Darıxmaq nədir, bilirsənmi?
Darıxmaq nədir, bilirsənmi?
Nəfəssiz qalıb boğulmaq kimidir. O, heç yoxkən
belə hər kəsdən daha çox olması deməkdir. Gecənin kor qaranlığında
xatirələrilə aydınlanmaqdır.
Sol tərəfinə batırılan xəncərin
təkrar-təkrar qanatmasıdır.
İçin yana-yana tükənməkdir.
Milyonlarla insan arasında
tənhalıqdan sıxılmaqdır.
Darıxmaq apatiyanın eşiyində
növbə gözləməkdir.
Bir uçurumun kənarında
cılız bir budağa tutunmaqdır.
Yaralı quş tək
çırpınmaqdır.
Günəşə həsrət, gecəyə
düşmən olmaqdır. Ürəyinlə qanlı bıçaqlı,
yarım yamalaq yaşamaqdır.
Darıxmaq xatirələrə sarılıb
yuxuna gələr ümidiylə xəyallarda
qeyb olmaqdır. Gördüyün yerdə kölgəsinə
sarılmaqdır. Bir dəfə
görmək üçün
kilometrləri heç
saymaqdır. Gecədən səhərə yağmurda
islanıb pəncərəyə
düşən kölgəsini
seyr etməkdir.
Darıxıram deyə bilməzsən bəzən. Amma onu xatırladan
mahnını səhərə
qədər dinləyərsən.
Burnunun dirəyi sızlayıncaya
qədər darıxsan
da özünü aldatmaqdır. Qarşılaşarkən göz-gözə gəlməmək
üçün özünlə
savaşmaqdır.
Bəzən hər şeyi unudub möhkəmcə sarılmaq istəyərsən. Qabırğaları sınarcasına buraxmamaq.
Fəqət bir şey səni dayandırar.
Qürur.
Dünyadakı ən acı
ağrının qəlb
ağrısı olduğu
sanırsan, yanılırsan.
Birdə
ruh ağrısı
var. Canlıykən ruh
bədənini tərk
edirmiş kimi. Canından can sökülərcəsinə.
Darıxmaq hər yağmurda küçəyə qaçmaq,
avazın çıxana
qədər ağlamaqdır. Yanağındakı damcıları hər kəs yağış zənn edərkən içini yandıran göz yaşları olduğunu bir tək sən bilməkdir.
İzlədiyin hər filmdə
özünə pay çıxarmaqdır.
Hər şeyi buraxıb qaçaraq qoynuna sığınmaq istəməkdir.
Kimsəyə məhəl qoymadan,
ona belə rəğmən hər şeyə göz yummaqdır.
Darıxmaq usanmadan, bezmədən təkrar-təkrar şans
verməkdir. Puça çıxan ümidlərini
görməzdən gəlməkdir.
Onun açdığı yaraları
ondan belə gizlətməkdir. Darıxmaq hər
hüceyrənin ona hicranıdır. Vüsal ümidiylə
həyata bağlanmaqdır.
Və sən, ey sevgili!
Bəhanələr axtararsan. Səsimi eşitmək
üçün. Sudan
səbəblərlə bir
"alo"ma həsrət
gözün telefona zillənər. Sonra üsyanlar
baş qaldırar ürəyində. İçində fırtınalar qopar.
"Heçmi yadına düşmürəm?"
deyə. Sən məndən
bixəbər, mən
səndən nigaran tükənər ömrümüz.
Ayrı salar yollar bizi.
Sən gələrsən mən gedərəm.
Gecənin qoynuna doğru soxulduqca külqabındakı
siqaret kötüklərinin
artdığını görərsən. Saat irəlilədikcə
gözlərinə bir
ağırlıq çökər,
yatmaq istəyib yata bilməzsən. Qəflətən əlində telefon,
nömrəmi yığarkən
görərsən özünü.
Zəng etmək üçün özündə dəfələrlə
bəhanə uydursan da, cəsarətin çatmaz.
Bilirsən sonra nə olacaqsan? Heç nə
olmayacaq. Bir əlində
çaxmaq digərində
siqaret. Sonra mümkünsüz xəyallar qurmağa davam edəcəksən.
Sonra bir səsləniş. Bir ad. Titrədəcək varlığını. Kiminsə dilindən
adımı eşitmək
kövrəldəcək qəlbini.
Nəmli
gözlərlə açılacaq
sabahların. Tam unutdum dediyin yerdə qəfil əsən bir meh ciyərlərini qoxumla dolduracaq. Sən ağlını itirdiyini sansan da, həsrətin
dinmək üçün
o qoxuya diz çökəcək.
İnsanların arasıyla gedərkən ağlına düşəcək
sözlərim, zarafatlarım. İxtiyarsız gələn təbəssüm
hər kəsin diqqətini çəksə
də, içində
uçuşan kəpənəklərə
qanad taxacaqsan.
Sadəcə var olanı sevməz insan. Yanında olsa
da, olmasa da, nəfəs alışını sevər,
anlayacaqsan. Mənimlə ilklərini xatırlayıb
xatirələrə yalvaracaqsan.
Qürur divarlarını bir aşa bilsəm. Səssizcə pıçıldayaram. "Darıxmışam!!!"
Yoxluğun o qədər mənasızdır
ki. Ürəyimdən zincirə vurulmuşam.
Çarpaz sorğuda taqətim
kəsilib. Məni
əsir alan
şübhələr. Beynimdəki "niyə?"lər. Bu bəlirsizlik öldürür
məni. Qulağımı deşən səssizlik.
Yox oluram bu boşluqda.
Dibsiz quyudayam sanki. Hər hecasında ürəyimi titrədən isim. Hər səslənişində köksümdə
çırpınan qəlbin
ritmini dəyişən
varlıq. Varlığın da, yoxluğun da o qədər kifayətsizdir ki.
Sonsuz bir yolda yalnız başına yeriyirəm sanki. Halbuki tutsan əlimdən,
söndürsən kipriklərimdəki
odu. Dizlərimin taqəti, qollarımın
qüvvəti sənin
mənə çox gördüyün baxışlarında
gizlənib. Xurmayi
baxışlarında itdiyim
adam. Gözyaşlarımda yuyulan ruhuna təslim olmuş biçarə məşuqun
səssiz çırpınışlarıdır
bu. "Gəl" deməkdə
aciz olan. Kainatın sonsuzluğunu sevgimlə məğlub etdim. Okeanlarda boğulmazkən mən sənin bir damla göz yaşına qərq oldum.
Darıxıram. Hər zamankından
daha çox. Hər zamankından daha yanğılı. Çaxsa şimşək,
guruldasa göy üzü, boşalsa buludlar. Sabaha qədər dinməsə
aramsız yağışlar.
Söndürərmi həsrətimin yanğınını.
Alova doğru
addımlayıram. Yanıram, amma
ağrını hiss etmirəm.
Cəhənnəm atəşində yanmaqmıdır eşq, yoxsa iliyinə kimi donmaqmı?
Darıxıram, küçəyə çıxmaq
avazım çıxana
qədər hayqırmaq
istəyirəm. İnləsin yer-göy, tutuşsun
aləm. Deşilsin qulaqlar,
oyansın vicdanın.
Sussun qürurum, utansın əməlindən. Səhərə qədər süzülən
göz yaşlarım
dinsin artıq.
Darıxıram. Ürəyim köksümdən çıxacaq
qədər. İlk gördüyüm
yerdə sorğusuz sualsız boynuna atılacaq qədər.
Qoxunu içimə çəkib
hönkürəcək qədər.
Yox, bu dəfə həsrətdən deyil, bu dəfə çarəsizlikdən deyil.
Qovuşmaq sevincindən.
"Kaş ki"lərə
məğlub olan qəlbim həsrətinlə
çarəsizlikdən tutuşur. Sənə qırıq,
sənə küskün.
"Qal" demədiyin
üçün sənə
qənim könlüm.
Yaralarına məlhəm axtarmaqdansa,
yaralayana "yar" deyə fəryad edir.
Bəzən bir qığılcım kifayət edər alovlanmağa deyə qorxuram. Ya
qığılcımdan qorxuram,
ya da yanıb
kül olmaqdan. Bəlkə də yanmamaqdan qorxmalıyam. Çünki
EŞQ - yaşamağa dəyər
bir duyğudur. Əks halda onu yaşamamağın
peşmanlığından qovrularsan. Qorxma, uzat əlini.
Barmağının ürkəkcə toxunduğu alov qoy bütün bədənini bürüsün.
Eşqdə kül olmaqdan
qorxma, mənsiz donmaqdan qorx.
Çətin olan səni bağışlamaq deyil, sevgilim. Yalanları unutmaq, xəyanətini
yox saymaq. Ürəyim
sökülə-sökülə gələrəm öhdəsindən.
Çətin olan səni
bağışladığım üçün özümlə
düşmən olmaqdır.
Güvən göz yaşı
kimidir, gözdən düşdüsə, bir daha geri qayıtmaz.
Sən mənə səni bir daha
sara bilməyəcək
qollar verdin. Bir daha sənin üçün titrəməyəcək
ürək. Səni görməmək
üçün sağa
sola çarpışan baxışlar.
Orucluyam artıq. Heç vaxt pozmayacağım
eşq orucu. Sonsuz və zamansız. Bir ay deyil, bir ömür
sürəcək.
İftar vaxtına yaxın susayar ha insan. Həsrətin o cür yandırır məni. Söyləsənə, nə
vaxt oxunar burda azan?!
Leyla
CAMAL
525-ci qəzet.- 2019.- 15 may.- S.20.