"Ovqat"ın
ictimai marağa xidmət missiyası
Azərbaycan televiziyası - AzTV yarandığı ilk
çağlardan bu günə kimi özünün
bütün proqram formatlarında maarifçilik
missiyasını əsas istiqamət seçmişdir.
Klassik Azərbaycan maarifçilərinin bu sahədəki
arzu və istəklərini, dünyagörüşünü
televiziyaya transfer etmiş AzTV bu vəzifəsinin öhdəsindən
peşəkarlıqla gəlməkdədir. Yuxarıda
qeyd etdiyimiz kimi, AzTV özünün "Xəbərlər"
informasiya proqramından tutmuş hətta ilk baxışda əyləncə
məqsədi daşıdığını zənn etdiyimiz
verilişlərinədək - hər məqamda
tamaşaçını maraqlandırmaq və maarifləndirmək
funksiyasını önə çəkmiş və bu
gün, bəlkə də bu missiyanı daha artıq bir
peşəkarlıq səviyyəsilə ortaya qoymaqdadır.
Mənim qəti şəkildə bu fikrə gəlməyimin
səbəbi bu televiziyanın proqram setkasına təkcə
bir tamaşaçı kimi deyil, həm də telejurnalistikaya
az-çox bələd olan bir adam kimi bir
daha diqqətlə yanaşmağım səbəb oldu. Bu
proqram setkasında yer alan veriliş
formatları öz tematikası və bu tematikaların peşəkarcasına
təqdimatı ilə bu gün daha çox uğur
qazanmaqdadır.
Azərbaycan televiziyasının uzun illərdən bəri
efirə çıxardığı "Ovqat"
proqramı, sözün birbaşa mənasında,
maarifçilik missiyası daşıyır. Əlbəttə,
"Ovqat" səhər proqramıdır və o da məlumdur
ki, televiziyaların səhər proqramları dünya təcrübəsinə
əsasən, xeyli dərəcədə
tamaşaçının istirahətinə yönəlir.
Lakin dünya təcrübəsi onu da sübut
edir ki, istirahət və xeyli dərəcədə həm də
əyləncə məqsədi daşıyan səhər proqramları
maarifçilik vəzifəsinə daha çox diqqət
yetirir. Cəsarətlə deyərdik ki,
"Ovqat" ciddi bir mədəniyyət proqramı olaraq
televiziyanın əsas funksiyalarını əhatə edən
məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək
kimi üç mühüm vəzifəni eyni zamanda yerinə
yetirməkdədir. Xüsusi qeyd edərdik
ki, belə bir ciddi məqsədi yerinə yetirmək
üçün bir çox şərt vardır. Bu
sırada indiki rəhbərliyin yaratdığı müstəqillik
ab-havasından tutmuş aparıcı, rejissor, kameraman,
prodüser və s. kimi komanda üzvlərinin peşəkarlığı
dayanır.
Mən "Ovqat" proqramını baxımlı edən
bəzi yaradıcılıq xüsusiyyətləri üzərində
dayanmaq istərdim. Bunlardan biri və əlbəttə ki, ən
başlıcası aparıcı peşəkarlığıdır.
Nəcibə Əlixanova Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsini bitirdiyi vaxtdan
televiziyada çalışır. O, aparıcının
təkcə milli telekanallarımızda deyil, dünya təcrübəsində
özünü göstərən peşəkarlıq keyfiyyətini
mənimsəmiş və öz
yaradıcılığında tətbiq etməkdədir. Bu
peşəkarlıq keyfiyyətlərinin əsasında Nəcibə
xanımın proqrama qonaq seçimi, bu qonağın sahib
olduğu yaradıcılıq sahəsinə yüksək səviyyədə
bələdliyi, qonağı tamaşaçı istəyinə
uyğun olaraq danışdıra bilməsi, onun daxili aləmini
göstərə bilməsi, proqrama xüsusi rəng qatan
musiqi komandasına xarizmatik münasibəti, özünün
son dərəcə iddiasızlığı, qonağa
suallarının səmimiliyi, ən kritik anlarda belə bu səmimiyyəti
qoruya bilməsi və s. kimi onlarca xarakterik xüsusiyyətlər
dayanır. Bu mənada mən onu Rusiyanın ORT
kanalındakı "Na edine so vsemi" proqramının
aparıcısı Yuliya Menşova ilə müqayisə etməkdən
çəkinməzdim.
Bütün bu keyfiyyətlər "Ovqat"ın həqiqətən
yaxşı bir səhər ovqatı yaratmağına səbəb
olur. Əlbəttə, "Ovqat"ın bütün
buraxılışları haqqında ancaq müsbət fikirlər
demək mümkündür və mən bu barədə əvvəllər
də öz sözümü demişəm. "Ovqat"ın, adətən, bütün
qonaqları ictimai maraq kəsb edən, öz fikir və
düşüncələri, təmsil etdikləri sahələri
ilə tamaşaçını cəlb edən adamlar olur.
Mən bu məqamda həmin proqramın ötən bazar
günü (3 mart 2019)
buraxılışı üzərində dayanmaq istərdim. "Ovqat"ın budəfəki
buraxılışının qonağı Əməkdar
İncəsənət Xadimi, Bakı Xareoqrafiya
Akademiyasının professoru Rafiq Sadıqov oldu. Proqramda
Rafiq Sadıqovun dərin savadı, Azərbaycan mədəniyyətinə,
incəsənətinə doğmalığı, dramaturgiyaya və digər
sahələrə dair bilgiləri və bildiklərini son dərəcə
maraqlı şəkildə tamaşaçıya
çatdırması çox uğurlu alındı. Əlbəttə,
proqramın bu istiqamətdə uğrunu təmin edən əsas
səbəb aparıcının sual vermək, problem
qaldırmaq - bir sözlə, həmsöhbətinin aydın və
sərbəst danışmasına yaratdığı efir
şəraiti və bir az da dəqiq ifadə
etsək, efir mədəniyyəti oldu. Rafiq
müəllimin söhbətin əsas mövzusu ilə
bağlı, son dərəcə zəngin bilgiləri, elmi və
praktik səviyyəsi var. Lakin bütün bunların ifadəsi
üçün aparıcının yaratdığı efir
şəraiti çox böyük rol oynayır. R.Sadıqovun xarizmatik xarakterini üzə
çıxaran daimi təbəssümü, iddiasız, zəngin
fikirləri, bəzən zarafat tərzində
yanaşmaları tamaşaçıya xoş təsir
bağışladı. Onun Azərbaycan
klassik incəsənət nümunələri haqqında,
vaxtilə böyük populyarlıq qazanmış teatr,
tamaşaları barədə, musiqi, xareoqrafiya haqqında
fikirləri bizi həm klassikanı yenidən sevməyə, həm
də müasir incəsənət xadimlərinin ənənələrə
sədaqətini hiss etməyə yönəltdi. Aparıcının hər hansı bir sənətkar
haqqında qısa xatırlatmaları Rafiq müəllimə
həmin ustadlar barədə bildiklərini ortaya qoymağa
münbit şərait yaradırdı. Belə
məqamlarda həmsöhbətin teatrımızın klassikləri
Əli Zeynalov, Mehdi Məmmədov, Nəcibə Məlikova,
Hökumə Qurbanova barədə hekayələri çox
böyük maraq doğururdu. Maraqlı
haldır ki, Rafiq müəllim özünə və
bütövlükdə milli incəsənətimizin nəsil-nəsil
nümayəndələrinə müəllim və örnək
kimi qəbul etdiyi bu ustad sənətkarların hər biri
haqqında içində sevgi dolu maraqla söhbət
açırdı. Bu böyük sənətkarların
hər birinin sənət dünyası, ictmai və şəxsi
həyatının tamaşaçıya məlum olmayan və
həm də ciddi ictimai maraq doğuran detallarını Nəcibə
xanımın qonağı özünə xas olan səmimiyyətlə
bizə çatdırdı. Aparıcı
nədən söz salırdısa, Rafiq müəllim həmin
anda həmin tematikaya bilgili reaksiya verirdi. Belə
məqamlardan biri poeziyaya münasibətlə bağlı
oldu. Rafiq müəllimdə poeziyaya sonsuz
bir maraq və sevgi var, arabir kimdənsə gətirdiyi poetik
misralar tamaşaçının duyğularını dilə
gətirir. Ancaq səmimi etiraf edir ki,
özü şeir yazmır. Çünki
şeir yazmaq bacarığı Tanrı vergisidir. Şeir yazmır, ancaq poeziyanı, onun
arxitektonikasını ustalıqla, istedadlı bir ədəbiyyatşünas
kimi, həm də aktyora məxsus emossionallıqla təhlil
edir. Onun Cəfər Cabbarlı, Məmməd Araz,
Mikayıl Müşfiq, Nəbi Xəzri kimi bədii söz
ustaları haqqında fikirləri tamaşaçıda
proqramın qonağına rəğbət və hətta minnətdarlıq
hissi doğurdu.
Musiqidən söz düşür və Rafiq Sadıqov
studiyada onu "gözləyən" tarı əlinə
alaraq kövrək musiqiləri ustad tarzən kimi ifa edir. Bu yerdə
aparıcı replika atır, bildirir ki, teatrda
vaxtaşırı qəfil hadisələr, dəyişmələr,
konfliktlər tamaşanı daha maraqlı edir. Siz də
bayaqdan bəri proqamımızı daha maraqlı edən
gözlənilməz çıxışlar edirsiniz...
Bu anda
Rafiq müəllim yenidən tara əl
atır: "Qoyun onda mən bir bir kolliziya da yaradım" (təxminən)
deyir və qəsdən yanıqlı bir "Qarabağ
şikəstəsi" çalmağa başlayır.
Proqramın musiqi qonağı - Əməkdar artist Arzu
Əliyeva bu anda onun səsinə səs verir və
yanıqlı bir səslə "Qarabağ şikəstəsi"
oxuyur... Və tamaşaçı aydınca hiss edir ki,
proqramdakı belə səhnələr ekspromt hadisəsidir, əvvəlcədən
hazırlanan ssenaridən kənar olub çox güclü
effekt yaradır. Beləcə, bəstəkar
Ramiz Mirişlinin "Dalğalar"ı, tar-müğənni
tandemində proqrama rəng qatır və s.
"Ovqat"ın yaradıcı və texniki
komandası proqram üzərində məsuliyyətlə
işləyir.
Proqramda rejissor işi özünü çox
peşəkarlıqla göstərir. Məlumdur
ki, "Ovqat" əvvəlcədən lentə
alınmış proqramlar sırasındadır və burda
canlılığa ehtiyac da yoxdur. Ona
görə ki, bu mədəniyyət proqramı mövzudan
mövzuya keçid anlarında yeni görüntülərə
ehtiyac duyur. "Ovqat"ın haqqında bəhs
etdiyimiz buraxılışında qonağın kimdən və
nədən danışmağından asılı olaraq xeyli dərəcədə
arxiv materialından, portretlərdən, klassik
tamaşa və filmlərə aid fraqmentlərdən əlavələr
şəklində istifadə edilmişdir.
Deyilənləri
belə bir rezyümə ilə bitirmək istərdim: AzTV-nin
yeni rəhbərliyinin peşəkarlığa xüsusi diqqəti
bütün proqram formatlarında olduğu kimi,
"Ovqat"ın da daha effektli ovqat yaratmasında
özünü aydın şəkildə göstərməkdədir.
Cahangir MƏMMƏDLİ
BDU Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri, filologiya
elmləri doktoru, professor
525-ci qəzet.-
2019.- 5 mart.- S.4.