Mədəniyyətlərin
iç-içə olduğu yer...
Elə girişdəcə
sehrinə qapılırsan. Əvvəlcə saysız-hesabsız göyərçinlərin
başına yığılması
üzünə təbəssüm
qondurur, içinə
sevinc doldurur.
Bu boz rəngli gözəlliklər insanlara
o qədər alışıblar
ki, ürküb uçmurlar, əksinə,
gah başlarına, gah çiyinlərinə qonurlar. Birdən-birə özünü fərqli
aləmin içərisində
tapdığın üçün
üzünü çevirib,
yoluna davam etməkdə çətinlik
çəkirsən.
"Gel, gör beni aşk
neyledi"
Amma saata baxanda vaxtın məhdud olduğunu görüb getmək məcburiyyətində qalırsan. Elə çölün mənzərəsindən
kiminin gəzdiyini, kiminin şəkil çəkdirdiyini, kiminin
dua etdiyini, bir çoxunun isə harada boş oturacaq, yaşıl ot
tapsa, oturub yeyib-içdiyinə şahid
olursan. Bir az da irəli gedəndə səslər eşidirsən,
yönünü həmin
istiqamətə tutursan,
qarşına çox
da gur olmayan
fəvvarəli hovuz çıxır.
Yaxınlığından asılmış səs gücləndiricidən isə
ard-arda mahnılar səsləndirilir.
Ben yürürüm yane-yane,
Aşk boyadı beni
kane,
Ne akilem, ne divane,
Gel, gör beni
aşk neyledi!
Yunus Əmrənin
ölümsüz əsərinin
sədası aləmi
bürüyür. Mənə
həmişə elə
gəlir ki, hara gedirsən get, hansı şəraitdə
olursan ol, bu sözləri oxuyanda və ya mahnı olaraq
eşidəndə ayaqların
yerimir, öz-özünə
dayanır. Gözlərin uzaqlara dalır.
Kimisə, mütləq kimisə
düşünürsən.
Hacı
Bayram Vəli Məscidi
Bura Hacı Bayram Vəli Məscididir. Ankaranın ən məşhur yerlərindən biri sayılır. Yox, təkcə
məscid olduğuna görə deyil, burada mədəniyyətlər
bir-biri ilə sintez təşkil edir.
Anadolunun ən məşhur mütəsəvviflərindən Hacı Bayram Vəlinin adını daşıyan Hacı Bayram Vəli Məscidi paytaxtın ən müqəddəs yerlərindən biri və turistik məkan olaraq 1427-ci ildən fəaliyyət göstərir. Bura mədəniyyətlərin iç-içə olduğunun
simvoludur. Divarlarının bir hissəsi romalılara aiddir. Əsası eradan əvvəl 20-25-ci illərdə Oktavian Avqustun şərəfinə
Qədim Avqust Məbədi olaraq qoyulub. Ətrafı gəzdikcə heyrətlənirsən.
Əlbəttə, eradan
əvvəl ucaldılan
abidənin qarşısında
2019-cu ildə dayanmaq insana qəribə gələr də... Oktavian Avqust ilk Roma imperatoru Yuli Sezarın oğulluğu olub. Atalığından sonra taxta o gəlib. Hakimiyyətinin ilk illərində işğalçılıq müharibələri
aparmış, böyük
torpaqları fəth edərək Misiri Romanın əyalətinə
çevirmişdi. Misirdən qayıtdıqdan
sonra senat Oktaviana Avqust (Müqəddəs) adı
vermiş, bununla da hakimiyyət onun əlinə keçmişdi. Avqustun qəbul
etdiyi qanunların bir çoxu quldarlığın daha da möhkəmlənməsinə
yönəldilmişdi.
Romada respublika
quruluşunu formal saxlamış,
orduya arxalanan hərbi diktatura yaratmışdı. Avqust dövründə Romada böyük tikinti işləri aparılmış, ədəbiyyat
yüksək inkişafa
çatmışdı. Elə Ankaradakı bu Avqust məbədi də həmin inkişafın bir nümunəsi sayılır.
Xristian məbədinin üzərindəki
məscid
Uzun müddət
sonra ərazi Osmanlı İmperatorluğunun
tərkibinə qatılıb. XV əsrdə Osmanlı Sultanı İkinci Muradın dönəmində
məbədə əlavələr
edilərək hazırda
ziyarət etdiyimiz məscid tikilib. Hacı Bayram Vəlinin adı bu yerə
verilib. Bura hələ Hacı
Bayram Vəli sağkən qurucusu olduğu Bayrami təriqətinin mərkəzi
olub.
Özü buranı sadəcə
iki il
görə bilib, ondan sonra vəfat
edib. Məscid uzun və dördkünc şəkildə
inşa edilib. Memar Mehmetin əsəri olan memarlıq abidəsinin digər özəlliyi isə qübbəsiz olmağıdır.
Məscidin bugünkü görkəmi
isə sonuncu dəfə 1724-cü ildə
Hacı Bayram Vəlinin nəvələrindən
biri olan Mehmet Baba tərəfindən
restervasiya edilərək
ərsəyə gətirilib.
Sağında və solunda
camaat üçün
ayrılan yer isə sonradan tikilib. Tavan da daxil olmaqla
iç qismi ənənəvi taxta işləmələrdən ibarətdir.
Türbə məscidin düz
yanındadır. Bura dördkünc
bünövrə üzərində
ucaldılıb.
Türbənin qübbəsi qurğuşun,
önü mərmərdir. İçərisi sarı, narınc, boz, göy rəngli
işləmələrlə bəzədilib. Hacı Bayram
Vəli Məscidi XV əsrdə Ankara türbələrinin
ən gözəl örnəklərindən hesab
edilir. Türbənin taxta qapıları
Ankara Etnoqrafiya Muzeyində
sərgilənməkdədir.
Məscidin bir qismini eyni nöqtədə tikilən romalılara aid Avqust Məbədinin divarları təşkil edir. Bu məbəd
Kral Avqustun gördüyü işlərin
insanlara çatdırılması
baxımından böyük
əhəmiyyət daşıyır.
Məscidin inşası zamanı
məbədin zərər
görməməyinə xüsusi
diqqət edilib.
Çiləsi bitməyənlərin Çiləxanası
Türkiyə gözümə həmişə
təzadlar ölkəsi
kimi görünüb. Bunu hər
addımda, elə burada da açıq-aşkar
hiss etmək mümkündür.
Türbənin zirzəmisində çiləxana var.
Getdiyim bir neçə məsciddə
bu cür yer görmüşdüm,
amma sadəcə kənardan baxmaqla kifayətlənmişdim. Çünki içəri keçmək
üçün qarşısında
uzanan növbələr
bəzən dözülməz
olur. Ancaq bu dəfə
maraq güc gəldi, görəsən,
orda nə edirlər?! Deyilənə görə, günah
çıxardır, tövbə
edir, bağışlanmağı
diləyir, dua oxuyurlar. Amma yüz dəfə
eşitməkdənsə, bir
dəfə görmək
yaxşıdır deyib,
qoşuluram sıraya.
Xeyli vaxt gözlədikdən sonra növbə mənə çatdı.
Balaca qapıdan keçib, taxta pilləkənlə bir xeyli enib,
dar, hündür olmayan dəhlizə ayaq basdım. Əyilə-əyilə insanların arxasınca
onların üz tutduğu yerə getdim. Bir az da alçaq olan yerdə, insanların diz çökdüyünü
görüb, eyni hərəkətləri təkrarladım.
Bəziləri ağlayır, divara
yaxın oturanlar isə başlarını
yavaş-yavaş ora vururdular. Pıçıltı ilə edilən
dua, suyu axdığı üçün
çəkilən burun,
hansısa ağrısına
çıxarılan inilti
səsləri burada qəribə küy, bir uğultu yaradır. Öz-özümə fikirləşirəm ki, qarşısında sonu görünməyən
növbələr havasız,
alaqaranlıq, dar, alçaq bu yerə görə imiş? Bir daha insanın
qəribə məxluq
olduğu qənaətinə
gəlirəm. Düşünürəm ki, nəyin işgəncəsidir bu, özlərinə çəkdirirlər?!
Səhhətində azacıq
problem olan adam
buraya girsə, ürək sıxıntısından
canını tapşırar.
Bəs, onda bu nə
idi?! Nə bilim! Əslində, sonradan dəyişdirilib
məscidə çevrilib.
Amma nəticə etibarı ilə Roma imperatoru Oktavian Avqustun şərəfinə
ucaldılan bu məbəddə çilə
çıxartmaq bir az ziddiyyətli
görünürdü. Doğrudur,
ədalətli, vicdanlı
olub, mədəniyyət,
ədəbiyyat onun dövründə inkişaf
edib, ən az qan tökən imperator olaraq tarixə keçib, onun hakimiyyətdə olduğu 46 il "Romanın qızıl dövrü" adlanıb.
Amma digər həqiqətləri
də gözardı etməyin adı yoxdur. Hər halda oxumaq, məlumatlı olmaq hər şeydən vacibdir. Ən azından harada, hansı şəraitdə
çilə çıxartdığını
bilmək üçün...
Artıq
nəfəs almaqda çətinlik çəkdiyimi
görüb, vaxt tamamlanmamış ayağa
qalxıram. Əlbəttə, çiləxanaya inananların
buna qıcıqlanması
normaldır, amma həyat gözəldir, hər şeyi gözə alaraq təcili çıxmağı
üstün tuturam.
Qeyd edim ki, burada
iki çiləxana
var. Türbənin zirzəmisində
yerləşən sadəcə
Ramazan ayında insanların ziyarətinə
açıq elan edilir. Mənim içərisində olduğum isə məscidin yanında yerləşir. Qapıları ilin bütün günləri günahlarından
arındıqlarını zənn
edənlər üçün
açıqdır.
Ümid...
Çölə çıxanda göy üzünün maviliyi gözümə daha
gözəl görünmüşdü.
Buranın özəlliklərindən digəri isə hər
tərəfin gözəl mənzərələrə
baxmasıdır. Ətrafdakı evlər, restoranlar,
kafelər, kitabxanalar hamısı eyni dizaynda və ağ rəngdə restervasiya
edilib. Bu isə ətrafa
xüsusi cazibə qazandırıb. Bir qədər sonra hər
tərəfin tüstüyə büründüyünü
görürəm. Hə, restoranlardakı kababçılar manqal başına keçdiyinə görə
deməli, nahar vaxtı çatıb. Bir ildən çoxdur ətdən
imtina edən insanı bu
qoxunun ağuşuna
alması faciəyə bənzər bir şeydir. Çıxışa doğru üz tuturam. Bir az getdikdən sonra
dönüb arxaya
baxıram ki, duman daha da qatılaşıb.
Öz-özümə Avqust mədəniyyətinin
tüstülədiyini görməyin ədalətsiz olduğunu düşünüb,
məscidə 5 dəqiqəlik məsafədə olan Ulus Meydanına tərəf
addımlayıram. Sıra ilə Mustafa
Kamal Atatürkün
heykəlinin önündə, arxasını deyil,
üzünü ona tərəf
tutub oturanları görəndə, sonluğun "çiləxana"dan ibarət
olmadığına ümidlənib, otelə tərəf üz tuturam.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 11 may.- S.12.