Uğurlu sənət və həyat yolunun unudulmaz məqamları

 

Müsahiblərimiz Xalq artisti Fikrət Verdiyev və həyat yoldaşı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyevadır:

 

- Fikrət müəllim, istərdik ki, söhbətimizə elə müsahibədən əvvəl danışdığımız məsələdən başlayaq. Dediniz ki, zamanında, elə indinin özündə də rayonlardan, bölgələrdən olan gənc sənətçilərlə ünsiyyətdə olmusunuz, onların bir çoxunun tanınmasında yaxından iştirak etmisiniz. Hətta Ağcabədidən olan bir gənclə bağlı maraqlı bir əhvalatın da olduğunuzu bildirdiniz...

- Bir dəfə televiziya verilişində gördüm ki, Rasim adlı bir qoca kişi deyir, Xan Şuşinski mənə Ləhcə ləqəbini verib, yəni Rasim Ləhcə. Özümə sual verdim ki, görəsən, axı bu haradan tanıyır Xan əmini, onunla Xan əminin nə əlaqəsi?! Verilişin aparıcısı dedi ki, görünür, kiminsə ləhcəsində, üslubunda oxumusan ki, sənə Ləhcə ləqəbi verilib. O da dedi, düzdür. Dedi, onda başla oxumağa. Həmin şəxs başladı Cabbar Qaryağdıoğlunun ləhcəsində, üslubunda oxumağa, sonra Mütəllim Mütəllimovun, Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun ləhcəsi ilə oxudu. Mənə də həmin ərəfədə Gəncə şəhər rəhbərliyindən xəbər çatdırılmışdı ki, Novruz bayramında böyük bir heyətlə gəzə-gəzə gələcəyik, Fikrət Verdiyev bizi Qurban Pirimovla Cabbar Qaryağdıoğlunun heykəlinə çatanda trio ilə qarşılasın, bir muğam havası ifa etsin. Açığı deyim ki, həmin vaxt Gəncədə elə güclü muğam oxuyan yox idi. Dərhal Ağcabədidəki dostlara zəng etdim ki, Rasim Ləhcəyə deyin, mənimlə əlaqə yaratsın, işim var. Heç bir saat keçməmiş mənə zəng etdi. Dedim ki, Rasim kişi, Gəncəyə gəlin, işim var sizinlə. Dedi ki, oğlumu da özümlə gətir bilərəm? Dedim ki, oğlun nə iş görür? Dedi ki, o da oxuyur, dedim ki, onda gətir. Gəldilər, gördüm ki, qarayanız, 30-35 yaşlarında bir oğlandır, Gəncə Dövlət Filarmoniyasında tarı köklədim, bu ata-balanı "Zabul segah"ın zilinə çəkdim. Gördüm ki, ata da gözəl oxuyur, oğlu isə lap əla oxuyur, haradan istəyirsən, oradan cavab verir, bir sözlə, uzunbəla... Beləliklə, bunlarla məşqə başladım, Novruz bayramında adıçəkilən heykəlin qabağında trionun müşayiəti ilə bunlar gözəl muğam ifa etdilər. Şəhər rəhbərliyi dedi ki, bunlar kimdir, haradan tapmısan, çox gözəl oxuyurlar, oğlanı heç əlindən buraxma. Cavab verdim ki, elə mənim də fikrim belədir. Dedim ki, Rasim kişi, sən get, oğlun qalsın, onu Gəncə Dövlət Filarmoniyasına işə götürürəm. Beləliklə, Anar adlı həmin gənc oğlanı filarmoniyaya işə götürdüm, onu Xan Şuşinski Fondunun xətti ilə Fransaya apardım, telekanallara çıxardım, Beynəlxalq Muğam Mərkəzində böyük sənətkarımız Arif Babayevlə tanış elədim. Artıq bu gün hamı onu tanıyır, sənət aləmində qəbul olunur...

- Yaradıcısı və rəhbəri olduğunuz "Göygöl" ansamblının yaranmasından düz 50 il keçir, bu ay yarım əsrlik yubileyinizdir. Bu müddət ərzində tarzənləri demirəm, muğam, mahnı ifaçılarından daha kimlərin qolundan tutub səhnəyə gətirmisiniz, onların dəqiq sayını bilirsinizmi?

- Vallah, sayları çoxdur, sadalamaqla qurtarmaq olmaz. Elə söhbətə başlamazdan əvvəl sizin də tanış olduğunuz, azacıq da olsa ifasını dinlədiyiniz Faiqi götürək. Əslən Xocalıdandır, məcburi köçkün kimi biz tərəflərdə yaşayır. Gördünüz ki, necə gözəl səsi, boğazı var. Onun da istedadı olmasaydı, götürməzdim. İstedad, ilahi vergi olmasa, kimisə müğənni, ifaçı və ya tarzən, kamanzən etmək mümkün deyil. Gərək öncə insanın özündə olsun. Amma təbii ki, onları axtarıb tapmaq, irəli çəkmək də lazımdır. Muğamları gözəl bilsəm də, oxuyan deyiləm, sadəcə, lazım gələndə zümzümə edirəm, gənc istedadlara yön verirəm ki, belə oxuma, belə oxu, belə eləmə, belə et...

- Ümumiyyətlə, nə vaxtdan bu sənətdəsiniz?

- 14 yaşımdan Gəncədəki keçmiş Pionerlər Evindəki musiqi-tar dərnəyinə rəhbərlik edirdim. 1961-ci ildə xəbər gəldi ki, mərhum Əfrasiyab Bədəlbəyli Bakıda keçmiş Dzerjinski, indiki Şəhriyar adına klubda uşaq ansambllarının festivalını təşkil edir. Bunu eşidən kimi çox sevindim, dərnəyimizdə 20-22 uşaq vardı, müdirimizə dedim ki, ansamblı yaxşı hazırlamışam, yol pulumuzu verin, gedək, festivalda özümüzü sınayaq. Gördüm ki, nəsə alınmır, pul yoxdur, gəldim dədəmə dedim ki, ay dədə, ansamblı festivala aparmalıyam, amma pul yoxdur. Az vəsait tələb olunmurdu. Dedi nə qədər lazımdır ki? Dedim ki, bəs gedib-qayıtmaq pulu, bir də özüm üçün bir az cibxərcliyi versən, bəsdir. Dədəm gülə-gülə dedi ki, nə qədər lazımdırsa, verirəm, amma qalib gəlməsəniz, pulu geri alacağam (gülür). Atam həm gediş, həm dönüş biletlərimizi aldı, beləliklə, Bakıya gəldik və iki gün burada qaldıq, festivalda iştirak etdik. Festivalda Azərbaycanın hər yerindən gənc istedadlar, ansambllar iştirak edirdi, çox gərgin bir yarış gedirdi və sonda bizim ansambl birinciliyi qazandı. Qayıdandan bir az sonra - 15-16 yaşlarımda artıq məni işə götürdülər. Sonra Gəncə Şəhər Mədəniyyət Evində fəaliyyət göstərməyə başladım, orada ansambla rəhbərlik edirdim. Daha sonra Qənbər Hüseynli adına Gəncə Şəhər orta-ixtisas Musiqi Məktəbini (Texnikumunu) oxuya-oxuya həm Daşkəsəndə müəllimlik edirdim, həm indiki Samuxda fəaliyyət göstərirdim. Həmin vaxt Samux rayonu Xanlar (indiki Göygöl) rayonuna baxırdı, amma Samuxda musiqi məktəbi yox idi. Orada Xanlar rayon musiqi məktəbinin filialının açılışına nail oldum, musiqi məktəbinin təməlini qoydum. Sonra Gəncədə təhsil aldığım Musiqi Məktəbində dərs deməyə başladım. Beləliklə, 1967-ci ildə gəlib Bakıda o zamankı Konservatoriyaya (indiki Bakı Musiqi Akademiyasına) qəbul olundum, mərhum Adil Gərayın tələbəsi oldum. Konservatoriyada oxuduğum illərdə, artıq ikinci kursdan Müslüm Maqomayev adına Filarmoniyaya gedib-gəlirdim, hər dəfə görürdüm ki, gözəl ansambllar var, adama ləzzət edir. Bunları görərkən məndə bir qədər yaxşı mənada paxıllıq hissi yaranırdı ki, Gəncə kimi dahilərin, korifeylərin məskənində niyə mahnı və rəqs ansamblı olmasın? Axı Gəncədə cabbarlar, xanlar, seyid şuşinskilər, digərləri yaşayıblar, yaradıblar, bizim niyə ayrıca ansamblımız olmasın ki?! Axı Gəncədə də gözəl musiqiçilər var, axtarıb tapmaq olar. Bu düşüncələr mənə rahatlıq vermirdi. Gəldim Gəncəyə, rəhmətlik Rövşən Behcət vardı, yəqin ki, tanıyarsınız. O vaxtlar Gəncədə yerləşən Alüminium Zavodunda fəhlə işləyirdi. Onun bir dəfə ifasını özfəaliyyət ansambllarının konsertində eşitmişdim və çox ürəyimə yatmışdı. Rövşənə dedim ki, gəl yanıma. Beləliklə, 1969-cu ildə Gəncədə ayrıca mahnı ansamblı yaratmağa başladım. Kubra adlı qız vardı, onu da ansambla götürdüm və bununla, yavaş-yavaş fəaliyyətə, məşqlərə başladıq. Bu barədə heç kimə heç nə demədik. Böyük tarzən, rəhmətlik Baba Salahov və yerlimiz, tanınmış dirijor və bəstəkar Nəriman Əzim Gəncəli ilə konservatoriyada oxuyandan səmimi münasibətlərimiz yaranmağa başlamışdı. Bir gün onları da götürüb gətirdim Gəncəyə, ansamblı dinləməyə başladılar. Dedilər ki, ay Fikrət, çox əla, elə bu dəqiqə səhnəyə, efirə çıxacaq vəziyyətdədirlər. Gəncədən qayıdıb Bakıya gəldilər, AzTV ilə danışdılar, bizə efir vaxtı aldılar. Martın ayının 30-u idi, xəlvətcə biletləri alıb, ansamblla Gəncədən Bakıya, AzTV-yə gəldik. Gəncə rəhbərliyi xəbər tutur ki, AzTV-də Gəncə "Göygöl" ansamblının konserti gedəcək. Dərhal Gəncənin ikinci katibinə zəng edirlər ki, sənin bundan xəbərin var, deyir ki, yox, zəng edirlər Mədəniyyət Şöbəsinin müdirinə, deyir ki, heç nədən xəbərim yoxdur. Gözləyirlər ki, görək axı kimdir, baxırlar ki, mənəm, ansamblla bir yerdə efirdə konsert proqramı ilə iştirak edirəm. Deyim ki, gözəl də bir konsert proqramı ilə çıxış etdik və qayıdıb gəldik Gəncəyə.

- Sizə buna görə bir söz deyilmədi ki?

- Gəncəyə yeni qayıtmışdıq ki, bir də gördüm ikinci katib mənə zəng edir. Dedi ki, təcili "Qorkom"a gəl, səninlə işim var. Elə içəri yenicə girmişdim ki, ikinci katib başladı, nə başladı. Dedim, ay kişi, mən nə qəbahət iş görmüşəm axı? Dedi ki, gedirsən, heç olmasa, bir xəbər elə, avtobus verək, ansambl üzvlərinə paltar tikdirək, bu, nə işdir, görmüsən... Dedim ki, yaxşı eləmişəm. Götürüb birinci katibə zəng etdi ki, filankəs yanımdadır, dedi ki, gəlin. Otağına girən kimi birinci katib düz gəlib qapısının ağzında məni qarşıladı, qucaqladı. Dedi ki, kim sənə demişdi ki, ansambl düzəlt, dedim ki, heç kim, özüm təşkil etmişəm. Dedi, çox sağ ol, əhsən... 1969-cu ildən 1977-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərdik. Həmin vaxtlar rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev keçmiş Lenin Sarayında, o cümlədən, digər dövlət saraylarında keçirilən dövlət konsertlərində iştirak edirdi və iki konsertdən birinə biz mütləq dəvət olunurduq. İki aydan, ay yarımdan bir Bakıda konsert salonlarında idik. Rövşən Behcətlə, sonra Şahnaz Haşımova ilə gəlirdik, gözəl konsert proqramı ilə çıxış edirdik. Bu yerdə bir haşiyəyə də çıxmaq istərdim. Artıq 1977-ci il idi, o vaxt Gəncənin birinci katibi Əsgər Məmmədov idi. Bir gün hansısa məsələ ilə bağlı Əsgər müəllim də Ulu öndərimiz Heydər Əliyevin yanında imiş. Ulu öndər ondan soruşur ki, Əsgər, "Göygöl" ansamblı maaş alırmı, deyir ki, onlar ictimai əsaslarla fəaliyyət göstərirlər. Deyir, necə yəni ictimai əsaslarla? O cür gözəl ansambl maaş almır, bunu niyə mənə demirsiniz? Əsgər müəllim deyir ki, bəs üç aydır Nazirlər Sovetinin sədrinə yazıb göndərmişik, hələ bir xəbər yoxdur. O zamanlar Nazirlər Sovetinin sədri rəhmətlik Əli İsmayılov idi. Bunu deyən ki, Ulu öndər düyməni basır, Əli müəllimə deyir ki, "Göygöl" ansamblı səni maraqlandırmır? Deyir ki, maraqlandırır, Heydər Əliyev qayıdıb deyir ki, üç aydır sənədlər sənin qabağındadır, niyə məsələni həll etmirsən, dərhal bu məsələni həll elə. Elə də olur, məsələ dərhal həllini tapır. Yəni "Göygöl"ün dövlət statusu alması, onun fəaliyyətə başlaması məhz o kişinin adı, xidmətləri ilə bağlıdır. Bir də gördüm ki, Əsgər müəllim Əli müəllimin yanından mənə zəng vurub dedi ki, qol çəkildi, ansambla 75 nəfərlik ştat ayrıldı, dərhal Bakıya gəl. Bunu eşidən kimi hansı hisslər keçirdiyimi bir Allah bilir, sevincimdən qanad açıb uçmaq istəyirdim. İlk dəfə idi Bakıdan sonra Azərbaycanın ikinci şəhərində Dövlət Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərməyə başlayırdı. Bakıya gəldim, mədəniyyət naziri qəbul etdi, digər yoldaşlarla görüşdüm. Bizə dörd avtobus, bütün avadanlıqlar, aparatlar, hər şey verildi...

Bəyimxanım Cavanşirova-Verdiyeva:

- Mənə elə gəlir ki, Fikrət müəllim təvazökarlıq edib, bəzi məsələləri demək istəmir, amma elə bilirəm ki, onların deyilməsi, bilinməsi lazımdır. Məsələn, "Göygöl" ansamblı hələ dövlət statusu almazdan əvvəl, yəni ictimai əsaslarla fəaliyyət göstərdiyi və bəzi ansambllar dövlər statusunu daşıdığı halda, məhz bu ansamblın Azərbaycan Dövlət Filarmoniyasında solo konsertləri olurdu. Bu, indi kimlərəsə adi bir məsələ kimi görünə bilər, amma elə deyil, o dövrlərdə filarmoniyada solo konsert vermək heç də hər ansambla nəsib olmurdu. Eyni zamanda, indi Ulu öndərimizin adını daşıyan Respublika, keçmiş Lenin adına Sarayının açılışına heç bir dövlət statusu olmadığı halda, "Göygöl" ansamblının dəvət olunması balaca bir məsələ deyildi. Görün, bu ansambl respublikaya nə cür səs-səda salmışdı ki, onu statusu olmaya-olmaya bu cür mötəbər tədbirə və digər dövlət konsertlərinə dəvət edirdilər. Heç bir statusu olmayan ansambl Azərbaycanın hüdudlarını aşaraq, keçmiş SSRİ-nin bir çox məkanlarında konsertlər verirdi. Bu gün Gəncədə analoqu olmayan, gözəlliyi ilə göz oxşayan Dövlət Filarmoniyası fəaliyyət göstərir. Bu filarmoniya məhz "Göygöl"ün bazası əsasında yaranıb. Yəni "Göygöl"ün bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət müəllim filarmoniyanın nəzdində "Göygöl" mahnı və rəqs ansamblından başqa, notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də təşkil edib.1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası açılarkən məhz Fikrət müəllimin özünün təşəbbüsü və təklifi ilə bu sənət məbədgahına korifey sənətkarımız, böyük bəstəkarımız Fikrət Əmirovun adı verilib. 1987-ci ildə Əməkdar artist, 2014-cü ilin fevral ayının 13-də Xalq artisti adı ilə, həmçinin, bir çox fəxri fərman və mükafatlarla təltif olunub...

- Bir qədər ailə qurmağınızdan danışardınız. Necə oldu ki, Xan Şuşinski kimi tanınmış bir insanın qızı ilə ailə qurdunuz? Əvvəldən tanışlığınız vardı, yoxsa?

Fikrət Verdiyev:

- Mən bu haqda danışmaq istəmirəm. Bu haqda Bəyimxanım danışsa, yaxşı olar. Amma onu deyim ki, belə bir ailə ilə qohum və belə bir ailəyə sahib olmağımdan çox böyük qürur duyuram.

Bəyimxanım Cavanşirova-Verdiyeva:

- Bu, 1977-ci ilə təsadüf edir, atamla birlikdə Hökumət Evinə getmişdik, orada Fikrət müəllimi də gördük, iki nəfər dayanmışdılar. Fikrət müəllimi görən kimi tanıdım, gəlib bizimlə salamlaşdı. Atam dedi ki, Fikrət, sən "Göygöl"ü yaratmaqla çox böyük iş görmüsən, sənə uğurlar olsun. Sonra Fikrət müəllim dedi ki, istəyirsiniz, sizi evə qədər maşınla aparım. Atam da dedi ki, çox sağ olun, özümüz gedəcəyik. Evimizlə Hökumət Evinin arası bir addımlıqdır, biri yolun bu üzündə, biri də o üzündə. Elə evə yenicə girmişdik, bir də gördük ki, zəng səsindən az qalır ev dağıla. Telefona mən cavab verəsi oldum, gördüm Şövkət xanımdır. Şövkət xanım da bizə, ailəmizə o qədər yaxın idi ki, elə bilirdim doğma bibimdir. Hər dəfə səfərə, qastrola gedib gələndə, mütləq bizə hədiyyələr alıb gətirərdi. Atam ona zarafatla "Şöşü" deyə müraciət edərdi. O qədər yaxın, səmimi, isti münasibətlər vardı. Soruşdu ki, ay qızım kimsən, dedim ki, Bəyimxanım. Ay qızım, bu gün harada olmusunuz, dedim ki, Hökumət Evində. Dedi ki, heç yerə tərpənməyin, gəlirəm (gülür). Bir azdan Şövkət xanım gəldi, məni qucaqlayıb, öpüb, keçdi qonaq otağına, qapını da arxadan bağladı. Mən də öz-özümə fikirləşdim ki, görəsən, nə olub, qapı niyə bağlandı... Mən onlara çay süzüb aparırdım. Birdən qulağıma belə bir söz dəydi ki, Xan, Fikrət elə bir oğuldur ki, ona başımla cavab verirəm, onun üzərində on mərtəbəli bina tikmək olar, o qədər etibarlı, ləyaqətli insandır. Dedim, görəsən, niyə tərifləyir belə, açığı, bir şey başa düşmədim. Şövkət xanım yenə məni qucaqlayıb, öpüb, çıxıb getdi. Bir azdan yenə zəng vurdu, hər şeyi telefonda açıb danışdı. Sonra atam mənimlə söhbət elədi, sonra Fikrət müəllimlə görüşdük, bir-birimizi yaxından tanıdıq, sonra ailələrimiz bir-birini yaxından tanıdılar, elçi gəldilər. Beləliklə, qız toyu 1977-ci ildə, dekabrın ayının 7-də Bakıda, oğlan toyu isə 1978-ci ildə Gəncədə, özü də üç gün, aprel ayının 22, 23, 24-də oldu. Düz 41 ildir ki, evliyik, ailəliyik. Üç övladımız - bir oğlumuz, iki qızımız var. Ailəmdən, övladlarımdan, nəvələrimdən çox razıyam. Çox xoşbəxtəm ki, belə bir ailəm var...

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2019.- 12 mart.- S.8.