Neftçalada şair Oqtay Rza ilə görüş

 

 

Neftçala rayonu Xol Qaraqaşlı kənd Folklor Evində Əməkdar müəllim, şair Oqtay Rza ilə görüş olub.

Görüş Xol Qaraqaşlı kənd tam orta məktəbin direktoru, yazıçı-publisist Ruhəngiz Nəcəfovanın təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, Muğan bölməsinin sədri Nəbi İbrahimli, Neftçala 20 Yanvar Cəmiyyətinin sədri Ələkbər Zahidov, Neftçala Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Humay Əsgərzadə, Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva, Neftçala şəhər Folklor Evinin direktoru Nizami Həsənov, eləcə şair yazıçılar Gülayə Şınıxlı, Zabir Pərviz, rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən, məktəb şagirdləri iştirak ediblər.

Tədbir maraqlı çıxışlarla yadda qalıb. Çıxış edənlər şair haqqında ürək sözlərini söyləyiblər.

Görüşdə Xol Qaraqaşlı Folklor Evinin müdiri Rauf Qəfərovun rəhbərliyi altında səslənən musiqi ifaları xüsusi alqışlarla qarşılanıb. Müğənni Elnur Nəhmədovun ifasında şair O.Rzanın sözlərinə bəstələnmişMuğan bayatılarıhər kəsi heyran edib.

Daha sonra məktəblilərin ifasında şairin vətən, ana dili mövzularına həsr olunmuş şeirləri səslənib.

Qocaman şairin ifasında səslənən şeirləri, ünvanlanan suallara müdrik cavabları görüş iştirakçılarında böyük ruh yüksəkliyi yaradaraq onun yaradıcılığına sonsuz məhəbbət marağın artmasına səbəb olub.

 

 

Söylü Ağazadə

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.9.