Elm, texnologiya və innovasiyaların təhsilə
inteqrasiyası zamanın başlıca
çağırışıdır
Məqaləyə başlığı sual şəklində də seçmək olardı, yəni aparılan islahatlar, axtarışlar, qəbul edilən qərarlar, icra olunan layihələr ölkəmizdə təhsilin inkişafına, onun əsas pilləsi sayılan orta ümumi təhsilin ehtiyaclarına hansı səviyyədə yönəldilir, yönəldilirsə, bunun təhsilin inkişafına verdiyi fayda bizi qane edirmi, qane etmirsə, necə edək ki, bugündən belə bu işləri lazımi istiqamətdə apara bilək.
Hər
hansı bir məsələyə sual şəklində
yanaşma müəyyən mənada qıcığa səbəb
ola bilir. Bu, təbiidir.
Hər kəs ona tapşırılmış
işə məhz onun cavabdeh olduğunu
düşünür. Nəsə
alınmırsa, lazım olan məqamda bu cavabdehliyə görə
onun məsuliyyət daşıyacağını zənn edir.
Təbii ki, bu, olduqca bəsit bir yanaşma və
düşüncədir. Əgər cəmiyyətdə
çoxtərəfli münasibətlər varsa, istənilən
hadisə və ya oyunun, ictimai əhəmiyyətə malik
proseslərin iştirakçısı olan hər kəs
öz roluna uyğun məsuliyyət daşıyır. Səhnədə,
bədii əsərdə, sənət nümunəsində
kiçik və böyük rollar, obrazlar, detal və
ştrixlər yalnız öz tutumuna görə kiçik və
böyük hesab oluna bilər, əslində isə onların
hamısı müəllifin ümumi ideyasının ifadəsinə
xidmət edən məqamlardır. Həyatda da
eynilə belədir. Cəmiyyətin ümumi
maraqlarından, ümumi ictimai proseslərdən kənarda real
insan konsepsiyasına, zaman və cəmiyyətə, şəxsiyyət
və cəmiyyətə düzgün baxış
formalaşa bilməz. Sivilizasiyalar boyu
yaradılan nə varsa, hamısı cəmiyyətlərə
məxsus ortaq dəyərlər kimi ortaya çıxıb,
tarixin malına çevrilib.
Bizə elə gəlir ki, hər hansı bir dahi
yaşadığı zamanın problemlərinin dahiyanə həllə
ehtiyacından dahiyə çevrilib. Necə ki erkən orta əsrlərdə
birlik, cəsurluq və cəngavərlik
çağırışları altında “Kitabi-Dədə
Qorqud” və ona bənzər Avrasiya qəhrəmanlıq
eposları yarandı, Orta əsrlər
Azərbaycan İntibahının zirvələri hesab etdiyimiz
Nizami, Nəsimi, Füzuli və onların adıyla
bağlı ruhsal cərəyanlar formalaşdı, Avropada Jan
Jak Russonun yeni insan fəlsəfəsi, Rusiyada Karamzin və rus
masson dərnəklərinin təbliğ etdiyi daxili insan
konsepsiyası formalaşdı. 18-ci əsrdən
başlayaraq, Avropa və Rusiyada təhsilin
inkişafının özülündə duran prinsiplər məhz
klassisizm, maarifçilik, sentimentalizm, romantizm və realizmin
kanon və ideyalarından bəhrələndi.
Yüzilliklər boyu cəhalət və zülm içərisində
çabalamış Rusiyanı 18-ci əsrdə fövqəl
dövlətə çevirən I Pyotr və II
Yekaterinanın təhsil siyasəti mütərəqqi Avropa təhsil
modelinin məhz Rusiyada tətbiqinə, bu ölkədə
Derjavin, Puşkin, Tolstoy və Dostoyevski, Çexov kimi
dühaların yetişməsinə və dünya əhəmiyyətli
böyük ədəbiyyatın, dünyanın dərkinə
və ictimai-nəzəri-fəlsəfi düşüncənin
təkamülünə, Şərq-Qərb, roman-german və
slavyan-yunan, avrasiyaçılıq, qərbçilik, hətta
türkçülük ideyalarının məhz bu ölkədə
yaranmasına meydan açdı. Bu inkişafdan
bizim maarifpərvər ziyalılarımız da bəhrələndi.
Elə hesab edirik ki, Mirzə Kazım Bəy, Mirzə Fətəli
Axundzadə, Abbasqulu Ağa Bakıxanov, İsmayıl Bəy
Qutqaşınlıdpn sonra formalaşmış Azərbaycan
ziyalıları nəsilləri, o cümlədən, milli
kimliyimizin müəyyən olunması,
türkçülük ideya və ideallarının
formalaşmasında misilsiz rol oynamış Əli Bəy
Hüseynzadə, Əhməd Bəy Ağaoğlu və ən
nəhayət, Qori seminariyasında müəllimlik etmiş və
təhsil almış yüzlərlə soydaşımız,
bugünkü müstəqil Azərbaycanımız və
müstəqil ölkənin vətəndaşları olan
insanlarımız öz köklərindən uzaq düşmədən
inkişaf üçün zaman-zaman şanslı olmuşlar. Dərinə getsək, görürük ki, mütərəqqi
Avropa nəzəri-ideoloji cərəyanları, ədəbiyyatı,
mədəniyyəti və təhsili öz təməl
prinsiplərini Şərq dəyərləri üzərində
qurmağı bacarıb. Yəni
Orta əsrlər Şərq və Azərbaycan poeziyasına və
fəlsəfəsinə xas olmuş sufizm ideyaları,
düşüncə tərzi sonradan Avropa tərəfindən
məharətlə transformasiya edilərək, mənimsənilibdir,
əslində, istər daxili insan konsepsiyasının, istərsə
də bundan irəli gələn massonçuluq
ideyalarının, sentimentalist təsvirin, Lev Tolstoya məxsus
“qəlbin dialektikası”nın, Müsse, Höte, Lermontov və
Dostoyevski psixologizminin kökündə sufizm ideyaları
dururdu. Şükürlər
olsun ki, Şərq xarakterini və dəyərlər məcmusunu
özündə ehtiva edən Azərbaycan insanı Avropa və
Rusiya təhsil məkanına transformasiya olunmuş, müxtəlif
milli ideyalar və maraqlar, dini cərəyanlar hesabına zənginləşmiş
bu elmi-mədəni sıçrayışların içində
ola bilmiş və bundan faydalanmışdır...
Belə
olmasaydı, Nizami Gəncəvi “Xəmsə”sindən,
Füzulinin “Leyli və Məcnun”undan və “Şikayətnamə”sindən,
Molla Pənah Vaqif və Cavad Xan taleyindən, Mirzə Fətəli
əlfbasından və komediyalarından, Nəcəf Bəy Vəzirovun
faciələrindən, Seyid Əzim şeiriyyatından, Mirzə
Cəlilin hekayələrindən və “Molla Nəsrəddin”dən,
Hüseyn Cavidin mənzum faciələrindən, Nəriman Nərimanovun
siyasi və ədəbi portretindən, Yusif Vəzir Çəmənzəminlinin
oçerk və romanlarından, Səməd Vurğunun “Azərbaycan”
şeirindən, Mirzə İbrahimovun “Gələcək
gün” romanından, Heydər Əliyevin azərbaycançılıq
ideya və duyğularından, siyasi məktəbindən,
Üzeyir Hacıbəylinin ölməz operalarından, Səttar
Bəhlulzadə, Tahir Salahov və Toğrul Nərimanbəyov
tablolarından, Vaqif Mustafazadənin cazından, İsmayıl
Şıxlının “Dəli Kür”ündən, Anarın
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən,
Sabir Rüstəmxanlının “Ömür kitabı”ndan və
yüzlərlə digər tale kitablarımızdan, izlərimizdən
boylanan bir tale yaşaya bilməzdik... Bəzən bizə elə
gəlir ki, bütün bu tale kitablarını və tale yollarını
bir məcraya və bir məxrəcə gətirib
milli-tarixi keçmişimizi və
bugünümüzü, bir xalq və ölkə olaraq
hansı amallara doğru addımladığımızı dərk
etdirəcək, bugün bütün təhsil pillələri
və səviyyələrində bilik, bacarıq və səriştə
qazanan gəncliyə səlis və tam şəkildə
çatdıra biləcək bütöv bir ensiklopediyaya,
universal tədris vəsaitinə ehtiyac var (BSU-nun bir qrup alimi
“Azərbaycanşünaslığa giriş” kitabı ilə
bu işə start veriblər). Ölkə prezidenti tərəfindən
dahiyanə bir sərəncamla zamanında elan olunmuş “Nəsimi
ili” bugünkü və gələcək nəsillərə
tarixi keçmişimiz və mənəvi dəyərlərimiz
barədə lazımlı sözü məhz bugün rəngsiz,
mübaliğəsiz, olduğu kimi indiki reklam və piyar vasitələri
də cəlb edilməklə demək fürsəti
yaratmayıbmı?
Son beş il ərzində qəbul etdiyimiz olduqca
ciddi Dövlət proqramlarının icrası vəziyyətinə
və əldə edilən nəticələrə də məhz
bu prizmadan baxılmağa
çalışılmalıdır. XXI əsrin
ikinci onilliyinin tamamına Azərbaycan tam başqa və
özünəməxsus bir milli-mənəvi dəyərlər
sistemi ilə gəlib çatıb. Arxada XIX əsrin
sonu - XX əsrin əvvəllərinə təsadüf edən
böyük maarifçilik, milli özünüdərk və
oyanış mərhələsi, 2 illik müstəqil
Cümhuriyyət quruculuğu dövrü və 70 il sovet
hakimiyyəti ərzində bizi kütləyə, milli-etnik
kökündən qopan, tarixi torpaqlarından və
yaddaşından, dilindən imtina etməyə kökləyən,
eyni zamanda, kütləvi savadlılıq və inkişaf bəxş
edən, əvvəlki dövrlərdə qazanılan bariz
milli-mədəni-qəhrəmanlıq keyfiyyətlərini
sönməyə imkan verməyən və bu keyfiyyətləri
zaman-zaman gənc nəslə aşılamağı bacaran,
qan yaddaşımızı və ruhumuzu korşalmaqdan xilas edən
milli ədəbiyyatımız, tarixi və fəlsəfi
araşdırmalarımız, Cənublu-Şimallı
mübarizlik nümunələrimiz və ən nəhayət,
bədnam qonşularımızın və böyük
dövlətlərin təzyiq və təsirlərinə rəğmən
30 ilə yaxın dövr müddətində qazanılan
müstəqillik təcrübəmiz var. Prezident tərəfindən
elan olunmuş “Cümhuriyyət ili”ndə biz bir çox məsələlərə
aydınlıq gətirməyə çalışdıq, ən
əsası isə bu qısa, lakin möhtəşəm
tarixi dönəmdə Azərbaycan türklərinin, ziyalı
qisminin imza ata bildiyi tarixi faktları, xalqın böyük
coşqu və mətanətlə bu Cümhuriyyət
uğrunda canından keçməsi, üsyanlar və siyasi
mübarizələr, azad Vətən sevgisi ilə
çarpışan mühacir ömürləri ilə azərbaycançılıq
ideallarımızı yaşadan və bu ideallara yetişməkdə
qolumuzu bağlayan və yolumuzu kəsən amilləri dərk
etməyə imkan qazandıq. Görəsən,
bu özünüdərki bugündən belə
atacağımız addımlarımızda əsas
götürə və rəhbər tuta biləcəyikmi?
Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”
inkişaf formulunun dialektik və fəlsəfi yozumuna uyğun
bütün fəaliyyətlərimizin (iqtisadi, ictimai-siyasi,
diplomatik, elmi-tədqiqat, innovativ, humanitar, ədəbi-publisistik,
mətbu və s.) təməl daşı olan təhsil-təlim-tərbiyənin
məzmun, istiqamət və standartlarını millətimizin
gələcəyi, müasir və sürətlə dəyişən
dünyamızın rənginə rəng qata, səsinə səs
verə biləcək bir qüvvə kimi rənglər
içərisində və səslər arasında
seçdirə biləcəyikmi? Məhz Azərbaycan təhsilinin
yetişdirməsi olacaq Azərbaycan insanını (insan
resurslarını) onun malik olduğu elmi, mənəvi, mədəni,
tolerant səviyyəsi ilə Avropa və Amerika, Cənub-Şərqi
Asiya məkanında intellektual brend olaraq təqdim etməyə,
sonda isə onun məhz Azərbaycan adına sevgi, ehtiram və
iqtisadi-maliyyə dividentləri qazandırmaq adı ilə
dönüşünə nail olacağıqmı? Onsuz da
texnologiyaların və informasiya sistemlərinin sürətli
inkişafı, güclü inteqrasiya və qloballaşma
prosesləri, insan resurslarının sürətli yerdəyişməsi,
həyat tərzinin dəyişməsi və s. kimi amillər
gənc nəslin milli ruhda və mentalitetə uyğun
böyüməsi və tərbiyə edilməsi
üçün ciddi problemlər yaradıb. Bu
məsələləri pedaqoji-psixoloji elmlərin,
sosiologiyanın və digər müvafiq humanitar və ictimai
elm sahələrinin diqqətindən yayındırsaq, geriyə
dönüş mümkün olmayacaq. Başa
düşülmək üçün burada bir haşiyə
çıxmaq istəyirəm. Bu günlərdə
Moskvada çıxan “Literaturnaya qəzeta”da (2019,13-19 fevral, ¹ 6) bir vərəqin bu və o
üzündə iki yazıçı barədə məqalədə
diqqətimi bir cəhət cəlb elədi. Azərbaycan
türklərinin qanına susamış, Xocalı qətliamının
səhərisi günü əsir balalarımızın meyitlərindən
salınmış körpüdən adlaya-adlaya
özünü dünyanın xöşbəxt yazarı
hesab edən erməni faşisti, üzdəniraq şair Zori
Balayanının “Ə bez tebə, kak parus bez vetrov”
kitabından sətirlərə diqqət yetirdim: “Plıv¸t, podprıqivaə na
krutıx okeanskix volnax, malenğkoe sud¸nışko, udivləə, pojaluy,
razve, çto stai delğfinov, kotorıe, navernoe, s interesom
smotrət na vıvedennıe oboix bortax uzorçatıe
bukvı armənskoqo alfavita, na üvetuhiy krest, na kruq s
soqnutımi luçami vnutri, simvoliziruöhiy samu
veçnostğ”. Qəzetin o biri səhifəsində
isə tanınmış Xalq yazıçımıza həsr
olunmuş “Solo Rustama İbraqimbekova” məqaləsi verilib.
Hər dəfə göstərilən qəzetdə
şovinist və millətçi Zori Balayana
ünvanlanmış yersiz təriflərə və müəllifin
öz yazılarına rast gələndə istər-istəməz
əsəbiləşirdim, bu dəfə də əsəbi-əsəbi
səhifəni çevirəndə Rüstəm İbrahimbəyov
adı və soyadını görüb biz az
sakitləşdim. Lakin Xalq
yazıçımızla bağlı yazıda Azərbaycana
aid hansısa cümlə, fakt, söz və fikrə rast gəlməyəndə
kədərləndim ki, təhsilimizin və ədəbiyyatımızın
yetişdirdiyi bu boyda yazıçı haqqında məqalədə
milli-mədəni kimliyin izi-tozu da hiss olunmur. Erməni
yazarı əlinə xırda fürsət düşən
yerdə öz milli mənsubluğunu, xalqının və
ölkəsinin özünəməxsusluğunu
vurğulamağı vərdişə çevirir və elə
bu bacarıqla da dünya mədəniyyəti tarixində
qalacağını anlayır, bizsə ümumbəşəri
ideyaları, kosmopolit düşüncəni əlimizdə
bayraq edib, zaman-zaman torpaqlarımızın əlimizdən getməsi barədə
belə az-az düşünürük...
Həmişə fəxrlə qeyd etmişik ki, bizim
güclü rusdilli ədəbiyyatımız var, rus dilində
təhsil verən yüzlərlə məktəbimiz
mövcuddur.
Bu və digər əcnəbi dillərdə təhsil alan soydaşlarımız
sözümüzü və həqiqətlərimizi
dünyanın hər yerində çatdıra bilmək iqtidarındadırlar.
Elə buradaca daha bir sual fikrimizə hakim kəsilir: görəsən,
hazırda ana dili ilə yanaşı, digər əcnəbi
dillərdə təhsil verdiyimiz gənc azərbaycanlılar nəslini
Vətənə sevgi, milli-mənəvi dəyərlərimizə,
tariximizə ehtiram duyğusu ilə tərbiyə edib,
onları Azərbaycana xidmətə yönəldə biləcəyikmi?
Bugünkü təhsil modelimiz, tədris standartları,
proqramları və dərsliklərimiz, müəllimlərimiz
ümum-bəşəri dəyərlərlə bir arada milli
kimlik və mentalitet anlayışlarının tələb
etdiyi informasiya, vərdiş, təfəkkür və
davranış tərzini sinif otaqları və auditoriyalara,
elektron tədris resursları bazasına, gəncləri
formalaşdıran bütün intellektual və vizual vasitələrə adekvat şəkildə
daxil edə bilirmi? Axı milli kimlik, milli-ideoloji
platforma konseptini biz düşünməmişik. Bu platforma Avropada, Fransada formalaşıb, onun
özülündə duran dəyərlərdən birincisi isə
dövlət dili amilidir. O amil ki, biz onu, dövlət və
hökumət səviyyəsində qəbul edilən
bütün qərarlara rəğmən, hazırkı
dövr üçün vacib olan reklam və menecment vasitələrinin
dilində, ziyalı mühitində, tədris (o cümlədən,
İnternet) resurslarının yaradılması prosesində hələ
ki lazımi səviyyədə nəzərə ala bilməmişik.
1991-ci ildə müstəqillik elan edən
respublikamızda ötən illər ərzində
suverenliyimizi təmin edə biləcək təhsil sistemi
yaratma yolunda hansı addımlar atmışıq? Əsas məqamlara diqqət
yetirək: 90-cı illərin birinci yarısından etibarən
ali və orta ixtisas məktəblərinə test yolu ilə tələbə
qəbulu; milli məzmunlu yeni orta məktəb dərsliklərinin
latın qrafikası ilə nəşri; 98-ci ildən etibarən
Prezident Heydər Əliyevin sərəncamları ilə həyata
keçirilən üçmərhələli təhsil
islahatları və 2008-ci ildə orta ümumtəhsil pilləsində
Milli kurikulumun tətbiqinə start verilməsi; 2009-cu ildə Təhsil
haqqında yeni Qanunun qəbulu, ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkilinə
başlanılması və 2013-cü ilin dekabrından ali təhsilin
bakalavriat və magistratura səviyyələrində Boloniya
prinsiplərinin tam tətbiqi; 2000-ci ildə latın
qrafikasına tam keçidlə bağlı prezident sərəncamları
ilə çap olunan elmi, elmi-kütləvi, ədəbi nəşrlər
hesabına təhsil müəssisələrinin kitab fondunun əsaslı
şəkildə yenilənməsi və tədris
resursları bazasının qoyulması; 2013-cü ildə “Azərbaycanda
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın
qəbulu və təhsilin müxtəlif pilləri və səviyyələri
üzrə inkişaf perspektivlərinin müəyyən
olunması; orta məktəblərə müəllimlərin
mərkəzləşdirilmiş qaydada işə qəbulu və
onların diaqnostik qiymətləndirilməsi; yaş senzinin tətbiqi
ilə iş qabiliyyəti olmayan və professionallıq səviyyəsi
müasir tələblərə, yeni yanaşmalara və təlim
texnologiyalarına uyğun gəlməyən 65
yaşını adlamış şəxslərin təqaüdə
göndərilməsi və məktəblərdəki pedaqoji
kollektivlərin cavanlaşdırılması prosesinə
başlanılması; Milli Kvalifikasiya Çərçivəsində
təhsilin bütün pilləri və səviyyələri üzrə təhsilalanlar
üçün 9 səviyyədə konkret bilik, bacarıq və
kompetensiyaların müəyyən olunması; ali təhsil
müəssisələrinin yeni Nümunəvi Nizamnaməsinin
təsdiqi və onların publik hüquqi şəxs kimi fəaliyyətinə
şərait yaradılması və sair.
Bu sıralamada müəllim nəsillərinin dəyişməsi
məsələsinə də toxunduq. Təbii ki, burada
inqilabi dəyişiklik fayda vermir. Zehnlərin,
şüurun və yanaşmanın dəyişməsi
zamanın işidir. Bu, nə fabrik-zavoddur, nə də
üzüm və çay plantasiyalarıdır ki, onu bir
göz qırpımında ləğv edib, sonra yenidən
salasan... Biz təhsil, xüsusən də
kurikulum islahatlarının tətbiqi barədə əvvəlki
məqalələrdə dəfələrlə rəy
söyləmişik. Bugün də öz
narahatçılığımızı ifadə etməyə
bilmirik: Ulu öndərin sərəncamları ilə 1998-ci
ildən təhsil islahatlarına başladıq, əsas ideya
müxtəlif deviz və çağırışlarla milli
təhsilimizin təxminən bir əsrdə, əsasən də
son 70 ildə əldə etdiyi təcrübə və nailiyyətləri
qoruyub, yenilikləri onların üzərində tətbiq etməyi
bacarmaq idi. Lakin 2008-ci ildən
başladığımız kurikulum islahatını və
yeni qiymətləndirmə konsepsiyasını əvvəlki
planlarımızla uzlaşdıra bilmədik, xarici təcrübəni
və sənədlər toplusunu mexaniki şəkildə mənimsəməyə
üstünlük verdik. Azərbaycan təhsilinin ənənə
və təcrübəsini kurikulum islahatlarının məzmun,
struktur və gedişi prosesinə inteqrasiya etməyi
lazımınca bacarmadığımızdan yeni yanaşma, vərdiş
və səriştəyə malik müəllim ordusu
formalaşdırmaqda bugün çətinliklərlə
üzləşirik... Orta məktəblərə müəllimlərin
mərkəzləşdirilmiş qaydada işə qəbulu,
onların diaqnostik qiymətləndirilmədən keçirilməsi
və yaş senzi
məsələsinə toxunmağımız da bu
məqamlarla bağlıdır.
Biz yuxarıda ən vacib hesab etdiyimiz məqamları
vurğuladıq. Təbii ki, bu faktlar təhsil ictimaiyyətinə
çox yaxşı məlumdur. Onların sadalanması
kiməsə artıq görünsə belə, sürətlə
dəyişən dünyada və bizim cəmiyyətdə
yeniləşən və modernləşən təhsilimizin təəssübkeşi
və iştirakçısı olan hər kəsin təhsil
islahatlarının gedişi vəziyyəti barədə
öz rəyi olmalı və islahatların məntiqi axarı
və nəticələri geniş ictimaiyyət tərəfindən
vaxtaşırı müzakirə edilməlidir. Gəlin boynumuza alaq ki, çox vaxt biz bu müzakirələrdən
qaçırıq. Bu isə təhsilin
inkişafı naminə qəbul edilmiş bəzi dövlət
proqramlarının yarımçıq icrasına və ya həyata
keçirilməsinə səbəb olan amillərin gündəmə
gəlməsinə yol açmır. Bu məsələlərdən
biri üzərində xüsusi dayanmaq istərdik. Əslində məqalənin yazılmasına əsas
səbəb də, bu məsələ ətrafında
düşüncələrimiz oldu. “Azərbaycan müəllimi”
qəzetinin 22 fevral 2019-cu il tarixli sayında “Rusiyada yeni məktəblər
yaradılır” sərlövhəli yazı və “Dərsləri
alimlər keçəcək” yarımbaşlığı
köhnə dərdimizi təzələdi. Burada ən
yaxşı ümumtəhsil müəssisələrinin
bazasında yaradılacaq məktəblərin elmi
institutların himayəsinə verilməsindən, seçiləcək
700 məktəbin bu layihəyə cəlbi üçün təşkilati,
tabeçilik və maliyyə təminatı məsələlərinin
həlli, hüquqi-normativ aktların yaradılması istiqamətində
Maarif Nazirliyinin, Elmlər Akademiyasının və bələdiyyələrin
birgə fəaliyyətindən bəhs edilir. İstər-istəməz
Azərbaycanda bu sahədə görülən işlərə
nəzər saldıq: 1996-cı ildə 4 ali təhsil müəssisəsinin
nəzdində yeni tipli orta təhsil müəssisəsi
adı altında yaradılan məktəblər; istedadlı və
qabiliyyətli uşaqlarla işin səmərəli təşkili
məqsədilə Prezident İlham Əliyevin sərəncamı
ilə 2006-cı ildə qəbul edilmiş Dövlət
proqramı və bu proqrama uyğun müvafiq elmi-pedaqoji
potensiala və maddi-texniki bazaya malik olan universitetlərin nəzdində
liseylərin yaradılması; 2013-cü ildə baş
tutmuş Azərbaycan müəllimlərinin XIV
qurultayının qəbul etdiyi qərarda növbəti
dövrlər üçün AMEA və Təhsil Nazirliyinin
birgə fəaliyyətinin vurğulanması; “Azərbaycanda Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyası”na
pedaqoji internaturaların yaradılması məsələsinin
daxil edilməsi və s. Biz burada təmsil etdiyimiz Bakı
Slavyan Universiteti tərəfindən Bakı şəhərinin
190 saylı tam orta məktəbində (hazırkı 189-190
saylı tam orta məktəb) yaradılmış və olduqca
səmərəli fəaliyyəti ilə pedaqoji ictimaiyyətin
diqqət mərkəzinə düşmüş Ali və
orta təhsilin koordinasiyası kafedrasını da qeyd etməyi
özümüzə borc hesab edirik. Elə bu günlərdə
Bakı şəhər 6 saylı orta məktəb-liseydə
“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər
mövzusunda” keçirilən müşavirədə Təhsil
naziri Ceyhun Bayramov tərəfindən təhsili idarəetmə
orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının
vacib olduğunun vurğulanması yaxın zamanlarda bu planda
ciddi layihələrin icrasını vəd edir.
Son
prezident sərəncamları AMEA strukturlarının, eləcə
də Təhsil Nazirliyi sisteminə daxil olan elmi, elmi-metodiki
institut və mərkəzlərin fəaliyyətinin
optimallaşdırılması, onların bazar
iqtisadiyyatının tələblərinə və ən
müasir dünya elminin çağırışlarına
uyğun təşkili, elmdə innovativ yanaşmaların və
illərlə toplanmış nəzəri bilik və
bacarıqların praktikada tətbiqinin vacibliyinin dərk
olunması üçün önəmli addımdır. Bu islahatlara təhsil islahatları ilə paralel şəkildə
başlanılması, təbii ki, daha böyük fayda verərdi.
Amma nə etməli, gec olsun, güc olsun, - deyib atalar məsəli, ziyanın
yarısından qayıtmaq da faydalı olar. Biz
burada yeni çağırışlar qarşısında
elmin digər praktik sahələrə verə biləcəyi
faydaya toxunmaq istəmirik. Təhsil
işçisi kimi bizim üçün, ilk növbədə,
təhsilə qatıla biləcək güc və veriləcək
dəstək maraqlıdır. Hər bir
sahənin öz mütəxəssisi var və hərə
öz sahəsində hansı dəyişikliklərin
aparıla biləcəyini yaxşı anlayır. İstənilən
halda bu dəyişikliklərin ictimai, sosial, psixoloji, insan
resursları amilləri ustalıqla nəzərə
alınmalıdır...
Elmi
potensialı təhsilə yönəltmək
üçün: 1) “Strategiya”ya uyğun olaraq, pedaqoji ixtisaslar
üzrə mütəxəssis hazırlığı aparan
universitetlər müvafiq fakültə və kafedraların
potensialı hesabına orta məktəblərdə pedaqoji
internatura (və ya metodika və pedaqogika kafedralarının
filiallarını), digər ixtisaslar üzrə
buraxılış kurs tələbələrini istehsalat təcrübəsinə
göndərən ali məktəblər isə profilinə
uyğun gələn sənaye, istehsalat, kənd təsərrüfatı
və s. müəssisələrdə, texnoparklarda öz tədris-təcrübə
strukturlarının formalaşdırılması barədə
təkliflərlə hökumət qarşışında məsələ
qaldırmalıdırlar.
Tələbə bakalavriatın tam bir semestrini istehsalatda keçirir, buna görə 21 kredit toplayır və əmək bazarına daxil olmaq şansı qazanırsa, hər bir ali məktəb üçün bu işin təşkili olduqca vacibdir; 2) Prezidentin 2006-cı il sərəncamına uyğun olaraq, elmi-pedaqoji və maddi-texniki potensiala, müasir universitet modeli konsepsiyasına, fasiləsiz təhsil proqramlarının icrası niyyətinə malik universitetlərin nəzdində onların təmayülünə uyğun orta ümumtəhsil müəssisələrinin yaradılması və ya mövcud məktəblərin baza müəssisəsi statusunda universitetlərə inteqrasiya olunmasının zamanı yetişib. Bakı, Sumqayıt, Gəncə və sair mərkəzi şəhərlərimizdəki məktəblərdə şagird sıxlığını, buradakı universitetlərin potensialını, eyni zamanda, Milli Məclisdə ikinci oxunuşdan keçmiş “Ümumi təhsil haqqında qanun”un məktəblərə peşə hazırlığı istiqamətində açdığı yeni imkanları nəzərə alsaq, bu, müsbət nəticələr verə biləcək layihədir; 3) AMEA institutlarının elmi potensialına və apardıqları elmi tədqiqatların istiqamətinə uyğun olaraq, onların Təhsil Nazirliyi nəzdindəki müvafiq lisey və gimnaziyalarla, digər ümumtəhsil müəssisələri ilə müştərək fəaliyyətinə şərait yaradılmalıdır. Bunun üçün məktəblilərin AMEA institutlarının bazasında fənn olimpiadalarının respublika və beynəlxalq turlarına, Təhsil Nazirliyinin “Sabahın alimləri”, “Ədəbiyyat biliciləri” və bu səpkidə digər layihələrə hazırlığının təşkili mexanizmlərinin yaradılması, maliyyə-iqtisadi şərtlərinin işlənilməsi, qanunvericilik bazasının formalaşdırılması vacibdir; 4) AMEA nəzdində ali təhsilin magistratura və doktorantura səviyyələrində tədris bu mühüm və yeniləşən strukturda elmi kadrların hazırlanması üçün olduqca əhəmiyyətli görünür, eyni zamanda, ayrı-ayrı elmi institutların hamiçiliyi ilə liseylərin yaradılması və bu məzmunda bəndin “Ümumi təhsil haqqında qanun”a daxil edilməsi məqsədəuyğundur; 5) Göstərilən qanunun məktəb iqtisadiyyatı üçün yeni şərait yaradacağını əsas götürsək, tədris planlarında maraq kurslarının, eləcə də əlavə təhsil xidmətlərinin təşkilinə yol açılır ki, bu da məktəb rəhbərlərinə məktəbin öz vəsaiti hesabına ayrı-ayrı alimlərin mühazirələrinin, kurslarının, emalatxanalarının, xüsusi siniflərinin, studiyalarının və s. yaradılmasına, onların müqavilə əsasında elmi rəhbər kimi cəlb olunmasına, Uşaq akademiyalarının, şagird elmi cəmiyyətlərinin fəaliyyətinin səmərəli şəkildə qurul-masına imkan verəcək.
Bütün bu təklifləri əsaslandıran digər cəhətləri də nəzərdən qaçırtmayaq: 1) son illər müəllimlərin işə qəbulu xətti ilə məktəblərə gələn gənclər burada ümumi ab-havaya müsbət təsir göstərsələr də, onların bu ab-havanı köklü şəkildə dəyişməyə gücü yetərli deyil, bunu onlardan gözləmək belə yersizdır. Halbuki məktəb mühitinin saflaşdırılmasına, ziyalılığın, intellektuallığın, yeni yanaşma və texnologiyaların bura məharətlə və tədricən gətirilməsinə daim ehtiyac duyulur; 2) müəllim peşəsi regionların əmək bazarında rəqabətədözümlülüyü ilə seçildiyi halda, xüsusilə Bakı şəhərində universitetləri bitirən gənc istedadlı və potensiallı müəllimlərə təklif olunan digər seçimlər onları pedaqoji fəaliyyətdən yayındırır. Bu isə məktəblərdəki pedaqoji heyətin təzələnməsi prosesini ləngidir. Bu boşluğun ölkənin elmi potensialının - məktəb işinə, pedaqoji-psixoloji fəaliyyətə marağı olan ziyalıların səmərəli istifadəsi yolu ilə doldurulması da zamanın tələbidir. Boynumuza alsaq ki, uzun illər ərzində kimi gəldi məktəbə müəllim qəbul edib, xüsusilə də ibtidai təhsil pilləsində təsadüfi şəxslərə ixtisasdəyişmə yolu ilə müəllim diplomu verib, sinfə buraxmışıq və bu insanların qeyri-professionallığı və antipedaqoji təbiəti üzündən neçə-neçə nəslin təhsilə marağını öldürmüşük, onda bu tipli tədbirlərin vacibliyini də hamı anlayar, ictimaiyyət Təhsil Nazirliyinin müəllimlərin sertifikatlaşdırılması təklifinə də anlaşıqlı münasibət göstərər; 3) unutmaq lazım deyil ki, yaradıcı fəaliyyətə, kreativ düşüncəyə, innovativ yanaşmaya malik insanları biz, ilk növbədə, təhsilə xidmətdə, cəmiyyət arasında müəllim və tərbiyəçi qismində görməliyik. Təəssüf ki, bu cür adamları biznes strukturları, xarici şirkətlər onlara verilən əməkhaqqı səviyyəsinin azlığı üzündən asanlıqla ələ keçirirlər.
Təhsil sahəsindən “beyin axını”nın qarşısının alınmasını, istedadlı gənc mütəxəssislərin məhz təhsil xidməti sahələrinə yönəldilməsini, ölkədəki elmi potensialın artan əhalimizin tədris-təlim ehtiyaclarına istiqamətləndirilməsini milli təhlükəsizliyimizin təmin olunmasında əsas vəzifələrdən bir kimi qiymətləndiririk.
Məqaləni poetik ruhda başladığımız kimi ölməz şairimiz Məmməd Arazın “Azərbaycan - dünyam mənim” şeirinin ilk bəndi ilə də bitirmək istərdik:
Azərbaycan
- qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin işində
qaya.
Mənim könlüm
bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Yeni azərbaycanlılar nəslinin
Azərbaycan dünyasından dünyaya baxışını
təmin etmək bugünkü tərbiyəçilər və
müəllimlər ordusundan böyük güc, möhkəm
əqidə və iradə, pedaqoji məharət və psixoloji
hazırlıq tələb edir. Bütün təbliğat
və ideoloji vasitələrimizi bu relslərin üzərinə
yükləmək üçün sistemli və konseptual
yanaşmaya ehtiyac var.
Telman
CƏFƏROV (VƏLİXANLI)
Filologiya
üzrə elmlər doktoru, professor, Əməkdar müəllim,
Bakı Slavyan Universitetinin tədris işləri üzrə
prorektoru
525-ci qəzet.- 2019.- 20 mart.- S.10-11