Akademik Tofiq Hacıyevin tərcümə yaradıcılığı

 

 

Görkəmli türkoloq alim, akademik Tofiq Hacıyev təkcə türkologiya sahəsində deyil, dilçilik və ədəbiyyatşünaslıq sahəsində də öz sözünü demişöz sözü ilə yaşayan şəxsiyyətlərdəndir. O, öz qələmini elmin bir çox sahələrində sınayıb, hansı sahədə qələm çalıbsa, o sahədə uğur qazanıb, o sahədə öz xalqına, öz mənsub olduğu millətə başucalığı gətirib.

Akademikin yaradıcılığının zəngin bir qolunu da onun tərcümə sahəsində görmüş olduğu işlər təşkil edir.

Alim tərcümə işinə hələ gənc yaşlarından başlamışdı. O, tələbəlik illərindən məhşur müəllimlərinin - o cümlədən, böyük ədəbiyyatşünas alim Əli Sultanlının və digərlərinin diqqətini cəlb etmiş, Roma ədəbiyyatının görkəmli nümayəndələrindən biri Mark Tulli Siseronun əsərlərindən bəzi bölmələrin tərcüməsi ona həvalə olunmuşdu. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çapdan çıxan 260 səhifədən ibarət "Roma ədəbiyyatı müntəxabatı" antologiyasının geniş bir bölməsi bu gənc gələcək türkoloqa - dilçiyə tapşırılmışdı.

... Türkoloq alimin 1997-ci ildə tərcümə etdiyi "Qıpçaq çölünün yovşanı" əsərində türk-qıpçaq Atillanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır. Kitabda Avroparus tarixçilərinin yüz illər boyu üstünə qara pərdə çəkdikləri, uzunluğu səkkiz aylıq at yolu olan böyük Dəşti-Qıpçaq dövlətinin gizli saxlanılan səhifələri öz əksini tapır.

Türkdilli xalqların tarixindən və taleyindən bəhs edən bu əsərdə adı qeyd edilən xalqların Rusiya adlanan indiki ərazinin ilkin xalqları olduğu vurğulanır. Sonradan assimilyasiya nəticəsində türkdilli xalqların bir çoxunun adının məqsədli şəkildə sıradan çıxarılması, onların ümumilikdə slavyan adlandırılması tarixi faktlarla öz əksini tapır.

Akademik Tofiq Hacıyevin tərcümə etdiyi əsərlərdə qarşıya qoyulan əsas məqsəd tərcüməçinin baxışları ilə üst-üstə düşdüyünə görə və bu tarixi qaynaqları axtarıb tapmaqda müəyyən qədər çətinliyin meydana çıxması səbəbindən o, mənsub olduğu xalqın tarixinin qədimliyini, yayılma arealının genişliyini vətəndaşı olduğu ölkənin oxucularına çatdırmaq üçün tərcümə yolunu daha münasib hesab ediridi.

Kitab müəllifinin gətirdiyi faktların təsirinə düşdükcə insan öz kimliyi ilə fəxr etməyə bilmir. Bu qədim türk xalqını özününküləşdirib onların varlığı ilə fəxr etməyə çalışan, bu gün barmaqla sayılan böyük yad xalqların bu istəyi ilə tanış olduqda fəxarət hissi daha da güclənir, dəli çaylar kimi aşıb-daşır, sahillərini qucaqlayır. Kitabın "Vəhşi çöl - Böyük səhra" bölməsində yazılır: "Qıpçaq xalqının şöhrət çələngini mənimsəməkdə ruslar yeganə deyillər. Zamanın yollarında yiyəsiz qalan bu yağlı tikə çoxlarını özünə çəkir. Bu yolda ilk iddiaçı almanlardır. Onlar qıpçağın çarı Attilanı milli qəhrəman saymışlar".

Bütün türkdilli xalqların tarixinə öz doğma Azərbaycan türkünün tarixi kimi yanaşan böyük insan Tofiq Hacıyev tarixçi olmadığına və türk xalqlarının tarixi köklərinin araşdırılmasında iştirak etmədiyinə görə bu yoldakı vəzifəsini türklər haqqında yazılan dəyərli kitabı dilimizə çevirib Azərbaycan türklərinə çatdırmaqda görür. O, bu kitabı oxuyandan sonra özünün də qəlbindən keçənlərin orada əks olunduğunu görüb yazır: "...Türk xalqları tarixinin olduğu kimi yazılması yolunda ilk addımı qumuq oğlu Murad Adcı atdı. Onun bu kitabı ilə türk tarixçiliyində yeni mərhələ başladı. Mən "Qıpçaq çölünün yovşanı" kitabında öz düşüncələrimi, məsləkimi görərək onu türkçəmizə tərcümə etdim".

Akademikin rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi ikinci sanballı əsər Boris SerebrennikovunNinel Hacıyevanın birlikdə yazdıqları "Türk dillərinin müqayisəli tarixi qrammatikası" əsəridir.

Əsərin tərcüməsi Azərbaycanın müstəqillik qazandığı ilk illərə təsadüf etdiyindən, tərcüməçi əsərin müəlliflərinin ad və soyadlarına müraciət etdikdə onlara XX əsrin əvvəllərində Azərbaycanda insanlara olan müraciət formasından qabarıq şəkildə istifadə edir. O, yazının ilk cümləsində müəlliflərin ad və soyadlarını günümüzün müraciət formasında qeyd etsə də, bundan sonra müəlliflərə müraciət edəndə yenidən 20-30-cu illərin müraciət formasına qayıdır. Yazının ilk cümləsi belə başlayır: "Söhbət əlimizdəki bu kitabın müəlliflərindən, vaxtilə Sovet İttifaqı adlanan nəhəng bir dövlətdə Boris Aleksandroviç SerebrennikovNinel Zeynalovna Hacıyeva kimi tanınmış çox istedadlı və çox məşhur iki dilçidən, əslində, bir bütöv ailədən gedir... Ninel Zeynal qızı B.İsgəndər oğlunun həyat yoldaşı idi" (səh.3). İfadənin təmizliyinə, müraciət formasına bax!!!

Dünyada heç bir dilin təsirinə məruz qalmamış, hər bir basqıdan uzaq olan xalis Azərbaycan türkcəsi forması. Müəllifinin özü kimi, dilimizin kökü kimi saf və təmiz!!!

Akademik Tofiq Hacıyev mənsub olduğu xalqın tarixinin qədimliyi haqqında bilə-bilə söz demir, öz xalqının tarixinin qədimliyini başqa xalqların elm adamlarının söylədiyi fikirlərlə təsdiq etməyə çalışır. Bu fikirlər, türk dillərinin qədimliyinə aid olan bu münasibət, bu baxış elə bilirəm ki, elə böyük alim Tofiq Hacıyevin qəlbinin dərinliklərində yuva salan, lakin yazmağa vaxt tapa bilmədiyi fikirləri və istəkləri idi.

Görkəmli alimin rus dilindən Azərbaycan türkcəsinə çevirdiyi əsərlərdən biritürk xalqlarının taleyindən bəhs edən Mikayıl Bastunun "Şan qızı dastandır". Tərcüməçinin yazdığı "Ön söz"lə birlikdə 310 səhifədən ibarət olan bu kitabın yüz səhifəsini tərçüməçinin həmin əsərə yazdığı "Ön söz" təşkil edir.

Akademik Tofiq Hacıyev "San qızı" dastanı ilə "Dədə Qorqud" dastanları arasında olan müştərək bənzərlikləri qeyd etmişdir. Tərcüməçi bu barədə yazır: "Dədə Qorqud kitabı"ndakı "Xanlar xanı" , "Bəylər bəyi" sintaktik qəlibində "San qızı"nın dilində belə birləşmələr var: "İgidlər igidi" (xrabrey iz xrabreyşix), "imanlıların imanlısı" (vernıy iz verneyşix), "zirvələrin zirvəsi". Dədə Qorqud oğuzcası ilə bulqar-qıpçaq abidəsinin belə ifadə uyğunluğu o deməkdir ki, bu sintaktik qəlib ümumişlək səciyyə daşımışdır. Bu dil qəlibi, ümumiyyətlə türkün maksimalizmi ilə bağlıdır: "yaxşının ən yaxşısını qəbul edir, pisin ən pisini rədd edir" (səh.34). Akademik Tofiq Hacıyev Mikayıl Bastunun "Şan qızı" dastanını yüksək qiymətləndirərək onu Nizaminin "İsgəndərnamə" əsəri ilə müqayisə edirbu müqayisədə tarixlik baxımından Bastunun dastanını daha üstün tutur.

Akademik Tofiq Hacıyev türkdilli xalqların qədim tarixini özündə əks etdirən dastanların hər birini Azərbaycan dilinə tərcümə etdikcə, bu dastanlarda dilimizin zənginliyi, ifadə səlisliyi, axıcılığı və digər mühüm xüsusiyyətləri zərgər dəqiqliyi ilə aydınlaşdırılır və qiymət verilir.

Görkəmli türkoloq, tərcüməçi, dilçi, pedaqoq və adı hər yerdə böyük hörmətlə çəkilən akademik Tofiq Hacıyevin rus dilindən tərcümə etdiyi dördüncü əsər yenə də müəllifi Murad Adcı olan "Türkdünya: munis tariximiz" (Bakı - 2006) əsəridir. 255 səhifədən ibarət olan bu kitabın əvvəlində verilmiş "Giriş yerinə bir neçə söz" və axırında verilmiş "Araşdırmalar dərinləşdikcə türkün haqqında həqiqət üzə çıxır" bölmələri tərcüməçi tərəfindən yazılmışdır. Kitaba "Ayrı-ayrı" başlıqlar adı altında bir bölmə daxil edilmişdir. Əsərdə rusrus olmayan xalqlar içərisində kazaklar başqa xalqlardan öz döyüşkənliyi, sözünə sadiqliyi, əhdinə vəfalılığı ilə seçilirlər. Əsərdən o da bəlli olur ki, kazakı rus rəsmi dövlət elan edib. Ruslar başa düşürlər ki, kazaklar rus deyil. Ancaq bu xalqın yalnız oxumuşları, öz tarixi köklərinə bələd olanlar elə o zamandan dərk eləyirdilər ki, kazaklar əslən rus yox, əslən türkdülər.

Tərcüməçi akademik Tofiq Hacıyevin kitabın sonuna əlavə etdiyi "Araşdırmalar dərinləşdikcə türkün haqqında həqiqət üzə çıxır" adlı yazıda kitabın əsas məzmunu, qarşısına qoyduğu məqsəd bütün çılpaqlığı ilə ortaya çıxır. Son söz əvəzinə verilən bu parçada tərcüməçi Murad Adcının məşhur türkoloqlardan iqtibas etdiyi türklərə istinad edərək, türklərin qədimliyini, bu gün türk adından uzaqlaşaraq başqa ad altında ömür sürən türk kökənli xalqların kimliyini, haradan gəlib, harada yuva salıb məskunlaşdıqlarını tarixi faktlarla sübut edir.

Akademik Tofiq Hacıyevin rus dilindən Azərbaycan türkçəsinə çevirdiyi son əsər "Hilyətül-insan və həlbətül-lisan" adlanır. 159 səhifədən ibarət olan bu kitabın 30 səhifəsini tərcüməçinin yazdığı Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın "Hilyətül-insan və nəlbətül-lisan əsəri" adlanan ön söz əvəzi təşkil edir. Kitabın əvvəlində əsərin nə vaxt, haradakim tərəfindən yazılması haqqında geniş məlumat verilir və göstərilir ki, əsərin əldə olunan ilk nüsxəsində onun kim tərəfindən yazıldığı hələ məlum deyildi. İlk beş nüsxəsi müəllifsiz tapılan bu kitabın altıncı nüsxəsi xeyli sonra İstanbulun "Muzeyi-Humayun" kitabxanasından tapılmışdır. Bu nüsxədə həm müəllifin, həm də kitabın əsl adı qeyd olunmuş və istedadlı rus türkoloqu Platon M.Melioranski bu kitabla bağlı tədqiqat işləri aparmağa başlamışdır.

Türkcəmizin tarixi, qədimliyi, onun əhatə dairəsi haqqında yazılan hər bir kəlməni tərcüməçi öz qəlbinin odu ilə işıqlandırır. Azərbaycan türkcəsinə tərcümə edirbunu özünün oğulluq borcu, vətəndaşlıq vəzifəsi hesab edir. Bu tərcümə əsərlərindən qidalanan hər bir kəs də, mən elə başa düşürəm ki, bu fəxarət hissinin şərikinə çevriləcəkdir. Türkçəmizin kökünə, keçdiyi tarixi yola, əhatə dairəsinə, onun şirinliyinə olan sevgi, vurğunluq akademikin hər bir əsərində, hər bir tərcüməsində, hətta ən yığcam məqaləsində də özünü qabarıq şəkildə göstərməkdədir. Belə yazılarından biriakademikin 2015-ci ildə "Elm və təhsil" nəşriyyatında çapdan çıxan "Azərbaycan dlinin Naxçıvan dialektoloji atlası"na yazdığı "Muxtar Respublikanın muxtar dialektionu daşıyanlar haqqında bir söz" adlı "Ön söz"üdür. Akademikin yazdığı bu "Ön söz"də onun Azərbaycan türkcəsinə, onun dialekt və şivələrinə olan qayğısı, Azərbaycanın hər bir bölgəsinə, o bölgələrdə işlənən hər bir sözə, hər bir kəlməyə qayğı ilə yanaşması ən ciddi incəlikləri ilə özünü büruzə verməkdədir. Akademik üçün Vətən sərhədi, torpaq məfhumu, vətəndaşlıq borcunun kəsilən nöqtəsi yoxdur. Türklərin ilkin yuva qurduğu Sibirdən başlamış, özünün dünyaya göz açdığı Soltanlı kəndinə qədər ona doğma və əzizdir. Tofiq Hacıyev üçün Vətənin ucu-bucağı yoxdur. Harada bir türk yaşayırsa, hansı ünvanda yurd yolunda, torpaq uğrunda bir türk özünü qurban veribsə və həmin torpaqda uyuyursa, ora akademikin ümid yeridir, güman yeridir - bir sözlə, qibləgahdır. Çünki həmin torpaqlarda yaşayıb, mənsub olduğu xalqın adından zor-güclə məhrum olan, kimliyində milliyəti doğru-düzgün öz əksini tapmayan, əhatə olunduğu millətlərin içərisində əriyib kimliyindən uzaqlaşan bu insanların dillərində min illərin dərinliyindən axıb gələn milli sərvətimiz - türk sözlərimiz yaşayır. Elə sözlər ki, bu sözlərin hər biri bir nağıl, dastan pıçıldayır bizlərə, varlığımızı özünə hopdurub yaşatmaqda davam edir. Onun üçün Bakı da, İstanbul da, Krım da, dağların döşündə yüz illər boyu varlığını qoruyub saxlayan Tivi kəndi də dünyaya göz açdığı Soltanlı qədər doğma və əzizdir. Kəndlərin qaranlığında qaralıb qalmış hər bir türk sözü gözünün işığı, yarasının məlhəmidir. O, hər bir kəlməyə tarixi yaddaş kimi yanaşır, həmin sözün özündə yaşatdığı, qoruyub saxladığı gizli məqamları üzə çıxarır, onlara yadlaşanların ünvanına göndərir.

... Azərbaycan türkcəsinə çevirdiyi əsərlərin ideya və məzmunundan, onların qarşısına qoyulan məqsəddən, bu sahəyə həsr etdiyi ən yığcam bir məqalənin ideya və məzmunundan anlaşılır ki, akademik Tofiq Hacıyev ta gəncliyindən ömrünün sonuna kimi özünü türk xalqlarının dilinin, tarixinin ulu köklərinin qorunub saxlanılmasına xidmət edən bir əsgər saymış və bu yolda əlindən gələni əsirgəməmişdir.

Bu il mayın 1-də Türk xalqlarının biri-birini tanımasında, ədəbiyyatları, adət-ənənələri, yaşayış tərzi ilə tanış olmalarında böyük səy göstərmiş akademik Tofiq Hacıyevin 83-cü doğum günü idi. Müqtədir insan, istedadlı hər bir türk övladını öz övladı bilən bu dahi şəxsiyyətin doğum gününü fəxarət, yoxluğunu kədər hissi ilə qəlbində yaşadan, dissertantı və doktorantı olmuş

 

Sərdar ZEYNAL

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2019.- 8 may.- S.10.