Su təmiz və bol olarsa...   

 

 

Hava kimi su da insanın var olması, bitki, heyvan aləminin mövcudluğu üçün əsasdır, ilkin şərtdir. İnsanın bədən kütləsinin yarısından çoxunu da su təşkil edir.

 

Təsadüfi deyil ki, danışığımızda bir şeyin zərurətini  vurğulamaq üçün leksikonumuzda  adiləşmiş  "hava və su qədər vacibdir" deyirik. Adi şəraitdə hidrogen və oksigenin birləşməsindən, yəni N2O = 11,19% hidrogen və 88,81 % oksigendən ibarət dadsız, rəngsiz, şəffaf maye həyatımızın mənbəyidir, Yer səthində ən geniş yayılmış mineraldır. O, maye, donmuş (buz şəklində) və ya buxar halında rast gəlinir. "Ən içməli mineral" məfhumu da su üçün deyilir.

Hələ ki, dünyada həyat mənbəyi olan su ehtiyatları  mövcuddur. Amma  Yer  səthinin 71% su ilə örtülü olsa da, onun 3.5% təmizdir və yalnız 0.3% içməlidir.Dünyada ən böyük təmiz su mənbələri olan qütb buzlaqları sayılır ki, onlar da əridikcə bu qiymətli maye ehtiyatlarını getdikcə duzlu suya çevrilmək təhlükəsi gözləyir. Gündəlik sosial qayğılardan, şəxsi problemlərdən və ilk baxışdan önəmli sayılan digər müşküllərdən bir neçə dəqiqəliyə ayrılıb düşünsək, görəcəyik ki, milyonlarla il əvvəl həyat mənbəyi necə su olubsa, indi də elə sudur. Antuan de Sent-Ekzüperi demişkən: "Səhranı gözəlləşdirən odur ki, haradasa bir su quyusu var..."

BMT-nin keçən ilin iyun ayındakı hesabatına  görə, ərzaq ehtiyatları məqsədilə sahələrin suvarılması, enerji istehsalı və digər zəruri istiqamətlərdə əsas komponent olan su  sürətlə azalır. Bu gün isə 8 milyarda yaxın dünya əhalisinin 2 milyarddan çoxu artıq təmiz su sarıdan korluq çəkir. 2050-ci ilə qədər Yer əhalisinin yarısı içməli sudan məhrum ola bilər. Ona görə də dünya alimlərinin suya görə təlaşları, ehtiyat su mənbələri, bu dəyərli mayenin təmizliyilə bağlı tədqiqatları heç də əsassız deyil. Fərəhli haldır ki, bu istiqamətdə işlər səylə davam etdirilir. Yəni insanlar üçün ehtiyat su mənbələri axtarıb tapmaq gündəmdə qalmaqdadır. Bir neçə misal.  

Avstraliya Kosmik Agentliyi ölkənin faydalı qazıntı ilə bağlı fəaliyyətindən qazanılmış təcrübəyə əsaslanmaqla elə bir proqram hazırlığına başlayıb ki, bu metod Ayda su əldə etməyə imkan versin. Söhbət ilk növbədə Yerin təbii peyki olan Ayda müstəqil şəraitdə quyu qazmaqdan gedir. Bu barədə məlumatı Bloomberg-a istinadla Futurism.com yaymışdır.

Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri iddia edirlər ki, Marsda yeraltı duzlu su ehtiyatları hələ də qalmaqdadır. Planetin üzərində müşahidə edilən tünd kəsilişin mövcudluğu da bu səbəbdəndir və əslində, onlar "donmuş" su axınıdır ("Nature Geoscience" jurnalı).

Marsda enli çayların Yerdəkilərə nisbətən gur axdığını güman edən alimlərin mülahizələri də maraq doğurur. Çoxsaylı fotoları araşdıran alimlərin qərarı qətidir ki, su Mars planetinin tarixində mühüm rol oynamışdır. Çikaqo Universitetinin, Mars Express Avropa Kosmik Agentliyinin tədqiqatçı alimləri də eyni fikri bölüşürlər.

"Atmosferin olmaması, zəif qravitasiya səbəbindən Ayda böyük miqdarda suyun yığılması mümkünsüzdür. Buna baxmayaraq, Ay səthində az da olsa su ehtiyatı  var". Bu qənaət Hindistan alimlərinindir. 2018-ci ildə Hindistanın "Çandrayan-1" peyki Ay səthində buzun (donmuş suyun) mövcudluğunu qətiyyətlə təsdiqləyib.

Alimlər Afrikanın şimal-qərbindəki səhraya düşmüş meteoritdə Ayda su mənbələrinin mövcudluğunu təsdiqləyən əlamətlərin olduğunu öyrənmişlər. Onların qənaətinə görə, Yerin təbii peykində su ehtiyatı o qədərdir ki, buradakı gələcək koloniyanın təminatı  üçün  tam kifayətdir ("Science" jurnalı).

Massaçuset Texnoloji İnstitutunun və Berklidə Kaliforniya Universitetinin tədqiqatçı alimləri  innovativ texnologiyalarını real şəraitdə  uğurla sınaqdan keçirmişlər. Bu qurğu təmiz içməli suya ehtiyac duyan 2,1 milyard insanın həyat şəraitini  yüngülləşdirəcək.  İxtiranın üstünlüyü budur ki, onun işləməsi üçün nə yağış suyu, nə də elektrik enerjisi  lazımdır.

Su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və bu istiqamətdə dövlətlərarası əməkdaşlığın yaradılması, su mənbələrinin monitorinqi və hidroloji məlumatların təhlili  1996-cı ildə Ümumdünya Su Şurasının təşkil olunmasına zəmin yaratdı ki, bu da  bir çox regional və qlobal miqyaslı içməli su problemlərini vahid məkandan araşdırmağa rəvac verdi. Həmin ildən başlayaraq su ilə bağlı dəfələrlə bəyannamə, konvensiya, prinsip, istifadə hüququ ilə bağlı sənəd, direktiv və s. qəbul edilmişdir. Dünya dövlətlərinin böyük əksəri tərəfindən tanınan bu sənədlər transsərhəd çay hövzələri və Beynəlxalq göllərdə su ehtiyatları ilə əlaqəli problemlərin həllinin hüquqi əsasını təşkil edir. Hazırda dünyada 260-dan çox  transsərhəd çay mövcuddur ki, onların hövzəsində yerləşən 145 ölkədə təxminən 3 milyarda yaxın əhali yaşayır.

Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan respublikamızda vəziyyətə bu baxımdan nəzər salmaq çox önəmlidir.

Kür çayı hövzəsində yerləşən dövlətlər (Azərbaycan, Gürcüstan, Ermənistan, İran və Türkiyə) arasında transsərhəd əməkdaşlıq hələ ki, çox zəifdir və 1992-ci il Helsinki Konvensiyasına qoşulan dövlət yalnız bizim ölkəmizdir. Deməli, hövzə çay sularının inteqrasiyalı idarə olunması problemi öz həllini gözləməkdədir. Belə şəraitdə respublikamızın su ehtiyatlarının müasir ekoloji şəraiti, su probleminə baxış, su ehtiyatlarını  formalaşdıran  mənbələrə nəzər yetirmək aktual olaraq qalır.

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ)   Geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov Azərbaycanda  su mənbələrindən danışarkən onları iki qrupa ayırdı: təbii əmələ gələnlər və süni qaydada yaradılanlar. O, təbii su mənbələrinə çoxillik qarları və buzlaqları, həmçinin, çayları, gölləri və yeraltı suları aid etdi. İnsan tərəfindən yaradılmış su mənbələrinin əsasını isə su anbarlarının və kanalların təşkil etdiyini dedi.

Vaqif Məmmədovun məsələ ilə bağlı izahı belədir: "Su ehtiyatlarının mənbələr üzrə müasir vəziyyətinə nəzər yetirsək görərik ki, bu ehtiyatların kəmiyyət, keyfiyyət, biomüxtəliflik və ekoloji vəziyyətini əks edən "kadastr" məlumatları hələ ki hazırlanmamışdır. Vahid su kadastrının olmaması respublikamızın su mənbələri və su ehtiyatları haqqında dolğun məlumat yaratmır və mövcud  məlumatlar müəyyən dərəcədə təxmini xarakter daşıyır. Respublikamızdakı buzlaqlar geoloji baxımdan IV dövr buzlaşmasının qalıqları olub, sahə və kütlələri getdikcə azalmaq üzrədir. Çox güman ki, buzlaqların ümumi sahəsi 3-4 kvadrat kilometrdən artıq deyildir. Uca zirvələr ətrafında 3600-3800 metrdən yüksəkdə formalaşan çoxillik qar örtüyünün sahəsi təxminən 20 kvadrat kilometrə yaxındır. Görkəmli iqlimşünas alim, c.e.d. Ənvər Şıxlınski qeyd edirdi ki, əgər hər hansı bir səbəbdən buzlaqlar əriyərsə, hazırkı iqlim şəraitində onların yenidən formalaşma imkanı demək olar ki, yoxdur. Çaylarımız barədə  ölkədə hidroloji tədqiqatların banisi sayılan professor Saleh Rüstəmov isə bildirib ki, Azərbaycanda müxtəlif ölçülü 8359 çay var. Onların böyük əksəri kiçik dağ çaylarıdır. Uzunluğu 25 kilometrdən az olan çaylar, ümuminin 98%-ni təşkil edir. Əsas su mənbəyi Kür çayı hövzəsidir ki, o da respublika ərazisinin təxminən 65%-ni əhatə edir. Çayların ümumi su ehtiyatı 30.9 kub kilometrdir. Amma bu suların 20,6 kub kilometri (70%) qonşu ölkələrdən tranzit  və ya sərhəd çayları  ilə respublikamıza  daxil olur.  Bilavasitə ölkəmizin  ərazisində formalaşan  çay suları axımının həcmi isə cəmi 10,3   kub kilometr, yəni 30%-dir.

Çayların orta illik axımı  həm ərazi, həm də fəsillər üzrə qeyri-bərabər paylanır. Yüksəklik qurşaqlarının strukturuna uyğun olaraq axının miqdarı, Lənkəran təbii vilayəti nəzərə alınmazsa, düzənliklərdən dağlara doğru müəyyən yüksəkliyə qədər artır və ümumən şimal-qərbdən cənub-şərq istiqamətində azalır. Suvarmaya böyük təlabat olan vegetasiya dövründə illik axımın cəmi 10-20%-i keçir ki, bu da əkin sahələrinin su təminatında müəyyən çətinliklər yaradır. Son 40-50 ildə kənd təsərrüfatı məqsədləri üçün çaylardan götürülən suların miqdarı artdığından bir çox kiçik çayların məcrası yay dövründə quruma həddinə yaxınlaşır. Respublikamıza daxil olan tranzit çayların xarici dövlətlərdə yerləşən hövzələrində əhali və təsərrüfat sahələri ilbəil artdığından suya təlabat da çoxalır. Nəticədə ölkəmizə daxil olan tranzit suların həm miqdarı azalır, həm də onların çirklənmə dərəcəsi yüksəlir. Bununla yanaşı, respublikamızın kənd yaşayış məskənlərinin müəyyən hissəsində çay dərələrinin yerli əhali tərəfindən məişət və təsərrüfat tullantıları ilə çirklənməsi müşahidə olunur. Bütün bunlar sularımıza daha qayğılı yanaşma tələb edir".

Respublikamız üçün "göl kadastrı" tərtib olunmadığı səbəbindən onların miqdarı, ərazi və yüksəkliklər üzrə paylanması, morfometrik kəmiyyətləri, keyfiyyət göstəriciləri və ekoloji xüsusiyyətləri haqqında məlumatlar nisbi xarakter daşıyır. Vaqif Məmmədovun göllərimiz barədə verdiyi məlumatlar da nikbinlik yaratmır.

"Ölkəmizdəki 800-ə yaxın gölün əksəriyyətinin  sahəsi bir hektardan kiçik, müəyyən hissəsi isə yayda quruyan-efemer xassəlidir. Səthinin sahəsi 1 kvadrat kilometrdən böyük olan göllərin miqdarı cəmi 26-dır və onların əksəri şor suludur. Göllərdə ümumən 400 mln. kub metrə yaxın  su cəmlənib ki, bunların yarıdan çoxunun minerallaşma dərəcəsi >1 qram/litrdir. 70-dən çox  gölün səthi dünya okeanı səviyyəsindən  aşağıdır. Dağ göllərinin böyükləri Kiçik Qafqazda, sahəcə kiçikləri isə böyük Qafqaz və Talış dağlarında cəmlənib. Əgər 1900-cü ildə göllərin ümumi sahəsi  təxminən 1300 kvadrat kilometr idisə, bu rəqəm 2018-ci ilə kimi  dörd dəfəyə qədər azalmışdır.

Yeraltı sularla bağlı vəziyyət də problemlidir. Ölkəmizin müxtəlif hissələrində yerləşən 18 yeraltı su hövzəsinin 14-ü qonşu ölkələrlə sərhədə yaxın ərazilərdə yerləşdiyindən transsərhəd səciyyə daşıyır. Bir neçə transsərhəd çayın Ermənistan və Gürcüstan ərazilərində çirklənməsi o ətrafdakı yeraltı suların keyfiyyətinin pisləşməsinə şərait yaradır. İnsanlar hələ qədim zamanlardan səth suları az olan ərazilərdə suya olan tələbatlarını ödəmək üçün quyu, kəhriz və ovdanlardan istifadə ediblər. Su quyularının sayı hər il   artsa da, kəhriz və ovdanlar baxımsızlıq üzündən azalır, istifadə olunan suların miqdarı ilə bağlı məlumatlar isə natamam və bəsit xarakter daşıyır".

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da su ehtiyatlarından səmərəli istifadə etmək üçün irriqasiya və ya kompleks məqsədli su anbarları inşa olunur. Su anbarlarının ümumi sayı 140-dan çox  olub, əksəri XX əsrin ikinci yarısında inşa edilib. Onların su səthinin ümumi sahəsi 1100 kvadrat kilometrə yaxın olub, respublika ərazisinin cəmi 1.3%-ni əhatə edir.

Respublikamızdakı kanalların su mənbəyini isə çay və ya su anbarları təşkil edir. Meliorasiya və Su Təsərrüfatı ASC məlumatına görə, ölkəmizdəki su kanallarının ümumi uzunluğu 52791.3 km, bunlardan da magistral kanalların ümumi uzunluğu 2138.9 km təşkil edir. Magistral kanallar müvəqqəti su mənbəyi kimi nəzərdə tutulsa da, respublikanın su ehtiyatında onların rolu nəzərə alınmır.

Vaqif Məmmədov Azərbaycan ərazisində su mənbələrinin ekoloji durumu ilə bağlı söhbətin yekunu kimi dedi: "Birmənalı olaraq nəzərə alınmalıdır ki, mənbələrinin kəmiyyət və keyfiyyət göstəricilərini bildirən su kadastrının hazırlanmasına böyük ehtiyac var; ölkə ərazisinə daxil olan tranzit suların miqdarı zamanla azalır, keyfiyyəti isə pisləşir; respublika ərazisində formalaşan sulardan istifadə artdığı üçün onların kəmiyyət və keyfiyyət göstəriciləri pisləşərək ekoloji durumu  gərginləşdirir; iqlimin istiləşməyə doğru inkişaf etdiyi və insan amilinin bu prosesi intensivləşdirdiyi şəraitdə su ehtiyatlarımızın azalması və keyfiyyətinin aşağı düşməsi prosesi isə intensivləşməkdədir.

Azərbaycan Respublikası su ehtiyatları bol olan dövlətlər siyahısına daxil olmadığından mövcud olan su ehtiyatlarının qorunması və səmərəli istifadəsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə  xüsusi önəm verilməlidir. Çünki suyumuz təmiz və bol olarsa, təbiət canlanar, məhsuldarlıq artar, əhali arasında sağlamlığın rəhni olan təmizlik hökm sürər və həyat daha da gözəlləşər".

 

Şirməmməd NƏZƏRLİ

nazarli@yandex.ru

 

525-ci qəzet.- 2019.- 15 may.- S.8.