Akademik Həmid Araslı görkəmli mətnşünas alim kimi

 

HƏMİD ARASLI-110

 

 

Dərin erudisiyaya, geniş yaradıcılıq diapazonuna, elmi maraqlara malik akademik Həmid Araslı orta əsrlər Azərbaycan ədəbiyyatının, folklor və aşıq poeziyasının, ədəbi əlaqələrimizin tədqiqatçısı olmaqla bərabər, görkəmli mətnşünas olmuşdur.

 

Əslində, H.Araslı kimi çoxsaylı klassiklərimizin əsərlərini üzə çıxararaq bu müəllifləri və əsərlərini ədəbiyyat tariximizə daxil edən tədqiqatçı mətnşünas olmağa məhrum idi. O, ədəbiyyat tariximizin müxtəlif dövrlərinə dair araşdırmalar yazandan öncə “Kitabi-Dədə Qorquddan tutmuş Molla Pənah Vaqifin əsərlərinə qədər yazılı abidələrimizi müqayisəli-tekstoloji cəhətdən araşdıraraq nəşr etdirmişdir. Görkəmli şərqşünas alim Y.E.Bertels hər hansı bir klassik əsərin tədqiqindən öncə onun elmi-tənqidi mətninin hazırlanmasının zəruri olduğunu xüsusi olaraq vurğulamışdır. Mətnşünaslığın təməlini təşkil edən tarixilik prinsipi nəzərə alınmadan görkəmli ədiblərimizin əsərlərinin orijinala yaxın mətnini ortaya çıxarmaq mümkün deyildir. Məlumdur ki, Yaxın və Orta Şərq, o cümlədən, Azərbaycan klassiklərinin əsərlərinin əlyazmaları içində avtoqraf-müəllifin öz xətti ilə yazdığı nüsxə çox azdır. Buna görə də ədəbiyyat tariximizin öyrənilməsində mətnşünaslıq çox mühüm rol oynayır. Akademik Həmid Araslı bütün elmi fəaliyyəti boyu mətnşünaslıqla məşğul olmuş, 1957-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Mətnşünaslıq şöbəsini yaradaraq bir müddət ona rəhbərlik etmişdir.

Hər hansı bir əsərin, lirik şeirlər toplusu-divanın orijinala yaxın mətninin bərpası müəllifin şeiriyyət aləminin və poetik irsinin, ideya-bədii, estetik və ictimai-fəlsəfi dünyagörüşünün, dilüslubunun özünəməxsusluqlarının müəyyən edilməsi ilə bağlıdır. Klassik əsərin kanonik mətninin tərtibi prosesində tədqiqatçı yalnız müxtəlif nüsxələr arasında linqvotekstoloji fərqləri və təhrifləri müəyyənləşdirmir, həm müəllifin dövrünün tarixi-ədəbi hərəkatını və ictimai-siyasi vəziyyətini nəzərə almalı və mətni öz zamanına və məkanına uyğun şəklə salmalı olur.

Akademik H.Araslı nəşrə hazırladığı hər bir klassik sənətkarın əsərində bu sadalanan prinsipləri nəzərə almışdır. Onun bütün nəşrləri müqayisəli və ya elmi-tənqidi mətndən ibarətdir. 1954-cü ildə alim “XVII-XVII əsr Azərbaycan ədəbiyyatı tariximövzusunda doktorluq dissertasiyası müdafiə etdi və 1956-cı ildə bu işini monoqrafiya şəklində çap etdirdi. Alim dövrünün ədəbiyyatşünaslıq elminin ən böyük uğuru olan bu əsəri ortaya çıxarandan öncə əlyazma qaynaqları əsasında həmin əsrlərin bir sıra klassiklərinin əsərlərini nəşr etdirmişdi. 1937-ci ildə SSRİ Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinə ezam olunduğu zaman H.Araslı burada XVII əsr şairimiz Saib Təbrizinin ana dilində yazdığı 18 şeirə rast gəlir və sonralar həmin şair haqqında yazdığı məqalələrdə onun 120 min beytlik farsdilli irsi ilə bərabər, türkdilli şeirlərinin olduğunu da vurğulayır. Bu şeirlər 1946-cı ildə Azərbaycanın İranla Mədəni Əlaqə Cəmiyyətinin nəşriyyatında Bakıda çap edilir. Alim Qövsi Təbrizinin naməlum şeirlərini ilk dəfə 1945-ci ildə “Azərbaycan” jurnalında çap etdirir, 1958-ci ildə ADU nəşriyyatında divanının TiflisLondon nüsxələri əsasında şairin seçilmiş əsərlərini nəşr etdirir, monoqrafiyasında da bu materiallardan istifadə edir. “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyası ortaya çıxandan öncə artıq H.Araslı tərəfindən araşdırılan dövrün Əmani, Məsihi, Abbas Tufarqanlı, Sarı Aşıq, Şakir Şirvani, Məhcur Şirvani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif kimi sənətkarlarının əsərləri əlyazma qaynaqları əsasında müqayisələr aparılaraq çap etdirilmişdi. Alimin hazırladığı Molla Pənah Vaqifin şeirlər toplusunu tam mənası ilə elmi-tənqidi mətn adlandırmaq olar.

Heç şübhəsiz, Həmid Araslının mətnşünaslıq fəaliyyətinin zirvəsini onun tərtib etdiyi, Füzulinin anadilli divanının elmi-tənqidi mətnidir. O, bəlkə də ən böyük qüvvəsini bu işə sərf etmişdir. Bu mətnşünaslıqla məşğul olan, elmi-tənqidi mətn tərtib edən sonrakı nəsil tədqiqatçılarına əvəzsiz bir örnək olmuş, bu gün də olmaqdadır. Mətnşünaslığın əsas prinsipi daha qədim və mükəmməl nüsxə tapmaqdan, onu əsas tutaraq digər nüsxələrlə  müqayisə etməkdən ibarətdir. Həmid Araslı belə bir nüsxəni tapır, 1958-ci ildə geniş ön sözlə onu nəşr etdirir. Bu, Salman Mümtazın 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının kitabxanasına bağışladığı 1572-ci ildə köçürülmüş ən qədim nüsxə idi. Son dövrlərdə bu əlyazma YUNESKO-nun dünyanın yadddaşı proqramına daxil edilib. Alim həmin nüsxənin əhəmiyyətini daha aydın diqqətə çatdırmaq  üçün onu Füzulinin çap edilmiş divanları və Sankt-Peterburq, Təbriz, Daşkənd nüsxələri ilə müqayisə edir. Göstərir ki,  Bakı nüsxəsində olan qəzəllərdən 30-u Sankt-Peterburq nüsxəsində, 11-i İstanbul çapında, 5-i Təbriz və 32-si Daşkənd çapında yoxdur. Tədqiqatçı müxtəlif nüsxələrdəki nöqsanları Bakı əlyazmasının köməyi ilə düzəltdikdən sonra bir daha qərara gəlir ki, Bakı nüsxəsi Füzuli əsərlərinin elmi nəşri üçün əsas götürməyə layiqdir. H.Araslı Füzuli divanının 1958-ci il nəşrinin  Füzuli əsərlərinin nəşri haqqında” adlı müqəddiməsində bu işin çətinliyi barədə deyir ki, hətta Füzuli öz əlilə tərtib etdiyi divanında belə bütün qəzəllərini toplaya bilməmişdir. Dibaçə hissəsində o, müxtəsər divan tərtib etdiyini göstərir. Bir məsələ də vardır ki, Füzuli bu divanın tərtibindən sonra da şeirlər yazmışdır ki, bu əsərlər də divana düşməmişdir.

Başqa bir çətinlik katib təhrifləridir. Bisavad, diqqətsiz katiblərdən narazılığını bildirən Füzuli dibaçəsində katibə zövqü ilə hərəkət edib bəyənmədiyi ifadələri dəyişdirmək hüququ verir. Bir tərəfdən, bəzi katiblər düzgün oxuya bilmədikləri yerləri təhrif etmiş, digər tərəfdən savadlı katiblər müəyyən ifadələri zövqlərinə uyğun olaraq dəyişdirmişlər. Alim Füzuli divanı nüsxələrini müqayisə edərkən qarşısına çıxan təhriflərin çoxluğu barədə yazır: “Biz müqayisədə çapyazma nüsxələrdəki təhriflərin hamısını nəzərdən keçirə bilmərik. Belə bir müqayisə Füzuli divanı həcmi qədər başqa bir əsərin yaranmasına səbəb olardı. Biz yalnız bir neçə əsas təhrifi göstərməklə geniş yayılmış çap nüsxələrinin dəyərini müəyyənləşdirib, onlar haqqında yürütdüyümüz fikri əsaslandırmağa çalışacağıq. İstanbul nüsxəsindəki təhriflərin müəyyən hissəsi şairin işlətdiyi qədim Azərbaycan sözlərini yeni sözlərlə əvəz etmək meylindən irəli gəlmişdir. Belə təhriflər bəzən mənaya təsir etməsə də, şairin həqiqi dil ehtiyatını müəyyənləşdirməyə imkan vermir

Mətndəki təhrifləri üzə çıxararkən, ən düzgün variantı ortaya qoyarkən H.Araslının əsas meyarı şeirdə, beytdə, misrada bədii məntiqə uyğunluq olmuşdur. Məlum olduğu kimi, Şərq poeziyasında beyt poetik nitqin əsas vahididir, mənaca müstəqildir, onu Avropa poeziyasındakı şeirə bərabər tuturlar. Beytin birinci misrasında deyilən fikir ikinci misrada nümunələrlə təsdiq edilir, bəzən də ikinci misrada deyilən birinci misrada deyilən fikirlə təzad təşkil edir. Həmid Araslı klassik şeiri nəzərdən keçirib təhrifləri ortaya çıxararkən əsas diqqəti əsərin bədii məntiqinə uyğun gəlməyən məqamları, söz və ifadələri aşkar etməyə, təhrif edilmiş yerləri mötəbər saydığı nüsxədən götürdüyü söz və ifadələrlə əvəz etməyə yönəldirdi.

Mətnşünasın bütün fəaliyyəti tədqiq etdiyi əsərin mənasını, mahiyyətini dərk etməkdən, bundan sonra ən mötəbər nüsxəni seçərək onu digər nüsxələrlə müqayisə etməkdən, orijinala yaxın əsas nüsxəni ortaya çıxarmaqdan ibarətdir. Akademik Həmid Araslı bütün elmi fəaliyyəti boyu müxtəlif dövrlər ədəbiyyat tariximizi yazarkən birinci növbədə həmin dövrə aid əsərləri mətnşünaslıq baxımından araşdırmışdır. Ondan sonra gələn ədəbiyyat tarixçiləri də bu yolla getmişlər. Əgər Həmid müəllim 1958-ci ildə Qövsi Təbrizi divanından LondonTiflis nüsxələri əsasında 145 səhifədən ibarət şeirlər toplusu çap etdirmişdisə, biz 1991-ci ildə 6 nüsxə əsasında şairin divanın 4700 beyt, 800 səhifə həcmində elmi tənqidi mətnini hazırlamışıq. Öz fəaliyyətimizi nəzərdən keçirdikdə başa düşürük ki, biz gördüyümüz işlərin çoxunda onun davamçısı olmuşuq.

Paşa KƏRİMOV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2019.- 2 mart.- S.23.