Ölən kimdir, qalan kim?!   

 

NURİ BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA DÖRDÜNCÜ YAZI

 

 

 

“Bir zamanlar Anadoluda” ölənlər və olanlar...

“Hər yeni film mənə həyatımı necə idarə edəcəyimi öyrədir”- deyən Nuri Bilgə Ceylan “Üç meymun” filmindən cəmi 3 il sonra tamaşaçısı ilə görüşdü. Hər zamanki kimi yenə də fərqli mövzu, fərqli xarakterlərlə. Dəyişməyən isə məkan idi. Bir çox filmi kimi burada da Anadoluda baş verən hadisələr, Anadolu insanının yaşantısı mərkəzə gətirilmişdi.

Ssenarisini Ercan Kesal və Ebru Ceylanla birgə yazdığı “Bir zamanlar Anadoluda” filmi də insan taleləri və psixologiyası üzərində qurulub.

Ekran işi digər filmlərdən fərqli olaraq, dedektiv üsluba daha yaxındır. Baş rollarını Məhəmməd Uzunər, Yılmaz Ərdoğan və Tanər Birsəlin paylaşdığı film həkim Camalla (M.Uzuner) prokurorun 12 saat davam edən cinayət axtarışından bəhs edir. Əlbəttə, təkcə dedektiv əsər çəkmək və bir qatlı mövzuyla kifayətlənmək Nurinin tərzinə tamamilə yaddır. E.Kesalın həkim işlədiyi zamanlarda şahid olduğu hadisələr üzərinə yazılan ssenari, əslində, işin görünən hissəsidir. Görünməyən hissədə isə insan və ölüm dayanır.

Bir zamanlar Anadoluda bir cinayət işlənib və izləyici həkimlə, prokurorla birgə o cinayətin nəticəsini gözləyir, cəsədi axtarır. Amma o cəsəd tapılana, ölüm hadisəsi açılana qədər çox “cəsədlə”, çox “ölümlə” qarşılaşır. İlk “ölən” qatil Kənanın (Fırat Tanış) özüdür, məsələn. Onu öldürən xanımıdır, ən yaxın dostuyla xəyanət edərək. Sonra Kənan həmin xəyanət məsələsinə görə içkili halda ən yaxın dostunu öldürərək qatil olub. Prokuror Nüsrətin (T.Birsel) özü də həyat yoldaşına, filmin əvvəlindən bəhs etdiyi o gözəl qadına xəyanət edərək ölümünə səbəb olub.

Bir də fiziki yox, mənəvi ölümlər var. O ölümlər ki, “sahibini” yox etmir, amma var olmasına da imkan vermir. Məsələn, atasının Kənan olduğu deyilən o kiçik uşaq hələ həyatının başında, ömrünün ilk illərində ölüdür artıq. Ən böyük, ən ağrılı və ən ədalətsiz ölüm də elə onun qismətinə düşüb.

Qanlı cinayət hadisəsinin tam ortasında qoltuğundakı qovunların, almaların dərdinə düşən Ərəb Əli (Əhməd Mümtaz Taylan), yenə ölümü, cəsədi vecinə almayıb “qatıq”dan danışan polislər, hadisə, onun yol açdığı mənəvi və psixoloji sarsıntıların heç biriylə maraqlanmayıb sırf texniki məsələlərə diqqət ayıran komissar Naci (Y.Erdoğan), özünün mənfəətindən başqa heç nə düşünməyən kəndxuda (E.Kesal), görəcəyi işə çox soyuqqanlı yanaşan, “normal” baxan ekspertiza işçisi Şakir (Kubilay Tunçer) mənəvi cəhətdən çoxdan ölüblər. Beləliklə, “Bir zamanlar Anadoluda” ölü də çoxmuş, qatil də...

Sözügedən filmdə N.B.Ceylanın dünya klassiklərindən təsirlənmələri açıq-aydın görünür. Bəzi film tənqidçiləri bu filmi Tarkovskinin “Stalker”indən birbaşa köçürmə adlandırsa da, xoşniyyətli olanlar bunu təsirlənmə olaraq dəyərləndiriblər. Xüsusən, alma və itlə bağlı səhnələr Nurinin sevimli rejissorunun təsirindən çıxmadığını, hətta zamanla bu təsirin onun yaradıcılığında özəl tərzə çevrildiyini göstərir.

Müsahibələrində ən sevdiyi yazarlardan birinin A.Çexov olduğunu və filmlərində, ssenarilərində onun hekayələrindən təsirləndiyini etiraf edən rejissorun bu filmində də o təsirlənmə yox deyil. “Bir insan başqasını cəzalandırmaq üçün intihar edərmi?” sualı isə bu təsirin ən aydın göründüyü məqamdır.

Bu film 2011-ci ildə 64-cü Kann festivalında böyük mükafat “Qızıl Palma” uğrunda yarışacaq filmlər siyahısına daxil olub ikinci böyük mükafatı - “Qran-Pri”ni qazandı.

“Qış yuxusu”na gedənlər

Onun filmləri haqqında “dialoqlar yoxdur” deyənlərə “Bir zamanlar Anadoluda” filmindəki nisbətən uzun və fəlsəfi dialoqlarla cavab verən rejissor 2014-cü ildə çəkdiyi “Qış yuxusu” filmində bunu daha da çoxaldır. Qış Ceylanın filmlərində tez-tez xatırladığı, müraciət etdiyi fəsildir. Sanki müəllif bununla insan ömrünü soyuq, kasıb, bivec qışa bənzədir. Amma bu qış davamlı xarakter almır. Gah yaz gəlir, gah çiçəklər açır, gah külək əsir, gah günəş gülümsəyir, gah da yarpaqlar sarı, narıncı donlarıyla təbiətə rəng qatır. Yeni ekran işində isə bunların heç biri yoxdur. Təbiət sanki qışa təslim olub, filmin qəhrəmanları kimi...

Burada da məkan Anadoludur. Kapadokiyada atasından qalma otelçilik biznesini davam etdirən, yerli qəzetlərə məqalələr yazan, “Türk teatrının tarixi” kitabını yazmağı arzulayan keçmiş aktyor Aydın (Haluk Bilginer) burada gənc xanımı Nihal (Melisa Sözen) və ərindən boşanmış bacısı Necla (Demet Akbağ) ilə birgə qalır. Öz dünyasına qapılan, bəzi hallarda isə özünü dünyanın mərkəzi hesab edən Aydının xarakterindən gələn eqoist davranışları onun doğmaları arasındakı tənhalığını şərtləndirir. Baş verənlərə fəlsəfi psixoloji baxımdan yanaşan keçmiş aktyor mühitin problemlərindən kənar qalmaq yolunu seçir. Ancaq o, özünə və doğmalarına necə bir problem yaratdığının fərqində deyil.

Sinfi ayrı-seçkilik, sosial təbəqləşmə uzaq Anadolunun kiçik rayonundan belə yan keçmir. Yaradıcı insan olaraq, hadisələrə daha həssas yanaşması gözlənilən zamanlarda Aydının atasının keçmişdə kirayə verdiyi evdə yaşayan kasıb ailəyə qarşı biganəliyi, bəzən isə “mədəni qəddarlığı” filmin fabulasını yaradır. Həmin ailənin başçısı, keçmiş məhbus, indi isə içkiyə qurşanıb işsizlikdən və təbii ki, pulsuzluqdan əziyyət çəkən İsmayıl (Nejat İşlər) pullu, mədəni Aydından fərqli olaraq, daha vicdanlı və qürurludur. Hiss olunur ki, dünyadakı milyardlarla insan kimi o da taleyin qurbanlarından biridir. İsmayıl və onun zavallı ailəsi cəmiyyətin zorakılığa məruz qalan zümrəsinin filmdəki modelidir.

Aydının özünə vurğunluğu həm həyat yoldaşı, həm də bacısı ilə arasında uçurumlar yaradır. Onun xanımı ilə münasibətində yaş faktoru da öz sözünü deyir. O, özünü nə qədər yüksək görsə də, əslində, daxilində bir kompleks daşıyır. Buna görə də Nihala güvənmir, onu qısqanır, onun gördüyü işləri yenə də mədəni şəkildə aşağılayır. Bu isə qadının qürurunu sındırır, onda özünəinamsızlıq yaradır və ağıllı qadın olan Nihal bunun ağrısını özünə deyil, ərinə çəkdirir, susmur, üsyan edir. İzləyicinin belə ümidini kəsdiyi Aydının nəticədə Nihalın diqtəsiylə səhvlərini görməsi insanlığın qələbəsi kimi səciyyələndirilə bilər. Qadın ağlının, qadın həssaslığının quru, eqoist kişi üzərində qələbəsini tarix boyu ədəbiyyatda və sənətdə çox görmüşük.

67-ci Kann festivalında nəhayət ki, “Qızıl Palma” qazanan bu filmdə Ceylan iki ailənin timsalında sanki bir dünyanı təsvir edir və əsrlərin bəlasına çevrilən sosial bərabərsizliyin gətirib çıxardığı, gələcəkdə də səbəb olacağı problemləri psixoloji dramda özünəməxsus tərzdə əks etdirir. 

“Əhlət ağacı”nın rəngsiz meyvəsi...

N.B.Ceylanın kinomatoqrafiyadakı hələlik son hadisəsi “Əhlət ağacı”dır. 2017-ci ildə çəkilən film illərdən bəri istər ədəbiyyatda, istərsə də sənətdə işlənən və ən müxtəlif tərzdə yozumlanan mövzuları özündə cəmləyir. Bunların başında atalar və oğullar problemi durur. Ondan başqa, eşq, ayrılıq, cəmiyyətdəki tənhalıq, özünü tapmaq və ya özünü təsdiqləmək cəhdləri, din, mənəviyyat, qohumluq əlaqələri, kiçik insanın böyük dünyaya can atışı kimi psixoloji və mənəvi duyğular filmin ana xəttini şaxələndirir.

Baş qəhrəman Sinan Qarasu (Aydın Doğu Dəmirqol) universiteti bitirib məmləkətinə geri dönür. O, özünün ilk kitabını çap etmək arzusundadır. Onu dünyada bundan başqa maraqlandıran heç bir mövzu yoxdur. Gənc yazıçının birinci uğursuzluğu da burada başlayır. O, doğulub-böyüdüyü kəndə belə yaddır, biganədir.

Birinci mübarizə apardığı isə atası İdrisdir (Murad Cemcir). İdris məğlub olub taleyilə barışmış insanların ümumiləşdirilmiş obrazıdır. Gəncliyində sonsuz xəyallarla, ideallarla yaşayan adam sonralar bunların hamısının xəyaldan başqa bir şey olmadığını, cəmiyyətin ondan fərqli düşünənə “dəli”, “dəyişik” damğasını vurduğunu gördüyündən “öz qınına” çəkilib. O, bu dünyada təkdir, yalnızdır. Ancaq bu yalnızlıq bədbəxtliyindən yox, vecsizliyindən qaynaqlanır. Axına qarşı gedə bilməyəcəyini anlayan İdris onu vecinə almamağın yolunu seçib. Oğlu Sinan da daxil olmaqla, kimsə onu anlamasa da, o, oğlunu yaxşı anlayır. Onun cəmiyyətdə fərqlənmək arzusunu başa düşür, amma bu arzunun özü belə ona boş və gülməli gəlir.

Buradakı quyu seçimi Orxan Pamukun “Qırmızı saçlı qadın” romanını yada salır. Nəsillərarası savaş və bunun quyuyla mənalandırılması hər iki əsəri bir-birinə yaxınlaşdırır. O.Pamukun romanında atanın ölümünə səbəb olan quyu, burada Sinanın arzularının, xəyallarının axır mənzili kimi xarakterizə olunur.

Yenə də Tarkovski izi... Burada “Stalker”i yadımıza salan İdrisin sadiq itidir. “Bircə bu it məni mühakimə etmir”- cümləsi filmin ən kədərli və ən səmimi cümlələrindən biridir. Amma insan ən çox sevdiyiylə sınağa çəkilirmiş. Sahibini hər kəsdən yaxşı anlayan, onu cəmiyyətə qarşı öz sevgisiylə qoruyan it- İdrisin son güvənc yeri birdən-birə qeyb olur. Əvəzində isə Sinanın universitet illərindəki müşahidələri əsasında daxili monoloqlar şəklində qələmə aldığı “Əhlət ağacı” romanı “peyda olur”. Yabanı armud, ya da “çaqqal armudu” kimi tərcümə olunan bu ad kitabın uğursuz gələcəyinin “ilk müjdəçisi” idi. Belə ki, mağazada satılmağı bir yana, öz ailəsinin içərisində Sinanın atasına qarşı həmişə qoruduğu, bu kitabı üzdə həsrətlə gözləyən anası, bacısı belə oxumurlar. Əsərin ilk və tək oxucusu isə Sinanın heç zaman bəyənmədiyi atası olur... Sinanın atası haqqında anasına dediyi “belə işəyaramaz adamla niyə evləndin ki?” sualına anası Asumanın (Bennu Yıldırımlar) verdiyi “bir daha evlənsəm, yenə onu seçərəm” cavabı tipik türk qadınının ümumiləşmiş obrazını əks etdirir. Kənd qızı Xədicə (Hazar Ərgüclü) isə həmin tipik qadınlardan deyil. O, qadınlar üzərindəki ənənəvi təzyiqə üzdə boyun əysə də, daxilindəki üsyan onu rəngli xarakterə çevirir.

Sinanın məşhur yazıçı Süleymanla (Serkan Keskin) dialoqu keçmişin müasirlik üzərindəki hələ də davam etməkdə olan hökmranlığını göstərir. Eləcə də iki axundun söhbətləri Anadoludakı dini düşüncələri simgələyir. Onlar hərəsi ayrı dini baxışa sahibdirlər. Qəhrəmanımızın isə din vecinə də deyil.

Digər filmlərdə olduğu kimi, Anadolu mühitini və insanını mərkəzə çəkən ekran işi bəşəri ideyalarla zəngindir. Bu da kiçik çərçivəyə böyük mətləbləri yerləşdirə bilən rejissorun daha bir uğurudur. Yeni filmlərdə görüşənədək...

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2019.- 16 mart.- S.19.