"Kür"də daha bir dost görüşü   

 

 

 

6 il sonra...

Ana nənəm Məsmə xanımı 2013-cü ilin 9 mayında itirdik. Güllərin aşiqi nənəm güllər mövsümündə son günlərində də sevdiyi çiçəklərin qoxusunu ciyərlərinə çəkərək köçdü bu dünyadan. Dünyanın böyük bir kəsimində Qələbə Günü kimi qeyd olunan 9 may, bizim ailəmizdə, altı ildir, itki günü kimi yad edilir...

Bakıda doğulub-böyüdüyümüzdən rayona elə də tez-tez getməzdik. İldə, ya da iki ildə bir dəfə üç-dörd günlük. Bir də əlbəttə, ən yaxınlarımızın toyunda, nişanında. Vəssalam! Bununla belə Yevlax deyəndə yadıma birinci Məsmə nənəm düşərdi. Babamı onsuz da tez itirmişdik. Nənəm isə öz varlığı ilə Azərbaycanın bir küncünü bizim üçün doğmalaşdırırdı sanki. O doğmalıq da altı il öncə elə onun özüylə birgə getmişdi soyuq torpağın qoynuna.

Anam hər may anasının vəfat ildönümündə bir günlük də olsa, gedib qayıdır. Mənsə, elə o vaxtdan çıxanam kənddən. Sonra bir də heç getmədim. Könlüm çəkmədi, ürəyim istəmədi. Ta ki iki gün öncəyə qədər... Bu il mənim də getməyimi istədi. Etiraz etmədim. Bu məsələdə nə qədər həssas və kövrək olduğunu bilirəm çünki.

Mayın 9-u səhər tezdən düz altı il sonra yenidən Bakı-Yevlax yolunda idim. Nənəmdən sonra çıxdığım o doğma yerə yenidən nənəm üçün qayıdırdım. Bakıdan çıxandan düz dörd saat sonra artıq nənəmin "görüşündə" idim. Xalam və iki qızı ilə birgə onun ən sevdiyi şeyi - çiçəkləri də aparmışdıq görüşünə. Düz altı il sonra yenidən görürdüm nənəmi. Bu dəfə "can bala" deyib qucaqlamadı, üzümdən öpmədi amma...

Bu sətirləri yazdıqca duyğularımın ifadəsindən qaçıram. O qədər qarışıqdılar ki... Əslində, yazımın məğzi də tamam başqa idi axı. Sadəcə yazıya "ayaq" kimi Yevlaxa səfərimin ilkin səbəbindən danışacaqdım. Mövzu buralara qədər uzandı. "Allah nənəmə də, bütün ölənlərinizə də rəhmət eləsin!" - deyib keçək mətləbə...

"Həm ziyarət, həm ticarət"

Ta uşaqlığımdan həm anamdan, həm də xalamdan Əminə Yusifqızı adını eşidərdim. Ədəbiyyata, yazıya, mətbuata xüsusi maraq göstərən bu bacılar Yevlaxın region qəzeti "Kür"dən və onun baş redaktoru Əminə Yusifqızıdan danışmaqdan yorulmazdılar. Onun savadı, aktivliyi, peşəkarlığı, bütün rayonda və eləcə də ölkədə qazandığı hörmətdən, sevgidən böyük qürur hissiylə danışar, "rayon ictimaiyyətinin hansı sahəsinə nəzər salsaq, onun haqqında Əminə Yusifqızının məqaləsinə, reportajına mütləq rast gələrdik" - deyərdilər.

Onların belə böyük sevgi və sayğıyla danışdıqları Əminə xanımı tanımaq keçən il qismət oldu. Hətta bu maraqlı xanımla müsahibə də hazırladıq. Və beləcə dostluğumuz, doğmalığımız başladı.

Bugünlərdə Yevlaxa gedəcəyimi dəqiqləşdirəndən sonra Əminə xanımla əlaqə saxladım. Çoxdandır, istədiyim bir görüşü reallaşdırmaq üçün əlimə fürsət düşmüşdü. Gedib o məşhur "Kür" qəzetinin redaksiyasına qonaq olmaq, o fədakar kollektivlə tanış olmaq istəyirdim. Bilirdim ki, həmin gün iş günü deyil. Amma yenə də şansımı sınayıb Əminə xanıma zəng elədim. Arzumu biləndə sevindi, iş günü olmasa belə, kollektivlə birgə bizi redaksiyada qonaq edəcəklərini dedi. Beləcə, Yevlax səfərimin ikinci hissəsinə keçid etdik. Qısa axtarışdan sonra artıq "Kür" qəzetinin redaksiyasındayıq...

Çiçəkli "Kür"

Bizi ilk qarşılayan elə Əminə xanımın özü oldu. Onunla birgə kiçik, amma səliqəli, öz sərini ilə Yevlaxın istisinə meydan oxuyan bağa girdik. Həm sağdan, həm də soldan boylanan, ətrafa əsl bahar təravətini yayan qırmızı çiçəklər hamıdan qabaq "xoş gəldin"ə çıxmışdı sanki.

Bağın gözəlliyini seyr etməyə o qədər aludə olmuşduq ki, bir küncdəki köşkdə gülərək bizə baxan "Kür"çü xanımları sonradan gördük. Əminə xanım bizi tanış elədi: "Tərəqqi" medallı Afaq Bayramova və Züleyxa Bəşirova. Hər ikisinin imzasını mətbuatdan yaxşı tanıyırdıq. Hətta Züleyxa xanım oktyabrda işıq üzü görən "Şahanənin nağılı" adlı kitabım haqqında çox gözəl və maraqlı bir məqalə də yazmışdı. Şəxsi tanışlıqdan sonra dərhal o məqaləni bir daha minnətdarlıq hissi ilə xatırladım. Üzündəki səmimi təbəssümlə "şeirləriniz o qədər xoşuma gəldi ki, yazmaya bilmədim" - dedi. Daha sonra bizə qəzetin digər əməkdaşı, "Tərəqqi" medallı Ramiz Həmidov da qoşuldu.

Sonra mən də əlüstü "bizim kollektivi" təqdim edirəm. Bizim kollektivdə musiqi müəllimi (xalam Minarə xanım), ixtisas-fənn müəllimi (anam Fərqanə xanım), neftçi (atam Müşfiq Mahmudov) və hətta tibb işçisi (xalam qızı Qəmər xanım) də var. Anlayacağınız, kollektivimiz xeyli geniş və ən müxtəlif sahələri əhatə edən insanlardan ibarət idi. Bu müxtəliflik bir neçə saatlıq söhbətimizə də öz təsirini ən müsbət tərəfdən göstərdi. Axı mətbuat peşəsindən asılı olmayaraq, bütün insanların səsidir.

Qısa tanışlıqdan sonra Əminə xanım hamımızı heyran qoyan bağdan danışır. Deyir ki, bu bağı "Kür" qəzeti redaksiyasının yerləşdiyi həyətdə milli mətbuatımızın 135 illik yubileyi münasibətilə kollektiv özü salıb. Bağda ən müxtəlif meyvə ağacları, üzümlüklər, tərəvəzlər, gül-çiçəklər becərilir. Hamılıqla bağı gəzməyə çıxdıq. Belə desək, "Kür"ü tanımağa çiçəklərindən başladıq. Sərin meh saçlarımıza sığal çəkdikcə, ağacların yarpaqları xışıltıyla sanki özlərini bizə təqdim etməyə çalışırdılar. Onlarla tanış olub yuxarıya- redaksiyaya çıxdıq. Redaksiyayla tanış olarkən bir tərəfdən də Əminə xanım "Kür"ün, eləcə də Yevlax mətbuatının tarixi ilə bağlı məlumatlar verirdi.  

Yevlax mətbuatının tarixi rayonun təşkili ilə eyni ilə təsadüf edir. 1935-ci ilin fevralında rayon təşkil edildikdən sonra icraiyyə komitəsinin ilk qərarlarından biri rayon qəzetinin buraxılması haqqında, 1935-ci il  26 fevral tarixli qərarı olub.

Beləliklə, "Yeni Yevlax" qəzetinin ilk sayı 1935-ci il martın 6-da işıq üzü görsə də, onun tarixi rəmzi olaraq fevralın 20-də, rayonun təşkili günü yazılıb.

Qəzetin ilk redaktoru İbrahim Əliyev olub. Sonralar qəzetə Əli Bünyadzadə, Ağamirzəyev, Adil Elçiyev, Sədrəddin Civəzadə redaktorluq ediblər. 1959-cu ildən 1962-ci ilin iyununa - qəzet öz fəaliyyətini dayandırana qədər Bala Yusifov redaktor olub.

1962-ci ilin iyun ayından Goranboy (onda Qasım İsmayılov), Mingəçevir və Yevlax rayonlarının  birləşmiş qəzeti olan "Qələbə" nəşrə başlayır. Bir müddət "Mübariz" adı ilə buraxılan "Qələbə" qəzeti 3 il fəaliyyət göstərdikdən sonra fəaliyyəti dayandırır.

1965-ci ilin yanvarında Yevlax rayonunun yenidən təşkili ilə əlaqədar olaraq və şəhər, eləcə də rayon qəzetlərinin nəşri yenidən bərpa olunduğundan Yevlaxda "Təşəbbüs" qəzeti fəaliyyətə başladı. İlk redaktoru İsrail Rzayev olan qəzetin ilk sayı 1965-ci il iyunun 22-də işıq üzü gördü. 1986-1991-ci illərdə qəzetə Mustafa Əhmədov redaktorluq edir.

1991-ci ildə "Təşəbbüs" qəzetinin fəaliyyətinə xitam verilib və əsası "Yeni Yevlax"la qoyulan Yevlax mətbuatının sələfi kimi 1992-ci il yanvarın 1-dən  "Kür" qəzeti nəşrə başlayıb. Və həmin ildən qəzetə "Təşəbbüs"də 1976-cı ildən fəaliyyətə başlamış Əminə Yusif qızı Əhmədova rəhbərlik edir.

Əminə Yusifqızı respublika mətbuatında  uzun illər səmərəli fəaliyyətinə görə "Qızıl Qələm" mükafatına, iki dəfə H.B.Zərdabi adına mükafata, Məhsəti Gəncəvi adına mükafata layiq bilinib. 1991-ci ildən Əməkdar jurnalistdir. 2005-ci ildə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Hazırda qəzetdə on bir əməkdaş fəaliyyət göstərir. Əksəriyyəti Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunlarıdır.

"Bəsləsən, atlas olar tut yarpağından..."

Redaksiyanın əvvəllər tennis zalı kimi istifadə olunan otağında çox maraqlı, öncələri heç görmədiyim bir mənzərəylə qarşılaşdım. Sən demə, kollektiv burada barama bəsləyirmiş. Tut yarpağının üstündəki xırda-xırda baramalar o qədər qarışıq idi ki, adam bu xırda qurdlardan, yekə yaşıl yarpaqlardan zamanla o cür zərif ipəklərin alına biləcəyinə də inanmırdı. Amma həqiqətən də "bəsləsən atlas olar tut yarpağından". "Kür"çülər də təkcə mətbuatla, yazı-pozuyla kifayətlənməyib, həmçinin, təsərrüfata da diqqət ayırırlar. Onlardakı bu həvəs, sevgi, maraq insanı valeh edir.

Digər otaqlarda isə müxbirlərin iş prosesi, bu günə kimi aldıqları diplom və mükafatlar, müxtəlif tədbir və görüşlərdən çəkilmiş fotolarla tanış olduq. Baş redaktorun masasının üstündə "525-ci qəzet"in yeni sayını görmək uzaq yerdə doğmanı tapmaq kimi sevinc bəxş edir. "Aaa... "525"... Özü də ən yeni sayı" - deyib qəzeti götürürəm. Əminə xanım: "Əlbəttə, biz sizi həmişə oxuyuruq, izləyirik" - deyir. Elə öncədən söhbətlərimizdə də yazılarımızdan, məqalələrdən danışaraq, fikirlərini bölüşərək bunu göstərmişdilər.

Redaksiyadakı səliqə-sahman, kollektivin yazıb-yaratmaq eşqi günəş kimi parlayır, çiçək kimi ətir saçırdı. Əminə xanımın isə durumdan narazılığı var. Yaxın vaxtlara kimi 7800 tirajla çıxan qəzetin indi tirajının yarıdan da çox azalması, region mətbuatı içərisində həqiqətən də öz sanbalı ilə sayılıb-seçilən qəzetin yerləşdiyi binanın köhnəliyi, abunə işindəki gerilik əsas problemlərindən ancaq bir neçəsidir. Yerlərdə mətbuata olan marağı öz zəhmətləri hesabına qoruyub-saxlayan kollektivin qarşılaşdığı çətinliklər insanı kədərləndirir.

Amma bu əzmkar kollektiv başda Əminə xanım kimi peşəkar redaktor olmaqla, böyük səylə, ümidlə durmadan çalışır, regionda mətbuatın, mədəniyyətin inkişafı üçün əmək sərf edir. Onlara bu çətin və şərəfli işdə uğurlar arzulayıb bir daha görüşmək ümidilə vidalaşdıq...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 11 may.- S.10.