"Addım-addım"ın
uğurlu addımları
Azərbaycan televiziya məkanının genişlənməsi, telekanallarımızın artımı və o cümlədən, internet TV-lərin meydana çıxması tamaşaçıya sərf edən bir məqama yol açır: telemühitdə aydın görünən bir rəqabət prosesi yaranır.
Bu rəqabət, əlbəttə, daha çox reklam
bazarına çıxmaqla bağlıdır. Lakin məsələn,
AzTV və xüsusilə İctimai teleradionun kommersiya TV
kanallarından fərqli olaraq reklam çabalarına o qədər
də ehtiyacı yoxdur. Çünki
kanalların hər ikisi dövlət tərəfindən
maliyyələşir. Etiraf edək ki, hər
iki teleradionun - həm AzTV-nin, həm də İctimai
teleradionun ən yeni dönəmdəki fəaliyyəti
tamaşaçı rəğbəti doğurmaqdadır.
Xüsusilə maarifçiliyə, milli-mənəvi
dəyərlər sisteminə köklənmiş İctimai
teleradio son vaxtlar yeni studiya düzəni, yeni proqram
formatları ilə, ələlxüsus informasiya təqdiminə
daha fəal yanaşması ilə efirə bir sıra yenilik gətirməkdədir.
İctimai teleradionun səhər efiri tamamilə yeni formatda
hazırlanır və bütün kanalları qabaqlayaraq səhər
efirinə birinci çıxır, həm də canlı
yayımla! Burada "Dikdaban" kimi zəngin
tematikaya, peşəkar aparıcılara malik maraqlı bir yeni
proqram meydandadır. İqtisadiyyat, yeni
texnologiya kimi problemlərə də İTV-nin öz
baxış dünyası efirdə hiss olunur. O da
maraqlıdır ki, İTV-nin əvvəlki proqramları da
indi çoxçeşidli tematikaya, problemə yeni
baxışı ilə maraq doğurur. Ayrıca qeyd etmək
istərdim ki, İctimai teleradionun yeni rəhbərliyinin
yeniliyə, bir az da dəqiq desəm,
zamanın çağırışlarına zamanın diktəsi
ilə baxması bütün proqramlarda hiss olunur və ictimai
rəydə qeyd olunmaqdadır. Bu mənada uzun
müddətdən bəri efirdə olan və birbaşa
ictimai televiziyanın maarifçilik baxışlarına xidmət
edən "Addım-addım" proqramı ətrafında
fikirlərimi bildirmək istərdim. Yenə
təkrar edirəm, İTV-nin bu gün efirdə olan bir
çox proqramı ətrafında geniş təhlillər
aparmaq olar. Çünki bu proqramlar
televiziya jurnalistikasının hazırkı dönəminin
xarakterini şərh etməyə tipik faktlar verir. Lakin
bu anda mənim "Addım-addım" proqramını
önə çəkməyimin iki mühüm səbəbi
var: Birincisi, bu proqram, yenə təkrar edirəm, birbaşa
maarifçilik işi görür ki, qloballaşan dünyada
milli-mənəvi dəyərlərin itirilməsi təhlükəsi
qarşısında gənclərə düzgün yol
göstərir; İkincisi isə, proqram efirə canlı
çıxır və televiziya üçün vacib olan
aparıcı - qonaqlar - tamaşaçı tandeminin göstəricisinə
çevrilir.
Qeyd etmək istərdim ki, mən populyar qəzetlərin,
teleproqramların, saytların daimi izləyicisiyəm. Aytəkin
xanım Nəsirovanın müəllifi və
aparıcısı olduğu "Addım-addım"
proqramının da çoxdankı
tamaşaçısıyam. Bu proqram əvvəllər
daha çox uşaqlara aid problemlərin alimlər, psixoloqlar,
sosioloqlar tərəfindən geniş təhlillərini
qoyurdu. Son vaxtlar proqramın tematikası,
mövzu dünyası daha da genişlənmişdir. Proqram indi ümumiyyətlə ictimai maraq kəsb edən
çoxçeşidli mövzularla daha maraqlı bir aura
yaradır. Proqramın aparıcısı
Aytəkin xanımın mövzuya hazırlaşması,
qoyulan problemlərə jurnalist bələdliyi, qonaqları
maraqlı suallarla söhbətə, özünüifadəyə
cəlb etmə bacarığı
"Addım-addım"ı geniş tamaşaçı
kütləsinə sevdirən əsas faktorlar
sırasındadır. Bir az bundan əvvəl
"Addım-addım" Azərbaycanda ailə problemini,
Xocalı qətliamının növbəti
ildönümü ilə bağlı ayrıca mövzunu efirə
çıxarması ilə yeni uğurlar qazandı. Xocalı
qətliamı ilə bağlı efirə
çıxarılan mövzu tamaşaçıda bir daha
düşmənə nifrət yaratmaq, erməni vəhşiliyini
dünyaya yaymaq, bu təbliğat işində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
"Xocalıya ədalət"
çağırışına dəstək olmaq kimi vəzifələri
yerinə yetirdi. Proqramda Qarabağ hadisələrinin başlanğıcından
onun iştirakçısı olmuş millət vəkili,
yazıçı-jurnalist Aqil Abbasın, Kəlbəcər
döyüşçüsü, jurnalist Elşad
Eyvazlının, Xocalı faciəsində ermənilər tərəfindən
əsir götürülmüş və min bir zillətlə
xilas olmuş Valeh Hüseynovun, 2015-ci il Aprel döyüşlərində
qəhrəmanlıq göstərmiş Milli qəhrəman
Kamil Musəvinin, Cəbrayıl qaçqını Naibə
Qurbanovanın efirdən əsl həqiqətləri şahid
gözü ilə tamaşaçıya
çatdırmaları da bizi Vətən uğrunda yeni
döyüşlərə səslədi. Əlbəttə,
bu verilişdə hər kəs öz vətəndaşlıq
borcunu ortaya qoydu. Azərbaycan ictimai fikrində
cəsarətli və dəqiq sözü ilə xüsusi rəğbət
qazanmış Aqil Abbas bu anda da özünün emosional fikirləri
ilə tamaşaçı sevgisi qazandı. Mən bu
anda özünü "yazıçı" adlandıran,
estetik "idealı" adam öldürməkdən,
azərbaycanlı uşağın divara mıxlanmasından
zövq alan və bunu həyasızcasına
"publisistikasında" elan edən Zori Balayanı
xatırladım və onu bizim Aqil Abbasla müqayisə etdim. Aprel döyüşlərində erməni gülləsindən
gözünü və ayağını itirmiş Kamil Musəviyə
verilən belə bir suala ki, siz əliyalın erməniyə,
erməni uşağına mərhəmət göstərərdiniz?
Əlbəttə, Kamil bir mükəmməl azərbaycanlı
və nəhayət, bir mükəmməl insan kimi mütləq
"göstərərdim" cavabı verəcəkdi. Amma Aqil
Abbasın yazıçı, sənətkar, insanlıq
idealı onun tərəddüdündən ehtiyatlanıb da dərhal
Azərbaycan əsgərinin heç vaxt uşağa, erməni
kimi əclafın uşağına da qəddarlıq göstərməyəcəyini
dilə gətirdi. Və bu anda tamaşaçı Aqil
müəllimlə birləşdi: Biz zori balayanların xislətindən
çox uzaq, mərhəmətli bir xalqın övladlarıyıq.
Lakin mən bu ədalətsiz müharibədə
Vətən yolunda ayağını və bir
gözünü itirmiş əsgər Kamil Musəvinin
özünün də yüksək mədəniyyətinə,
nitqinə, öz fikrini ifadə bacarığına heyran
qaldım.
Xüsusi qeyd edim ki, proqramın qonaq seçimi bu
verilişin uğurunu həll edən əsas faktorlar
sırasındadır. Martın 4-də efirə gedən musiqinin
insana təsiri ilə bağlı mövzu ilk baxışdan
adi bir şey kimi görünə bilərdi. Amma
proqramın qonaqları - istedadlı musiqişünas Lalə
Hüseynovanın, nevropatoloq Günel Ümidin, psixonevroloq
Elmir Əkbərin, gənc musiqi ifaçısı Nuru Xəlillinin
iştirakı proqramda qoyulan mövzunun nə qədər qiymətli
olduğunu sübut etdi. Qonaqlar sırasında gənc
birisinin - Nuru Xəlillinin ifaçılıq istedadı və
qoyulan problemlə bağlı ağıllı, məntiqli
yanaşmaları bizdə yeni gəncliyə ümidlər
yaratdı. Və Bakının
Müşfiq qəsəbəsində yerləşən
Ağdam musiqi məktəbinin bir müəllimi və onun
dörd istedadlı şagirdinin muğam ifası bir daha
sübut etdi ki, həqiqətən də musiqi insan həyatının
ayrılmaz hissəsidir və İTV belə bir mövzunu
nahaqdan efirə çıxarmamışdır.
Doğrusu, bu kiçik ansamblın Qarabağ ifaları şəxsən
məni çox duyğulandırdı... Etiraf
edim ki, bir neçə gün əvvəl sosial şəbəkədə
təsadüfən rast gəldiyim bu müəllim - şagird
birliyinin duyğulu muğam ifası məndə çox
böyük təəssürat yaratmışdı. Ürəyimdən bu insanları yaxından görmək
arzusu keçmişdi. Onları birdən-birə
"Addım-addım"da görəndə bir daha
İctimai televiziyaya minnətdar oldum.
Proqramın iştirakçısı Lalə
xanımın musiqi və onun estetik tərbiyədə rolu barədə
fikirləri İctimai televiziyanın maarifçilik siyasətinin
birbaşa göstəricisi oldu. Bir daha təkrar etmək
istərdim ki, qoyulan mövzulara dair proqramın qonaq
seçimi çox düzgün və effektli olur. Bu fakt bu dəfə də özünü göstərdi.
Müxtəlif telekanalların maarifçi proqramlarında
tez-tez iştirak edən psixonevroloq Elnur Əkbərin musiqiyə
dair fikir və təhlilləri yaddaqalan oldu. Nevroloq Günel Ümid musiqinin tibbi baxımdan xeyir və
zərərini aydın faktlarla izah etdi.
"Addım-addım"ın mövzuları həmişə
aktual olur. Elə martın 11-dəki verilişdə yeniyetmələr
və gənclərlə bağlı mövzunun özü də
çox aktual idi. Ən çox ona görə ki, bu
gün gəncliklə bağlı, milli dəyərlərə
gənclərin heç də həmişə birmənalı
olmayan yanaşmalarını milliliyə kökləyən
verilişlərə indi çox ehtiyac var. Budəfəki
qonaqların - Uşaq Qaynar Xəttinin koordinatoru Kəmalə
Aşımovanın, Tibb Universitetinin Uşaq, yeniyetmələrin
sağlamlığı və Əmək
sağlamlığı kafedrasının müdiri Şəhla
Balayevanın, psixoloq Tariyel Faziloğlunun, 60 nömrəli orta
məktəbin müəllimi Yeganə Hüseynovanın, Gənc
Tamaşaçılar Teatrının aktrisası Şəbnəm
Hüseynovanın problemə elmi-praktik yanaşmaları
tamaşaçıya çox şey verdi. Aktrisa
Şəbnəm xanımın uşaq və yeniyetmə tərbiyəsində
şəxsən öz təcrübəsindən
çıxış etməsi və bu təcrübənin
uğurlu nəticələri bir tamaşaçı kimi şəxsən
məndə çox böyük təəssürat
yaratdı.
Mən
ürəyimdə çoxdan kök salan bu məqaləni
"Addım-addım"ın hər
buraxılışından sonra mətbuata təqdim etmək
anında bir az duruxmuşam və yenidən
həftənin bazar ertəsinin axşam saatını gözləmişəm:
qoy görüm, bu dəfə hansı mövzu qoyulacaq və
proqramda kimlər iştirak edəcək. Oxucular
məni təkrarçılıqda qınamasın,
çünki mən artıq, deyəsən,
dördüncü dəfə olacaq ki, teleproqramda mövzu və
onunla əlaqəli olan qınaq seçiminin vacib atribut
olduğuna qayıdıram.
Və nə yaxşı ki, mən
"Addım-addım"ın 18 mart
buraxılışını da gözləmişəm.
Proqramın budəfəki mövzusu Novruz
bayramı, onun milli dəyərlər sistemində yeri kimi
vacib bir məsələylə bağlı oldu. Əlbəttə, Novruz ərəfəsində
bütün telekanallar bu mövzuda konsert proqramları,
tamaşalar, yerlərdən canlı yayımlar göstərdilər.
Lakin mən yenə də ictimai teleradionun ən
vacib vəzifələrindən biri, bəlkə də
birincisi olan maarifçilik missiyasını qabartmaq istərdim.
Gəlin etiraf edək, bir var Novruz kimi bir bayramın ritual
faktlarını sujetlərlə, yaxud teatral göstəricilərlə
praktik nümunələrini təqdim edəsən, bir də
var bu bayramın tarixi köklərini, milli-mənəvi dəyərlər
sistemində yerini, qloballaşan dünyada milli dəyərlərə
qlobal basqılar anında onun qorunmasının millətə
nə qədər vacib olduğunu aydın faktlarla - birbaşa
maarifçilik məqsədilə efirə çıxarasan. İctimai televiziya ikinci istiqaməti əsas tutaraq
sahənin çox mükəmməl bilicilərilə belə
bir proqram qoydu ortaya.
Mən proqramın qonaqlarının səmimi söhbətlərini,
dialoq, bəzən poliloq ustalıqlarını, Novruzun
bütün detallarını təhlil etmək
bacarığını xüsusi qeyd etmək istərdim.
AMEA-nın Folklor İnstitunun əməkdaşı, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun Novruz bayramına elmi-praktik-publisistik yanaşmaları, həkim-psixoloq Təranə xanım Kazımlının aydın nitqi və faktları şərh etmə səviyyəsi, həkim-dietoloq Fuad Məcidovun qiymətli məsləhətləri, Əməkdar artist, hamımızın sevimli müğənnimiz Aybəniz Haşımovanın sənətkar ləyaqəti, onun tələbəsi, yeniyetmə Həsən Əliyevin musiqi istedadı tamaşaçını riqqətə gətirdi. Və... mən Əməkdar İncəsənət Xadimi, professor Aydın Talıbzadəni qəsdən axıra saxladım. Axıra saxladım ki, yüksək intellektual səviyyəsinə görə ona xüsusi tamaşaçı təşəkkürü bildirim...
Beləliklə, "Addım-addım"ın budəfəki buraxılışı da öz uğur göstəriciləri ilə İctimai televiziyanın maarifçilik missiyasını bir daha ortaya qoydu.
Mən əlimə düşən bu yazı fürsətindən istifadə edərək İctimai televiziyanın proqramlara, mövzulara, təqdimatlara aparıcı müstəqilliyinə yeni yanaşma prinsiplərini, proqram yeniliyindən tutmuş studiya yeniliklərinə qədər çox sahədə yaratdığı yeni yanaşmalarının cəmiyyətdə təqdir olunduğunu məmnuniyyətlə bildirmək istərdim.
Bütün bunlar İctimai televiziyanın bir tipoloji media qurumu olaraq maarifçilik siyasətində uğurlu addımları sırasındadır. "Addım-addım"a və bütövlükdə son vaxtlar yeni uğurlara imza atan İctimai teleradioya öz təşəkkürümü bildirirəm.
Ruhəngiz
ƏLİYEVA
AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet 2019.-
29 mart.- S.6.