Şuşanın tanınmış
pedaqoqu
"1920-ci ildən başlayaraq Xosrov Axundov müəllimlik edirdi. Mirzə Xosrov əsasən
birinci siniflərdə "Əlifba" öyrətməkdə
mahir müəllim olaraq tanınmışdır. Mirzə Xosrov
savadlı, işgüzar, uşaqlarla danışmağı
bacaran, onların qəlbinə düzgün yol tapa bilən
müəllim olduğundan xalqın dərin rəğbətini
qazanmışdır. Buna görə də
Şuşa şəhərinin əhalisi ona çox hörmət
bəsləyər və ondan məsləhət
alardı".
Hüseyn
QAYIBOV, maarif xadimi
Gəlimli-gedimli dünyada qalan yalnız təmiz ad,
xeyirxahlıq, bir də insanlara olan diqqət,
qayğıkeş münasibət və hörmətdir. Bu xüsusiyyətlər
olmayanda, dünyasını dəyişən hər bir kəs
tez bir zamanda unudulur, yaddaşlardan silinir. Təvazökarlıqdan
kənar olsa da, mənim atam Xosrov Axundov ölümündən
59 il ötsə də, indi də
tanıyanların yaddaşında yaxşı insan kimi
qalıb. Atam Şuşada çox hörmətli
şəxsiyyətlərdən biri olmuşdu. O, ibtidai
sinif müəllimi idi. Çox zəhmli
görünüşlü olmasına baxmayaraq, atamı
hamı sevirdi. Tez-tez imkansız şagirdlərin evinə
gedər, onların həyat tərzi ilə tanış
olar, lazım olan köməkliyi onlardan əsirgəməz, dəftər
və kitablarla təmin edərdi.
Mənim 7 yaşım olanda, yəni 1960-cı ilin
mayına qədər 2 yaş məndən böyük olan
qardaşım Fikrət də, mən də çox xoşbəxt
idik. Çünki atam sağ idi. Qayğısız
günlər yaşayırdıq. Elə
ki, atam dünyasını dəyişdi, ailəmizdə hər
şey alt-üst oldu. Atamın rəhmətə
getdiyi günü çox yaxşı xatırlayıram.
Qardaşım da, mən də
ağlayırdıq, bizi heç kəs ovundura bilmirdi. Qonşularımızdan Kamil Abbasov gördü ki,
biz bu itkiyə dözə bilmirik, qardaşımla məni
öz evlərinə apardı. Bizə
dedilər ki, guya molla Quran oxuyandan sonra atanız diriləcək.
Biz də səbirsizliklə o anı gözləyirdik.
Sən demə, bizi aldadırlarmış.
Həyətimiz və küçəmiz insan
axınıyla dolu idi. İndiyə kimi məhəlləmizdə
bu qədər adam görməmişdik.
Sonradan öyrəndik ki, atam dəfn olunan gün Şuşada
məktəblərdə dərs, müəssisələrdə
iş dayanmışdı. Hətta Bakıda
yaşayan şagirdləri də özlərini onun dəfninə
çatdıra bilmişdilər. Şuşa
öz sevimli müəllimini son mənzilə yola
salırdı. Böyüdükcə
söhbətlərdən öyrəndim ki, atam xeyirxah bir insan
kimi həmişə küsənləri
barışdırarmış. Onun sözündən
heç kim çıxmazdı. Qızına elçi gedən və razılıq
almayan oğlan adamları tez-tez atama müraciət edərdilər.
Kimin qapısına elçi gedirdisə, mütləq xeyir
iş baş tutardı.
1960-cı ildən atasız günlərimiz
başladı.
Anam bizi böyütmək üçün
çox əziyyət çəkdi. Qonşudakı
atalı uşaqlara baxanda biz də deyirdik ki, kaş atamız
sağ olaydı. Qonşumuz Kamil Abbasov
öz uşaqlarına hədiyyə alanda, bizi də yaddan
çıxartmırdı. Məktəbdə
valideyn iclasına anam gedərdi. Atasızlıq
niskili bizi rahat buraxmırdı. Lakin atam rəhmətə
gedəndən sonra Şuşa sakinlərinin
ona olan hörmətini hər an duyurduq. 70-ci illərdə
"Şuşa" qəzetində təcrübə
keçəndə, hara gedirdimsə, atama olan məhəbbətin
şahidi olurdum. Məni görən kimi
deyirdilər ki, bu, Mirzə Xosrov müəllimin
qızıdır. Sözlərindəki səmimilik
mənə xoş təsir bağışlayırdı.
Yadımdadır, məhəllə
uşaqları ilə küçədə oynayanda, uzaqdan
atamı görən kimi hamımız evə
qaçırdıq. Çünki atam
küçədə boş-boş vaxt itirməyimizə irad
tutacaqdı. Dərsimizi oxumağı
tövsiyə edəcəkdi.
Atam uşaq evində qalanlara daha çox diqqət yetirərdi. Ayda
iki-üç dəfə anam böyük qazanlarda xörək
bişirərdi, özü də təndirdə. Qazanlar ağır olduğundan qonşuda olan at
arabası ilə xörəkləri, yanında da təndir
çörəklərini uşaq evinə aparardılar.
Atam da gedərdi. Uşaqlar yeyib doyandan
sonra atam deyərdi ki, bunu edəndən sonra mən bir az rahatlanıram. Orada qalan
uşaqların qayğısını çəkən
yoxdur. Adicə diqqət onları sevindirir.
Onlar sevinəndə, mən də
özümü yaxşı hiss edirəm. Anam bilirdi ki, ayda 2-3 dəfə uşaq evi
üçün xörək bişirməlidir. Bu, atamın qoyduğu qanun idi.
Bakıya köçəndən sonra bir gün
qapımız döyüldü. Qapıya mən
çıxdım. Qapını döyən
orta yaşlı, gözəl bir qadın idi. Məndən soruşdu ki, Mirzə Xosrov Axundovun ailəsisiniz?
Dedim bəli. Anamı soruşdu. Dedi ki,
Xosrov müəllim 1 ilə yaxın məni evində
saxlayıb. Atam görüb ki, gözəgəlimlidir,
gətirib evinə. Anamla çox səmimiyyətlə
görüşdü. Dedi ki, anan mənə ana, atan isə ata olub. Sonradan
qohumları gəlib onu uşaq evindən aparıblar. Bu hadisəni uzun illərdir ki, unuda bilmirəm.
O qadın Bakıda bizi necə tapıb, onu demək çətindir.
Atamdan o qədər razılıq etdi ki, mən
onun qızı olduğuma görə fərəh hissi
keçirtdim. Bizi minnətdarlıq etmək üçün
axtarıb tapmışdı.
Atam Xosrov Axundov 1889-cu ilin iyul ayının 13-də
Şuşada ziyalı ailəsində anadan olmuşdu. Atası Mirzəli
Aşiq Zeynalabdin oğlu müəllim kimi fəaliyyət
göstərib, eyni zamanda, şair, gözəl səsə
malik, həm də musiqişünas idi. Mirzəli
Aşiq Cabbar Qaryağdı oğlunun 16 yaşına kimi
musiqi müəllimi olmuşdu.
Xosrov Axundov Şuşada "Nikolayski" məktəbində
Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları
ilə birlikdə oxumuşdur. Hələ məktəbdə
oxuyarkən gənc Xosrov atasını vaxtsız itirir. Ailənin ağır yükü Xosrovun üzərinə
düşür. Çox keçmir ki,
Xosrov anası Məhtəbanı, sonra isə difteriya xəstəliyindən
bir günün içində bacıları Şövkət
və İzzəti itirir. Bu itkilər gənc
Xosrovu sarsıdır.
Məktəbi bitirdikdən sonra 1906-cı ildən dərs
deməyə başlayır. Şuşada "Nərimaniyyə"
və "Haşimiyyə" məktəblərinin
yaradılmasında Hüseyn Qayıbov, Zülfüqar
Abdullayev, Mircabbar Vəzirov, Hacı Zalov və başqaları
ilə birgə Xosrov Axundovun da böyük rolu olmuşdu. Şuşada savadsızlığın ləğv
edilməsində yaxından iştirak etmişdi. O vaxtlar
məktəbdə yalnız oğlanların oxuması Xosrov
müəllimi narahat edirdi. Qızların təhsil
almaması onu çox düşündürürdü.
Ona görə də əhali arasında
geniş təbliğat işi aparırdı. Təhsilin qızlar üçün də vacib
olmasını dönə-dönə vurğulayırdı.
Atamın
həmkarlarından biri, mərhum Həbib Allahverdiyev bir dəfə
mənə dedi ki, o vaxtlar Xosrov müəllimdən şikayət
məktubları yazıblar. Burada qeyd edilir ki,
sinifdəki şagirdlərin yazdığı imlaları guya
özü yazır. Bütün şagirdlərin
xətləri eynidir, sanki inci kimi düzülüb. Bu məktubdan sonra məktəbə yoxlama gəlib.
Xosrov müəllim deyib ki, mənə
inanmırsınızsa, imla deyim siz də burada olun. Görün ki, mən yazıram, yoxsa şagirdlərim.
Bir neçə nəfər oturub şagirdlərin
imla yazmasını müşahidə ediblər. Xosrov müəllim imlanı deyib qurtarandan sonra
şagirdlərin yazdıqlarını yığıb
yoxlamağa başlayıblar. Görüblər
ki, şagirdlərin hamısı imlanı eyni dərəcədə
səliqə ilə yazıblar. Adama elə gəlirdi ki,
imlaları bir adam yazıb. Bu
işə təəccüb eləyiblər. Xosrov müəllimin belə bir qabiliyyətinin
olmasını heyrət hissi ilə qarşılayıblar.
Dönə-dönə üzr istəyiblər və
sağollaşıb gediblər. Həbib
müəllimin bu sözləri indi də qulağımda səslənir.
Bədxahlar atamı bu yolla dolaşdırmaq istəyiblər.
Xosrov Axundov ömrünün 50 ilini Şuşada əhalinin
maariflənməsinə, savadsızlığın aradan
qaldırılmasına həsr etmişdi. İbtidai
sinif müəllimi kimi çox tələbkar olub. Xosrov müəllimin zəhməti hədər getməmiş,
onun şagirdlərindən çoxu tanınmış alim, bəstəkar,
müəllim, həkim, orqan işçisi olmuşlar.
Onlardan Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan
SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sədr müavini işləmiş Süleyman Vəzirov,
Azərbaycan SSR EA-nın həqiqi üzvü Validə Tutayuq,
kimya elmləri doktoru, professor Paşa Rüstəmov, kimya elmləri
doktoru, professor Əhəd Əliyev, kimya elmləri doktoru Sabir
Əliyev, filologiya elmləri doktoru Zeynal Tağızadə,
filologiya elmləri doktoru Əkbər Ağayev, filologiya elmləri
doktoru, professor Kamran Məmmədov, bəstəkarlardan
Süleyman Ələsgərov, Əşrəf Abbasov, Moskva
Hidromeliorasiya İnstitutunun elmi işçisi, texnika elmləri
namizədi Qabil İsmayılov və başqalarını
misal gətirmək olar.
Onun pedaqoji fəaliyyəti respublikada geniş
şöhrət tapmışdır. Təsadüfi deyil ki,
1948-ci ildə professor Əhməd Seyidov, akademik Mehdi Mehdizadə
Xosrov Axundova məktub yazaraq pedaqoji təcrübə və
xatirələrini yazıb instituta göndərməsini
xahiş etmişdilər. "Pedaqoji təcrübə
və mülahizələr"i adlı əsəri 2000-ci ildə
"Maarif" nəşriyyatı, 2-ci nəşri isə
2008-ci ildə Xosrov Axundovun anadan olmasının 120 illiyi ilə
əlaqədar "Adiloğlu" nəşriyyatında nəşr
olunmuşdur.
Xosrov Axundov pedaqoji fəaliyyətindən başqa
atası Mirzəli Aşiq kimi "Şaiq" təxəllüsü
ilə şeirlər yazmışdır. Görkəmli
yazıçı və şairlərdən Xurşidbanu Natəvan,
Mir Möhsün Nəvvab, Süleyman Sanı Axundov,
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov,
Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə,
Üzeyir bəy Hacıbəyovun Xosrov Axundova böyük təsiri
olmuşdur.
Xosrov
Axundov "Xatirələrim"də yazır:
- "Molla Nəsrəddin" jurnalı Şuşada əl-əl
gəzirdi. Bu jurnalın yayılmasında Mir Möhsün Nəvvabın
oğlu Mir İbrahim ağa Mirzadənin böyük rolu
olmuşdu. O, jurnalı gizli satırdı. Hər kəsin əlində jurnal görünsəydi,
onu "kafir" adlandırardılar. Həmin
adamı hamama buraxmaz, dəllək isə onun
başını, üzünü qırxmazdı. Bir gün Mirzə Cəlillə məscidə
yaxın olan qiraətxanaya gedirdik. Məscidin
qabağında bir neçə molla oturmuşdu. Mirzə
Cəlil onların qarşısından keçəndə salam verdi. Mollalar özlərini
eşitməzliyə qoydular. Biz bir qədər
aralandıqdan sonra "lənət kafirə", - deyə
Mirzə Cəlilə lənət oxudular. Qiraətxanaya
çatanda Mirzə Cəlil gülə-gülə dedi:
- Mirzə Xosrov, "Ölülər" əsərinə
görə mollaların və ruhanilərin məni görməyə
gözləri yoxdur".
Həmidə xanım çox ziyalı bir qadın idi. O, Şuşada toxucu sexi
açıb qadınların işləməsinə şərait
yaratmışdı. Sex Mirzə Cəlilin
yaşadığı binanın alt mərtəbəsində
yerləşirdi. Həmidə
xanımın xahişi ilə Xosrov müəllim Mirzə Cəlilin
oğlanları Ənvər və Midhətə həmin binada
dərs deyirdi.
Mirzə Cəlilin qohumlarından olan Musa Vəzirov
yazır ki, bir gün Mirzə Xosrov Mirzə Cəlilin
uşaqlarına dərs demək üçün onlara gəlmişdi. Bu zaman Mirzə Cəlil bizə
yaxınlaşıb dedi:
- Bu
müəllim yaxşı pedaqoqdur, onun dərs üsulu
xoşuma gəlir.
1919-cu ildə Həmidə xanım Məmmədquluzadənin
xahişi ilə Xosrov Axundov Mirzə Cəlilin
"Ölülər" və "Anamın kitabı" əsərlərinin
üzünü köçürmüşdü. Bu barədə
"Revolyutsiya i kultura" jurnalının 1-ci nömrəsində
Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil
haqqında xatirələrim"də və filologiya elmləri
doktoru Abbas Zamanovun redaktorluğu ilə nəşr olunan
"Cəlil Məmmədquluzadə" (məqalələr
və xatirələr) əsərində məlumat vardır.
Mirzə Xosrovun pedaqoji ustalığı onu Qarabağda
məşhur etmişdi. O, Xurşidbanu Natəvanın nəvələri Şəhla
xanıma, Mir Qafara, Əbülfətə, Soltana da dərs
demişdir.
Xosrov Axundov Qarabağın tarixini çox gözəl
bilirdi. Qarabağda baş verən tarixi hadisələr barədə
yazdığı "Xatirələr"i maraqlıdır.
Burada eyni zamanda, tarixi şəxsiyyətlər
və Şuşanın tanınmış ziyalıları barədə
də geniş məlumat verilir. Professor Əlyar
Qarabağlı vaxtilə Xosrov müəllim haqqında
yazmışdır: "C.Məmmədquluzadə və Həmidə
xanımla, Üzeyir bəylə və S.S.Axundovla şəxsən
dost olan Xosrov müəllim ümumiyyətlə Qarabağ,
xüsusən Şuşa haqqında ən
dərin məlumata sahib idi. Buna görə də
Şuşanın tarixi ilə maraqlananlar həmişə ona
müraciət edər və aydın cavab alardılar".
Xosrov Axundov 9 yaşında ikən atası ilə birlikdə
"Məclisi-üns"ə gedərdi. O, sonralar bu barədə
yazırdı:
- "Məclisi-üns" çox vaxt Natəvanın
evində toplaşardı və bəzən ziyafət şəklində
keçərdi. Baharda, yayda isə şairlər Xan
qızının bağına yığışardılar.
Bağda gül-çiçəklərə qərq
olmuş göy çəməndə Natəvan əyləşər
və məclisi idarə edərdi. Bu zaman
süfrə açılar, ləzzətli yeməklərdən
sonra çay hazırlanardı. Dərnək
üzvləri tam istirahətdən sonra bədiyyat məşğələsinə
başlayardılar. Birincilik qazananlara Natəvan
pul, libas və sair bəxşişlər verərdi.
Xosrov Axundov Mir Möhsün Nəvvabın "Məclisi-Fəramuşən"
ədəbi dərnəyinin fəal üzvlərindən biri
olub. Mir Möhsün Nəvvabla yaxın olmuş, onun
yaradıcılığını izləmiş, əsərlərini
bir yerə toplamışdır. Atası Mirzəli
Aşiq Mir Möhsün Nəvvabla yaxın dost olub, ədəbiyyata,
musiqiyə aid problemləri tez-tez müzakirə ediblər. 1913-cü ildə "Orucov qardaşları" mətbəəsində
nəşr olunan "Təzkireyi-Nəvvab" kitabında
100-ə yaxın şair barədə məlumat
yazılmışdır. Xosrov Şaiqin
"Ey vətəndaşlar, gəlin elm əxs edib aqil
olaq" misrası ilə başlanan şeiri də bu kitaba
daxil edilmişdir. Mir Möhsün Nəvvaba
həsr etdiyi "Şuşanın çayı"
poeması Xosrov müəllimin arxivində qorunub
saxlanılır. Xosrov Axundov
ömrünün son illərində qəzəl və
şeirlərini bir yerə toplamışdır.
1976-cı
ildə "Gənclik" nəşriyyatında Xosrov
Axundovun həyat və pedaqoji fəaliyyətindən bəhs
olunan "Mənalı həyat", 1992-ci ildə
"Yazıçı" nəşriyyatında isə onun
"Ömürdən səhifələr" adlı
kitabı işıq üzü görüb. Şuşanın
250 illiyinə həsr olunmuş "Şuşa" nəşriyyatı
tərəfindən 2001-ci ildə nəşr olunan
"Şuşa nəğmələri" kitabının I
cildinə Mirzə Xosrov Axundovun şeirləri daxil
edilmişdir.
Xosrov Axundovun "Şuşada yaşamış görkəmli şəxslərin xatirələri" (206 səhifə), "Şeirlər məcmuəsi" (171 səhifə), "Müxtəlif şeirlər" (21 ədəd dəftər) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
Bütün ömrünü Şuşada savadsızlığın ləğvinə həsr edən Mirzə Xosrov Axundovun adına Bakıda məktəb də var. Binəqədi rayonunda yerləşən 102 saylı məktəb 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1993-cü il tarixli, 516 №-li qərarına əsasən, görkəmli pedaqoq Mirzə Xosrov Axundovun adını daşıyır.
Onu da
deyim ki, bu il Xosrov Axundovun anadan
olmasının 130 illiyidir. Çox istərdim
ki, müvafiq təşkilatlar bunu nəzərə alaraq,
Şuşada savadsızlığın ləğvində fəal
iştirak edən bir qabaqcıl maarif xadimi kimi müəyyən
tədbir keçirilməsinə köməklik göstərsinlər.
Mehparə AXUNDOVA
AJB-nin üzvü
525-ci qəzet.- 2019.- 1 mart.- S.8.