Bakı Milli Geyim Evi 10 yaşını qeyd etdi

 

 

Martın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim evinin "Ənənədən gələcəyə" adlı dəfiləsi keçirilib.

 

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər media orqanlarının əməkdaşları iştirak ediblər.

Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim edilib.

Bildirilib ki, hər il Novruz bayramından əvvəl Bakı Milli Geyim evi ənənəvi olaraq "Ənənədən gələcəyə" adlı bu layihəni həyata keçirir. Dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 30-dən çox qadın, kişi uşaq geyimləri nümayiş olunur. Geyimlərin hər biri əl işidir geyim evinin kollektivi tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, bir neçə ildir, bu layihə ilə yanaşı, Bakı Milli Geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənir. Qeyd edilib ki, Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür.

Dəfilədə qız və oğlanlar milli geyimləri "Sarı gəlin", "Azərbaycan maralı" və "Laçın" xalq mahnılarının, Ü.Hacıbəylinin "Arazbarı" ritmik muğamı, Q.Qarayevin "Yeddi gözəl" baletindən valsın sədaları altında rəqs edərək nümayiş etdiriblər.

Gecədə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq" teatr studiyasının balaca üzvləri və eləcə də tanınmış incəsənət nümayəndələri də milli geyimlərdə səhnəyə çıxıblar. Balacaların milli geyimdə mahnı oxuyaraq rəqs etməsi dəfiləyə xüsusi rəng qatıb.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Dəfilədən məmnunluğunu ifadə edib, çəkilən zəhmətə və yüksək şəkildə, incəliklə hazırlanmış geyimlərə görə Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli başda olmaqla, bütün kollektivi və dəfilə iştirakçılarını təbrik edib.

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova artıq on ildir Könül Vəlibəylinin bütün çətinliklərə rəğmən Azərbaycan milli geyimlərini həm ölkə daxilində, həm də ölkə xaricində layiqincə təmsil etdiyini, tanıtdığını və sevdirdiyini vurğulayıb. Bakı Milli Geyim Evinin bu sahə üzrə Azərbaycanda ən öndə moda evi olduğunu deyən F.Xələfova bir neçə fotossesiyalarında məhz bu geyim evinin paltarlarından istifadə etdiyini də xatırlayıb.

Gecədə iştirak edən müğənnilərdən Yaşar Yusub, Ayaz Qasımov, aparıcılar Lalə Azərtaş, Saleh Bağırov və başqaları çıxış edərək Azərbaycan milli dəyərlərinin təbliğində milli geyimlərinin önəmi vurğulayıb, müəyyən zamanlarda öz səhnə kostyumlarının, milli geyimlərin hazırlanmasında Könül Vəlibəyliyə, Bakı Milli Geyim evinə müraciət etdiklərini deyiblər.

Sonda çıxış edən Bakı milli geyim evinin təsisçisi və direktoru Könül Vəlibəyli 2009-cu ildən bəri fəaliyyət göstərdiklərini, bu on ildə qazandıqları uğurlardan danışıb, hər zaman yanlarında olan, onları dəstəkləyənlərə və dəfilə iştirakçılarına minnətdarlığını bildirib. O, bundan sonra da Bakı Milli Geyim Evi olaraq, Azərbaycan milli-mənəvi dəyərlərini yaşadacaqlarını, Azərbaycanın zəngin keçmişini ölkə xaricində təmsil edəcəklərini, bu keçmiş dəyərləri "Ənənədən gələcəyə" şüarı altında gələcək nəsillərə ötürəcəklərini vurğulayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 19 mart.- S.8.