Siyəzəndə Nəsimi təntənəsi  

 

 

Siyəzən şəhər Mədəniyyət Mərkəzi son vaxtlar görkəmli sənətkarların yubileylərinin, bir-birindən maraqlı, yaddaqalan mədəni-kütləvi tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

 

İndi bura əvvəlki illərdən daha çox qonaqlı-qaralı, çal-çağırlı olur. Bir-birinin ardınca böyük sənətkarımız Cəfər Cabbarlının 120 illik yubileyinin, IX Şairlər Günündə nakam taleli şairimiz Mikayıl Müşfiqin anım tədbirinin keçirilməsi hələ uzun müddət iştirakçıların yaddaşlarında yaşayacaqdır. Əlbəttə, bölgədə ədəbi mühitin formalaşmasında Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, tanınmış yazıçı Novruz Novruzovun xidmətləri xüsusi qeyd edilməlidir.

Ədəbiyyatımız tarixən qədim olan ədəbiyyatlardan biridir. Yaxın və Orta Şərqdə elə bir ölkə yoxdur ki, orada Xaqanini, Nizamini, Nəsimini, Füzulini, C. Məmmədquluzadəni, M. Ə. Sabiri və Azərbaycanın onlarca başqa mütəfəkkir sənətkarlarını tanımasınlar. Elə ədəbiyyatımızı yüzilliklər boyu ölməz və böyük edən də onda Xaqani fəlsəfəsinin, Nizami təfəkkürünün, Nəsimi cəsarətinin, Füzuli idrakının toplanmasıdır.

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində XV əsrdə ana dilində gözəl, mükəmməl şeirlər yaratmış ilk mütəfəkkir şairlərdən biridir. Özündən sonra çox zəngin bədii irs qoyub gedən Nəsimi bu günböyük məhəbbətlə xatırlanır.

Azərbaycan espublikasınıntorRespublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə klassik ədəbiyyatımızın ölməz nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi, 2019-cu ilin ölkəmizdə Nəsimi ili elan edilməsi əsl xalq bayramına çevrilib.

- Mən mülki cahan, cahan mənəm, mən,

Mən haqqa məkan, məkan mənəm, mən,

- deyən böyük filosof şair İmadəddin Nəsiminin yubileyi ölkəmizin hər yerində olduğu kimi, Siyəzəndə də təntənəli şəkildə qeyd edildi. Bu günlərdə şairin yubileyi münasibətilə Mədəniyyət mərkəzində ədəbi-bədii tədbir keçirildi.

Siyəzən Rayon İcra Hakimiyyəti, Mədəniyyət Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə böyük şairin əsasən saf məhəbbətin tərənnümünə və hürufilik ideyalarının təbliğinə, kamil insan probleminə həsr edilən yaradıcılığı haqqında ətraflı danışıldı.

Tədbiri Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova açdı. AYB Şabran Bölməsinin sədri yazıçı-publisist Aydın Tağıyev, AYB-nin üzvü, şair Nəcməddin Mürvətov, Siyəzən şəhər 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Xədicə Hüseynova, Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, 2 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Zərbalı Yusifov hürufilik ideyalarını yaydığı üçün bütün həyatı boyu təqib olunan, bir müddət Türkiyədə yaşayıb sonra Suriyanın Hələb şəhərinə gələn və burada həbs olunub işgəncə ilə edam edilən Nəsiminin əbədiyaşar poeziyası barədə geniş söhbət açdılar.

Çıxışlarda qeyd olundu ki, Nəsimi insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı kimi, böyük bir varlıq kimi təsvir etmişdir. Nəsimi yaradıcılığında «Mən» həyatdır, gözəllikdir, kainatdır, bəşəriyyətin taleyidir. Nəsimi poeziyasının əsas lirik qəhrəmanı hər şeyə qadir kamil insandır. Şairə görə, insan hər şeydən qüvvətli, əzəmətli və uludur.

Məndə sıgar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri laməkan mənəm, gövnü məkana sığmazam,

 

- deyən şairə görə, insan hər iki cahanı özündə sığışdırmasına baxmayaraq özü bu cahana sığışmayan ali bir məxluqdur.

Məhəbbət poeziyanın ilham qaynağıdır. İmadəddin Nəsimi lirikasının da əsas obyekti məhəbbətdir, sevgidir. Tədbirdə böyük şairin obrazını canlandıran aktyor Kəmaləddin Nicat tez-tez səhnəyə gəlməsi və şairin istər məhəbbət ünvanlı, istərsə də fəlsəfi məzmunlu qəzəllərini böyük ustalıqla ifa etməsi dəfəlrlə alqışlara səbəb oldu.

Yubiley tədbirində iştirak edən musiqili qonaqların çıxışları da alqışlarla qarşılandı. Ölkənin tanınmış qarmon ifaçısı Nizami Əsgərovun, qocaman müğənni Mirməmməd Mircavadovun, gənc müğənnilərdən Natiq Əliyevin, «Muğam» müsabiqəsinin diplomantı Maşallah Mirzəyevin, Vüsal Həsənovun bir-birindən maraqlı çıxışları, Nəsminin qəzəllərinin oxunması tədbiri xüsusilə yaddaqalan etdi.

İnsanın kamalı, gözəlliyi, qüdrəti və əzəməti qarşısında baş əyən, Şərq şeirinin müxtəlif janrlarında şeirlər yazan böyük şairin yubiley məclisinə Siyəzənli məktəblilər də həvəslə hazırlaşmışdılar. «İstedad sorağında» adlı müsabiqənin qalibləri Kənan Abdulovun (bədii qiraət), Nazənin İlyasovanın (rəqs) çıxışları, balaca müğənni Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdi Mirhidayət Kazımovun şairin qəzəlini şirin avazla ifa etməsi tədbirə xüsusi rəng qatdı.

Türk əruzunun formalaşmasında böyük rol oynamış İmadəddin Nəsimi yaradıcılığının Xətai, Füzuli kimi görkəmli Azərbaycan şairlərinin yetişməsində mühüm rolu olmuşdur. Həyat və zaman göstərir ki, hələ bundan neçə onilliklər, yüzilliklər sonra gələcək nəsillər klassik şeir ənənələrindən bəhrələnmək məqsədilə Nəsimi poeziyasına üz tutacaq, Nəsimi lirikasından ilham alacaqlar.

 

Reyhan MURADOVA

 

525-ci qəzet.- 2019.- 8 noyabr.- S.11.