Sənindir bax, bu döyünən ürəklər...

 

Yaylıqları bayraq olan Vətənim!

Anaların pak südünə and olsun!

Bayraqları torpaq olan Vətənim!

Torpağının hər qatına and olsun!

O ağaran dan yerindən hərəmiz

Boyumuza bir kəfən biçərik,

Şəhidliyin can şərbətin içərik!

Yaylıqları bayraq olan Vətənim!

Anaların göz yaşına and olsun!

Bellərini kədər bükmüş o azman

Babaların başına and olsun!

Yerdə qalmaz bu al qanın ləkəsi,

Qalsa tutsun gözümüzü hər zaman

Verdiyin o duz-çörəyin tikəsi!

Yaylıqları bayraq olan Vətənim!

Sənindir bax, bu döyünən ürəklər,

Amal da sən, arzu da sən, şərəf ,

Səninkidir bu muradlar, diləklər!

Bayraqları torpaq olan Vətənim!

 

Çingiz ƏLİOĞLU

 

525-ci qəzet.- 2019.- 9 noyabr.- S.21.