Məhərrəm Əliyev: "Ulu öndər dövlətlə xalqın birliyini təmin etdi"
ƏDLİYYƏ
NAZİRİNİN MÜAVİNİ ÜMUMMİLLİ
LİDER HEYDƏR ƏLİYEVLƏ BAĞLI
XATİRƏLƏRİNİ BÖLÜŞDÜ
Bu gün Azərbaycan
xalqının Ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu əlamətdar
gün münasibətilə
Heydər Əliyevlə
yaxından təmasda olan, müstəqil Azərbaycan dövlətinə
rəhbərlik etdiyi dövrlərdə müxtəlif
vəzifələrdə çalışan
ictimai-siyasi xadimlər,
görkəmli şəxsiyyətlər
onunla bağlı xatirələrini bölüşür,
dahi şəxsiyyətin
əziz xatirəsini dərin ehtiramla yad edirlər.
Uzun illər Bakı Şəhər Baş
Polis İdarəsinin rəisi
olan, daha sonra Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə
köməkçisi xidmətinin
Müdafiə məsələləri
şöbəsinin müdiri
işləyən, hazırda
Ədliyyə nazirinin
müavini vəzifəsində
çalışan general-leytenant
Məhərrəm Əliyevin
də bu dahi şəxsiyyətlə
bağlı xoş və unudulmaz xatirələri var.
Hər bir xalqın, dövlətin inkişafında
dahi şəxsiyyətlərin,
siyasi liderlərin çox böyük rolu olduğunu deyən M.Əliyev hesab edir ki,
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyində
əsaslı dönüş
yaradan, müstəqilliyi
itirmək təhlükəsindən
xilas edən, dövlətçiliyi əbədi
və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub: "Hələ Moskvada xüsusi orta milis məktəbində
təhsil aldığım
illərdə ulu öndərin çıxışlarını
izləyir, hətta imtahanlar verərkən Heydər Əliyevdən sitatlar gətirirdim. Bu, dahi şəxsiyyətə
xüsusi rəğbətimin
təzahürü idi.
Yaxşı xatirimdədir ki,
hələ o dövrdə
Heydər Əliyevə
çox böyük maraq var idi.
Hər kəs onun iti
zəkasına, idarəçilik
məharətinə həsəd
aparır, barəsində
çox müsbət
fikirlər səsləndirirdi.
Çünki Heydər Əliyevin
qüsursuz, anlaşıqlı,
dolğun şəkildə
çıxışları həm də onu ustad bir
müəllim kimi xarakterizə edirdi".
"Heydər Əliyev dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə
malik idi"
Heydər
Əliyevlə yaxından
tanış olmaq imkanı nəsib olduğu üçün
özünü bəxtəvər
insanlardan hesab edən M.Əliyev dahi şəxiyyətlə
ilk görüşündən danışıb: "Sovet
rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı
qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə
altına ataraq, Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə
gələrək mətbuat
konfransı keçirib,
20 Yanvar faciəsinə
siyasi qiymət verərək, mərkəzin
və respublika rəhbərliyinin hüquqazidd
əməllərini ifşa
etmişdi. Tarixin məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı
ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev həmin ilin iyulunda Bakıya
gəlir və onu qarşılayanlardan biri kimi ulu
öndərlə ilk tanışlığımız
olur. Həmin vaxt qardaşı
Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər
səngimir, onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin
baş verə biləcəyi ilə hədələyirlər. Heydər Əliyev Naxçıvana
getmək məcburiyyətində
qalır. Yaxşı xatirimdədir,
Cəlal Əliyevlə
görüşümüzdən sonra ertəsi günü Heydər Əliyevi Naxçıvana
yola salmaq üçün aeroporta apardıq və onu təyyarənin salonunadək ötürdük.
Sonralar Naxçıvanda olarkən
də ulu öndərlə görüşlərimiz
oldu. Yaşının çox və
səhhətində müəyyən
problemlərin olmasına
baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özgüvənə sahib olması,
simasında ifadə olunan möhkəm iradə və qətiyyət, səsindəki
amiranəlik ümummilli
liderin bundan sonra da xalqına
xidmət etmək iqtidarında olduğunu ifadə edirdi. Təbiətən çox təmkinli
olsa da, baş verən haqsızlıqlara qarşı
hər zaman barışmaz mövqedə
idi. O, güclü
siyasi fəhmə, taleyüklü məsələləri
həll etmək bacarığına, dəmir
iradəyə və zəngin idarəçilik
təcrübəsinə malik
idi".
"Ulu öndər dövlətlə xalqın
birliyini təmin etdi"
Nazir müavininin sözlərinə
görə, Azərbaycançılıq
məfkurəsinin parlaq
daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində
milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan
dövlətinin qurulmasına
və xalqımızın
müstəqillik arzusuna
çatmasına nail olub:
"1991-ci ildə öz
dövlət müstəqilliyini
bərpa edən xalqımız çox çətin sınaqlardan
keçmiş, qanı
bahasına qazandığı
müstəqilliyi yenidən
itirmək təhlükəsi
ilə üzləşmişdi.
Həmin
dövrdə Azərbaycanda
müstəqil dövlətçilik
maraqları ilə üst-üstə düşməyən,
bir çox hallarda isə onlara zidd olan
qeyri-ardıcıl, səriştəsiz
siyasətin aparılması,
silahlı birləşmələrin
özbaşınalığı, xaos və vətəndaş
qarşıdurması, erməni
təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi.
Məhz belə bir ağır
dövrdə - 1993-cü ildə
xalqımızın təkidi
və iradəsi ilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıdaraq müstəqilliyimizi
məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı
öz üzərinə
götürdü. O dövrdə
təsəvvür etmək
çətin idi ki, ömrünün müdrik çağında
olan və çoxsaylı təhdidlərə
məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə
qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin
heç nədən çəkinmədən, öz
həyatını belə
təhlükəyə ataraq
meydana atılması xalqı və dövləti qarşısında
misilsiz fədakarlığı
idi. Məhz ulu öndərin
apardığı müdrik
siyasət nəticəsində
müstəqilliyimiz qorunub,
atəşkəsə nail olunub,
dövlətlə xalqın
birliyi təmin edilib".
"Heydər Əliyev Azərbaycanı çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi"
10 ilə yaxın müddətdə bu dahi şəxsiyyətlə birgə çalışdığı, onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etdiyi üçün qürur hissi duyduğunu deyən M.Əliyev ümummilli liderin müvafiq qərarı ilə 1993-cü ildən uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərdiyini xatırladıb: "1993-1998-ci illər Azərbaycanda ən gərgin illər idi. Bu illərdə Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Az qala hər gün mitinqlər keçirilir, müxtəlif təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi". M.Əliyevin sözlərinə görə, Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı: "Ümummilli liderin hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi. Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi onun Vətənə olan sevgisinin əyani təzühürü idi. Xalqın əbədi sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi".
"Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, ona öz fəaliyyətimizlə dəstək olmalıyıq"
Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan dövlətinin müasir dövrün müasir çağırışlarına uyğun olaraq bütün sahələrdə dərin islahatlar yolu ilə daim irəliyə doğru getdiyini deyən general hesab edir ki, bizim ən böyük vəzifəmiz ümummilli liderin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, ona öz fəaliyyətimizlə dəstək olmaqdır. Nazir müavini xüsusi vurğulayıb ki, hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərindən anlamalıdır: "Ulu öndər qeyd edirdi ki, "Vəzifəli adam öz xalqına qulluq etməlidir". Birinci növbədə vəzifə sahibləri məhz xalqa ləyaqətlə xidmət etməlidirlər. Lakin təəssüflər olsun ki, bəzi məmurlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir, problem həll etmək əvəzinə problem yaradırlar. Bu da ümumi narazılığa səbəb olur. Məsəl var, bulanıq suda balıq tutmaq daha asandır. Həmin şəxslərin də vəzifəyə baxışı bu cürdür. Belələri problem yaradıb kənarda durmaqla məsuliyyətdən yayınmağa çalışırlar. Biz əvvəlcə bu ünsürlərdən xilas olmalıyıq".
Azərbaycan dövlətinin ildən-ilə daha da gücləndiyini, beynəlxalq nüfuzunun artdığını, dünyada sayılıb-seçilən, mövqeyinə hörmətlə yanaşılan ölkələrdən birinə çevrildiyini deyən M.Əliyev son 20 ili ölkəmizin sürətli inkişaf dövrü kimi xarakterizə edib. Lakin müəyyən problemlərin, çatışmazlıqların da olduğunu qeyd edən general Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin dövlətimizin qarşısında ən vacib məsələ olduğunu diqqətə çatdırıb: "Torpaqlarımızı düşmən tapdağından azad etmək üçün daim Ordumuzun gücünü artırmalıyıq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir, Silahlı Qüvvələrimizin maddi-texniki bazasını gücləndirir, hərbçilərimizin xidmət şəraitini, sosial vəziyyətini daha da yaxşılaşdırır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmaq fikrində deyil, hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ona görə də xalqımız bir olmalı, dövlətimizin apardığı siyasəti dəstəkləməli, görülən işlərin ahəngini daha da zənginləşdirməlidir ki, gələcək nəsillər üçün bu problemləri saxlamayaq. Biz bu problemləri bu gün həll etməliyik".
Ceyhun ABASOV
525-ci qəzet.- 2019.- 9 may.- S.7.