"Ötən 10 ildə Azərbaycan teatr mühitində böyük dəyişikliklər oldu"

AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ TEATRININ DİREKTORU, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT LALAYEV TEATR SƏNƏTİMİZLƏ, HƏMÇİNİN, RƏHBƏRLİK ETDİYİ KOLLEKTİVİN FƏALİYYƏTİLƏ BAĞLI SUALLARI CAVABLANDIRIB

 

- Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının bu il sonuncu ilidir. Ötən müddətdə bu proqramın icra vəziyyəti barədə nələri demək istərdiniz?

- Əslində, bu proqramda irəli sürülən tələblərin və qarşıya qoyulan vəzifələrin icrası 10 illə yekunlaşmır, bu proqram bundan sonra da onillıklər boyu öz aktuallığını itirməyəcək, orada irəli sürülən tələblər daha da təkmilləşdiriləcək, müasir tamaşaçıların bədii zövqünün, mənəvi aləminin zənginləşməsi, yeni insan tərbiyəsində və yeni dünya quruculuğunun formalaşmasında mühüm rol oynayacaq. Çünki proqramda da qeyd olunduğu kimi, bu gün Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqün və dünyagörüşünün formalaşması, realist ənənələrin davam və inkişaf etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi yolunda mütərəqqi ideyalar tribunasına çevrilmişdir.

Konkret olaraq Proqramın icra vəziyyətini təhlil etsək, ötən 10 ildə ölkənin teatr mühitində böyük dəyişikliklər oldu. Dövlət Proqramına uyğun olaraq teatr kollektivləri öz fəaliyyətini milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşmasına çalışdı. Bir çox sənət ocaqlarının maddi-texniki bazası möhkəmləndirildi, teatr binalarının böyük əksəriyyəti əsaslı şəkildə təmir edildi, səhnələr müasir avadanlıqlarla təhciz olundu, yeni istedadlı gənclərin teatrlara cəlb olunmasına xüsusi diqqət yetirildi.

Proqram çərçivəsində iki ildən bir Azərbaycanda keçirilən Beynəlxalq Teatr Konfranslarında hər dəfə dünyanın 70-ə yaxın ölkəsindən 150-dən artıq teatr bilicisi iştirak edirdi. Onlar dünya teatrlarının təcrübəsindən söz açır, fikir mübadiləsi aparırdılar. Təcrübələrini bölüşür, gənclərlə görüşlərdə dəyərli tövsiyələrini verirdilər. Beləliklə, biz də dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi müxtəlif ölkələri təmsil edən həmkarlarımızla həm əyani tanışlıq imkanı qazanır, həm zəngin və qədim teatr, sənət ənənələrimizi təbliğ edir, təcrübələrimizi bölüşür, həm də müasir dünya teatrlarının bu gün hansı ideya və görüşlərə sahib olduğunu öyrəmiş olurduq.

- Ulu öndər Heydər Əliyev deyirdi ki, teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Proqramda bu məsələlər xüsusi önəm daşıyır. Teatrlarımız ümummilli liderimizin bu ideyalarından necə bəhrələnir?

- Ulu öndərimiz həmişə deyirdi ki: "Mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. O, həssasdır: əlinin istisi, ürəyinin qayğısı azca azalan kimi, o, hiss edir, küsür, inciyir. Teatr müqəddəs yerdir; tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəni yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan və sevinc keçirir".

Biz hər gün bu həyəcanı, bu sevinci yaşayırıq. Aylar boyu cilaladığımız, üzərində zərgər dəqiqiliyi ilə işlədiyimiz tamaşalar alqışlarla qarşılananda biz də xoşbəxt oluruq, əməyimizə verilən qiyməti hiss edəndə sevinirik, daha böyük inamla və yaradıcılıq şövqü ilə işimizi davam etdiririk

- 2013-cü il aprel ayının 18-də Azərbaycan Dövlət Musiqili Teatrının binası əsasllı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verildi. Açılış mərasimində Prezident İlham Əliyev şəxsən iştirak etmişdi. Bu görüş kollektivinizin sonrakı fəaliyyətinə necə təsir göstərdi?

- Azərbaycan Dövlət Musiqili Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir sıra qiymətli səhnə əsərləri bəxş etmişdir. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 1993-cü ildə bizim binada təmir və bərpa işlərinə başlanıldı. O vaxt bu işlərə məşhur dövlət xadimi, Bakı şəhərinin inkişafında misilsiz xidmətləri olan Əliş Ləmbəranski başçılıq edirdi və Heydər Əliyev o dövrün siyasi qarışıqlığında da vaxt taparaq tikintiyə baş çəkdi, inşaatçılara dəyərli tövsiyələrini verdi, Əliş müəllimlə bərabər, layihə planına xeyli əlavə və düzəlişlər etdi. Sənətə və sənət adamlarına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev təmir və bərpa işləri başa çatandan sonra da bu böyük mədəniyyət məbədinin açılışında iştirak etmiş, bu dəfə isə artıq yaradıcı heyətə dəyərli tövsiyələr vermişdi.

İllər sonra teatrın yenidən bərpa və təmirə ehtiyac duyulduğu illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə bu unikal tarixi tikili bir sıra xarici ölkə mütəxəssislərinin də iştirakı ilə yenidən təmir olunaraq kollektivin ixtiyarına verildi. Teatr binasının həm xarici görünüşü, həm də daxili interyeri dünyanın istənilən ölkəsinin teatr müəssisəsi ilə müqayisədə möhtəşəmliyi ilə rəqabətdə onları geridə qoya bilər. Bu gün bütün teatr kollektivləri kimi, biz də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğı və diqqətini hər addımda hiss edirik. Məhz onun sərəncamı ilə 2011-2013-cü illərdə teatr əsaslı şəkildə yenidən təmir olundu, yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirildi. Teatrın tamaşa salonu, səhnəsi, texniki xidmət otaqları müasir avadanlıqlarla- oturacaqlarla, işıq və səs, akustika effektləri yaradan texniki qurğularla təhciz edildi. Bütün bunlardan, bu böyük diqqət və qayğıdan sonra bizim zəif tamaşa hazırlamağa, dövrün estetik tələblərindən geri qalmağa mənəvi haqqımız yoxdur. Çünki ölkə başçısının teatra, sənətə belə önəm verməsi, xalqın teatr mədəniyyətinə qayğısı, səhnə xadimlərinə diqqəti hər zaman xoş bir hissdir və təbii ki, bunun da cavabı mütləq və mütləq uğurlu tamaşalar, yeni səhnə əsərləri olmalıdır.

- Teatrlarımızın gözəl tarixi ənənələri olub. Bu ənənələri hazırda yaşada bilirikmi?

- Bu dünyada təməlsiz, bünövrəsiz heç nə yoxdur. Əlbəttə, biz dünənimizin sınaqdan keçmiş ənənələrinə söykənməliyik, yaxşı nə varsa, ondan bəhrələnməliyik. Biz də illərin ənənəsinə sadiq qalaraq teatrımızın gələcəyi olan gəncliyimizə daha çox meydan verməyə, qayğı göstərməyə çalışırıq. Bu gün teatra gələn gənclik peşəkarlardan dərs alan, tarixi ənənələri olan ali təhsil ocaqlarımızı bitirən savadlı cavanlardı. Dünyanın ən məşhur səhnələrində tamaşaya qoyulan istənilən bir şedevrlə tanış olmaq müasir gənc üçün o qədər də çətin məsələ deyil. 21-ci yüzilliyin sürət qatarından baxanda bunlar çox adi, ötəri bir tanışlıq təsiri bağışlayır. Yəni onu vurğulamaq istəyirəm ki, bu günün tamaşaçısını da, ifaçısını da heç nə ilə təəccübləndirmək mümkün deyil. Lakin yenə də bir çox ölkələrlə müqayisədə bizim dünyanın sayılıb-seçilən ölkələri arasında adımızın çəkilməsi, musiqimizin səslənməsi, sənət əsərlərimizin nümayişi qürurverici hissdir və əminliklə deyə bilərəm ki, bizim gənclərin bir çox beynəlxalq müsabiqələrdə, festivallarda iştirakı bir zamanlar sələflərinin ancaq xəyal edəcəyi bir arzunun gerçəkləşmə anıdır ki, bu da məni, bir teatr adamı kimi şox sevindirir. Bu gün xalq artistləti Şəfiqə Məmmədovanın, Cənnət Səlimovanın, Afaq Bəşirqızının, İlham Namiq Kamalın və təbii ki, mənim də tələbələrim rahatca bizim teatrda öz istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmək imkanı tapıblar. Son vaxtlar hazırlanan tamaşalarda gənclər daha çox iştirak edir və onların gözəl ifası həm də bir müəllim kimi məni də, həmkarlarımı da çox sevindirir.

- Onillər boyu rəhbərlik etdiyiniz teatr əvvəllər Musiqili Komediya Teatrı adlanırdı, seçilən tamaşaların adı və məzmunu da bu adın çərçivəsinə uyğun gəlməli idi. İndi teatrın adı dəyişib, Musiqili Teatr olub. Bu addəyişmə teatrın profilinə necə təsir edib?

- Əlbəttə, əvvəllər hazılanan əsərlər ancaq komediya janrında olurdu. Bu günsə, adı dəyişən teatrımız daha geniş sərbəstlik əldə edib. Təkcə aktyor və rejissorlarımız deyil, rəssam, baletmeyster və səhnə tərtibatçılarımız da öz yaradıcılıq imkanlarını daha geniş miqyasda sərgiləmək imkanı qazanıblar. Biz həm musiqili əsərlər, komediyalar, operettalar hazırlaya bilirik, həm də ciddi, düşündürücü tamaşalar. Bu günün tamaşaçısı teatra yalnız gülməyə, əylənməyə gəlmir, həm də düşünməyə, həyatın müxtəlif sınaqlarından itkisiz çıxmağın ən optimal yollarını "görməyə" gəlir. Son illər tamaşaçılarımız "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" (Ü.Hacbəyli), "Bir dəfə Bağdadda" (E.Sabitoğlu), "Silva" (İ. Kalman), "Skapenin kələkləri"(J.B.Molyer) və digər uzunömürlü musiqili əsərlərə yanaşı,"Nuri-didə Ceyhun" (Ə.Əmirli), "Mənim günahım", (İ.Əfəndiyev, Q.Qarayevin musiqisi əsasında), "Baladadaşın toy hamamı" (Elçin, F.Allahverdi), "Molla Nəsrəddinin beş arvadı" (S.İbrahimov), "Qodonun intizarında" (S.Bekket, F.Qarayev), "Hacı Qara" (M.F.Axundzadə), "Kimdir müqəssir" (Ə.Haqverdiyev), "999-cu gecə" ("1001 gecə" nağılları və F.Əmirovun musiqisi əsasında) kimi çox ciddi və düşündürücü əsərlərə də böyük önəm verirlər. Bu məşhur sənət nümunələrinin bizim teatrımızın səhnəsində tamaşaya qoyulması ideyasını verəndə, açığı, içimdə bir narahatçılıq da var idi; 100 ildən bəri bizim teatrın imicinə, dəst-xəttinə öyrəşmiş insanlar yeni təşəbbüsümüzü necə qarşılayacaqlar? Biz, kollektiv olaraq, hər primyeradan sonra tamaşaçıların reaksiyasını və rəyini çox böyük həyəcanla gözləyirdik. Nəticələrsə sevindirici oldu, həm peşəkarların müsbət fikri, həm daimi tamaşaçılarımızın intellektual səviyyəsi bizim düz yolda olduğumuzu təsdiqlədi və daha böyük yaradıcılıq planlarına həvəsləndirdi. Bu gün teatrın məşq salonlarında "Çarəsiz sərnişinlər" (S.Stratiyev) əsəri ilə yanaşı, "Beşmanatlıq gəlin" (S.M.Ordubadi, S.Rüstəmov), "Buratino" (A.Tolstoy, A.Rıbnikov) kimi müxtəlif janrlı üç tamaşa üzərində iş gedir.

Teatrımızın bir özəlliyi də bundadır ki, biz balaca teatrsevərləri də unutmuruq. Son illər uşaqlar üçün "Qırmızı papaq", "Yatmış gözəl və cırtdanlar", "Dəcəl çəpişlər", "Bremen musiqiçiləri" (Azərbaycan bölməsi), "Düyməcik", "Bir dayan, canavar", "Yağış göbələyinin macərası", "Qızıl cücə", "Qoğalın macərası" (rus bölməsi) və bir çox digər əsərlər hazırlanıb.

- Sizin rəhbərlik etdiyiniz teatrda Azərbaycanın çox dəyərli aktyorları çalışıb. Sizə elə gəlmirmi ki, bu gün elə səviyyəli aktyorlar yetişmir?

- Təəssüf ki, biz yanımızda, gözlərimizin önündə olan istedadlı insanların dəyərini sağlığında verməyə çətinlik çəkirik çox vaxt. Mən bir az əvvəl dedim ki, bu günün tamaşaçısı nəinki 40-50 il əvvəlin, heç 10-15 il əvvəlin tamaşaçısı ilə müqayisə edilə bilməz. Çünki indi hər kəs dünyaya açıqdır, hər kəsin müqayisə eləmək, fərqləndirmək, seçmək imkanı var. Musiqili Teatrın qızıl dövrü sayılan 60-70-ci illərin nə tamaşaçısı, nə də ifaçısı bu günlə müqayisə oluna bilməz. Təbii ki, böyük teatr təşkilatçısı Şəmsi Bədəlbəylinin rəhbərlik etdiyi illərdə Nəsibə Zeynalova da, Lütvəli Abdullayev də, Bəşir Səfəroğlu da, Hacıbaba Bağırov da, Səyavuş Aslan da, çox böyük, çox qüdrətli aktyorlar idilər. Onları zaman, mühit, dövr yetişdirmişdi, ötən əsrin tamaşaçı zövqü, sənətsevər istəyi formalaşdırmışdı. Bu gün də tamaşaçı sevimli Afaq Bəşirqızının, onun tərəf-müqabilləri İlham Namiq Kamalın, Fatma Mahmudovanın, Nərgiz Kərimovanın, Çingiz Əhmədovun, Şövqi Hüseynovun, Nahidə Orucovanın, Əzizağa Əzizovun, Əkbər Əlizadənin, Ülviyyə Əliyevanın, Mehriban Zalıyevanın oyunundan zövq alır. Sabahın tamaşaçısının da öz aktyoru, öz sevdiyi əsər, tamaşa olacaq.

- Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyasıda teatrlar əhəmiyyətli rol oynayır. Bu istiqamətdə hansı layihələr həyata keçirilib?

- Bizim son vaxtlar hazırladığımız bir çox tamaşalarda xaricdən dəvət etdiyimiz rejissorlar, baletmeysterlər, rəssamlar və digər yaradıcı insanlar iştirak edir, biz onlardan öyrənirik, onlar da bizdən. Bir neçə il əvvəl gürcü rejissoru Qoça Kapanadze bizim teatrda Avksenti Saqarelinin "Xanuma" əsərinə uğurlu bir quruluş verdi. Rauf Haciyevin "Qafqazlı qardaşqızı" operettasının yeni tamaşasında quruluşçu-rəssam Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji idi. İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, ünlü dirijor Bərdia Kiyarəs bizim teatrda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilən "O olmasın, bu olsun" və "Arşın mal alan" tamaşalarına dirijorluq etdi. Bir neçə gündən sonra, yəni fevralın 28-də ilk tamaşası oynanılacaq Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin motivləri əsasında hazırlanan iki hissəli şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır və onu beynəlxalq bir heyət hazırlayıb. Quruluşçu rejissoru Xalq artisti, Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsaydır.

Biz də müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, tamaşalar oynayır, ən yaxşı tamaşalarımızı göstərməyə çalışırıq. Teatrımızın İranda keçirilən Beynəlxalq Fəcr festivalında iştirakını da xatıratmaq istəyirəm. Bizim yaradıcı heyət bu festivalda Təbrizdəki soydaşlarımızın xahişi ilə Üzeyir Hacıbəylinin "Ər və arvad" musiqili komediyasını iki dəfə oynamalı oldu və biz iki gecə böyük bir anşlaq, tamaşaçı coşqusu yaşadıq...

2017-ci ildə Tehranda keçirilən Azərbaycan mədəniyyəti günlərində də milli teatrımızı bizim kollektiv təmsil etdi. Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın "Hünər" Sarayında dahi Üzeyir Hacıbəylnin "Ər və arvad" tamaşası ilə çıxış etdi. Tamaşanın bu dəfəki nümayişi də böyük marağa səbəb oldu. İranın müxtəlif bölgələrindən - Ərdəbildən, Təbrizdən, Miyanədən, Kirmanşahdan və başqa şəhərlərdən məhz bizim tamaşanı izləməyə gəlmişdilər...

Kollektivimizin istedadlı gəncləri, volkalçılarımız, balet artistlərimiz, musiqiçi və dirijorlarımız müxtəlif müsabiqə və festivallarda uğurla çıxış edir, dəyərli mükafatlar qazanırlar.

Belə səfərlərin vaxtaşırı keçirilməsini çox istərdik, çünki mədəniyyət, sənət paylaşdıqca xalqın mənəvi dünyası, zəngin milli dəyərləri daha çox təbliğ olunur. Bütün bunlar təbii ki, həm Azərbacanımızın adını dünyaya tanıdır, həm də zəngin mədəni irsimizin çox önəmli bir parçası kimi teatrımızı, musiqimizi...

- Sizcə, Azərbaycan teatrının inkişafına hansı amillər daha güclü təsir göstər bilər. Gələcəkdə teatrınızdan hansı yeniliklər gözləyə bilərik?

- Əlbəttə, hər şeydən əvvəl Musiqili Teatr üçün məxsusi əsərlər yazılmalıdır. Çünki yeni əsər, yeni mövzu, hadisələrə yeni baxış deməkdir! Yeni əsər onu tamaşaçılara təqdim edən yaradıcı heyət üçün də yeni stimuldur, yaradıcılıq imkanı, ilham qaynağıdır. Maraqlı əsər, ictimaiyyət üçün əhəmiyyətli sayılan ədəbi nümunələr üzərində işləmək insana zövq verir, onu ruhlandırır. Bir də, bizim işimizdə tamaşaçı sevgisi, tamaşaçı tələbkarlığı, tamaşaçı marağı çox vacibdir. Mən çox istərdim ki, Bakıda yaşayan soydaşlarımız, heç olmasa, ayda bir dəfə olsa belə, ailə üzvləri ilə bərabər teatr tamaşalarına baxmağa gəlsinlər. Çünki sabahın tamaşaçısı bu günün yeniyetməsi və ya kiçik yaşlı məktəblisidir və o nə qədər zövqlü, savadlı, dünyagörüşlü, zəngin daxili aləmə malik olsa, bizim mədəniyyətimiz daha çox təbliğ ediləcək, uzunömürlü olacaq.

Telli PƏNAHQIZI

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2019.- 5 mart.- S.8.