Mən oğlumla həmyaşıdam,
yaxud "Son zəng"in
həzin xatirəsi
Yenə
bir dərs ili bitmək
üzrədir... Yenə
Son zəng çalınacaq...
Və yenidən yeni bir dərs
ili başlayacaq...
Yeni dərs ilində isə builki şagirdlər artıq yeni sinfə - yeni mərhələyə
qədəm qoyacaqlar.
Yox, elə
düşünməyin ki,
bu ənənəvi bir "Son zəng" əhvallı yazıdır. Bu yazı
başqa bir yazıdır... Mənim və mənim sinif yoldaşlarımın
niyə illərdi məktəbli qalmasını,
hələ də 7-ci
sinifdə "oxumasını"
açıqlayan bir yazı...
Yəqin
ki, çoxunuz WhatsApp qruplarının üzvüsünüz: könüllü,
yaxud məcburi. Elə mən də. Amma mənim telefonumda adı bir-birinə çox bənzəyən iki WhatsApp qrupu da var: 7c sinfi
və 7a sinfi. Birincisi mənim sevimli oğlumun liseydəki sinif yoldaşlarının
valideynləri ilə qurulan qrupdur. Ənənəvi olarq, sinif xəbərləri, iclaslar,
elanlar, dərslər haqda bilgilər paylaşılır, ötürülür
və sair. Burda təəccüblü bir
şey yoxdur. Digər qrup isə mənim sinif yoldaşlarımın
yaratdığı WhatsApp
qrupudur: 7a. Biz düz
26 il öncə
oxumuşuq 7a sinfində,
Füzuli rayonunda... Amma elə illərdir ki, o sinifdə də qalmışıq.
Yaşımız 40-ı haqlasa
da, ali
təhsilə yiyələnib
nüfuzlu dövlət
qurumlarında çalışsaq
da, bütövlükdə
cəmiyyətdə özümüzə
müəyyən bir yer qazanıb, oğul-uşaq sahibi olsaq da, biz hələ
də 7-ci sinifdə oxuyuruq. Həm də sadəcə
o WhatsApp qrupu yazışmalarında deyil,
biz hər dəfə
görüşəndə 12-13 yaşlı məktəbli
oluruq. Peşəkar
müəllim, iqtisadçı,
həkim, jurnalist, yaxud hansısa iş adamı olduğumuzu unuduruq, biz yenə də uşaq oluruq. Ona görə yox ki, hər kəs
kimi uşaqlıq xatirələrini paylaşanda,
məktəb illərini
xatırlayanda keçmişə
qayıdırıq, uşaqlaşırıq.
Ona görə ki, bizim bir parçamız
elə ömürlük
keçmişdə - Füzulidə
qalıb. Ona görə ki, biz uşaqlığımızı yarımçıq qoyub, tez böyüməyə məcbur olanlardanıq... Ona görə ki, biz 90-cı illərin ağrılı uşaqlıq
illərini, müharibə
qorxusunu və acısını, qaçqınlıq
"möhürünü", ev-eşik, dost itkisini yaşayanlardanıq. Ona görə ki, bizlərdən çoxunun
Son zəngi belə çalınmayıb: bir çox üzrlü və üzrsüz səbəblərdən.
Biz 1992-ci ilin martında
Füzuli şəhərinin
mərkəzinə qrad
mərmiləri düşəndən
məktəbimizdən və
bir-birimizdən ayrılıb
fərqli məktəblərə,
kəndlərə, rayonlara
səpələndik. Sərt bir
zərbədən qırılan
inci boyunbağının
darmadağın olub səpələnən dənələri
kimi...Bəli, biz son zəng səsiylə yox, mərmi atəşlərinin səsiylə
ayrıldıq məktəbdən.
Sonradan başqa məktəblərdə
oxuduq və bitirdik; başqa yeni dostlar qazandıq
və bu günə gəldik.
Amma kimsəyə demədən
içimizdə gizlənən
o 7-ci sinif şagirdini
qoruyub saxladıq.
Nə vaxtsa, böyüyər, yaraları
sağalar, ovunar deyə, bəlkə, unudar deyə...Amma böyümədi, ovunmadı, unutmadı, gözlədi... Axtardı
dünənini, bugünü
olan sabahına bağlaya bilmək üçün..Yanmış körpüləri
adlayıb keçə
bilmədi o məktəblilər.
Külə dönmüş körpülərin kənarındaca
qaldılar. Elə
beynimizin, qəlbimizin,
ruhumuzun bir küncündəcə gözlədilər...
2 il öncə, 2017-ci ilin mayında, yəni
27 il sonra bir görüş baş tutdu... İllər öncə o qırılan boyunbağının
itməyən, parçalanıb
məhv olmayan, torpağa qarışmayan
dənələri olan
bizlər uzun axtarışlardan sonra xəbərləşib, əlaqə
qurub, ən azından bilərziklər
yaratmağa çalışdıq:
görüşdük. Və
inanın, o yaz günü Bakının
mərkəzində görüşən
saç-saqqallı kişilər,
artıq yavaş-yavaş
yaşlaşan qadınlar
sadəcə lal baxışlarla belə bir-birimizin üzünə
baxıb uşaqlığımızı anarkən, göz yaşımızı boğmağa,
bəlkə də gizləməyə çalışdıq.
Amma... günəşli
bir günün günorta çağı
təbiət özü
səmanı ağlatdı
bizim yerimizə...Yağışda islandıq
ilıq bir yaz günü, amma yenə də sönmədi içimizdə mənfur düşmənin yandırıb
yaxdığı həsrət
və nisgil dolu ocaqlar...
O vaxtdan sonra çox
görüşürük, danışırıq, amma
hələ də cürət edib, özümüzə "Son zəng"
çaldıra və
nəhayət məktəbi
bitirə bilmirik...
P.S. İnşallah, yeni dərs ilində oğlum 8-ci sinifdə oxuyacaq, beləcə,WhatsApp qrupunun adı da dəyişib
"8c" olacaq. Amma bizim
qrupumuz elə yenə də "7a" olaraq qalacaq. Bəli, bu gün mən
oğlumla həmyaşıdam,
13 yaşım var, 7-də
oxuyuram. Mən uşaqlığı mənfur
düşmənlərimiz tərəfindən
oğurlanan minlərlə
azərbaycanlı uşaqdan
sadəcə biriyəm...
Billurə ASLANQIZI
Jurnalist
525-ci qəzet.- 2019.- 14 iyun.- S.12.