"Xalçaçı günü" ilə bağlı tədbirlər

 

 

Azərbaycan xalçaçılarının peşə bayramı ilə əlaqədar "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarında tədbirlər təşkil edilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə kollektivə qurum rəhbərliyinin təbriki çatdırılıb.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycanda yüz illərdir, xalça toxunsa da xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq üç ildir ki, Azərbaycan xalçaçıları "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı günü - mayın 5-ni peşə bayramları kimi qeyd edirlər. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Xalçaçı günü" peşə bayramının təsis edilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür. Çıxışçılarda vurğulanıb ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin böyük hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ulu Öndərin parlaq siyasi xəttinin bəhrəsidir: "Əgər müstəqil Azərbaycan olmasa, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də biz "Xalçaçı günü" qeyd edə bilərdik. Bugünkü xoş günlərimiz üçün Ulu Öndərimizi minnətdarlıqla xatırlayırıq".

Vurğulanıb ki, dövlətimizin ən çox diqqət yetirdiyi sahələrdən biritariximizinmilli mədəniyyətimizin mühüm göstəricisi olan xalçaçılıqdır. Bu sahədə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji kurs Prezident İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir.

Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" da təsdiq olunub. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir: "Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib".

Qeyd olunub ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti dünya xalçaçılığında analoqu olmayan Azərbaycan modelidir. Ənənəvi xalq üsulu ilə xalça toxunmasının kütləvi şəkildə təşkili məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında Səhmdar Cəmiyyətin 20 filialı yaradılıb. Əksəriyyəti gənclər olan 1600 nəfərdən çox toxucunun çalışdığı filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 8500 kvadratmetrdən çox xalça toxunub.

Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaqdır. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.

Çıxış edənlər deyib ki, dövlət başçısının bu sahəyə göstərdiyi qayğı, xalçaçılara verdiyi yüksək qiymət üzərimizə ikiqat məsuliyyət qoyub. Çalışmalıyıq ki, ölkə rəhbərinin tapşırıqlarını uğurla yerinə yetirək, xalçaçılığın inkişafına öz töhfəmizi verək.

Sonda əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirən bir qrup toxucuya "Azərxalça" ASC-nin fəxri fərmanları təqdim edilib, hazır xalçalar kəsilib.

 

525-ci qəzet.- 2019.- 4 may.- S.13.