Ərtoğrol Cavidin taleyi və sənəti

 

 

"Bir çiçək ki, yeni açmaya başlar,

Görənlər bir yarpaq həmən qoparar".

 

Ərtoğrol Cavid Rasizadə

Çox gənc, 24 yaşında olarkən İkinci Dünya müharibəsinin, stalinizmin, repressiya dalğalarının qurbanı olan fitri istedad sahibi Ərtoğrol Cavid oğlu Rasizadə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi yaddaşımızda qalıb. Ərtoğrol Cavid bəstələri tədqiqat əsərləri ilə Azərbaycan incəsənəti elm tarixində şəxsi imzası ilə tanınmışdır. Onun yaratdığı zəngin irs günümüzdə aktuallığını itirməmiş, tədqiqata cəlb olunmuş, öyrənilmişdir.

Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Bakıda böyük mütəfəkkir-şair Hüseyn Cavid Rasizadənin ailəsində doğulub. Şeirə, sənətə böyük sevgi bəsləyən anası Mişkinaz xanım bacısı Turan xanım Hüseyn Cavid Ərtoğrol Cavid irsinin qorunmasında, yaşadılmasında böyük xidmətlər göstəriblər. Özünü bütünlüklə incəsənətə, elmə həsr edən Ərtoğrol Cavid musiqini, rəsmi, elmi biliklərə yiyələnməyi, şeir yazmağı çox sevərdi. O, elə bir ailədə göz açıb böyümüşdü ki, bütün bu gözəllikləri sevməyə bilməzdi. Bu ilahi eşq onun qanında var idi. Kağız qələm onun uşaqlıq dostu, ilk sevgisi, son nəfəsinə kimi sadiq qaldığı məhəbbəti olub.

Ərtoğrol Cavid Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil almasına baxmayaraq, gələcək planlarını, arzularını musiqiyə kökləmişdi. Məhz bu səbəbdən musiqi təhsili almaq üçün 1941-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyur. Ərtoğrol Cavid bəstəkar olmaq istəyirdi. Özünün dediyi kimi, musiqi onun idealı idi. O, ömrünün son aylarında bu idealını belə təsvir edirdi: "...Vəziyyətimin bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə mənə daim qüvvət verir. Məni yaşadan bu qüvvə sarsılmaz iradə möhkəm inamdı. Mən öz məqsədimə, idealıma çatacağam. O, musiqidi". 1937-ci ildə repressiyanın qurbanı olan atasının yoxluğu ailənin maddi vəziyyətini daha da ağırlaşdırır bu zillət onillərcə davam edir. Bütün çətinliklərə baxmayaraq, musiqiyə hədsiz bağlılığı ona daim qüvvət verir, inamının sarsılmasına qoymur, daim yaratmağa ruhlandırırdı.

Ərtoğrol Cavid konservatoriyada Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun sinfində oxuyurdu. İstedadı ilə diqqətini çəkən sevimli tələbəsinin parlaq gələcəyi olacağını Üzeyir bəy artıq çoxdan sezmişdi. Qısa sürən ömrə baxmayaraq, Ərtoğrol Cavid milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində böyük rol oynayır. O, "9 Variasiya", skripka ilə fortepiano üçün "Poema", "Leylanın vəsfi" kimi romanslar, müharibə mövzusunda simfonik balladamarşlar yaradır.

İncə zövqlü, həssas qəlbli Ərtoğrol ixtisas təhsilini ədəbiyyat, musiqi sahəsində alsa da, gözəl əl qabiliyyəti ilə də diqqət çəkirdi. O, xüsusi rəssamlıq təhsili almamışdı, qanında, canında dolaşan sənət sevgisi, böyük ilham mənbəyi gördüklərini, duyduqlarını kağıza, qələmə köçürməyə tələsdirirdi.

Qara qələmlə rəsm çəkməyi sevən Ərtoğrol ara-sıra kiçikölçülü rəsmlər çəkir və şəxsi kolleksiyasında qoruyur. Bu rəsmlərin bir çoxu sonralar it-bata düşür, bir neçəsi isə bacısı Turan Cavidin xüsusi qayğısı ilə qorunur. Bu dəyərli kolleksiyadan yalnız 6 ədəd qrafiki rəsm Ərtoğrolun yadigarlarıdır. Həyat həqiqətən də qəribədir. Bir insanın həyat üçün ən böyük yadigarı övladıdır, amma Ərtoğrol Cavidin taleyi tamamilə başqa idi. Alın yazısında qısa bir ömür vardı. Həyatdan küskün, nakam köçən Ərtoğrolun yadigarı gənclik eşqi, duyğuları ilə çağlayan əsərləridir.

Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev-Muzeyində qorunan rəsm əsərləri arasında portretlər diqqəti daha çox cəlb edir. O, sevdiyi insanların, xüsusilə burada dünya klassiklərinin surətlərini yaratmağa böyük maraq göstərirdi. Dünya şairlərinin, yazıçılarının ədəbi irsinə böyük maraq göstərən Ərtoğrol onları oxuyar və portretlərini çəkərdi. Həmin portretlər də məhz dünya klassiklərinin yaradıcılığına olan sevgisinin təzahürü idi. Muzeyin ekspozisiyasında, xüsusi guşələrdə sərgilənən, qorunan həmin əsərlər onun portret yaradıcılığına bəslədiyi böyük sevgisinin təzahürüdür. Buna baxmayaraq, əsərləri arasında bir rəsm təbiətə, gülə həsr olunub. Gül sevgisi sənət adamlarına daha çox yaxındır. Şeirlərin bəzəyinə, aşiqlərin vəsfinə çevrilmiş gül şairlərin, sənət adamlarının ilham mənbəyidir.

Ərtoğrol Cavid yaradıcılığında te

atr rəssamlığına da maraq bəsləmişdir. O, bu aləmin sehrinə hələ çoxdan atası Hüseyn Cavidin vasitəçiliyə düşmüşdü. Səhnəni hiss edən, duyan H.Cavidin şah əsərlərindən olan "İblis" pyesini təkcə ailəsi, Ərtoğrol Cavid yox, onu bütün xalqı sevmişdi. O, bu möhtəşəm əsərin sehrinə o qədər düşmüşdü ki, əsərlərindən birini məhz İblis obrazına həsr etmişdi. Hər kəs həyatda, düşüncəsində İblisi axtarır. Hüsyn Cavidin "İblis" pyesindən olan

"İblis nədir? Çümlə xəyanətlərə bais

Ya hər kəsə xain olan insan nədir? İblis!"

misraları Ərtoğrolu da düşündürməyə bilməzdi. O, görkəmli aktyor Abbas Mirzə Şərifzadənin simasında İblisin cizgilərini təsvir etmiş, əsər olduqca uğurlu alınmışdı. Abbas Mirzə Şərifzadə İblis rolunun ilkmahir ifaçılarından idi. "Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar sonralar "ifşa edilmiş" Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılmış və repressiyaya məruz qalmışdı. Ərtoğrol Cavidin Abbas Mirzə Şərifzadəyə xüsusi simpatiyası var idi, onun şəxsiyyətini, sənətini uca tuturdu. O, rəsm əsərlərinin birində Abbas Mirzənin portretini canlandırmışdı. Abbas Mirzə itibaxışlı, xarakterli insan idi. Onun bu baxışları qarşısında davam gətirmək qeyri-mümkündü. Gəncin diqqətini çəkən iti  baxışlarda bir işıq var idi. Ərtoğrol həmin işığı sənətkarın gözlərində əks etdirməyi bacarmışdı. Əlbəttə, belə əsərlər təsadüfən yaranmır. Güclü təəssürat, təsvir edən şəxsin emosiyaları əsas rol oynayır.

Qeyd etdiyimiz kimi, Ərtoğrol insan surətlərinin, sənət adamlarının təsvirinə xüsusi maraq göstərirdi. Dünya musiqisinin nəhənglərindən olan Lüdviq van Bethovenonun rəsmlərində əks olunmuş surətlər arasındadır. Bethovenin yaradıcılığını sevməyən musiqiçi az tapılar. Ərtoğrol Cavidin Bethoven yaradıcılığına, şəxsiyyətinə olan simpatiyası heç də təəccüblü deyil. Sözsüz, Bethoven dünya musiqisinin ideallarındandır.

Klassik dünya ədəbiyyatını sevə-sevə oxuyan, öyrənən Ərtoğrol Cavid üçün Uilyam Şekspir yaradıcılığı da olduqca əziz idi. Dünya şöhrətli Şekspir ədəbiyyatsevərlərin rəğbət bəslədiyi klassiklərdəndir. Ərtoğrolun əsərlərindən biri məhz Şekspir sevgisinin təzahürü idi.

Ərtoğrol Cavidin əsərləri arasında Hüseyn Cavidin portretiyer alır. Atası Ərtoğrolun niskillərindən biri, ən başlıcası idi. Bir çoxlarının ürəyi kimi Ərtoğrolun da ürəyi dağlı idi. Ərtoğrolun, onun ailəsinin ürəyini dağlayan o vaxtkı rejim çox amansız olur. Hüseyn Cavid sürgün olunan ili həsrətə sinə gərmək, atası ilə cizgilərin vasitəsilə həmsöhbət olmaq üçün bu rəsmi işləyir. Rəsm digər əsərlərdən çox fərqlidir. Sanki Ərtoğrolun qələmi dəyişmişdi. Onun keçirdiyi hiss, həyəcan, dağlanmış ürəyinin iniltisi, bütün əzablar hamısı qələmin vasitəsilə kağızın üzərindəki cizgilərə hopmuşdu. Böyük həssaslıqla işlənən əsərdə bunları duymamaq olmur.

Ərtoğrol Cavid həmçinin, tədqiqatçı, istedadlı bərpaçı-mətnşünas, folklorçu kimiözünü təsdiq etmişdir. O, digər tədqiqatçıların xalqın içərisindən topladığı nağıl, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toyyas mərasimləri və s. folklor-etnoqrafiya materiallarının buya başqa məziyyətlərinə öz münasibətini bildirmişdir. Bütün bu məziyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112 saylı qərarına əsasən nəşr olunmuş "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyində toplanmışdır. 13 cildlik əsərin ideyası gənc tədqiqatçı Ərtoğrol Cavid tərəfindən tədqiqata cəlb edilmiş, rəyləndirilmiş və AMEA Hüseyn Cavidin Ev-Muzeyində qorunub saxlanan zəngin folklor xəzinəsinin təbliğindən ibarət idisə, digər tərəfdən Ərtoğrul Cavid elminə yaxın bələdçi idi.

Bütün gücünü, enerjisini yeni əsərlərinə, təhsilinə, işlərinə sərf edən bir vaxtda özünün də yazdığı kimi tale onu elə bir dərdə salır ki, bütün planları, arzuları alt-üst olur. Yad ellərdə acılara, zülmlərə düçar olan Ərtoğrol Cavid həyatın nə qədər insafsız olduğunu məhz xəstə yatağında duyur. Belə ki, o, atası kimi sürgün olunmasa da, konservatoriyanın tələbəsi olmasına baxmayaraq, əsgərliyə çağırılır, Gürcüstanda çox ağır tunel tikintisi işlərinə göndərilir. Burada ağır , zəif yemək onu taqətdən salır və ağır xəstəliyə - vərəmə tutulur. Xəstəxanalardan birinə aparılan Ərtoğrolun vəziyyəti heç də yüngülləşmir, yeganə seçim Vətənə, doğma torpağı, dədə-baba ocağı olan Naxçıvana geri dönmək olur. Naxçıvana gəlməyi, günlərini bu torpaqda gəzərək keçirməyi özüçox arzulayırdı. Naxçıvana gəlmədən əvvəl o, "Bülbül dayı" dediyi böyük müğənnimizə 1943-cü il aprelin 26-da gizlincə yazdığı ürək dağlayan məktubunda bunları qələmə alır: "Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər bir şey var. Nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var". Ərtoğrolu Naxçıvana Mişkinaz xanımın əmisi Məhəmməd kişi gətirir. Burada da günləri xoş keçmir. Amansız xəstəlik, insanların ona yanaşmaq qorxusu, ailəsinin yaşadığı ağır günlər, bunlar hamsı ürəkdağlayırdı. Hər şey dəyişmişdi, artıq heç nə əvvəlki kimi deyildi. Hamı onu xalq düşməninin oğlu kimi tanıyır, yanına getməyə ehtiyat edirdi. Naxçıvanda günlərinin çoxu tənhalıq içində keçir, çay kənarında oturub tək-tənha fikir edir. Artıq həyat onu yorurdu, özünün də yazdığı kimi, həyat insanlardan da insafsızdır. Çox keçmir ki, istedadlı gənc bir gün həyata gözlərini əbədi yumur.

Ərtoğrolun taleyi kimi dəfni də tükürpədici olur, bu sönük dəfn heç vaxt unudulmur. Naxçıvan Teatrının fəxri, rejissor, aktyor Miribrahim Həmzəyev 1943-cü ildə baş verən həmin hadisəni, o dəfn mərasimini ömrünün sonuna kimi unuda bilmir. İstiqanlı, xeyrə-şərə yarayan Miribrahim Həmzəyev Hüseyn Cavidə pərəstiş edərdi. Bu vaxtsız ölüm bir çoxları kimi onu da sarsıdır.

Həmzəyevin bu acı xatirəsini qələmə alan Q.Əlisaoğlu yazır: "...həmişəki kimi işdən çıxıb evə gedirdi - aramla, təmkinlə. Qarşısına tabut aparan kiçik bir dəstə çıxdı, cəmi 5-6 qoca kişinin iştirakı ilə dəfn edilməyə aparılanın kimliyi ilə maraqlanmaya bilmədi, çünki Naxçıvanda ən kasıb, hətta kimsəsiz adamın da dəfnində tanış-biliş, qohum-qonşu əl ayaq yetirir, izdihamlı, müsəlmani bir dəfn mərasimi yaranır.

Dinə, xüsusən də İslam dininə qarşı proletar dövlət nə qədər ciddi və amansız mübarizə aparsa da, Naxçıvan əhlinin imanını, inamını qıra, onları allahsızlaşdıra bilmədi.

Bəs nədən bugünkü dəfn belə soyuq, tənhalıq içində keçsin?

Bu kimsəsiz adamın dəfninə tamaşa üçün çoxları həyət qapısından boylanıb tezcə də başlarını geri çəkirdi. Aydınlıq üçün mərasim iştirakçılarına yaxınlaşıb qayğıkeşliklə soruşdu:

- Allah rəhmət eləsin. Kimdi?

Bu yerlərdə Miribrahimi tanımayan tapılmazdı. Ancaq bu dəfndə rəsmilərdən heç kəs iştirak etmirdi, Miri də rəsmi idi, ona görə də sual verilən qoca onun cəsarətinə təəccübləndi, ürəyindən hələ bir nida da qopdu: "Deyərəm, indi sən də qaçarsan"

- Ərtoğroldu... Cavidin oğlu...

Böyük qardaşı Mircavad xalq düşməni kimi güllələnmiş, ailəsi sürgünə göndərilmişdi, özüdaimi olaraq diqqət mərkəzində saxlanılırdı, hələ üstəlik, mərhum qayınatası Mirzə Bağır da "məxsusilər" siyahısında olmuşdu. Əmisi Mirxəlil və onun övladları, uşaqlıq dövründən yaxşı tanıdığı, əmisinin qaynı, məşhur türkoloq, professor, antikommunist Əhməd Cəfəroğlu Türkiyədə yaşayırdılar.

Bütün bunlara baxmayaraq, "Ərtoğrol" kəlməsini eşidib qulaqlarına inanmadı, dəfn mərasiminin bu saat orqan tərəfindən izləndiyini də başa düşdü, ürəyində fırtına qopdu:

"Cavidin oğlunu beləmi dəfn edərlər? Cavidin borcunu beləmi qaytararlar?"

Əzmkarlıqla yeriyib tabutun altına girdi, dəfnin sonuna kimi qocalara kömək göstərdi: - Cavid ruhu qarşısında borc qaytarırmış kimi".

Ərtoğrolun cənazəsi anası və bacısı görmədən torpağa tapşırılır. O vaxtlar xalq düşməni ailəsinin Bakını tərk etməsinə qadağa qoyulduğundan Mişkinaz xanım əziz balasının yasına gedə bilməmişdi.

1982-ci ilin noyabrında Ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti, böyük təşəbbüskarlığı nəticəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilir. Sonralar 1996-cı ildə yenə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin şərəfinə məqbərə ucaldılır. Bu gün həmin məqbərədə Cavidlər ailəsi uyuyur. Sədaqətli bir ailənin simvoluna çevrilən bu məqbərə Naxçıvanda yeni ailə quran gənclərin üz tutduğu, xatirə fotoşəkli çəkdirdiyi yeganə məkandır. Bu ənənə uzun illərdir, davam edir. Biz Cavidlər ailəsinin timsalında sədaqətli, nümunəvi ailənin necə olmasını öyrənmiş oluruq.

Ərtoğrol Cavid həmişə ailəsinə sədaqətini qoruyan, əzmlə, inadla çalışan, Vətənini, torpağını, böyüklərini sevən, onlara hörmət bəsləyən bir gənc obrazıdır. Biz onun simasında bir çox dəyərləri öyrənə bilərik. Əsl Azərbaycan vətəndaşı, əsl Azərbaycan gənci belə olur.

Gənc olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə böyük töhfələr vermiş Ərtoğrol Cavid irsinin öyrənilməsi, təbliğ olunması hər zaman aktual məsələlərdən olub. Ərtoğrol Cavid şəxsiyyətini və irsini diqqət mərkəzində saxlayan dövlətimiz ümumilikdə Cavidlər irsinin qorunması, yaşadılması, öyrənilməsi məqsədilə paytaxt Bakıda, Naxçıvanda Hüseyn Cavidin ev-muzeylərini təşkil edib. Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavid şəxsiyyəti uca tutularaq onun adı musiqi və bədii sənətkarlıq məktəblərindən birinə verilmiş, Hüseyn Cavid Ev-Muzeyində zəngin irsindən nümunələr toplanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ərtoğrol Cavid şəxsiyyətini, irsini uca tutaraq "Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında" 18 aprel 2019-cu il tarixli Sərəncam imzalamışdır.

Ərtoğrol Cavid Azərbaycan xalqının qəlbində yaşayır. Onun zəngin irsi Azərbaycan mədəniyyətinin xəzinəsidir. Bu xəzinəni, dəyərləri qorumaq hər birimizin vətəndaşlıq borcudur.

 

Fizzə QULİYEVA

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri

 

525-ci qəzet.- 2019.- 1 may.- S.14;19.