Şənbədən qalan qorxu

 

 Romandan parça

 

 

 

Hər şey bu şoran torpaqların əbədi sahibi kimi mürgülü sakit idi. Bürkülü yay öz yerini asta-asta payıza təhvil verirdi. Safucada avqustun qorabişirən istisi ilə həyat günortalar ölürdü. Kənd camaatı gün əyiləndən sonra evdən çıxır, yarımçıq işlərini davam edirdi.

 

Stalin ilan mələyən rəməlikdə keçmişindən yuxularından qopub gələn İbrahimlə yalnız qalmışdı. Onun üçün dünyanın qaraldığı şənbə günü elə bu torpaqlarda yaşanmışdı. Kölgəsinə möhtac qaldığı dağdağan ağacı ona əzablarının başladığı günü xatırladırdı. Kimsəsiz çarəsiz halda İbrahimin illərdən bəri təkrarladığı cümlələrə qulaq asırdı:

Qırmızı yaşıldan zəifdi. Mavi hamısından böyükdü. qara hər üçünü öldürə bilər. Ondan ehtiyatlı ol!”

Gözlərini yumub açır, başını çevirir, əllərini suvax kimi üzünə çəkir; xeyri yoxdu. İbrahim Stalininlənətlənmiş şənbəadını qoyduğu günü ona yenidən yaşatmayınca gedəsi deyil. budur, hər şey təzədən başlayır. On zirehli “UAZ” Goran çayından Murova burulan yola çıxır. O, bu maşınlardan birindədir. Ucu-bucağı görünməyən şoran torpaqlar sağında, traktor qadınlar işləyən pambıq tarlaları solunda qalır. Stalin indi daha narahatdı. Bu yerlər onu öz adət-ənənəsi ilə, inancı ilə həmişə qorxudub. Addımbaşı budaqlarına ip bağlanmış dağdağan ağacları, tez-tez rast gəldiyi nəzir ocaqları, qaraçıları və qaval çalan şamanları Stalinin canındakı qorxunu paraşüt  kimi açır, tər alnından çay kimi axırdı. İllərdi bu adamların içindən çəkib çıxara bilmir inanclarını. Bu tərəflərin mədəniyyəti başqadır. Onun gözündə buralar Qafqaz deyil, Qafqaz onu bu qədər qorxutmurdu. Əlacı olsa, bu vilayəti imperiyanın xəritəsindən çıxarar, yerində də göl salar. Nə təəssüf! Adəm dünyaya düşəndən  bu torpaqlarda şamanlar, bir də qaraçılar yaşayır. Qaradəniz bölgəsindən Murova qədər özünü yormuş osmanlılar da Safucada qala bilmədi. Kənd əhalisi türklərdən, tatlardan  və qaraçılardan ibarətdir. Hələ axtarsan şaman da tapardın. Torpağında dağdağan ağacından başqa heçboy verməyən, düzündə ilan mələyən, dağında vəhşi qabanların gəzdiyi Safucaya gələnlər havasına bir saatdan artıq dözə bilməzdi. Stalin həmişə Gəncəyə və Tiflisə buradan keçməyə məcbur olurdu. Nə qədər sevməsə də Safucanı, bu şoran torpaqlar ona hava-su kimi lazım idi. Yaxşı bilirdi ki, böyük imperiyanın sərhədləri daxilində buradan gizli, buradan əlverişli ikinci bir vilayət yoxdu. Bütün SSRİ-nin dünyaya meydan oxumağa cəsarətləndirən o mühüm bazası bu torpaqlarda - Safucadadır. Maşınlar iki dərənin arasında əyləndi. Stalin düşdü. Əllərini istidən qovrulan torpağa dayayıb dizləri üstədayandı. İki addım uzaqdakı dağdağan ağacının maşınlara tərəf uzanan budağına düyün edimiş şallar bayraq kimi dalğalanır, onların sərinliyini isə ancaq Stalin hiss edirdi. Böyük darvazaların açılmasını əmr etdi. Toz və qulaqbatıran səs-küy özünü torpaqdan xilas edincə gurultu qopdu.

Buyurun!”

Gözlərini açdı. İbrahim yoxdu. Yaxşı ki, tez getmişdi, yoxsa yenə o bədbəxt günü sonacan xatırlamağa məcbur qalacaqdı. Safuca bu aylarda o qədər isti olur ki, daş üstə yumurta qırsan, qayğanaq olacaq. Moskvanın soyuğuna elə öyrəşmişdi ki, indi bu istilər onu boğur, tərin içində qıvrılırdı. Uşaqlığını keçirdiyi Qafqaz da belə deyildi. Uzaqda görünən kəndə getmək onu həm yorar, həm də qorxudardı. Yetmiş üç il idi, həmin şənbənin fəlakətindən sağ çıxan dağdağan ağacının altında səfil həyat sürürdü. Həyatını məhv edən o qədər çox adam, o qədər çox hadisə var idi ki, unuda bilməzdi. İbrahim əvvəllər yuxusunda, indi isə ruh kimi qarşısında dayanıb eyni bədbəxtliyi ona danışmaqdan yorulmurdu. Stalin öz qorxuları iləbu rəmə torpaqlarda təkbaşına qalmışdı və ölə bilmirdi. Dəfələrlə özünü Murovdan qayıdan hərbi maşınların altına atmaq istəsə də, İbrahim mane olmuşdu. İllər idi, əzab çəkər, hirsindən var gücü ilə dağdağan ağacını yumruqlayar və təngənəfəs olub  yıxılırdı. Safucaya girə bilmir, kəndin adamlarından və ağaclarından qorxurdu. Safucada hər kəsin ondan xəbəri var idi. Səhərlər kənd adamları yolun kənarındakı bulağın yanına çörək, meyvə qoyurdu ki, Stalin götürsün. Hər kəsin yazığı gəlirdi ona. Neçə dəfə kəndin çobanları onu qaraçıların əlindən qurtarmışdı.

Keçmişi ondan əl çəkmir, yuxuları ona əzab verirdi. Özündən sonra iqtidara keçənlər onu axtarmamışdı, imperiya dağıldıqdan sonra isə adı kitablarda qaldı. Yüz qırx iki yaşlı keçmiş generala İbrahimdən başqa heç kim sadiq olmadı. Günahları və günahlarının cəzası İbrahimdən başqa heç kim. Bəlkə də qorxularını yenib kəndə tərəf keçsəydi, İbrahimdən də, yaşamaqdan da qurtulardı. Qoridən Safucaya qədər keçən qəribə ömrünü elə bu şoran torpaqlardaca bitirərdi. Bacarmırdı. Asvaltı o yana keçə bilmirdi. Bulağın yanına gəlib kəndə baxar, dağa tərəf boylanar, bulağın yanındakı torbaları götürüb qayıdardı ağacın altına. Beləcə, yetmiş üç il keçirmişdi.

Günlərdən bir gün Safucadan güzgülərinə qırmızı lent bağlanmış maşınlar asfalta çıxdı. Siqnal verir, bir biri ilə yarışır, hərdən gəlin maşınına yol verirdilər. Stalin qırmızı rəngdən qorxurdu. Həmin şənbədən sonra qırmızı rəng onu hürküdür, vicdanını ağrıdırdı. O, bazada baş verənləri yenidən xatırlmamaq üçün tez gözlərini maşınlardan çəkdi. Havaya açılan atəşin səsi onu yenidən həmin nöqtəyə geri qaytardı. Səs maşın karvanından gəlirdi. Atəş açan adamın qiyafəsi Stalinə tanış idi. Maşının pəncərəsindən qurşağacan çıxıb dalbadal  atəş açdı. Bir azdan sakitlik rəməyə öz vahiməsi ilə geri qayıtdı. Ayaqlarının arasından gürzə sürüşüb keçdi, dostlaşmışdı ilanlarla, qorxmurdu. Ağaca tərəf çevriləndə İbrahimi gördü və qulaqlarını yarım əsrdən çoxdu ki xilas etməyə çalışdığı cümlələri yenidən eşitdi:

“Qırmızı yaşıldan zəifdi. Mavi hamısından böyükdü. Və qara hər üçünü öldürə bilər. Ondan ehtiyatlı ol!”

Üzünü kəndə çevirdi. İbrahimi eşitmək, görmək, onu və həmin şənbəni xatırlamaq istəmirdi. İbrahim arxasında qaldı və susdu. Asvalt yoldan bulağa düşən üç qıza gözlərini kilidləyib dayandı. İbrahim getmişdi. Onu eşitmirdi. Qızlardan ən hündürünə baxırdı. Güldükcə inci kimi dişləri parıldayır, gözləri qıyılır, qəmzəli olduğu uzaqdan da seçilirdi. Qırmızı yaylığın altından kürəyinə düşən qara saçları küləyə güc gələ bilmirdi.

“Və qara hər üçünü öldürə bilər!”

Uzun, yaşıl donu bədəninə yapışmışdı və belinin, yançaqlarının, ayaqlarının incəliyini təsəvvür etməyə imkan verirdi.

“Qırmızı yaşıldan zəifdi!”

Donun qollarını dirsəyinə qədər çəkmiş, sağ biləyindəki mavi qolbağı boş bağlamışdı.

Mavi hamısından böyükdü!”

“Əl çək!” qışqırıb özünü yerə atdı. Qızlar Stalinə tərəf baxdılar, yerdə çabalayan Stalini tanıyırdılar, onun dəli olduğunu xatırlayıb çevrildilər. Başını əllərinin arasına alıb uşaq kimi ağlayırdı. İbrahim yanında çöməlib saçlarına sığal çəkdikcə keçmişin ağırlı xatirələri istidən daha çox dilxor edirdi. Onu qovmağa çalışsa da, qoca inadkar idio, ayağa qalxana qədər yanından ayrılmayacaqdı. Qızlar isə İbrahimi görmürdü. Yerdə uzanan və əllərini tez-tez havada oynadan Stalinə baxıb gülüşürdülər.

Allahın yerə yaxın olduğu günlər idi. Safucada külək əsir, hərdən yağış yağır, Murovun canındakı sərinlik bu kəndə də keçirdi. Dağdağan ağaclarına bağlanmış şallar dalğalanır, sanasan, bayraqlardı, Allaha təslim olan kəndi Murova göstərir. Yağışdan sonra torpağın qoxusu Stalinə uşaqlığını - Qorini xatırladır, amma çox keçmir, üzərinə şığıyan xatirə seli yenə kefini pozurdu. Bütün yadında qalanların son ucu həmişə İbrahimə dayanırdı. Həmin günə, o şənbəyə, bazadakı sui-qəsdə. Sui-qəsd haqqında xatırladıqları da İbrahimin hər gün təkraraladığı cümlələrin içində qalmışdı. Qocalığı, gücsüzlüyü hər gün bir az da artır, ölmək üçün lazım olan hər şeyi yaşayır, təəssüf ki, ölmürdü. Hər kəsin yadından çıxmış, öz Stalin hirsini unutmuş, qəzəbi və böyüklüyünü Moskvada qoyub gəlmişdi.

Bulağın yanında tormoz verən maşına baxdı və həftələrdi hər gün gördüyü mavi qolbaqlı qızı yenə gördü.

Mavi hamısından böyükdü!”

“Rədd ol!”

Maşın Murova tərəf yoluna davam elədi, qız isə Safucaya gedən ara yola çıxdı. Stalin havada Bütün dağdağan ağaclarına bağlanmış şallara inad qara olanMurova tərəf deyil, ona - məhz altında “ev” saldığı dağdağan ağacına tərəf əsən saçlarını film kadrı kimi izləyib gülümsədi. Yetmiş üç il sonra ilk dəfə idi, üzündə təbəssüm göründü və qəddarlığı gözlərində parıldadı. Qulaqlarında sovet marşı gurladı, qırmızı bayraqların altında Berlinin fəthini düşündü. Havadakı qırıcılar, divarları əzib keçən tanklar, əzmi qırılmayan sovet ordusuo - Stalin. Və onun möhtəşəm gücü - Safuca bazası. Silahlar, raketlər, maşınlar, işləyən fəhlələr, İbrahim, sui-qəsd... Qulağını batıran siqnal səsinə dözməyib dizlərini yerə atdı. Getdikcə daha şiddətli ağrıyırdı qulaqları. Siqnal səsi haradansa, lap uzaqdan yavaş-yavaş ona yaxınlaşır və çatdıqca daha yaxşı eşidilirdi. Qulaqlarını tutub gözlərini qıydı, qışqırıb canını qurtarmaq istədi. Asvaltdan uzaqlaşmış mavi qolbaqlı qız arxaya çönüb Stalinə baxdı və güldü, yenə dümağ dişləri Safucadan Stalinə xəfif bir rahatlıq gətirdi. Əllərini qulaqlarından çəkdi, gözlərini açdı. Barmaqları küləyin dizlərinin arasına soxuşdurduğu islaq qəzet parçasına toxundu. Ağır-ağır başını aşağı saldı. “Pravda” qəzetinin 1946-cı il, 11 may buraxılışı idi. İbrahim dağdağan ağacının altında torpağı eşəliyirdi, rəmə sakit idi, Safuca da. Külək dayanmışdı, yağış kəsmişdi, Allah nəfəsini içinə çəkib gözləyirdi. Qəzetin ilk səhifəsini oxumaq istədi, yarım əsrdən çoxdu ki, heçoxumurdu, gözləri hərfləri seçmədi. Sonra təsbeh dənələri kimi yığıldılar sətirlərə.

“Cəlil Məmmədquluzadənin “Safuca” hekayəsi Stalini qorxutdu!”

Hər şey yenidən başladı, deyəsən...

İbrahimə baxdı: o, hələ də torpağı eşirdi.

 

Rəvan CAVİD

 

525-ci qəzet.- 2019.- 16 mart.- S.17.