Ulduzlar arasında   

 

 

 

"O bildirir ki, ən yaxın dostu oxumadığı kitabı ona bağışlayan adamdır". Söhbət ABŞ-ın 16-cı prezidenti Avraam Linkolndan gedir. Bu sitata istinad edən isə Azərbaycan Mətbuat Surasının sədri, millət vəkili Əflatun Amaşovdur. Özü də millət vəkili Elmira Axundovanın "Dostlarımın gözəl cizgiləri" kitabına yazdığı ön sözdə.

Məsələ burasındadır ki, Elmira xanım ötən ay ağsaqqal şairimiz Səyavuş Məmmədzadənin mənzilində gerçəkləşən görüşümüzdən sonra mənə bir yox, beş yeni kitabını bağışlayıb: özü də hamısı oxumadığım kitablar. Belə çıxır ki, görkəmli dövlət xadiminin baxış bucağından nəzər salsaq, daha bir yaxın dostuma güvənə bilərəm. Amma prezidentin dünyagörüşü öz yerində, bu gün bütün ölkədə nüfuz sahibi olan E.Axundova ilə yollarımız bircə dəfə kəsişib: mən ulu öndər haqqında Elmira xanımın məşhur romanının iki cildinə redaktorluq etmişəm və kiçik bir parçanı ruscadan çevirmişəm.

Əsasən, portret oçerklərin yer aldığı "Dostlarımın gözəl cizgiləri" kitabı, yəqin ona görə dərhal diqqətimi çəkdi ki, azdan-çoxdan tanıdığım, davamlı olmasa da, ünsiyyətimdə olmuş insanlar və həm də pərəstiş etdiyim sənətkarlar haqqındadır.

Kitabı əvvəlindən oxuyarlar, amma mən ortasındah başladım - Mirzə İbrahimov haqqındakı "Gələcəyi yaxınlaşdıran adam" yazısından. Mirzə müəllimin şəxsiyyətinə, yalnız yaraşan yox, həm də taleyini ifadə eləyən başlıqdı. Sadə və ümumiyyətlə, Elmira xanımın yazılarına məxsus anlaşıqlı üslub, dil yazını oxucuya bir udum su kimi içirdir. Hə, bu da axtardığım haşiyələr, umduğum sözlər, daha doğrusu, milli məsələ-milli dil söhbəti. Elmira xanım görkəmli tarixçi Cəmil Həsənliyə istinad edərək fikrini belə tamamlayır: "Öz vəzifəsinin itirilməsi hesabına prinsipial mövqeyini ardıcıl və sonadək qorumağa davam edən yeganə adam Mirzə İbrahimov olmuşdur".

M.İbrahimovun örnək həyatını və yaradıcılığını müəyyən qədər izləsəm də, Elmira xanımın "Gələcəyi yaxınlaşdıran insan" yazısında böyük şəxsiyyət haqqında yeni bilgilər əxz edə bildim. M.İbrahimovla E.Axundovanın əməkdaşlığı nə az-nə çox, on il davam eləyib və Elmira xanım bu on ilin örnək yaşantılarını bu portret oçerkə sığışdıra bilib. 1986-cı ildə Yazıçılar İttifaqının sədrliyindən Nizami adına Ədəbiyyat İnstitutuna şöbə müdiri vəzifəsinə getmək məcburiyyətində qalan Mirzə müəllim yeni yerində Elmira xanıma böyük elmi işçi yeri "açdırır". Səbəb aydındı: gənc elmlər namizədinin möhtəşəm işgüzarlığı. Və bir də, şübhəsiz ki, Mirzə müəllimin fəhmi. "Gələcəyi görə bilən" Mirzə müəllim " ulduzları" görə bilirdi. Bu gün Mirzə müəllimin haqqının tapdanmasına qarşı cəsarət nümayiş etdirən, məhz, həmin ulduzlardan biridi. Müəllif yazır ki, Mirzə müəllim respublikada Şimali və Cənubi Azərbaycan arasında mədəni körpülərin qurulması üzrə praktik işi birinci başlamışdır. "Təəssüf ki, bu gün bu tarixi vəzifənin həlli üçün onun həqiqətən nəhəng töhfəsini kimlərsə xatıtlamamağı üstün tuturlar.". Müəllif daha sonra öz movqeyini bu sərrast ifadələrlə ortaya qoyur: "...Şəhriyarın seçilmiş əsərlərinin akademik toplusunda onun adı belə çəkilmir. Hətta bu kitab Mirzə İbrahimovun sağlığında - onun təşəbbüskarlığı ilə hazırlanmışdı. Şəhriyarın əsərlərinin Azərbaycan dilinə tərcüməsinin ödənişi üçün təyin edilmiş vəsaiti Maliyyə Nazirliyindən "qopartmağın" Mirzə müəllimə hansı əziyyətlər hesabına başa gəldiyi mənim yadımdadır. Anlaya bilmirəm, Mirzə İbrahimovun adını, bu kitabın hazırlanması üzrə redaksiya heyəti üzvlərinin siyahısından pozmağabu siyahıya tamamilə kənar, kitaba qətiyyən dəxli olmayan adamları salmağa kimin əli qalxıb?!"

Yeri gəlmişkən, Mirzə İbrahimovun həyat və yaradıcılığı haqqında bu siqlətdə ikinci bir yazıya Anarın məşhur "Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti" üçcildliyində rast gəlmişəm və dərin müşahidələrin, xatiratların, böyük sevginin nəticəsi olan bu yazının təsirindən, sözün açığı, uzun müddət çıxa bilməmişəm. Elmira xanım, sanki Anarın qeydlərinin davamını yazıb. İndi, budur, Anar haqqında Elmira xanımın öz yazısı. Müəllif dərhal etiraf edir ki, Anar kimi populyar yazıçı haqqında yazmaq çətindir. Amma Elmira xanım bir zaman onun "Litqazeta"ya müxbir düzəlməsinə zəmanət verən Anar müəllimin barəsində yazmağa xeyli söz tapıb; saf, səmimi, isti sözlər: "Azərbaycan ədəbiyyatıyla mən demək olar ki, məhz Anarın vasitəsilə əhd-peyman bağlamışam. Onun erkən yazdıqları - nəsə yeni, ağırçəkili sosrealizm çərçivələrinə uyuşmayan əsərlərinin təəssüratı indi də yaddaşımda dipdiridir". Daha sonra E.Axundova vurğulayır : "...bizi həm də barəsində dissertasiya işi yazdığım Mirzə Cəlil birləşdirirdi". Maraqlıdır ki, Elmira xanımın daha bir ünlü Azərbaycan ziyalısı akademik İsa Həbibbəyli ilə dostluq münasibətlərində də Mirzə Cəlil irsi körpü rolunu oynayıb.

Mən İsa Həbibəylinin QafqazRusiya şəhərlərinin arxivlərində on beş il davam edən elmi axtarışları zamanı, ortaya Mirzə Cəlil haqqında sanballı "Cəlil Məmmədquluzadə: mühit və müasirləri" adlı kitab qoyduğunu bilirdim, amma sözün açığı bilmirdim ki, İsa müəllim həm də Mirzə Cəlilin üç naməlum pyesini tapıb və nəşr etdirib.

Yeri gəlmişkən, Elmira Axundovanın bir etirafı: "Məhz, İsa Həbibbəylinin məni 1990-cı ildə dahi Heydər Əliyevlə tanış etdiyini heç vaxt unutmaram. Mən ümummilli liderimizin bu gözəl alimə necə hörmət və məhəbbətlə yanaşdığının əyani şahidi oldum. Yeri gəlmişkən, onları bir-birinə bağlayan da Mirzə Cəlil idi". Sözün bu yerində Elmira xanım vurğulayır: (həmin görüşdə - kursiv mənimdir: M.O.) Heydər müəllimin Mirzə Cəlilin qələmindən çıxmış ölməz obrazlar qalereyasından bəhs edən yığcam monoloqu onun bu yazıçı barəsində ətraflı bilgisindən xəbər verirdi. Heydər Əliyev monoloqunu belə yekunlaşdırdı:

"Ümumiyyətlə, Mirzə Cəlilin xatirəsi ilə bağlı hər şey mənim üçün müqəddəs və doğmadır".

Haşiyə: 1983-cü ilin payızında elə gətirdi ki, Anar müəllim, Əkrəm Əylisli, tərcüməçi-ədəbiyyatşünas Natiq Səfərov və mən Naxçıvana ezamiyyətə getməli olduq. Muxtar respublikada üç, ya dörd gün qaldıq. Və elə gün olmadı ki, İsa dostumuz bizə baş çəkməsin, soyuducumuzu açıb baxmasın, bəzi görüş məkanlarında bizə bələdçilik etməsin. Yadımdadır, Natiq dedi: "Ay İsa, sən də bizim kimi maaşa baxan adamsan...", amma o, Natiqi sözünü bitirməyə macal vermədi: "Bu, mənim borcumdu" - dedi. Düzü, o zaman onun mövqeyini dərindən başa düşmədim. Amma indi fikirləşirəm ki, yaşca bizdən kiçik olsa da, bu günləri görürmüşsanki bu günlərə doğru yol gəlirmiş. Və bu uzaqgörənliyin nəticəsidir ki, Elmira xanım bu gün onun barəsində deyir: "Akademik Həbibbəylinin şəxsiyyətinə çox uyğun gələn, onu xarakterizə edən bir sözvar: "sədaqət". Bu insan dostlarına və istedadına, mənəvi dirçəlişi üçün böyük işlər gördüyü "kiçik" vətəni Naxçıvana, öz respublikasına və öz prezidentinə sadiqdir".

Yeri gəlmişkən, "Dostlarımın gözəl cizgiləri" kitabında unudulmaz dostum Natiq Səfərovun da adı çəkilir. Amma portret qəhrəmanı kimi yox, Oljas Süleymenovla bağlı oçerkin personajlarından biri - Oljasa Azərbaycanda da şöhrət gətirən "AZ İ YA" əsərinin tərcüməçisi kimi. Şübhəsiz, dolayısı yolla olsa da, bu tərcümənin də sonradan qurulan münasibətlərdə boyük rolu, izi var, amma bu izi cığıra, yola çevirənlərin önündə Elmira xanım özü gəlir. "Oljas adlı kainat" oçerkində, demək olar ki, müəllif böyük mütəfəkkirin Azərbaycanla bağlı bütün görüşlərini lazımınca işıqlandırır və son olaraq da Oljasın öz çıxışından sitat gətirir: "...hər ölkədə dünyəvi masştabda düşünmək qabiliyyətinə malik şəxsiyyətlər olur. Onlar bəşəriyyətin qaymaqlarıdı. Sevinirəm ki, həyatın təbii sevinci, hamıya ünvanlanmış dostluq və xeyirxahlığın hərəkəti son 5-7 ildə Azərbaycana qayıdır. Odur ki, mən bir Qazaxıstan vətəndaşı kimi qəlbimlə də, şüurumla da İlham Əliyevə - dünyəvi masştabda düşünə bilən şəxsə səs verdim: dünyaya açıq, eyni zamanda, kökündən ayrılmayan və həyatın gerçək diqtələriylə ayaqlaşan siyasətçiyə".

E.Axundova dost bildiyi insanların sırasında şair, diplomat Hidayət Orucovdan bəhs edəndə, onun uğurlu taleyini - bəxtini xüsusilə vurğulayır. Ancaq mənə elə gəlir ki, Elmira xanımın özü də gərək bəxt sarıdan çox da gileylənməsin. Ən azı ona görə ki, cavan yaşlarında Mirzə İbrahimovdan sonra ona İmran Qasımov, İsmayıl Şıxlı kimi parlaq şəxsiyyətlərlə çiyin-ciyinə işləmək qismət olub. O, İmran müəllimin bütün müsbət məziyyətlərini misallarla yada salandan sonra, bu günlər ömrünün doqquzuncu onilliyini yaşayan şair, mutərcim Səyavuş Məmmədzadəyə istinad edir: "...Nasir, dramaturq, kinossenarist İmran Qasımovun yaradıcı təxəyyülünün məkanı ürək döyüntülərinin, təsviri texnikanın neft layları, istismar sahələri, neft estakadaları ilə qəribə vəhdətini təsəvvürə gətirir".

Daha bir haşiyə: son illər Səyavuş müəllimlə elə bir söhbətimiz olmayıb ki, o, İmran Qasımovu xatırlamasın, aramızdan erkən getmiş yazıçıdan örnək misallar çəkməsin, onun insan kimi həssaslığını vurğulamasın. Belə söhbətlərimiz əsnasında hərdən təəssüflənir: "Məncə, ədəbiyyat insanlıq qarşısında öz missiyasını bitirib". Amma dərhal da sanki öz tərəddüdünü boğmaq istəyir: "Puşkindən bir şeir çevirmişəm, qulaq as, oxuyum".

"Dostlarımın gözəl cizgiləri" kitabının 2-ci və 3-cü hissələrində Elmira xanımın müxtəlif illərdə qələmə aldığı resenziyalar və esselər toplanıb. Maraqlıdır ki, burada da söhbət söz və təsviri sənətimizdəki ulduzlardan gedir, onların yaradıcılığı böyük ədəbiyyat müstəvisində incələnir. Bu sırada, yalnız yaradıcılığı ilə yox, həm də örnək şəxsiyyəti ilə İsmayıl Şıxlı kimi qocamanlar da, sonrakı nəsillərə mənsub Rəşad Məcid də, Günel Anarqızı da var.

"Dostlarımın gözəl cizgiləri"ni iki gün ərzində oxuyub başa vurandan sonra bir də varaqlayıram; yox, onun doğma siması gözümdən yayınmamışdı. Amma yazı belə şeydir ki, gərək söz sözü çəkə. Bunu Nəsir müəllim, Nəsir İmanquliyev özü bizə öyrədib. Jurnalistika şöbösində üç il ərzində mənə ixtisas fənnindən dərs dediyi illərdə öyrədib. Elmira xanımın etirafından bəlli olur ki, Nəsir müəllimlə şəxsən tanış deyilmiş. Amma göründüyü kimi, haqqında yazmağa söz tapıb. Heç bilmirəm, bunun adını jurnalist çevikliyi qoysam, necə səslənər? Ancaq fikirləşirəm ki, Nəsir müəllimin haqqında mən də yazmalıyam; mən və eləcə də mənim kimi yüzlərcə tələbəsi. Hər yazı təkan ola bilmir, nə deyim. O da jurnalistika aləmində bir ulduz idi.

Bir sözlə, Elmira Axundova "Dostlarımın gözəl cizgiləri" kitabında, əsasən, ulduzlardan yazıb. Bu ulduzların sırasında ictimai-mədəni həyatımıza təkan verən xalq yazıçısı Elçin kimi qələm sahibivar, öz bağ evinə çəkilib məşhur əsərlərini ( o cümlədən, "Dişi canavar"ı) yaradan fırça ustası Rasim Babayev də. Bir sözlə, kitabın hansı qatını açırsan, ədəbiyyatımızın, mədəniyyətimizin ulduzlarıdır və muəllif özübu ulduzların arasındadır və məncə, o, Yerə daha yaxın ulduzdur.

3 Mart, 2019

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2019.- 5 mart.- S.7.