TUT AĞACI

Bir zamanlar budaq-budaq gəzdiyim,
Tut ağacı, səndə izim dururmu?
Böyüklərin incidiyi, bezdiyi
Şıltaqlığım, dəcəlliyim dururmu?..

Torpağımın bərəkəti, neməti,
Bahar çağı ağzımızın ləzzəti.
Ac olanda dizlərimin taqəti
O yaxmacım, şor çörəyim dururmu?..

Yadındamı o gizlənpaç oyunu,
Yarpaqların gizləyərdi boyumu..
İtirmərəm mən o "haqqı sayını"
De, zər-xara bürüncəyim dururmu?..

O zaman ki, atam, anam sağ idi.
Günlərimiz başdan başa ağ idi..
Uşaq idim, kef damağım çağ idi,
Qəmdən uzaq ayım, ilim dururmu?..

Yadındamı sənlə çörək kəsdiyim..
Hirslənəndə cığallığım, tərsdiyim.
Öz əlimlə tovladığım, asdığım,
Şah budaqda yelləncəyim dururmu?..

Çətrin örtən o balaca evimiz,
Arxasında təndir, ocaq yerimiz...
Qızıl inək, qoyun-quzu, tövləmiz..
Pəncərəmdə qızılgülüm dururmu?..

Tut ağacı, səndən üzüm xəcildi,
Əhvalını biləmmirəm heç indi..
Deyirlər ki, könlün olub gileyli,
Soruşursan, Şahnaz balam dururmu?..