Canlı tariximiz

 

 

Bəşər övladı yaranandan müharibələr onu həmişə qara kabus kimi izləyib. Azərbaycan xalqı təkcə XX əsrdə neçə-neçə qırğınlardan, qanlı savaşlardan keçib, böyük itkilər verib. 300 min nəfərdən çox vətəndaşımız İkinci Dünya müharibəsindən geri qayıtmayıb. Azərbaycanın taleyinə 20 Yanvar faciəsi və Xocalı soyqırımı düşüb. Qarabağ müharibəsində on minlərlə insan itirmişik. Erməni faşizmi zaman-zaman Azərbaycan torpağında görünməmiş vəhşiliklər törədib.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun ekspedisiyasının Quba rayonunda aşkara çıxardığı kütləvi məzarlıqlar, qocaların, qadınların, uşaqların diri-diri torpağa gömülməsi faktları Azərbaycan tarixinin tükürpədici səhifələridir.

Zaman axıb gedir... İllər illəri, nəsillər nəsilləri əvəz edir... Dünya təzələnir... Bəşər tarixinin ən qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsindən yetmiş dörd il keçir... Yaddaşlarda yaşayır müharibə illəri, müharibə faciələri!..

Hələ də ümidini üzməyib yollara baxa-baxa yar-yoldaşını, doğmalarını, yaxınlarını gözləyən, gözü yollarda qalan nə qədər insan var! Onlar hələ də möcüzəyə inanır və bu inamla da yaşayırlar.

Vətən uğrunda canından keçən, şəhidliyə qovuşan, qanlı cəbhələrdə itkin düşən insanların yalnız bircə şeyə ehtiyacı var - yada salınmaq, xatırlanmaq...

Onların ruhu yalnız xatirələrə güvənir, xatırlanmaqdan, anılmaqdan rahatlıq, dinclik tapır...

Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi məhz belə savab və xeyirxah bir işlə məşğuldur. Gördüyümüz işin məqsəd və məramını ikicə kəlmə ilə belə ifadə etmək olar: bu kitabın nəşri ilə şəhid kimi dünyadan getmiş nə qədər insanın ruhu şad olur, doğmalarını, əzizlərini itirmiş insanlar isə "Xatirə Kitabı"ndan təsəlli tapırlar.

Bu möhtəşəm nəşrin mənası, dəyəri də elə bundadır. Odur ki, "Xatirə Kitabı" hazırlayıb ərsəyə gətirənlər öz nəcib, xeyirxah işlərinin nə qədər şərəfli olduğunu bilir, onun məsuliyyətini dərindən dərk edir və gördükləri bu xeyirxah işdən xüsusi fərəh duyurlar.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun sədrliyi ilə fəaliyyət göstərən nüfuzlu redaksiya heyətinə akademiklər, görkəmli elm və mədəniyyət xadimləri və güc strukturlarının rəhbərləri daxildir.

Kitabın nəşrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.

Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq yoluna işıq tutan Respublika Xatirə Kitabı Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu milli vətənpərvərlik iradəsi və birbaşa nəzarəti altında yaradılmış bir təşkilatdır. Təşkilat öz fəaliyyətini birbaşa olaraq Azərbaycan xalqının bilavasitə iştirak etdiyi münaqişələrdə - Böyük Vətən müharibəsi, məhəlli münaqişələr və nəhayət, vətənimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ müharibəsi dövründə həlak olmuş, itkin düşmüş soydaşlarımızın şanlı xatirəsini əbədiləşdirmək üzərində qurmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Respublika Xatirə Kitabı Vətənimizin bu müharibələrdə olan itkilərini, xalqımızın qəhrəman övladlarının xatirəsini əbədiləşdirməklə bir daha dövlətimizin vətən uğrunda canından keçən övladlarına verdiyi qiyməti göz önünə gətirmiş olur.

Bu rəqəmlərə diqqət yetirmək məncə, yerinə düşər. Təsəvvür edin, Böyük Vətən müharibəsi başlayanda, yəni 1941-ci ildə statistikaya görə Azərbaycanda əhalinin ümumi sayı 3,4 milyon nəfər idi. Buraya həm döyüş qabiliyyəti olan cavanlar və gənclər, həm əlillər, həm də qadın və uşaqlar daxil idi. 3,4 milyon nəfərdən 681 min nəfəri, o cümlədən, 10 min qadın orduya səfərbər olmuşdur. Bunların yarısına, yəni 300 min nəfərə, bir daha doğma yurduna qayıtmaq nəsib olmamışdlır. Ürəkyandırıcı faktdır.

Respublika Xatirə Kitabı yarandığı gündən etibarən gərgin araşdırmalar və həyata keçirilən axtarışlarla vətən uğrunda canından keçən hər bir qəhrəmanın adının əbədiləşdirilməsinə çalışır. Məhz bu fəaliyyətin məntiqi nəticəsi kimi qeyd etmək olar ki, artıq 16 cildi işıq üzü görən Xatirə Kitabının səhifələrində yüz minlərlə soydaşımızın adları əbədiləşdirilib tarixin yaddaşına həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin təzahürü olan Respublika Xatirə Kitabı vətənimiz Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə ötürmək üçün var gücü ilə çalışmaqdadır. Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşlarının apardığı araşdırmalar, vətən ugrunda canından keçən qəhrəmanların adlarının bu kitabın səhifələrində əks olunması istiqamətinə yönəlmişdir.

Müharibə tufanı sayı-hesabı bilinməyən Azərbaycan övladlarını Terek, Don, Volqa, Dnepr sahillərindən uzaq-uzaq diyarlara - Polşa, Macarıstan, Fransa, Avstriya, İtaliya və Yuqoslaviyaya, eləcə də dünyanın başqa-başqa ölkələrinə aparıb çıxarmışdır. Bu məmləkətlərin Qardaş qəbiristanlıqlarında saysız-hesabsız vətən övladları uyuyur. Ünvanı olanlar da, olmayanlar da, yeri bilinənlər də, bilinməyənlər də var.

Torpaq uğrunda, Vətən yolunda canından keçən insanların xatirəsini yaşatmaq, əbədiləşdirmək, adını, şöhrətini nəsildən-nəsilə çatdırmaq müqəddəs işdir. Onların adını gələcək illərə, əsrlərə aparan təkcə qranit abidələr, tunc heykəllər, mərmər salnamələr deyil, həm də sətirləri, səhifələri şəhid qanı ilə yazılmış kitablardır.

Bəşər övladı həmişə öz keçmişinə, yaddaşına qırılmaz tellərlə bağlı olub. Bu indi də belədir, həmişə də belə olacaq. Yaddaşı olmayan xalqın heç vədə gələcəyi ola bilməz. Yaddaş dünənlə bu gün, başqa sözlə desək, gedənlə gələn arasında körpüdür - mənəvi körpü! Müdrik bir deyim var: "Unutsaq - unudularıq".

Dünyanın ən qabaqcıl, sivil ölkələrində "Xatirə Kitab"ları yaratmaq həmişə diqqət mərkəzində olub. Neçə-neçə qanlı müharibələr görmüş Almaniyada "Xatirə Kitabı"nın 800-ə yaxın cildi çapdan çıxıb. Almanlar müharibənin keçmiş SSRİ-nin müxtəlif guşələrinə səpələdiyi, o cümlədən, Azərbaycana gətirib çıxardığı əsgər və zabitlərinin adlarını da bu kitabın cildlərinə daxil ediblər.

Müstəqil Dövlətlər Birliyində "Xatirə Kitabı"nın 1400 cilddə buraxılması nəzərdə tutulmuşdur. Bu monumental nəşrin 20 cildi Azərbaycanın payına düşür.

Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasının nəzdində fəaliyyət göstərən şöbə müstəqil quruma çevrilmişdir. Lakin nəzərəçarpacaq elə bir iş görülməmişdir.

1994-cü ildə Nazirlər Kabineti yenidən qərar vermişdir. Lakin bu dəfə də işlər lazımi məcraya düşməmişdir. Belə ki, ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər ucbatından redaksiyanın fəaliyyəti üçün vəsait ayrılması məsələsi öz həllini tapa bilməmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabineti 1 may 1997-ci il tarixdə "Azərbaycan Respublikası Xatirə Kitabının bərpa edilməsi haqqında" xüsusi qərar qəbul etmişdir. Sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanun qüvvəyə minmişdir. Beləliklə, Xatirə Kitabı Redaksiyası ayrıca bəndlə dövlət büdcəsinə daxil edilmiş və bununla da redaksiyanın fəaliyyətində dönüş yaranmışdır.

"Xatirə Kitabı" yaddaşımızın kitab abidəsi adlandırmaq olar. Onun yaradılmasında əsas məqsəd - İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə,  Əfqanıstan, Polşa, Çexoslovakiya hadisələrində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, Milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında çoxcildli ensiklopediya hazırlamaqdır.

"Xatirə Kitabı" öz həcmi, səciyyəsi ilə seçilən unikal bir nəşrdir. Hər bir cilddə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik məlumat verilir: döyüşçünün soyadı, adı, atasının adı, hansı hərbi komissarlıqdan orduya çağırıldığı tarix, hərbi rütbəsi, vəzifəsi, vuruşduğu, həlak olduğu, itkin düşdüyü yer və dəfn edildiyi məkan.

Həcmi 80-100 çap vərəqi olan və 2000 nüsxə ilə buraxılan "Xatirə Kitabı"nın hər cildində təxminən 15-16 min nəfər soydaşımız haqqında məlumat verilir. Burada "Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları", "İkinci Dünya müharibəsində həlak olmuş, itkin düşmüş və aldığı yaralardan vəfat etmiş Azərbaycan oğulları", "Əfqanıstan qurbanları", "Xocalı!.. Xocalı!..", "20 Yanvar şəhidləri", "Azərbaycanın Milli Qəhrəmanları", "Bu Vətən, bu torpaq unutmaz sizi" başlıqları altında şəkil-dəftərçələr yer alır.

Respublika Xatirə Kitabı Redaksiyası apardığı araşdırmalarda müxtəlif təşkilatlarla əməkdaşlıq edir, qəhrəman döyüşçülərimizin keçdiyi şərəfli döyüş yollarında kəsişən müxtəlif ölkələrə ezamiyyətlər təşkil etməklə bir daha həmin vətən övladlarının yazdığı qəhrəmanlıq salnaməsini araşdırır. Azərbaycan Respublikasının şanlı qəhrəmanlıq tarixini özünün bu günə qədər çap olunmuş 16 cildində və bundan sonra işıq üzü görəcək digər cildlərində əbədiləşdirəcək Respublika Xatirə Kitabı Redaksiyasına bu müqəddəs işində ən çox yardımçı olan təşkilatlardan biri vətənimiz Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı şahidi və iştirakçısı, müharibə veteranlarının müqəddəs ocağı olan Azərbaycan Respublikası Veteranları Təşkilatıdır.

Respublika Xatirə Kitabı Redaksiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması uğrunda əzmlə, cəsarətlə, bütün gücünü səfərbər edərək çalışmaqdadır. Redaksiyanın Vətən uğrunda canından keçən döyüş yoldaşlarının xatirəsinin əbədiləşdirilməsi işində böyük bir səbrlə apardığı araşdırmalar cildlərdə ayrı-ayrılıqda yer almışdır. Kollektivimiz fəaliyyətində təkcə respublikadaxili müvafiq arxiv materiallarının araşdırılması ilə kifayətlənməyib, öz gərgin əməyi sayəsində dünyanın bir sıra ölkələrindən, o cümlədən, keçmiş SSRİ Müdafiə Nazirliyinin müxtəlif arxivlərindən, Rusiya Federasiyası Krasnodar diyarının "Arxivçilər Assosiasiyasından", "Sevastopolun müdafiəsi və azad edilməsi" muzeyindən, Şimali Osetya Respublikası Mozdok rayonunun "Poisk" axtarış dəstəsindən, Moldova, Avstriya Respublikalarından və digər yerlərdən əldə etdiyi məlumatları da araşdırıb dəqiqləşdirməklə daim axtarışdadır. Axtarış və araşdırmalar bu gün də davam edir. Bu axtarışlar nəticəsində indiyə qədər aşkara çıxarılmamış 3000 nəfərə yaxın şəhid və itkin soydaşlarımız barədə məlumatlar (Krasnodar diyarından 960, Moldovadan 206, Avstriyadan isə 900 nəfərdən çox) dəqiqləşdirilib və onların bir qismi cildlərə daxil edilib. Araşdırmaların nəticəsi olaraq əldə olunan yeni məlumatlar da gələcək cildlərdə yer alacaqdır.

Redaksiyamız gənc nəslin maariflənməsi, tariximizin qan yaddaşına yazılmış hadisələri, vətən övladlarının göstərdiyi qəhrəmanlıqların gələcək nəsillərə ötürülməsində böyük iş görür.

"Xatirə Kitabı"nın fəaliyyəti təkcə sadaladıqlarımla məhdudlaşmır. Biz  faşizm üzərində Qələbənin 74 illik yubileyinə hazırlaşırıq. Bu vaxta qədər "Xatirə Kitabı" redaksiyasının əməkdaşlarının gərgin araşdırmaları nəticəsində çoxlu sayda soydaşlarımızın adları və soyadları, keçdikləri döyüş yerləri aşkarlanmışdır. Bu məlumatların toplanaraq 3 cilddə nəşr olunması nəzərdə tutulur.

Qeyd edək ki, əməkdaşlarımızın Respublikanın bölgələrində və xarici ölkələrdə araşdırmaları hələ də davam edir. Bu vaxta qədər əlavə kimi nəzərdə tutulan üç cilddən birinci cildi artıq redaksiyada yığılaraq çapa hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, redaksiyamız Gürcüstandan və Qərbi Azərbaycandan (Ermənistan) II Dünya Müharibəsində iştirak edərək həlak olmuş və itkin düşmüş soydaşlarımızı da unutmamışdır. Hazırda bu respublikalardan olan soydaşlarımızın məlumatları redaksiyada toplanaraq araşdırılır. Dəqiqləşdirmələr bitdikdən sonra, əlavə iki kitab redaksiyamız tərəfindən nəşr edilərək xalqımızın ixtiyarına veriləcəkdir. Diqqətinizə çatdırıram ki, hazırda əməkdaşlarımızın gərgin əməyi sayəsində Gürcüstandan 500-dən artıq, Qərbi Azərbaycandan (Ermənistandan) isə 700-ə qədər soydaşımızın məlumatı axtarılıb tapılmışdır. Eləcə də Naxçıvan Muxtar Respubliukasından müharibədə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında da məlumatlar toplanılır. Bundan başqa, Azərbaycandan olan Sovet İttifaqı Qəhrəmanları haqqında nəfis tərtibatda bir kitab da yenidən işlənərək ayrıca nəşr ediləcək.

"Xatirə Kitabı" vətənimizin qəhrəmanlıq tarixini əbədiləşdirən bir nəşrdir. Respublika Xatirə Kitabı Redaksiyası olaraq həyata keçirdiyimiz bütün araşdırmalar zamanı bizə böyük və əvəzsiz köməkliyini əsirgəməyənlərə, veteranlarımıza dərin minnətdarlığımızı bildirir, onlara cansağlığı arzulayır, daim mübariz və əyilməz iradələriylə gələcək nəsillərin yoluna işıq tutmalarını diləyirik.

Bu gün 9 may - Qələbə günüdür. Redaksiyamız bu münasibətlə gənc nəslin nümunə götürdüyü, şərəfli və müqəddəs döyüş yolu keçmiş, hər biri canlı tarix olan müharibə veteranlarını və onların ailə üzvlərini ürəkdən təbrik edir, Müstəqil Azərbaycanımızın çiçəklənməsi yolunda onlara yeni uğur və qələbələr arzulayır.

 

 

Nəzakət MƏMMƏDOVA

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru

 

525-ci qəzet.- 2019.- 9 may.- S.12.