Məhəbbətdən doğan əsər

1973-cü ildə dahi şairimiz Nəsiminin anadan olmasının 600 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə təntənəli şəkildə keçiriləndə mən İraqda ezamiyyətdə idim. Xalq şairi Qabilin çox böyük sanballı "Nəsimi" poemasını özümlə İraqa aparmışdım.

 

Bağdadda çıxan "Qardaşlıq" dərgisində (sayı 1-2, 1973, s.34-35) Nəsimi Qabilin poeması haqqında məqalə çap etdirdim. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Nəsimi ili" elan etdiyi 2019-cu ildə güman edirəm, dahi şairimizi Xalq şairi Qabilin "Nəsimi" poemasını iraqlı soydaşlarımıza vaxtilə necə təqdim etməyim oxucular üçün maraqlı olar. Eyni zamanda, bununla, haqq dünyasında olan hər iki şairimizin ruhunu şad etmiş olarıq.

Bu il əylul (sentyabr) ayında böyük şair, ana dilində şeir yaradıcılığını göylərə qaldıran filosof şair İmadəddin Nəsiminin anadan olmasının 600-cü illik yubileyi Bakıda təntənəli şəkildə qeyd ediləcək. Bu münasibətlə Azərbaycan şairi Qabil iki cildlik "Nəsimi" əsərini yazmışdır. Sovet Azərbaycan şairlərinin orta nəslinə mənsub olan Qabil bu əsəri yazana kimi bir çox başqa kitablar da yazmışdır. Onun "Səhər açılır", "Sahil işıqları" "Ömrüm boyu", "Mənim mavi Xəzərim", "Mehparə", "Qoy danışsın təbiət" kitabları sevilə-sevilə oxunmaqdadır.

 

Şair Qabil "Nəsimi" əsəri üzərində on ilə yaxın işləmişdir. O, şairin həyat yaradıcılığına dair çoxlu kitablar oxumuş, bir çox məxəzləri araşdırmış nəticədə fikir əqidə qəhrəmanı, öz əqidəsi uğrunda dərisi soyulan Nəsimiyə layiq əsər yaza bilmişdir. Xalq şairi Süleyman Rüstəm Qabilin "Nəsimi" əsərinə yazdığı məqalədə göstərir ki, bir gənc şair kimi Qabilin istedadına biz yaşlı nəsil çox ümid bəsləyirdi. İllər keçdi, Qabil bizim ümidimizi doğrultdu. Biz Qabilin bir gün böyük bir əsər yazacağına əmin idik...

Qabil əsərini Nəsimiyə müraciətlə başlayır:

 

Ulu əcdadımın yanar nəfəsi!

Sənsiz boğularam, havasız ollam.

Əsilsiz etməsin tarix heç kəsi,

Sənsiz - zəminəsiz, mənasız ollam.

Ana dilimizin axar-baxarı,

Şerində bir daha aşikar oldu.

Böyük Füzulinin şah misraları,

Sənin bünövrəndə bərqərar oldu.

 

Şair Qabil Nəsiminin dilinin saflığına, büllurluğuna həsəd aparır:

 

O uzaq, o qədim lisana bir bax,

Büllur bulaq kimi süzülər, çağlar.

Əsər var yazılıb otuz il qabaq,

Otuz cür lüğətə ehtiyacı var.

 

Alimlərin göstərdiyinə görə, Nəsiminin Şah Xəndan adlı qardaşı varmış. O, Nəsimiyə həmişə ağıllı məsləhətlər verərmiş. Bu, şair Qabilin nəzərindən qaçmamış əsərdə öz yerini tutmuşdur.

 

Hər ömrün var öz baharı, öz xəzanı,

Bir gün verir, bir gün alır Allah canı.

Ölüm heyrət doğurmasın səndə gərək,

Ölüm dəhşət doğurmasın səndə gərək.

Heç yoxdur ondan rahat, ondan asan,

Buna görə saymır onu qadir insan.

Həqiqətin dərgahında zəvvar olan

İgidlərə ölüm yoxdur.

Ruhu sonsuz bahar olan

Şəhidlərə ölüm yoxdur.

 

Nəsiminin yaradıcılığına X əsrdə öz etiqadı ıığrunda Bağdadda dar ağacından asılan Hüseyn Mənsur Həllacın təsiri az olmamışdır. Məhz buna görədir ki, şair ilk vaxtlarda Hüseyni məxləsi ilə şeirlər yazmışdır. Lakin Nəsiminin bir şair kimi yetişməsində Fəzlullah Nəiminin böyük təsiri olmuşdur. Bu məsələlər şair Qabilin "Nəsimi" əsərində inandırıcı bir şəkildə öz əksini tapır:

 

Elə bil qəlbimdə səsləndi bir tel,

Fəzlullah ismini eşidən saat.

Elə bil dedilər ey dili-qafil,

Bu adda açacaq əqlin qol-qanad.

O, sənin əqidən, sənin ilhamın,

O, həm səadətin, həm fəlakətin.

Məslək ehtirasın, yanar ilhamın,

Xalqın şöhrətinə dönən şöhrətin.

 

Həqiqi adı Əli-Seyid Əli olan Nəsimi ilk zamanlarda Seyid Hüseyni məxləsi ilə şeirlər yazsa da, Fəzlullah Nəimi ilə tanışlıqdan sonra onun adına Nəsimi məxləsi seçmişdir. Bu tarixi məsələlər Qabilin əsərində hərtərəfli işıqlandırılmışdır. Şair Qabilin əsərində heca əruz vəznindən məharətlə istifadə olunmuşdur. Onun qəlblərə axan şeir parçalarını oxuduqca oxuyur sevinirsən. Aşağıdakı gəraylılar deyilənləri təsdiqləyir:

 

Bu dünyada nəyim qaldı?

Varisim , varım da siz.

Aydan arı, sudan duru,

Namusum da, arım da siz.

Qoy tonqallar çevirsinlər,

Bircə ovuc, külə sizi.

Çevirməsin bişərəflər,

Tapdalanmış gilə sizi.

 

Xalq ədəbiyyatını gözəl bilən Qabil, yeri gəldikcə ondan elə məharətlə istifadə etmişdir ki, əsəri oxuyur, ondan ayrılmaq istəmirsən:

 

Gecə dərin, yuxu dərin,

Təbriz yatır şirin-şirin.

Yuxu məlhəm, yuxu dərman.

Ağrılardan, acılardan,

Adam bir az azad olur.

Oyaqlıqda bir gülməyən,

Röyalarda min şad olur.

Ac toyuqlar yuxusunda

Darı görür,

Leyli-Məcnun misallılar,

Yuxusunda yarı görür.

 

Qabilin əsərinin müvəffəqiyyətli cəhətlərindən biri şairin çox təbii dildə yazmasıdır. Mədrəsədə müəllimin gənc Nəsimi yoldaşlarını Fəzlullah Nəimiyə təqdimetmə səhnəsi qədər səmimi, inandırıcı yaddaqalandır:

 

Bu çatmaqaş Əbdülqadir ibn Əkbər,

Bütün Şərqi gəzmək dilər,

görmək dilər.

Təxəyyülü sığışmayır mədrəsəyə,

Səyahətdə şövqü vardır yerə, göyə.

Bu Məhəmməd Əbu Bəkr şirvanlıdır,

Musiqinin aludəsi, heyranıdır.

Sazda ozan, neydə çoban məharətli

Bəstələri, qoşquları təravətli.

Hələ adı Məhəmməddir bıı nur cavan

Onu ali edəcəkdir bir vaxt zaman.

 

Böyük söz ustası haqqında söz demək, onun haqqında əsər yazmaq şairdən böyük cəsarət tələb edir. Ömrünün on ilinə yanmayan, bu amala həsr edən şair Nəsimiyə layiq əsər yarada bilmiş və elə bil ki, "Onu ali edəcəkdir bir vaxt zaman" misrasını özü haqqında demişdir.

 

 

Qəzənfər PAŞAYEV

Professor

 

525-ci qəzet.- 2019.- 5 mart.- S.6.