, cinayətləri ilə bağlı Türkiyə mediasında informativ xarakterli məlumatlar gedirdi və məlumatların içərisində daha çox ölənlərin və yaralıların sayı barədə statistik rəqəmlər yer alırdı.

Xocalı soyqırımı haqqında ilk xəbər Türkiyə mətbuatında canlı şəkilləri ilə hərbi jurnalisti İrfan Sapmazın "Hürriyet" qəzetinin 28 fevral 1992-ci il sayında dərc olunan  "Dünya bu katliama dur demeli" başlıqla sensasiyalı xəbəri ilə dünyaya bəyan edildi: "Azərbaycanlılar bütün çətinliklərə rəğmən Dağlıq Qarabağda bir qəhrəmanlıq dastanı yazdılar. Modern silahlarla təchiz olunmuş Qızıl ordunun dəstəyi ilə erməni işğalçılarına qarşı azərbaycanlılar qanları bahasına da olsa, mübarizə aparırdılar. Ancaq Xocalının işğalına mane ola bilmədilər". İrfan Sapmaz döyüşlərin iştirakçısı olduğundan onun yaydığı informasiyalar daha çox fakta söykənirdi.

Xocalı soyqırımından əvvəl Türkiyə mətbuatında çap olunan xəbərlərdə qaldırılan digər problem ermənilərə Qərbin silah yardımı məsələsidir. Bu məsələ o zaman Azərbaycan mətbuatında tamamən gizlədilirdi. Türkiyə mətbuatındakı bu tipli xəbərlər gələcəkdə dəhşətli soyqırım törədiləcəyindən xəbər verirdi.

Xocalıda gedən döyüşlərdən əvvəl ermənilərə silah yardımı ilə bağlı xəbərlərdən aydın olur ki, ermənilər soyqırımları planlı surətdə həyata keçirirdilər. Moskvada barış sazişi etməyə çalışanlar ermənilərə silah yardımı edərək azərbaycanlılara döyüşə yardım etməsi (Sargın Vehbi. Azerbaycan öfke küpü. "Meydan" qəzeti, 25 fevral 1992), ermənilərə İsrail, Fransa, Rusiyadan silah yardımı gəlməsi (Utkan Aziz. Yardım diye Ermenilere silahmı gidiyor? "Hürriyet" qəzeti, 14 fevral 1992, Başlamış Cenk. Ermeni'ye İran silahı. "Milliyet" qəzeti, 3 fevral 1992) kimi xəbərlər yer almışdır.

Ancaq Türkiyə mətbuatının Azərbaycanı müdafiə etməsi erməni mətbuatını qıcıqlandırır, buna görə yalan informasiyalarla Azərbaycana silah yardımı etmək kimi böhtanla günahlandırırdı ("Hürriyet" qəzeti, 26 fevral 1992). 

Xocalı soyqırımı törədilməmişdən əvvəl erməni diplomatları Qarabağda baş verən proseslərlə bağlı riyakar çıxışlar edərək heç bir torpaq iddiasında olmadıqlarını irəli sürürdülər. Xocalı faciəsindən əvvəl Türkiyə mətbuatı hətta Azərbaycanı müdafiə edən, erməni yalanlarını üzə çıxaran yazılar çap olunmuşdur. Ahmet Yabuloğlunun "Tercüman" qəzetinin 22 fevral 1992-ci il sayında "NATO-da "Qarabağ "işinə" baxacaq" adlı xəbərində Brüsseldə Ermənistan prezidentinin Qarabağla bağlı heç bir tələbi olmadığını bildirməsini yalan fakt olduğunu oxucuya çatdırır.

Digər tərəfədən Ermənistan prezidenti Levon Ter-Petrosyanın MDB-dən Qarabağ üçün silahlı yardım istəməsi riyakarlıq faktlarını sübuta yetirən amildir.

"Azerbaycan türk kültür dergisi"nin 1995-ci il 301-ci sayında çap olunan Kengerli Mehmetin "Hocalı Katliamının İhanetlerle Dolu İç yüzü" adlı məqaləsində ermənilər Xocalının rayon statusu olmadığını bildirsələr də, əslində, 1992-ci il 28 yanvarda rayon statusunu almışdı.

Xocalı işğalından əvvəl ermənilərin Əsgərana hücum edəcəyini zənn edən Azərbaycan qoşunları Xocalıdan insanları qurtarmaq üçün cəhd edəndə azərbaycanlı döyüşçülər şəhid olması, qadınları və uşaqları xilas etməyə çalışan gənc oğlanların, tibbi yardıma gələn həkimlərin ermənilər tərəfindən güllələnməsi, yaralıların Ağdama gətirilməsi, Şuşanın alınması, Rusiya televiziyasında azərbaycanlıların kimyəvi silahlarını ələ keçirmək məqsədi ilə ermənilərin Xocalı hücumuna əsas qazandırması, həmin vaxtı İran Xarici İşlər naziri Əli Əkbər Vilayətinin Qarabağa səfəri ləğv olunması İrfan Sapmazın "Dünya bu katliama dur demeli" adlı məqaləsində öz əskini tapmış məsələlərdir.

Daha sonra başqa qəzetlərdə "Türkiye", "Tercüman", "Meydan" qəzetləri, "Azerbaycan türk kültür dergisi" Xocalı soyqırımını Qarabağ müharibəsinin faciəsi kimi adlandırılmışdır.

"Milliyet" qəzeti Xocalı soyqırımını sensasiyalı xəbəri digər mətbu orqanlarına nisbətən gec (30, s.17) işıqlandırmışdı. Ancaq "Türkiye", "Tercüman", "Meydan" qəzetlərindəki xəbərlərə nisbətən "Hürriyyet" və "Milliyet" qəzetləri Xocalı soyqırımının tam mahiyyətini açıb göstərə bilmişoxucuya canlı faktları geniş şəkildə çatdıra bilmişdi. Ancaq Xocalı soyqırımı Türkiyə mətbuatında 1990-2000-ci illərdə daha çox "qətliam" ismi kimi adlandırılmışdır.

Rehber Beşiroğlunun "Milliyet" qəzetinin 9 mart 1992-ci il sayında "Kar yeyerek hayatta kaldılar" adlı məqaləsi Xocalı soyqırımdan qurtularaq Ağdama qaçan 5 nəfər (3-ü qadın) dağlarda ancaq qar yeyərək sağ qalmış, ayaqları donmuş halda xəstəxanaya yerləşdirilməsi soyqırım psixologizminin hüznlü faktlarıdır. Rehber Beşiroğlu Xocalı soyqırımının şahidləri ilə görüşmüş, ermənilər tərəfində törədilən soyqıırımlar şahidlərin ifadələrində "Sinələri süngülənmiş qadınlar, gözləri oyulmuş, qulaqları, burunları kəsilmiş cəsədlər, gözlərinə şiş batıraraq işgəncə görən kəndlinin iztirabına ortaq oldum. Xəbərin emosional gücünü artıran hedlaynlardır" deyilir.

Nesrin Sariahmetoğlu "Hocalı'nın Anısına" adlı məqaləsində Xocalı soyqırımının baş vermə prosesi haqqında geniş şərh verir. Xocalının ələ keçirilməsi, ermənilər tərəfindən öncədən planlaşdırıldığı Əsgərəna və Şuşaya uçan 2 təyyarəyə atəş açılması, Ağdama gedən yolda yerləşən Naxçıvanik kəndinin ermənilərin hücumu, Xocalıya gedən ərzaq yardımının qarşısının kəsilməsi, Rusiya televiziyasının soyqırım törədən 366-cı motoalayının 26 fevral 1992-ci ildə Xocalıda olmasını inkar etməsi, erməni mətbuatının Xocalının şəhər statusunun və azərbaycanlıların yaşayış məntəqəsi olmasını inkar etməsi öz əksini tapıb.

Xocalı soyqırımının canlı şahidləri İrfan SapmazRehber Beşiroğlunun müəllifi olduğu xəbərlər hadisələrin daxili xarakterini və mahiyyətini ətraflı şəkildə oxucuya çatdıra bilmişdir.

Türkiyə mətbuat nümunələrini araşdıranda belə nəticəyə gəlinir ki, Xocalı soyqırımın törədilməsində əsas səbəbkar amil erməni və  Rusiyanın çirkin siyasəti, digər tərəfdən eks-prezident Ayaz Mütəllibovun zəif idarəetmə sistemi, buna görə dövlət adamlarının spekulyativ fəaliyyəti və Azərbaycan ordusunun zəifliyidir.

Xocalı soyqırımına qarşı dünya mediasının münasibəti də Türkiyə mətbuat səhifələrində yer almışdır. "Milliyet" qəzetinin 5 mart 1992-ci il sayındakı "Karabağ katliamı. Fransa yine kalleş"  məqaləsində İngiltərə mətbuatı daxil olmaqla Qərb mətbuatının Xocalı soyqırımı faciəsini dünya ictimaiyyətinə çatdırmaqda soyuqqanlıqla yanaşdığı göstərilmişdir. Digər "Le Figaro" adlı Fransa qəzetində yalnız bir şəkil verməsi, "Liberation" heç bir sətir yazmaması, Belçika qəzeti "Le Soir" erməni tərəfkeşliyini nümayiş etdirməsi, Almaniya qəzetləri içərisində "Frankfurter Rundschau" qəzetinin ermənilərin MDB əsgərlərini öldürdüyü, "Welt am Sonntag" qəzetində faciəni ermənilər başlatdığı, "Bonner General Anzeiger" qəzeti isə azərbaycanlıları erməni soyqırımda günahlandırdığı bildirilir.

"Milliyet" qəzetinin 4 iyun 1998-ci il sayındakı məqalədən aydın olur ki, hətta sözdə erməni soyqırımını tanımağa çalışan Fransa Parlamentinə ulu öndər Heydər Əliyev sərt münasibət bildirmişdir.

"Milliyet" qəzetinin 5 mart 1992-ci il sayındakı "BBC'-nin sessizliği" məqaləsində ilk dəfə dünya mediasına "Sunday" qəzetinin müxbiri Tomas Goltsonun türk həyat yoldaşı Hicran Golts "Sunday Times" qəzetinə Xocalı faciəsi haqqında xəbər vermişlər, qəzet məlumatı çap etdirsə də, "BBC" məlumatı bildirməkdə ehtiyat etmiş, ancaq Moskva müxbirinin xəbərindən sonra Xocalı faciəsini dünyaya bəyan etmişdir.

Onun Xocalı soyqırımını yayımladan zaman hansı problemlərlə qarşılaşması, "Vaşinqton post"dakı erməni əsilli redaktorların icazə verməməsi, buna görə Vaşinqton Postdakı istefa verməsi, ABŞ konfransında ifadə verərək and içib yayımladığı faktları həqiqət olduğunu təsdiq etməsi dünya mediasında Xocalı soyqırımının tanınmasındakı əngəllərə nümunədir.

Türkiyə mətbuatındakı Xocalı soyqırımında azərbaycanlılara qarşı törədilən soyqırım faktları publisistikada müharibə psixologizm elementlərini artırdı. Həmin dövrdə "Azerbaycan Türk kültür dergisi"ndən başqa Azərbaycanın mövqeyini ən çox müdafiə edən "Milliyet" və "Hürriyet" qəzetləri idi.

Əslində, Xocalı soyqırımı informasiyasının mətbuatda tirajlanmasındakı əngəllərin iki səbəbi vardı. Birincisi, ermənilərə xarici dövlətlərdən göstərilən erməni lobbisinin dəstəyi, digər tərəfdən ermənilər güclü təbliğatı nəticəsində Qarabağda baş verənlərin "xristian-müsəlman qarşıdurması" kimi qələmə verərək, azərbaycanlıları "cinayətkar" millət kimi qələmə verilməsidir.

Məhz bu səbəbdən bəzən azərbaycanlıların faciəsini əks etdirən Türkiyə mətbuatı dünya mediasını susmaqda günahlandırırdı və Azərbaycanın çətin vəziyyətində dünya gücünü barışa səsləyirdi.

 

 

Aynurə PAŞAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

aynure8@mail.ru

 

525-ci qəzet.- 2019.- 26 fevral.- S.8.