İtirilmiş Xoşbəxtlik...

 

Zülmətlər kor edir, gündüzlərin işığın,

Qaranlıqlar boyayır, gözlərimin rəngini.

Bir nəfəslik can qalıb, ruhumun həvəsindən,

Həyat çoxdan itirib, yaşamın ahəngini.

Ağrı, acı yol alır, dərdlərin ünvanına,

Gecikən xoşbəxtliklər son nəbzini itirir.

Qəhər seli yağdırır, gözlərimin yolları,

Hər göz yaşı sonunda gənc ömrümü bitirir.

Keçmişiylə can çəkir, yorğun bir səssizliyim,

Havasında boğulur, uşaqlığın nəfəsi.

İllər həsrət yağdırır, dolan o ümidlərdən,

Kaş ki, tərk edə bilsəm, bu zindanı, qəfəsi.

Kədər qoşunları da hücum çəkir üstümə,

Müqavimət edəcək zərrə halım qalmayıb.

Mən çoxdan itirmişəm, xoşbəxtliyin rəngini,

Həyata bağlayacaq bir amalım qalmayıb.

 

Xəyalınla Xoşbəxtəm

 

 

Asdım ümidlərimi,

gecənin qaranlığından.

Dondurdum arzularımı,

Ayın soyuğunda.

Bilə-bilə intihar etdirdim ürəyimi,

Kəsdim sənli sevgimi

daşıyan damarlarımı.

Sənsizliyin mərmisi ilə

Dəlik-deşik etdim vücudumu.

Yenə ...

Kiridə bilmədim dərdlərimi,

Quruda bilmədim,

Sevgimin qanlı göz yaşlarını.

Ağacdan düşən yarpaqtək,

Qurudulmağa məhkum etdim.

Unudulmayacağını bilə-bilə,

Unudulmağa məhkum etdim səni.

Basdırmağa çalışdım sevgimi,

Heç cür qaza bilmədiyim məzarına.

Mən illərdir tutulmuşam,

Sevginin bu sağalmayacaq azarına.

O qədər möhkəm bir qıfıl vurmuşdun ki,

Aça bilmədim ürəyimin qapısını kimsəyə,

Sevə bilmədim,

yalandan da olsa bir başqasını.

Eşq baxışlım...

Axtardım, şəhər-şəhər

Küçə-küçə gözlərini.

Həsrəti naxışlım...

Sürünə-sürünə

torpaqda aradım izlərini...

Meh olub hansı bir ürəkdə əsdin?

Hansı bir ürəyi yaralayıb,

Hansı sevdanın damarın kəsdin?

Hansı bir eşqə dərman oldun?

Hansı bir sevginin ölümünə fərman oldun?

Məndən sonra...

Mən heç vaxt tənha olmadım...

Səndən sonra...

Sağ olsun xəyalın

yalnız qoymadı məni.

Əlimdən tutdu, gözlərimə baxdı.

Mənimlə yatıb, mənimlə qalxdı.

Üşüyərkən isitdi,

Xəyalın mənimçün

Ən dəyərli kəs indi.

Gözlərimin yaşın qurutdu.

Sən başqa qollarda uyuyarkən,

Xəyalın məni qollarında uyutdu.

Sən başqa bir sevgi ilə

Mənsə xəyalınla ailə qurdum.

Gəlmə daha, dönmə geri.

Toxunma sənli sevgimi

doya-doya yaşadığım xəyal dünyama...

Xəyalın məni səndən çox sevdi...

Mən xəyalınla xoşbəxtəm...

Əslində, mən bədbəxtəm...

 

Boşluqlardan Var Olan

 

Boşluqlardan var olan

bir dünya ötür ayaqlarımın altından,

Zamanın eyniadlı kəsiyində

Bir həyat keçir başımın üstündən...

Mənsə ən böyük boşluq olaraq

Asılı qalmışam havadan...

Vücudumun sol tərəfinə ağırlıq

Gətirən dərdlər tərəfindən

Çəkilirəm dünyanın dorağacına...

Küskün bir payıza qurban gedir

Arzularımın baharı...

Bahabiçilməz, müdhiş bir kədəri

Qoynuna alır

Həyatın amansız axarı...

Sığala həsrət gəncliyimin

Dolaşıq saçlarında ilişib qalır

Gələcəyə dair qurduğum xəyallarım

Zaman ötür...

Daralır min bir ümidlə

Keçmişə boylanan

həsrətlərin nəfəsi...

ölür...

Ölür əlləri havada

Dili daima duada olan

Bir körpə, məsum qızcığazın

Xoşbəxtliyə dair var olan həvəsi...

 

Həmin Qadın Deyiləm

 

sən həmin o adam, mən həmin qadınam,

Boynu bükük ümidlər ruhunu təslim edib.

Qarşılaşsaq döyünməz birgə vuran qəlbimiz,

Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.

Yaşadığım ünvan da daha həminki deyil,

Daha xatirələr canlanmayır gözümdə.

Varlığınla var olan o qadından əsər yox,

Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.

Bircə-bircə xəyallar uçuruma adlayır,

Zaman da taleyimə kəm biçəcək soydadır.

Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,

Qaniçən yoxluğunun qaranlığı boydadır.

 

Dağıldı Addımlarım Ayrılığın Üstünə

 

İncinmiş duyğularım daha büküb boynunu,

Gizlənib qəlb evimin soyuq künc bucağında.

Həsrətinə sarılıb, axtarıram kölgəni,

Axtarıram bu eşqin kül olmuş ocağında.

Yollar da yorğun düşüb, həsrət qalıb izinə,

Yollar da ağrı çəkir, yadların addımından.

Heçmi göynəmir adam, sol yanının qibləsi,

Bu qədər asanmıydı vaz keçmək qadınından.

Sığınır gecələrim zülmətlərin qoynuna.

Göz yaşım sığal çəkir sevgimizin büstünə.

Yoxluğun kədər biçdi, ömrün qara donuna,

Dağıldı addımlarım ayrılığın üstünə.

 

Özümlə Söhbət

 

Nədir bu həsrət seli üz tutub taleyimə,

Boğulur sevdiklərim, gözlərimin yaşında.

Xoşbəxtliyin yolunu itirdinsə bir kərə,

Aramağa gərək yox, dünyanın o başında.

Dizin-dizin sürünmə, keçmişin qucağına,

Dizlərin qan çanağı, ovucların yaradır.

Qəbul eyləməz səni o isti ocağına,

Bəs indi gedəcəyin, son ünvanın haradır?

Çırpdığın o qapılar daha bağlı üzünə,

Qucaqla taleyinin qara rəngli aynasın.

Bu günədək yananın anan, bacın, qardaşın,

Bundan sonra özünün, özün tutarsan yasın.

O ölmüş ümidlərin kabusları qorxudar,

Taleyinin qarası bərq vurar bənizində.

Günəş doğar çoxunun qismətinə yenidən,

Səninsə gəmilərin batar qəm dənizində.

 

Kimsəsiz Daxma Kimi...

 

Kimsəsiz bir daxmayam,

Qapanmışam özümə.

Xəyalları toz basıb,

Görünmürlər gözümə.

Uçub sevgi çatısı,

Məhəbbəti üşüdür.

Hayqırtımı sadəcə,

Yalnızlığım eşidir.

Payız keçib üstündən,

Xəzanına bürünüb.

Uçuq, sökük bu daxma,

Hey bahara sürünür.

Bütün yollar qapanıb,

Təklik sarıb dörd yanı.

Bitəcəkmi görəsən,

Bu daxmanın üsyanı?

 

Yanan Xatirələr

 

Göz yaşımla islanıb, sənsizliyin səkisi,

Yağış kimi yağıram, sən getdiyin yollara.

qədər ah çəkirəm, necə qarğış edirəm,

Xəyanətli əlinlə sarıldığın qollara.

Buz tutmuş kirpiyimdə həsrətinin göz yaşı,

Yuxu axır gözümdən, gözlərim qapanmayır.

Asıram gecələri, qaranlığın boynundan,

Gecələr sona yetir, sabahlar oyanmayır.

Yanır hələ qəlbimdə sən adlı xatirələr,

Sol yanımda kül olub, qanıma qarışırsan.

Sən boyda bir zülmətdə boğulur yazıq ruhum,

Yenə zülmətinlə canıma qarışırsan.

 

Səni İstəyirəm...

 

Bir parça ümid istəyirəm

saçlarını erkən tökən gəncliyimə...

Anamın qucağını istəyirəm

bütün qorxularımı dəf etsin

qaytarsın məni

uşaqlığıma, dincliyimə...

Örpəyin altda gizlətdiyi

tüklərin sayı qədər

xoşbəxtlik istəyirəm

qarşıdan gələn yaşlarıma...

Zindan olan gəncliyimə

azadlıq istəyirəm

Yerin, göyün hakimindən...

Sinəmdə cəm olan dərdlərimə

şəfa istəyirəm

ən savadlı

ən möhtəşəm həkimindən...

Bir

bir də səni istəyirəm...

Xəyallarıma kölgə salan,

Röyalarımda gerçək olan,

Hər dəfə susqunluğumda

özü boyda fəryad olan,

səni istəyirəm adam...

səni...

 

Qəmər SÖZAY

 

 

525-ci qəzet.- 2019.- 2 noyabr.- S.21.