Əlvida, hislərimin qatili!   

 

 

 

Dəhlizin o başından tanış ayaq səslərinə həsrət buraxdın məni. Oyuncağını itirmiş körpə uşaq tək küskünəm hər kəsə. Süzülmüş dodaqlar, çatılmış qaşlar, bu aralar simamda dəb halını alıb, deyəsən. Ətrini duyardım hər səhər mehindən. İndi hoyrat poyrazlar əsir dörd bir yanımda.

Hər yaraya məlhəm, hər ağrıya əlac var da, qəlb ağrısına niyə yoxdur? Niyə tutuşur sol yanım? Niyə hər nəfəs alışımda xəncər kimi batır yoxluğun? Adın içimə dərd olmuş, dərmanı səndə gizli. Sağalmaq istəmirəm. Burax, qanasın bütün yaralarım, qabıqları təkrar-təkrar incitsin qəlbimi. Olar ki, qayıtmaq istərəm, bağlansın bütün yollar, yansın bütün körpülər, içimdəki ümidlər kimi. Bir zamanlar içimdə bahar çiçəkləri açdıran gülüşün indi qara buludlarla çarpışdırır yalanlarını.

Bugün bir cənazə qalxır könül evimdən. Tabutun dörd yanını qaldıranlar yabancı deyil. Ümidlərim, xəyallarım, inancım, sevgim. Dörd sütun üstündə gedirsən sevgilim. Gedişin belə gəlişin qədər möhtəşəmdir. Gələrkən özünlə gətirdiklərin indi tabutunu qaldırır. Məni əmanət etdiklərin içimi yandırır. Dörd yanıma qoyub getdiyin gözətçilərin yasımı tutmağa vermir macal. Xatirələr rəqs edərkən beynimdə sağımdakı xəyanət, solumdakı yalan. Hələ arxamdakı gözətçilərini demirəm - yalançı andlar, tutulmamış vədlər. Qoynumda yaralı körpələrim iz - yarım qalan xəyallar, qırılan ümidlər.

Canımdan can qopur. Sol tərəfimdə qərib bir sancı, içimdə qan ağlayan bir qız. Hıçqırıqları qulaq batırır. Bəs onda niyə gözlərim bu ağrıdan bixəbərdir? Qurudumu yoxsa yaşlar, yoxsa yoruldularmı. Uğrunda tökülüb vicdanını yuya bilməməyin utancından gizləniblər bəlkə . Getmə deməyə cəhd etməyən diliməmi küsüm, yoxsa ardınca getmək istəməyən ayaqlarımamı? İtirsən gözdən. Uzaqlaşırsan. Bir az zaman sonra qoxun da itəcək.

İlk günkü heyranlığını itirməyən baxışların, ən əsəbi vaxtımda zəncirlərimi qıran "can" sözün, sanki qırılmağından ehtiyat edərcəsinə ürkək toxunuşların, qabırğalarımı qabırğalarına dolayan o möhkəm sarılmaların, boynumda hiss etdiyim isti nəfəsin, ayaqlarımı yerdən kəsən öpüşlərin, məni məndən alan qoxun. Bunlarıdamı özünlə aparırsan? Bu qədər vicdansız ola bilməzsən. Məni kimsəsiz qoyacaq qədər qəddar ola bilməzsən. Bir damla göz yaşına dünyanı yandıran adam, indi iki damla yaş tökülməsin deyə qırpmağa qorxduğum kipriklərimi əsir almışam.

Gəlişinlə açdırdığın çiçəklər xəzan yarpağına döndü. Bu gedişi heç sevmədim. Bu sənə heç yaraşmadı. Bunlardamı yalandı? Titrəyən əllərin, köksündə çırpınan ürəyin, heyranlıqla baxan gözlərin. Bu qədər yalanı necə qaldırdı vicdanın?

Əsərinlə tanış ol. Necədir xarabalığım? Məhv olmuş arzular, yıxılmış bir qadın, uçmuş bir dağ. Xoşuna gəlir mənzərə? Hünərinlə öyün, məncə. İmkansızı bacardın.

Ayrılıq deyildir içimdəki köz. İllərdir bir yalanın qoynunda yatmışlığımdır. Hər səhər məni oyadan isti nəfəsin ötəri bir həvəs olmağıdır. Hər gecə qoynunda xəyallar qurduğum insanın uydurduğu yalanlardır. Yalanların deyil ürəyimi sızladan. Məni oturtduğun "axmaqlar" kürsüsüdür. o şirin nağıllar.

Söyləsənə ey sevgili, çoxmu güldün arxamca? Dodağından qopan hər kəlməyə şübhəsiz inandıqca saflığım səni əyləndirdimi? Susma, danış. Hazıram, uydur yene bir nağıl. İnanacağıma söz verirəm. Yetər ki, səsinə həsrət qaldığım gecələrin sayı artmasın. Yetər ki, gecəni səhərə gözyaşlarım bağlamasın. Susma, danış...

Sənsizliklə rəqs edirəm xatirələrin sədasında. Buza dönmüş yatağımda ruhunla isinirəm. Kim bilir, bəlkə bir gün bir yerdə yenə qarşılaşarıq. Təkrar vurulsana mənə! Yenə pilləkəndə ayaq saxlayıb gözlərində qərq olaram. Yenə gülümsəyərsən şirin-şirin.

O yağışın altında yenə islansana. Qarda soyuq daşın üstündə yenə yolumu gözləsənə. Yenə pəncərəmin altında sabahlasana. Eyni həyəcanla gözləsənə yenə yollarımı. Yenə qapını açıb sən əvəzinə çiçək görsəm. Soyuqdan donsam, eyni paltonun içində qızınsaq. Hər sağollaşanda yenə ağlasaq. Yenə başını dizimə qoysan, "səndən başqa kimsəm yox desən". Kim bilir, bəlkə onda...

Yox, yox... Əsla. Sən mənim üçün tarixin tozlu səhifələrində qalmış uydurulmuş bir nağılsan. Bu nağılın sonunda göydən niyə alma düşmədi? Utancından göy , yer üzünü gizlətdi məndən. Xoşbəxtliyimə şahid, arzularıma bələd, xəyallarımdan xəbərdar hər varlıq indi gözlərini qaçırır məndən.

... Söylənəcək o qədər söz varkən, hayqırmaq istədiyim o qədər suallar varkən susmağı seçdim. Bilmədiyi üçün deyil, çox şeyi bildiyi üçün susarmış bəzən insan. Susmuş bir qadın, bitmiş bir sevgidir. Sönmüş bir ocaq, buz kəsmiş bir qucaqdır. Susmuş bir qadın dəfn olunmuş xoşbəxtliyindir.

İnsanı susmağa məcbur edən səbəb onu qışqırmağa vadar edən səbəbdən daha çox yandırır. Söylənəcək o qədər söz varkən, çarəsizcə bir kənarda susmaq, qəlbində fırtınalar qopsa da, gülümsəməyə çalışmaq, içini ayaz dondurarkən üzündə bahar gülləri açmaga məcbur etmək əvəzolunmaz bir çarəsizlikdir. Dünyada heç bir şey daxilən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünmür.

İndidən hicranın dağlayır ürəyimi. Zamanla kül olmaq arzusuyla həsrətinə sarılıb yuxumu ərşə çəkirəm. Bir daha əsla qarşılaşmamaq ümidilə, əlvida hislərimin qatili!

 

 

Leyla CAMAL

 

525-ci qəzet.- 2019.- 8 may.- S.19.