UZAQ VƏ YAXIN MEKSİKA

 

 

 

Paytaxtın digər bir problemi havanın çirklənməsidir. Vaxtilə Mexikonun büllur kimi təmiz havası var imiş. İndi şəhərin üstündən smoq əskik olmur, buna görə də şəhər sakinləri arasında belə bir acı zarafat gəzir: "Biz gördüyümüz hava ilə nəfəs alırıq". Havanın çirklənməsi, BMT-nin məlumatına görə normal həddən xeyli yuxarıdır.

Mexikonun ən böyük problemi isə şəhərin vaxtaşırı zəlzələlərə məruz qalmasıdır. Dünyanın yer (quru hissəsində) səthində baş verən zəlzələlərin hər onuncusu Meksikanın payına düşür. 1985-ci ildə Mexikoda baş verən axırıncı zəlzələ şəhər təsərrüfatına ağır zərbə vurmuşdu. Onu xatırlatmaq üçün dağıntıya məruz qalmış bir göydələn binasının karkası saxlanmışdır. Bu sahədə Meksika Sakit okean sahillərində bol seysmik və vulkanik fəallığı ilə seçilən zona - Sakit okean Odlu Dairəsi ilə müqayisə oluna bilər, planetdə meydana gələn zəlzələlərin 90 faizi bu Odlu Dairədə baş verir. 

Mexiko müxtəlif arxitektura üslubları ilə də fərqlənir, bu, onun keçmişini və indiki dövrünü səciyyələndirir. Sokalonun yanındakı "Üç mədəniyyət" meydanı ona görə belə adlanır ki, yerli hindu əhalisinin qədim mədəniyyət abidələrinin yanında müstəmləkə epoxasının ispan arxitekturası binası və çox müasir tikililər dayanır. Ötən əsrdə Mexikoda qazıntılar aparılanda iri arxeoloji tapıntılar aşkar olundu, güclü mədəni təbəqənin altında gizlənmiş piramidalar və hinduların digər abidələri tapıldı. Kolumba və müstəmləkə dövrünə qədər olan ənənələrlə müasirliyin çuğlaşması təkcə Meksikanın tarixi özünəməxsusluğunu deyil, həm də Meksika millətinin müasir etnik tərkibini və etnik tarixinin xüsusiyyətlərini əks etdirir. Hindu və ispan etnomədəniyyət elementlərinin bir-birinə qarışması Meksika xalqının əsas hissəsinin də fiziki tipini müəyyən edir. Ona görə də əhali içərisində kəmiyyət üstünlüyü hindu və ispan cütlüyündən törənən metislərə məxsusdur. Əhalinin əksəriyyətinin sitayiş etdiyi din isə katolik dinidir. 

Hinduların tarixi taleyi  

Meksika 2500 ildən çox bir müddətdə hindu sivilizasiyalarının məskəni olmuşdur. Yarımada sahili olmekləri La Ventada məskunlaşmışdılar. Tolteklər Tulada, mayyalar Yukatanda və Çimpasda, asteklər Tenoçtitlanda yaşayırdılar. İndi də hər addımda hindu keçmişinin təsiri özünü göstərir. Bu, əhalinin müasir etnik tərkibində, onun əmək vərdişlərində, məişət ukladında, coğrafi adlarda meydana çıxır. Hətta ölkənin adı da asteklərin ali allahının adı olan Meksitlidən götürülmüşdür. Ölkənin ictimai həyatının istənilən sahəsində özünəməxsus hindu elementinin görünməsi Meksika üçün xarakterikdir. Meksikalıların vətənpərvərliyi xeyli dərəcədə məhz bununla tərbiyə olunur. İspanlar buraya ilk dəfə 1516-cı ildə gəlmişdilər. Ernan Kortes isə 1519-cu ildə Verakrusda sahilə çıxdı, iki il ərzində Astek paytaxtını dağıtdı. Yeni İspaniyada vitse-krallıq quruldu. İspanlar hinduları nə qədər qırsalar da, məhv edilənlər milyonlarla idi, bu xalqı bütünlüklə yer üzündən silə bilmədilər. Lakin hinduların taleyi avropalıların istilalarından sonra həqiqətən də çox acınacaqlı olmuşdu. Kortes Meksikada, Pisarro isə Peruda yerli monarxların sadəlövhlüyündən xaincəsinə istifadə edib, öz işğal niyyətlərini həyata keçirdilər. Astek kralı II Montesuma insanların şəxsində öz allahları Kuetsalkuatlın, vəd edildiyi kimi geri qayıtdığını güman edib, Kortesi qonaqpərvərliklə qarşıladı. Əvəzində isə bu amansız insan Montesumanı öldürdü və şəhərin əhalisini qırdı. Pisarro isə onunla danışıq aparmaq üçün silahsız və mühafizəçisiz gələn İnka imperatoru Ataualpanı əsir götürüb, inklərdən girov pulu kimi bir otaq dolu qızıl və üç otaq tutumunda gümüş aldıqdan sonra, onu azad edəcəyi vədinin əksinə, onu öldürdü.

Avropalılar hinduları təkcə silahla qırmırdılar. Onların özlərinin və atlarının gətirdiyi xəstəliklər yerli əhalini kərənti kimi biçirdi. Peruda bəzi yaşayış məntəqələrində epidemiya nəticəsində əhalinin 80 faizi qırılmışdı. Şimali Amerikada isə yeni məskunlar hinduları məhv etmək üçün ən iyrənc vasitəyə əl atırdılar. XIX əsrdə Kanadadakı Britaniya Kolumbiyasının qubernatoru bir həkimə pul verib, çiçək xəstəliyinə sirayətləndirildikdən sonra onu hindu yaşayış məntəqələrinə göndərmişdi. Yayılan epidemiya Sakit okeanın şimal-qərb sahilində yaşayan hinduların kütləvi qırğınına səbəb olmuşdu.

Şimali Amerikanı məskunlaşdıran avropalılar həm də öz qarşılarına hindu mədəniyyətini məhv etmək vəzifəsini qoymuşdular, çünki bu onlara iqtisadi, sosial və siyasi ağalıq şəraiti yaradacaqdı. İspanlar da buna nail olmağa çalışsalar da, hindu mədəniyyətini bütünlüklə məhv edə bilməmişdilər. Problemi həll etmək üçün onlar daha çox soyqırıma üstünlük verirdilər. Avropalılar bu torpaqların həqiqi sahiblərini məhv etməyə çalışsalar da, bunu da tam qaydada həyata keçirə bilmədilər. Hindular qaldı, ən başlıcası, onlar xalqın ruhundan itmədilər. Müasir meksikalıların bəzilərinin bədən quruluşu da hindu mənşəyindən xəbər verir, onların gövdəsi ayaqlarından uzundur. Elmi kommunizmin banisi Karl Marksın da bədən quruluşu belə idi, ancaq onun əcdadlarında hindu qarışığı olmamışdı, onun valideynləri yəhudi idi.

Latın Amerikasının iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələri arasında Meksika az sayda olan dövlətlərdən biridir ki, orada hindu elementi millətin formalaşmasında xüsusi və xeyli rol oynamışdır. Bu proses bir neçə əsr ərzində davam etmişdir. Əksər meksikalıların damarlarında, heç olmasa, az da olsa, hindu əcdadlarının qanı axır. Meksikalılar öz ölkələrinin hindu keçmişi, onun ənənələri, maddi mədəniyyət abidələri ilə fəxr edirlər. Xalq hinduların çox sayda adətlərini və əmək vərdişlərini qoruyub saxlayır. Coğrafi adların çoxu, o cümlədən, ölkənin özünün və paytaxtının adı da hindu mənşəlidir.

İspan işğalına qədər, XVI əsrin başlanğıcında Mərkəzi Meksikanın dağlıq ərazilərində və ölkənin tropik meşələr zonasında bütün Amerika əhalisinin xeyli hissəsi yaşayırdı. Lakin Amerikanın başqa ölkələrində olduğu kimi, Meksikada da Avropa işğalları bütün hindu etnik qruplarının müstəqil inkişafını dayandırdı.

Metropoliyanın hindu əhalisinə qarşı siyasəti bir neçə mərhələdən keçdi. İşğalın birinci yüzilliyində milyonlarla hindu məhv edildi. Müxtəlif məlumatlara görə, həlak olanların sayı 20 milyon nəfərdən artığa çatırdı. Mərhum Əlcəzair prezidenti, fransız ağalığına qarşı görkəmli mübariz olan Ben Bellanın yazdığına görə, Afrikada isə avropalılar 100 milyon adamı qırmışdılar.

Lakin mahiyyətcə qul əməyi kimi mövcud olan işçi qüvvəsindən məhrum olmamaq üçün İspaniya hökuməti hinduların məhv edilməsini qadağan edən bir neçə qanun qəbul etmişdi.

Hindular qalsa da, hindu dilində danışan adamların sayı ilbəil azalır. Bir millət kimi meksikalıların əsas hissəsini təşkil edən metislərin sayı isə ardıcıl olaraq artır. Meksikalı bir etnoqrafın dediyi kimi: "Hindular birdən-birə hindu olmalarını dayandıra bilməzlər, yalnız o səbəbə görə ki, onlar ispan təhsilinə yiyələnmişlər".

Meksikada indi hinduların sayı 3 milyonla 6 milyon arasındadır. Ölkənin mərkəzi hökumətində, paytaxta yaxın ərazidə asteklər yaşayır, onlar nə vaxtsa qüdrətli olan bir xalqın törəmələridir. Onların sayı 1 milyona qədərdir.

Asteklərin metisləşməsi xeyli uzağa getmişdir. İnfrastrukturanın genişlənməsi də hinduların assimilyasiyasına şərait yaradır.

Sayca ikinci daha böyük olan hindu xalqı mayyalardır, onların sayı 0,5 milyona qədərdir. "Meşə" mayyaları indi də ibtidai insan tayfaları kimi meyvə və kök yığmaqla məşğul olurlar. Onlar əkinçilikdə qırıb-yandırma metodundan istifadə edirlər. Rütubətli tropik meşə zonasında yaşayan hindular qəbilə icması quruluşunu saxlayırlar. Bu icmalarda torpaq sahələri yalnız vərəsəlik qaydasında verilir.

Hindu problemi, hindu əhalisinin vəziyyəti və onun gələcəyi ölkənin əsas ümummilli məsələlərindən biridir. Onun tam və ədalətli həlli üçün hindulara təkcə torpaq vermək kifayət deyildir, həm də hindu icmalarında əsaslı sosial-iqtisadi dəyişikliklər aparılmalıdır. 

Meksikanın demoqrafik inkişafı

İspan işğalından və hinduların kütləvi qırğınlarının törədilməsindən sonra dörd əsr ərzində Meksikada əhalinin sayı çox ləng artırdı. XX əsrin əvvəlində bu dinamika davam edirdi və bu say 14.3 milyon təşkil edirdi. 1910-1917-ci illər inqilabı və ABŞ-a mühacirətin artması da demoqrafik inkişafa mənfi təsir göstərirdi. II Dünya müharibəsindən sonra isə demoqrafik şərait əsaslı surətdə dəyişdi və Meksika, əhalinin sayının artım tempinə görə dünyada birinci yerlərdən birinə çıxdı. XX əsrin üç rübü ərzində ölkədə əhalinin sayı dörd dəfə artmışdı, əsrin başlanğıcındakı ilə müqayisədə, əhalisinin sayı ondan üç dəfə çox olan Yaponiyaya çata bilmişdi və demoqrafiyanın baş göstəricisi indi 123 milyona bərabərdir.

Yaş tərkibinə görə isə Meksika dünyanın ən cavan ölkələrindən biridir. Əmək qabiliyyətinə çatmış hər 100 nəfərə təqribən bir o qədər də uşaq düşür. Həm də Meksikada qadınlara nisbətən kişilərin sayı azdır. Qadınların kəndlərdən şəhərə axını ardıcıl olaraq artır.

Meksikalıların təqribən 3-5 faizi "elita" təşkil edir. Milli gəlirin yarısından çoxu isə onlara məxsusdur. İqtisadi cəhətdən aktiv əhalinin 2/5-i kənd təsərrüfatında çalışır. Ticarət sferası, müxtəlif formadakı xidmətlər isə özünə xeyli işçi qüvvəsi cəlb edir.

Əhalinin böyük qruplarının savadsızlığı Meksikaya xas olan mənfi xüsusiyyətlərdən biridir. Əhalinin əsas kütləsi məktəbdə dörd ildən az oxumuşdur. Əhalinin xeyli hissəsinin pis qidalanması da xalqın nisbətən ağır olan maddi vəziyyətindən xəbər verir. Bəzi yerlərdə qıtlıq ucbatından adamlar sutkada ancaq iki dəfə qidalanırlar. Meksikalıların əsas qidası qarğıdalı və lobyadır, qiymətli ərzaqlar, hər şeydən əvvəl heyvan mənşəli zülallar olduqca az miqdarda istehlak olunur. Qarğıdalı onların həyatının əsasıdır, lakin ratsionda onun üstünlüyü qidanın balanslaşdırılmamasını bildirir. Qarğıdalını Meksika xalqının eyni zamanda "xoşbəxtliyi və bədbəxtliyi" adlandırırlar. Hindu əhalisi xüsusən pis qidalanır. Bəzi ştatlar coğrafiyanın özünəməxsus aclıq və keyfiyyətsiz qidalanma zonasını təşkil edir.

Meksika sıx əhalisi olan ölkələrə aiddir. Hər kvadrat km-ə 30 adam düşür, bu da orta dünya səviyyəsindədir. Əhalinin xeyli hissəsi Meksikanın mərkəzi hissəsində yaşayır. Orada bir neçə min il əvvəl dünya əkinçiliyinin ən qədim ocaqlarından biri meydana gəlmişdi. Bütövlükdə isə müasir Meksikanın əhalisi təqribən 30 rayonda cəmləşmişdir, onları çox hallarda dağ silsilələri, səhra və yarımsəhra çöllər, həm də çətin keçilən tropik meşələr ayırır.

Meksika təkcə relyefinə görə deyil, həmçinin, əhalisinin yerləşməsi baxımından dağlıq ölkədir. Dağların xeyli hissəsi Meksika yaylasında mərkəzləşmişdir.

Kənd zonalarında iri kəndlər çoxluq təşkil edir. Onların çoxu dağ yamaclarında yerləşir. Meksikada deyirlər ki: "Hər kənd öz dağına malikdir". Səhra və yarımsəhra zonasında isə əhali maldarlıqla məşğul olduğuna görə azdır. Əkinçilikdən fərqli olaraq, Kolumba qədərki hindu tayfalarına maldarlıq məşğuliyyəti yad idi. Çünki burada nə qaramal, nə qoyun-keçi, nə də at var idi. Nəinki məhsul verən, heç qoşqu heyvanları da qədim Meksika sakinlərinə məlum deyildi.

Böyük şəhərlər kənd yerlərindən gələn köçkün axınını özünə maqnit kimi cəlb edir. Ona cörə də kənd əhalisi sürətlə azalır, indi kənd yerlərində 1 kvadrat km. ərazidə yalnız 1 nəfər adam yaşayır. Həm də Meksika köhnə şəhər həyatı ənənələrini yaşadan ölkədir. Mexiko, Qvadalaxara və Monterrey ümummilli əhəmiyyətə malik olmaqla yanaşı, bütün Latın Amerikası miqyasında iri iqtisadi mərkəzlər hesab olunur. Digər şəhərlər isə, əsasən, ştatların paytaxtları kimi tanınır. 

İqtisadi inkişaf mərhələləri

II Dünya müharibəsindən sonra sənayeləşmə ilə əlaqədar olaraq yeni ixtisaslaşmış sənaye mərkəzləri yarandı, bunların arasında neft və qaz hasilatı və emalı sənayeləri seçilir. Sərhəddə xüsusi "Əkiz şəhərlər" tipi meydana gəldi ki, belələri Latın Amerikasının başqa heç bir ölkəsində yoxdur. Onlar Meksikanın digər rayonlarından daha çox ABŞ şəhərləri ilə sıx bağlıdırlar. Meksikanın aparıcı turizm ölkələrindən birinə çevilməsində, onun bu rayonlarında yaradılan turist mərkəzləri böyük əhəmiyyət daşıdı. Sakit okean sahilindəki Akapulko, Karib dənizi sahilindəki Kankun kurortları və hindu mədəniyyəti abidələri yaxınlığındakı çox sayda şəhərlər onların sırasına daxildir.

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2019.- 11 may.- S.22.