Birgə yaşam qaydaları haqqında
birgə düşünək
Niyə birgə yaşam qaydaları?
“Cəmiyyətdə yaşayıb ondan ayrı
düşmək olmaz!” Bu klassik deyimi müxtəlif şəxslərin adına yazırlar. Kimin deməsindən
asılı olmayaraq onda böyük həqiqət var. O qədər
böyük ki, hər bir insan, həyatının müəyyən
mərhələsində özü bu qənaətə gələ
bilər. Cəmiyyətdə yaşamaq
başqa bir danılmaz həqiqəti də ortaya
çıxarır - harada insan varsa, orada anlaşılmazlıq
və toqquşmalar (həm hərfi, həm də məcazi mənalarda)
qaçılmazdır. Biz o qədər fərqli və
müxtəlifik ki, bu tək olan dünyanı hərə az qala fərdi qaydada görür, anlayır. Üstəlik, dünyaya
baxışlarıımızı kültürdən gələn
inanclar və ənənələr formalaşdırır.
Birgə yaşam qaydaları insanlararası fərqləri
silməyə deyil, bütün bu müxtəlifliklərdən
doğan anlaşılmazlıqları minimuma endirən
mexanizmlərin işlənib toplumda yayqın hala çevrilməsinə
hədəflənir.
Uşaqlıq
- o “uzaq, yaşıl ada”
İnsanlar yaşa dolduqca uşaqlıq
çağlarından uzaqlaşırlar. Amma sadəcə
zamanca. Məzmunca biz hamımız
“oralıyıq” və ömrümüz boyu belə olaraq da
qalırıq. Həyat haqqında ilkin təsəvvürlərin
kökü də uşaqlıq illərinə dayanır.
O dövrdə görüb-eşitdiklərimiz həyatımızın
yönünü cızmaqda müstəsna rol oynayır. Bizim kültürdə (və oxşarlarında) bəzi
ailələrdə uşaqlara əlahiddə
üstünlük verilir (əlbəttə, bu hamıya aid
deyil), onların arzu və istəkləri bir göz
qırpımında yerinə yetirilir. Bu aşırı
diqqət və nəvaziş uşaqlara özlərini bir
növ “balaca kral/kraliçə” kimi hiss etmək imkanı
verir. Bəzi kültürlərdə isə (buraya bizimki də
daxil edilə bilər) oğlan uşaqlarına xüsusi
önəm vermək, ən qorxulusu isə, bunu onların
özünə hiss etdirmək, hətta verbal surətdə
eşitdirmək (sən üstünsən, sənin səlahiyyət
və azadlıqların çoxdur) kimi meyllər
önyarğıların yaranmasına səbəb ola bilir. Beləliklə, o uşaqlarda
insanlararası münasibətlər haqqında ilkin təsəvvürlər
formalaşır - hər şey mənim istədiyim kimi
olmalıdır, ürəyimdən keçənlər o dəqiqə
həyata keçməlidir və s. Uşaqlıq illərində
özlərini “kral” kimi hiss edən balacalar daha sonralar topluma
çıxarkən cəmiyyətə inteqrasiya olmaqda müəyyən
problemlərlə üzləşir, bəziləri isə
çox əziyyət çəkirlər. Bəzən
biz böyüklər bunu öz davranışlarımızda
aydın müşahidə edə bilərik. Küçədə yolu keçərkən (“Bu
niyə belə yavaş-yavaş gedir, mən tələsirəm
axı?”, “Bu niyə gəlib düz mənim qabağımda
dayandı? “, “Bu hardan çıxdı yolumun üstünə,
niyə çəkilmir, mən gecikirəm axı?”), növbələrdə
gözləyərkən və ya gözləmək istəməzkən,
başqaları haqqında fikir yürüdərkən (“mən
nə düşünürəmsə, düz
düşünürəm”) və digər situasiyalarda nə
qədər “mən, mən” dediyimizin fərqindəyikmi?
Bu cür düşüncə tərzinə dayanan
kültürlərdə anlaşılmazlıq və
çarpmalar daha tez-tez qeydə alına bilər, xüsusilə
nəzərə alsaq ki, insanlararası münasibətləri
tənzimləməyi hədəfləyən “birgə
yaşam qaydaları” kimi inkişaf etmiş ölkələrdə
geniş tətbiq olunan anlayışlar post-Sovet
respublikalarında (və bir sıra başqa ölkələrdə) hələ
yeni-yeni diqqət çəkməkdə və
tanınmaqdadır. İdeologiya, qapalı rejim və total təbliğatın
gücü sayəsində cəmiyyətdə “eyni
düşünmə modeli” formalaşdırmış Sovet
sistemi, toplumu yalnız vahid kollektiv kimi görür, fərdlərin
müxtəlifliyini və fərqliliyini nəinki nəzərə
almır, hətta onun mövcud olmaması üçün
bütün mümkün vasitələrdən (bəzən
isə çox qeyri-humanist üsullardan) istifadə edirdi. Burada onu da nəzərə çatdırmadan
keçməyək ki, “eyni düşünmə modeli” birgəlik,
bərabərlik anlayışından çox fərqlidir.
Bəs birgə yaşama və düşünmə
qaydalarını özündə ehtiva edən adət-ənənələr?
Hər bir kültürdə insanlararası münasibətləri
tənzimləyən, müxtəlif xarakterli
toqquşmaları azaltmağa yönəlik başqa mexanizmlər
də mövcuddur. Adət-ənənələri buna misal gətirmək
olar. Lakin nəzərə almalıyıq
ki, bu nəhəng sistemdəki yanaşmalar adətən dəyişmir,
çevikliyi və yüksək uyğunlaşma dərəcəsi
ilə seçilmir, tam əksinə, adət-ənənələrin
sabitliyi və dəyişməzliyi onların əsas
üstünlüyü sayılır. Beynəlxalq
informasiya mübadiləsinin geniş vüsət
aldığı bir dövrdə yeni, fərqli,
çeşidli məlumatların yayılması da adət-ənənələr
kimi klassik yanaşmaların səmərəliliyinə təsir
edir. Bu halda cəmiyyətdəki
anlaşılmazlıq və çarpmaların
azaldılmasında onların kifayət etməməsi fikri ilə
razılaşmalı oluruq. Əlbəttə,
adət-ənənələrin gücü və təsiri yetərli
olsaydı, birgə yaşam qaydaları haqqında əlavə
mexanizmlərin axtarışına da ehtiyac qalmazdı. Qeyd edək ki, bir sıra ölkələrdə əvvəlki
əsrlərdə başlasa da, son onilliklərdə
bütün dünyada xüsusilə güclənmiş
urbanizasiya - şəhərlərə axın - prosesi insanlararası
anlaşılmazlıq və toqquşmaları artıran amillər
arasındadır. Harada sıxlıq
çoxdursa, orada anlaşılmazlıq və güvənsizlik
də güclüdür.
İctimai
nəqliyyat - birgə gediş və birgə yaşam “rəmzi”
Ölkəmizdə ictimai nəqliyyat müxtəlif
xarakterli toqquşmaların ən çox rast gəlindiyi
yerdir deyə bilərik. Bu mənada avtobuslar xüsusi “fəallığı”
ilə seçilir. Bu “fəallığın”
əsas səbəbi kimi sıxlığı, bir-birini
tanımayan şəxslərin, eləcə də müxtəlif
yaş qruplarından olan sərnişinlərin bir yerə
toplanmasını, buna bağlı olaraq həm də
özünü doğruldan və doğrultmayan gözləntiləri
göstərmək olar.
Yaxşı xatırlayıram, İstanbula ilk səfərimdə
məni heyrətə salan müşahidələrdən biri
də insanların metrodakı davranışları idi. Daha dəqiq
desəm, eskalatorda dayanmaq mədəniyyətləri. Qatardan düşüb yuxarı - şəhərə
çıxmaq istəyən şəxslər eskalatora iki cərgə
ilə yaxınlaşırdılar. Ancaq
bir neçə cəhddən sonra bu qruplaşmanın mahiyyətini
anladım. Bu cərgələrdən biri
eskalatora minərkən tərpənməyib yerində dura-dura
yuxarı qalxacaq sərnişinlər idi ki, onlar türklərin
təbirincə desək, “yürüyən” pilləkənlərin
sağında durmalı idilər. Digər
cərgə isə eskalatora minib, amma yerində dayanmayaraq adi
pilləkəndə olduğu kimi, ayaqla yuxarı
çıxacaq insan qrupu idi. İşin
maraqlı tərəfi bu idi ki, siz hansı üsulla yuxarı
qalxacağınıza əvvəlcədən - eskalatora
yaxınlaşmazdan öncə qərar verib lazımi cərgəni
seçməli idiniz. Əgər bir şəxs
eskalatora səhvən ayaqla yuxarı çıxacaq insan qrupu
tərəfindən (daha dəqiq desək, eskalatorun sol tərəfi)
ayaq basıbsa, onun orada tərpənmədən dayanmaq
şansı yox idi. Təqdirəlayiq haldır ki,
artıq bir neçə ildir Bakı metrosunda da bu təcrübə
tətbiq olunmaqdadır. Əvvəllər nəzarətçinin
“Eskalatorun sağ tərəfində dayanın, sol tərəfi
keçib gedənlər üçün boş saxlayın”
çağırışına baxmayaraq, sərnişinlər
qaydaya əməl etmir, çox vaxt sol tərəfdə
dayanmaqla ayaqla qalxmaq istəyənlərə mane olurdular.
İki sərnişinin bir sırada dayanması
isə vəziyyəti xeyli qəlizləşdirirdi. Ancaq vəziyyət getdikcə
yaxşılığa doğru dəyişməkdədir.
Eskalatorla qalxan insanların düzgün
mövqe seçməklə bağlı səslənən
çağırışa daha çox əməl etdiklərini
görmək təqdirəlayiq haldır. Ən
əsası - insanların bu hərəkəti səsləndirilən
çağırışa kor-koranə deyil, şüurunun
“səsini” dinləyərək və digər sakinlərə
hörmət əlaməti olaraq seçmələri
xüsusilə sevindiricidir.
“Sağ,
yoxsa sol?” və ya bir az da xarici təcrübədən
Təsəvvür edin, ayaqla harasa gedirsiniz. Qəflətən
bir şəxslə üz-üzə gəlirsiniz. Məsafə daraldıqca anlayırsınız ki,
biriniz kənara çəkilib yol verməsəniz, heç
birinizin keçib getmək şansı yoxdur. Çox
vaxt üz-üzə gələn insanlar duruxub
addımlarını yavaşıdır, sonra isə hər
ikisi yana, amma eyni tərəfə çəkilirlər.
Vəziyyətin dəyişmədiyini
görüb yenə də əks tərəfə çəkilirlər
(məsələn, ilk cəhddə sağa çəkilmişdilərsə,
bu dəfə sola doğru hərəkət edirlər), amma bu
dəfə də hər ikisi eyni tərəfə. Beləliklə də, tərəflər yenə də
eyni vəziyyətdə qalırlar. Əlbəttə,
sonunda problem bir yolla həllini tapır və o şəxslər,
nəhayət ki, keçib yollarına davam edə bilirlər.
Adətən belə hallardan sonra insanlarda xəfif
də olsa, bir gərginlik hissi yaranır. Təbii
ki, vaxt itkisi amili də öz rolunu oynayır. Doğrudur, bəzən bunu təbəssümlə
qarşılayıb gərginliyi azaldan şəxslər də
olur. Tanış səhnədirmi?
Əminəm ki, hamı bu suala müsbət cavab verəcək,
çünki az qala istisnasız olaraq hər
birimiz analoji situasiya ilə üzləşmişik, həm də
dəfələrlə.
İndi isə təsəvvür edin ki, bizim adi həyat situasiyası kimi qəbul edib bəlkə də haqqında heç vaxt düşünmədiyimiz bu halı bəzi ölkələr problem kimi görərək onun həll yollarını tapmağa çalışıblar. Böyük Britaniyadan bir nümunə. Burada adamların küçədə gedərkən bir-birinə toxunmaması və ya toqquşmaması üçün belə bir maraqlı mexanizm düşünülüb - üz-üzə gələn insanlar mümkün çarpışmanın qarşısını almaq üçün hələ uzaq məsafədən, yəni bir-birinə lap yaxınlaşmadan azca sağ tərəfə çəkilir. Bir daha vurğulayıram - hər iki tərəf. Bu insanların müxtəlif tərəflərə yönəlməsi (qarşı-qarşıya gələn şəxslərdə hər ikisinin sağ tərəfi) mümkün çarpışma təhlükəsini minimuma endirir, hətta tamamilə aradan qaldırır deyə bilərik. Əlbəttə, sağa çəkilmə şərti bir hərəkətdir. Belə məqamlarda sola çəkilmək də olar. Əsas odur ki, bu məsələdə toplumun əksər üzvləri tərəfindən ümumi bir qərar qəbul edilsin - sağ, yoxsa sol?
Şəxsi gigiyenanın ictimai əhəmiyyəti
Birgə yaşam qaydaları insanların şəxsi gigiyena qaydalarına əməl etməsini mütləq hesab edir, xüsusilə də xoşagəlməz qoxuların toplumda yayılmaması üçün hər bir şəxsdən müəyyən önləyici tədbirlərin görülməsinə diqqət çəkir. Niyə deyə soruşsanız, cavabı çox sadədir - topluma çıxacaq hər bir şəxs digərlərinin rahatlığı və onların alacaqları havanın korlanmaması üçün öz məsuliyyəti haqqında düşünməlidir. Xoşagəlməz qoxuların insanların ovqatını korlayacaq gücə malik olduğunu hər birimiz öz həyatımızda dəfələrlə hiss etmişik, xüsusilə yay aylarında ictimai nəqliyyatda olarkən. Bu mənada şəxsi gigyena böyük ictimai əhəmiyyətə malikdir fikri ilə razılaşmalı və toplumda birgəlik zamanlarının xoş keçməsi səylərinə təmizliyimizlə qatılmalıyıq.
Birgə yaşam qaydaları “dildir”
Birgə yaşam qaydaları anlaşmanı təmin etdiyi üçün o, özəl “dil” sayıla bilər. Bu “dildə danışmaq” üçün mövcud qaydalar və yeniləri, eləcə də xarici təcrübədən götürülmüş (insan olaraq üzləşdiyimiz problemlər bəşəri xarakter daşıyır) effektiv və praktik nümunələr mütəmadi olaraq topluma xatırlanmalıdır. Birgə yaşam qaydaları həm də cəmiyyətin üzvləri arasında bir “anlaşma” və ya “müqavilə”dir. Lakin bu “anlaşma”nın işlək olması üçün onun “müddəa”larının dəqiqliklə işlənib hazırlanmasının, mümkün problemlərin öngörülməsinin böyük əhəmiyyəti var. Şübhəsiz ki, ədəb qaydalarının, bütövlükdə etik prinsiplərin bu “anlaşma”dakı yeri xüsusi vurğulanmalıdır. Çünki etika, sayqılı münasibət insanda “insan oyadan”, yaşamı xoş edən unikal bir qüvvədir.
Toplum səviyyəsində birgə yaşam qaydalarını işlək hala gətirə biləcək qüvvə haqqında düşünərkən ağla ilk növbədə kütləvi informasiya vasitələri gəlir. Cəmiyyət həyatının müxtəlif yönlərinə həsr olunmuş yazı və verilişlər birgə yaşamı asanlaşdıran və xoş edən mexanizmlərin, o sıradan da etik prinsiplərin əhəmiyyətinin anlaşıqlı və maraqlı dildə topluma çatdırılmasına, insanların bu məsələdə həssaslığını və fəal iştirakını təmin edə biləcək üsulların tapılıb həyata keçirilməsinə hədəflənməlidir. Unutmayaq - birgə yaşamı xoş, rahat etməyin əsas şərti birgə düşüncə və fəaliyyətdir.
Təranə
MAHMUDOVA
BDU-nun
Beynəlxalq jurnalistika kafedrasının dosenti
525-ci qəzet.- 2019.- 8 mart.- S.14.