Uzaq və
yaxın Meksika
(Əvvəli
ötən şənbə saylarımızda)
Akapulkoda bizi bir axşam, əks tərəfdəki
yamacı hamilə qadının qarnına bənzəyən
qayadan okean sularına tullananların olduqca təhlükəli
tamaşasına baxmağa apardılar. Qayanın əks
tərəfindəki meydançada bilet almaqla bura daxil
olmuş tamaşaçılar toplanmışdı. Onlar ayaq üstə, qaranlıqda qarşıdakı
qayadan suya tullanan gənc adamların, ölümlə üzləşmək
riskinə baxmayaraq, bu tryuku icra etmələrinə şahidlik
edirdilər. Qayanın zirvəsindən bir az aşağıda onun göbəyi xeyli
qabağa çıxmışdı. Yuxarıdan,
azı 50 metr hündürlükdən tullanan, bu qabarıq
hissəyə toxunmamaq, əslində, ölməmək
üçün əvvəlcə xeyli irəli tullanır,
sonra aşağı uçmağa başlayırdı.
Onların arasında həlak olanlar da
olmuşdur. Tarzan rolunun
ifaçılarından biri sonralar belə tullanışa cəhd
etdikdə, qayaya çırpılıb məhv olmuşdu.
Bir neçə belə qorxulu
sıçrayışa baxdıq. Həm də izah etdilər
ki, tullanan adam dar boğazdakı suyun
qabarmasına və çəkilməsinə də fikir verməlidir,
yoxsa dalğaya da çırpılıb ölə bilər. Yamacın çıxıntılı yerindən
aşağıda isə uşaqlar oradan suya
tullanırdılar.
Tamaşa vaxtı hansısa qorxulu bir hadisə baş
vermədi, lakin bir məsələ ovqatımızı
korladı.
Böyük riskə gedərək, həyatımı
ölümün açılmış çənəsinə
atan həmin cavan oğlanlar sudan
çıxıb, yuxarısında dayandığımız
qayanın üstünə dırmaşdıqdan sonra əl
açıb tamaşaçılardan pul
yığırdılar. Görünür, onların
"ölüm oyunu"nun haqqı o qədər də
yüksək deyildir ki, onlar, az qala "dilənçilik"
etməyə məcbur olurlar. Bir az əvvəl
taledən mərhəmət umanlar, indi adamlardan maddi vəsait
şəklindəki sədəqəni gözləyirdilər.
Viktor Hüqo demişkən: "Ehtiyac öz
qanunlarını diktə edir".
Akapulkoda
bizi Nüvə Problemləri İnstitutuna apardılar və
burada gedən elmi-tədqiqat işləri ilə tanış olduq. İnstitutun
direktoru və elmi işçiləri bizə nüvənin
parçalanması barədə geniş məlumat verdilər.
Sonra isə direktor bizi meşədə təşkil
etdikləri piknikə - təbiət qoynundakı ziyafətə
dəvət etdi. Bu qonaqpərvərlik
nümunəsi bizə olduqca yaxşı təsir göstərdi.
Məclisimizin yanında bir neçə əlik
sakitcə otlayır, heç hay-küyə də məhəl
qoymurdular. Görünür, insanların
xoş münasibətinə adət etdiklərindən,
onlardan heç bir təhlükə gözləmir və
qorxmurdular. Bu mənzərə
Hindistanın vəhşi heyvanlara xüsusi qayğı
göstərən bəzi kəndlərini və Yaponiyanın
xallı maralların sərbəst gəzdiyi Nara şəhərinin
parkını xatırladırdı. Meksika
hindularının və ispanların birgə törəmələri
öz əcdadları olan avropalıların qəddarlıqdan
qidalanan səhvlərini düzəltmək üçün təkcə
başqa irqə mənsub olanlara deyil, vəhşi heyvanlara da
buddistlər, hinduslar kimi mərhəmətli münasibət bəsləyirlər.
Məclisin
sonunda direktor mənə iki butulka kolleksiya tekilasını hədiyyə
kimi verdi və onları hörmət əlaməti
olaraq mərhum Azad Şərifov əlimdən aldı,
avtobusda isə bildirdi ki, yəqin ki, siz də onları bizə
bağışlamaq yolunu seçərdiniz və onun bu
sözünə etiraz etmək heç də düzgün
olmazdı.
Akapulkodan
isə paytaxta təyyarə ilə qayıtmalı olduq və
yolun yorğunluğundan azad ola bildik.
Ölkənin
təbiəti
Meksikanın təbiəti qeyri-adi dərəcədə
rəngarəngdir. Kaktus kolları olan geniş yüksək plato
və rütubətli tropik meşələr,
bataqlıqlaşmış düzənliklər, qarla
örtülü konusları olan nəhəng vulkanlar və dərin
dərələr, palıd-şam ağaclarından ibarət
meşələr, səhraya bənzər okean sahilləri bu
müxtəliflik seriyasını tamamlayır. Rəngarənglik
həm də ölkə ərazisinin relyefi ilə əlaqədərdır.
Ölkə ərazisinin 2/3-nü Meksika yaylası tutur və
o, iki hissəyə: Şimali və Mərkəzi Mesaya (ispan
dilində "mesa" - "stol" deməkdir)
bölünür. Şimali Mesa, yarımsəhra
platodur və Mərkəzi Mesa ilə birləşir,
axırıncı daha hündürdür və yüksək
zirvələrə malikdir. Mərkəzi
Mesanın vulkan külündən, suyu yaxşı keçirən
münbit torpaqlar əmələ gəlmişdir. İtaliyada Vezuvi vulkanının püskürməsindən
meydana gələn kül də yamaclardakı torpaqları
xeyli münbit etmişdir.
Vulkanların fəaliyyəti ilə yanaşı,
Meksikaya yüksək seysmik aktivlik də xasdır. Ölkədə
350-dən artıq seysmik ocaq vardır. Yerin
quru səthində bütün qeydə alınmış zəlzələlərin
onda biri Meksikanın payına düşür. Mexikoda 1985-ci ilin sentyabrında baş verən zəlzələ
şəhərə böyük ziyan vurmuşdu, 5 min nəfər
sakin həlak olmuşdu. Burada yer, nisbətən
aşağı maqnitudada bütün stuka ərzində
yüyrük kimi silkələnir. Zəlzələ
təhlükəsi meksikalıların başı üzərindən
Damokl qılıncı kimi asılmışdır. Meksikalılar buna heç də biganə deyillər.
Piramidalara baxmağa gedərkən bizə zəlzələnin
silkələnməsini qeyd edən, smaltadan düzəldilmiş
və sapa düzülmüş xüsusi "zəng"
rolunu oynayan sadə alət satdılar. Yer
azacıq silkələnəndə də bu alət reaksiya
verir.
Daha geniş düzənliklər isə Meksika körfəzinə
çıxır. Yukatan yarımadasının düzənliklərində
başqalarından fərqli olaraq çoxlu mağaralar və
yeraltı çaylar vardır. Qədim
arxitektura abidələri - piramadılarla yanaşı, bu
mağaralar da özünə turistləri cəlb edir.
Geoloji strukturun münbitliyinə və vulkanizmin intensiv
şəkildə baş verməsinə görə həm
lava axmasından, həm də maqmanın
çöküntülərindən Meksika faydalı
qazıntılarla zəngindir. Əgər vulkanlardan
Ermənistanın payına bol tuf daşı və pemza
düşübsə, ona görə də acı taleyinə
görə cənubi-şərq qonşusuna paxıllıqla
baxırsa, Meksika onların püskürməsindən xeyli dərəcədə
faydalanmışdır. Deyəsən,
yerin təki də kimə nə vermək lazım olduğunu
yaxşı bilir.
Meksika
qiymətli metal yataqları ilə də zəngindir. Gümüş və qızıl, adətən,
qurğuşun və sinklə, həm də mis və civə
ilə bir yerdə olur, necə ki, kimberlit tapıldıqda,
onun yanında hökmən almaz yataqları aşkar edilir,
çünki kimberlitin 1500-dən çox cisminin 8-10 faizi
özündə almaz daşıyır. Vulkan
qaz püskürməsinin çökməsindən isə təbii
kükürdün böyük yataqları əmələ gəlmişdir.
Meksikada neft və qaz ehtiyatları müstəsna
əhəmiyyətə malikdir. Ölkədə
200-ə yaxın neft və 40-dan çox qaz yataqları
mövcuddur. Bu xammalların ehtiyatına
görə Meksika Latın Amerikasında yalnız Venesueladan
geri qalır. Bütün neft yataqları
ABŞ sərhədindən Meksika körfəzi sahili uzunu cənubi-şərqə
çatan sol zolaq əmələ gətirir. Ölkədə həm də daş kömür
ehtiyatları mövcuddur.
Şimal ərazisinin müxtəlifliyi də onun
relyefinin fərqliliyi ilə əlaqədardır. Cənub en
dairəsində olmasına baxmayaraq, Meksikanın şimal hissəsi
subtropik-kontinental iqlimə malikdir. Bütün
qalan ərazi isə tropik iqlim zonasındadır. Ölkədə yağıntının
bölünməsi də olduqca qeyri-bərabərdir. Ölkənin şimali-qərbində
yağıntı çox azdır, Kaliforniya
yarımadasında isə heç 100 mm-ə çatmır.
Mərkəzi Mesada isə tsiklonların təsiri altında
500-800 mm yağıntı düşür, onun 80 faizi iyun
ayından sentyabr ayına qədər yağan
yağışlardır, yay aylarında yağışın
bolluğuna görə Meksika Çinlə müqayisə
oluna bilər.
Meksikanın ən böyük çayı ABŞ ilə
sərhəddə olan Rio-Bravo-del-Norte çayıdır. Su ilə daha
yaxşı təmin olnmuş rayon isə Mərkəzi
Mesadır. Ölkənin xeyli hissəsində
rütubətli yay iqlimi üstünlük təşkil edir.
Şərqdəki dağətəyi düzənliklərində
fəlakətli daşqınlar baş verir.
Ayrı-ayrı rayonların bitki aləmi olduqca rəngarəngdir,
qarışıqdır, "Meksika" adı da ispan və
ingilis dilində bu mənanı verən sözə
yaxındır. Quru və tikanlı kolluqlarla və
ağaclarla yanaşı, burada bir neçə yüz kaktus
növü, 140 növ aqava mövcuddur. Uzunmüddətli
quraqlıq üçün onlar gövdələrində və
yarpaqlarında rütubət ehtiyatı yığırlar.
Şimali Meksika, görünür,
kaktusların, aqavaların və yukaların məskənidir.
Demək olar ki, bütün kaktuslarda buxarlanmanı
azaltmaq üçün yarpaqlar öz şəklini, onlarla təmasda
olanlara batan tikanlara və ya tüklərə dəyişdirir. Bəziləri
nəhəng tikanlı kirpilərə bənzəyirlər,
onların diametri iki metrə çatır, digərləri isə
xırda yumşaq tozcuqlardır. Onlardan bəziləri
sütunlar və ya nəhəng şamdanlar kimi ucalır.
Onların hündürlüyü 20 m-ə
çatır. Başqaları isə, məsələn,
opuntsi bir-birinin üzərinə saplanmış, kökələrə
bənzəyən yarpaqlar toplumu görünüşünə
malikdir. Bu fantastik "meşələrin"
bəzəyi yalnız iri parlaq çiçəklərdir,
düzdür, onlar bəzən gecələr
açılırlar.
Kaktuslar təsərrüfatda geniş tətbiq olunur. Onlardan
canlı çəpər kimi, mal-qara üçün yem kimi
istifadə olunur, kaktus həm də yanacaqdır və hətta
tikinti materialıdır. Qida kimi kaktusun
şirəsindən, meyvəsinin ətindən istifadə
olunur, gövdələri isə mahlıc almağa yarayır
və farmakologiya sənayesində tətbiq olunur. Ondan hətta boyaq maddəsi - al-qırmızı
karmin boyağı alırlar.
Aqavanın da bir çox növünün təsərrüfat
əhəmiyyəti vardır. İki növündən möhkəm
cod mahlıc alınır, mavi aqavadan isə geniş
yayılmış yerli spirtli içki (pulke və sairə)
hazırlamaq üçün şirə alınır. Mavi aqavanın kökündən alınan şirə
qıcqırdılıb, xüsusi texnologiya sayəsində
dünyada məşhur olan tekila arağı istehsal edilməsində
istifadə olunur, Maqey aqavaları plantasiyalarda, xüsusən
Yukatan yarımadasının şimalında becərilir.
Mərkəzi
Mesada torpaqlar şumlanır və onlarda ənənəvi
istehlak bitkiləri: paxlalılar, qarğıdalı, pomidor, həmçinin,
küncüt, araxis becərilir. Lakin burada
torpaqlar həm də intensiv surətdə eroziyaya
uğrayır.
Dağlardakı şam meşələri Meksikanın
bitkiçilik resursları içərisində xüsusi təsərrüfat
əhəmiyyətinə malikdir. Şam ağacı
tikinti materialı kimi, həmçinin, sellüloz -
kağız və meşə - kimya sənayeləri
üçün xammal kimi istifadə olunur. Hindu əhalisi isə hələ qədim zamanlardan
indiyə kimi onu yanacaq kimi yandırır.
Meksika körfəzi sahilindəki düzənliklərdə
portağal, banan, ananas, şəkər qamışı,
yemiş ağacı adlanan papayyanın və digər tropik
bitkilərin plantasiyaları vardır.
Ölkənin dağ tropik meşələrində
çox sayda gözəl yabanı meyvə ağacları
bitir. Bu meyvələr sitrus meyvələri ilə
müqayisədə vitaminlə 15 dəfə çox zəngindir.
Avakadonun meyvə ətində 30 faizə qədər yağ vardır, həm də karbohidratlarla,
zülal və vitaminlərlə zəngindir. Xurmanın
qohumu olan sapote də becərilir.
Cənub meşələrinin heyvan aləmi, əsasən,
tropik olmayan mənşəyə malikdir. Burada
meymunlara, pişik ailəsindən olan yaquara, tapirə, kisəli
opossuma və qarışqa yeyənə rast gəlinir. Meksikalılar bazardan armodilyonu (zireh gəzdirən məməlini)
satın alıb, əllərində
başıaşağı, quyruğundan tutaraq aparıb, evdə
bişirib yeyirlər - onlar bizdə keçmişdə rayon mərkəzlərində
bazardan diri toyuq alıb, ayaqından tutub aparanlara bənzəyirlər.
Quş aləmi də olduqca zəngindir, ornitologiya elmi
üçün hər cür tədqiqat sahəsi
mövcuddur. "Uçan qiymətli daşlar" adlanan müxtəlif
kolibrilər, əlvan rəngli tutuquşular, nəhəng
parlaq dimdiyi olan tukanlar, qriflər (quzğunlar) vardır.
Sürünənlər, reptililər də həddən
artıq çoxdur. Onların içərisində iquana kərtənkələsi
seçilir, hindular onu bişirib ləzzətlə yeyirlər.
Meksikanın sahillərini tutan dənizlərdə və
okeanda isə böyük krevet, lanqust, dəniz xərçəngi
və ilbiz ovu aparılır, açıq dənizdə isə
tunes, sardina və digər növ balıqları tuturlar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-
2019.- 8 iyun.- S.22.