Rüstəm Behrudinin özü haqqında bilmədikləri   

 

 

 

Ədəbiyyatımızda Rüstəm Behrudi adında bir imza var. Bu imza ötən əsrin axırlarından bu günə qədər yol gəlir və bundan sonra da dayanmadan həmin yolu tutub gedəcəkdir. Bu yolun başlanğıcı da Vətən, sonu da Vətəndir!

 

Rüstəm Behrudinin vətən, yurd sevgisinin zamanı intəhasızdır, sonsuzdur. Qarşı yatan qara dağdan başlayıb qara başın bu yol üstə qurbanlığına qədər davam edir.

 

Şairin poeziyasında poetik zaman min illərlə ölçülür. Ya hər şey min illərin arxasından görünür, ya da qarşıda min ildir can verən məmləkət var. Sevdanın dəli havası da min ildi başdan getmir. Daşlarda uyuyan tarix min ildi oxunmur. Dərd-qəm min ildir ötüşmür, "Min ilin dərdi təzədən oyanıb canımızda", "Qardaş, ayrılığa min ildir tuşuq, Qəfəsə salınmış bir qızıl quşuq", "Mən min il özümdən uzaqlaşmışam, Min il getməliyəm özümə sarı", "Bu yurdun min illik ayrılıqları, Div kimi durubdu yolumun üstə", "Min il ümid yedik, sözlə, şeirlə".

 

Şairin vətən, yurd sevgisi ləyaqətli vətəndaş olmaqdan keçir, "Yurd yerimiz" şeiri əsl vətəndaşlıq andıdır.

 

Rüstəm Behrudinin şeirləri vətəni sevməyə və sevdirməyə gücü çatan poeziya nümunələridir. Çünki onun şeirləri yalnız misradan, bənddən, qafiyə və bölgüdən ibarət deyil, onların gözlə görünməyən ruhu var. Rüstəm Behrudinin "Vətəndaş deyilik qanana kimi" şeirinin heç bir misrasında "ruh" sözü yoxdur, əvəzində isə "ölüm", "gor", "qara daş" var, amma şeir başdan-başa ruhani bir tülə bürünüb:

 

Vətənsiz biz kimik, vətənsiz nəyik?!

Vətəndaş deyilik qanana kimi.

Vətən bir ocaqdı, biz pərvanəyik,

Dolannıq başına yanana kimi.

 

Rüstəm Behrudi şeirləri ilə yol gedir. O, yüz illik, min illik yolun yolçusudur. Bu yol Rüstəm Behrudinin qəlbindən başlayır, onu yurd yerinə aparır, amma həmin yolun üstündə Türkmənçay, Gülüstan, Çaldıran var. Qardaş qovğasını yaşadan tarixi yaddaş içində şairin "Beyrəyin köynəyini qanlı-qanlı gəzdirmək" istəyi təbii və inandırıcıdır. Çünki Rüstəm Behrudinin yurd yerinə çatmaq istəyinin görk yeri yalnız Beyrəyin köynəyi ola bilərdi. Mövzu, ideya və bədii detal arasındakı qırılmaz bağların təbiiliyinin sübutu üçün şeir tariximizdə bundan gözəl nümunə tapmaq çox çətindir. Rüstəm Behrudinin poeziyasında tarixi məkanlar da - Təbriz, Dərbənd, Ötükən; tarixi şəxsiyyətlər də - Teymurləng, Xətai, İldırım Bəyazid, Sultan Səlim, Qacar; mifoloji obrazlar da - Qorqud, Beyrək, Leyli, Məcnun, Əsli, Kərəm həm poetik mətnin içinə daxil olurlar, həm də müəllif ideyasının qavramına təminat verirlər.

 

Rüstəm Behrudinin vətən, yurd sevgisinin məkanı bugünkü deyil, tarixi coğrafiyanın sərhədlərinə dayanır: Qarayazı, Göyçə, Ərzurum, Kərkük bu coğrafiyanın adi məkanlarıdır.

 

Şair bu yolu gedərkən Araz üstə körpü olmaq istəyir. Bu yol çox uzundur, bəzən heç axırı da görünmür. Amma o, öz yolundan dönməzdir və dönməməkdə çox qərarlıdır:

 

Bəlkə də, ölümə aparır məni,

Mənə gəl-gəl deyib yanan ocaqlar.

Yolumdan dönmərəm, dönük şairin

Şerinə od vurub yandıracaqlar.

 

Rüstəm Behrudi bu yolun sonunda ölümə də hazırdır:

 

Bu yurdun min illik ayrılıqları

Div kimi durubdu yolumun üstə.

Qoy düşsün sonuncu döyüşçü kimi

Mənim qara başım qolumun üstə.

 

Şairin poeziyasında həyatla ölüm bir yerdədir, vəhdətdədir, ayrılmazdır:

 

Bir ömürdüm, - sevinci az, qəmi çox,

Necə göynər könlümdəki yaram, ox!

Bu dözümdən daha mənə haray yox...

Bax, öldürüb: Başdaşımı ağlar hey!..

 

Bəs yurd yerinə çatan Rüstəm Behrudi kimdir? Bu sualın cavabını o, özü vermişdi. "Şaman nəvəsiyəm mən yurd yerində", - deyən Rüstəm Behrudi heç vaxt özünü yurd yerinin sahibi hesab etmir.

 

Qızğın, ehtiraslı romantik pafosun qanadlarında onun özünü yurd yerinin ilk nümayəndəsi hesab etmək istəyi təbii görünərdi. Şair bunu etsəydi, hamımız inanacaqdıq. Amma Rüstəm Behrudi poeziyası ayıq, aydın poeziyadır, hədəfi düz nişan almağı bacaran şeir sənətidir:

 

İlk yurd yerindəki ocaqdan öncə,

Dil açıb danışan - mən deyiləm, yox!

Heç zaman qəbrinə sığmayanların

Ruhudur, danışır mənim dilimcə!

 

Müasir insanı öz əcdadı ilə birləşdirən yeganə doğru yol ruhdan keçir. Bu ruh tarixi yaddaşın da əzəli və əbədi məkanıdır.

 

Rüstəm Behrudi əqidəsi şairliyi ilə harmoniya təşkil edir. Bu yolda ölmək də var. Çünki bu yol şairin (həm də türkün!) taleyidir.

 

Rüstəm Behrudi poeziyasında xalqdan və millətdən ayrıca bir şair ömrü yoxdur. Şairin yaşadığı hiss və duyğular millətin həyatı, xalqın taleyi ilə vəhdətdədir. Onun yaradıcılığında şair şəxsiyyəti ilə millət obrazının birliyi yaranır. Bu xətt Rüstəm Behrudi yaradıcılığını fərqləndirir.

 

Mən kiməm? Özünə qılınc qaldıran,

Özündən intiqam, qisas alan da.

Mənəm Çaldıranda, mənəm Şuşada

Elə qalib gələn, məğlub olan da.

 

Rüstəm Behrudi özünü həm qalibin, həm də məğlubun yerinə qoymaqla Füzulidən, Sabirdən Məmməd Araza, Bəxtiyar Vahabzadəyə qədər olan poeziyanın vətəndaşlıq qayəsinin müstəvisini dəyişir. Şəxsiyyət və millətin vəhdəti özünü insanın fiziki simasında yox, ruhun ölməzliyində təsdiq edir:

 

Bir vaxt Ərdəbildən ərtək atlanıb,

Üz tutub bu yurda, üz tutub elə.

Özünə qayıdan Şah İsmayılın

Sərgərdan ruhuyam gəzirəm elə.

 

Rüstəm Behrudi Oljas Suleymənova açıq məktub yazır: "Hər şey ayrılıqdan başladı". Şairə görə, bu ayrılığın əvvəl nöqtəsi kəhər atları cilovsuz qoymağımızdır. Əslində, Rüstəm Behrudinin şairliyi də elə ayrılığın əzabını yaşadır.

 

Ayrılıqdan başladı

Olum da, ölüm də, doğum da.

Elə bu ayrılıqdan başladı

Mənim şeir adlı yolçuluğum da.

 

Onun ayrılığı şəxsi hiss və duyğularından, sevgidən, məhəbbətdən doğan ayrılıq deyil, vətən həsrəti və vətən ayrılığıdır.

 

Ayrılıq Rüstəm Behrudinin yaradıcılığı boyu onun yolu üstündə bir div kimi dayanıb. Ayrılıq özü div boydadır, hətta şairin sözlərinə sığışmır, çünki sonda Vətən boyda ayrılıq var. "Ayrılıq matəmgahı", "Alın yazısı", "Mən haqqa sığınmış qərib dərvişəm" şeirlərində bir-birini tamamlayan ayrılıq ifadəsi üçün şair milli folklorun qorxunc obrazını - Divi seçib.

 

Rüstəm Behrudi öz ruhunu dinləyən şairdir. O, ruhun söyləmədiyini, yaşamadığını poeziyaya gətirmir. Şairin ruhunda ayrılığın vüsala çevrilməyəcəyi nisgili var:       

 

Məni öldürürlər, xəbəriniz yox,

Məni yandırırlar - koram tüstümə.

Yenə tufan gəlir qarşı tərəfdən,

Yenə ayrılıqdı gəlir üstümə.

 

Qəriblik və ayrılığın acı bir ağrısı illərlə şairin ruhunda yaşayandan, qana hopandan sonra misralara çevrilir, yeni şeirlər yaranır. "Boz qurd" şeirində həmin ağrının misralara çevrilmək təbiiliyini şərtləndirən ruh yuxu kimi seçilib. Şairin qələmində yuxu keçmişə - tarixə baxışın bir formasıdır. Məhz bu halda Rüstəm Behrudinin şair obrazı yuxusuna gül-çiçək və mələklər girən digər şairlərdən fərqlənir. Nəticədə Rüstəm Behrudinin yuxusunda "çadırı dağılmış, ocağı sönmüş", "qara torpağına nə toxum əksən, yenə də baharda ayrılıq bitirən" yurd yeri görünür.

 

İnsan öz yuxusunu olduğu kimi danışmağı, necə varsa, o cür təqdim etməyi çətindir. Onun poetik mətn kimi yazıya alınması daha çətindir. Hər halda danışsan da, yazsan da qarşıdakını inandırmalısan.

Rüstəm Behrudi inandıra bilir, onun poeziyasında yuxu reallıqla irreallığın qovuşuğudur:

 

Üstümə qəm gələr əjdahalartək,

Yuxumda bir ağız qurd ular, keçər.

Nədənsə həmişə yuxularımdan

Önündə qurd duran ordular keçər.

 

Əsl yuxudur: burada xəyalla həqiqətin qovuşması var. Şairin "Qara qazlıq atların kişnərtisi gəlir misralarımdan" düşüncəsi də yuxudan keçib gəldiyi üçün inandırıcı görünür, poetik səslənir.

 

Rüstəm Behrudinin nağılı da yurd haqqındadır, yurda bağlıdır. Bu nağılın əsas obrazı da Qurddur - Boz Qurd. "Qurd və yaxud yurd nağılı" şeirində Rüstəm Behrudinin arzuladığı nağıl da bizim uşaqlıqdan eşitdiyimiz, yaddaşımıza hopdurduğumuz nağıl deyil. Bu nağılda göyçək Fatma, ağ atlı oğlan deyil, Səttarxan var, orada mağara, yeraltı dünya yox, Urmiya, Dərbənd, Altay var. Rüstəm Behrudi yaradıcılığında folklor obrazları azdır, amma bu yaradıcılığa xalq ruhu hakimdir.

 

Boz Qurd obrazı Rüstəm Behrudi yaradıcılığında bədii mətnin ruhunun təminatçısıdır. Ona görə də şairin şeirlərində Qurd özünə rahatca yer tapa bilir. Onun poeziyasında Boz Qurd ölməyib, diridir. Rüstəm Behrudinin şeirlərində yalnız Boz Qurd ulamır, təkliyin, tənhalığın, yalqızlığın ağrısını yaşayan sözlər, misralar da ulayır. Həssas oxucu Rüstəm Behrudinin şeirlərində onun özünün Boz Qurd kimi uladığını eşidə bilər. 

 

Rüstəm Behrudi yaradıcılığında Boz Qurd obrazı onun poeziyasını mifoloji düşüncəyə söykəyirsə, Şaman obrazı bu poeziyanı İlahi başlanğıca bağlayır. Bu poeziyada Şaman ayrıca vəsf olunmur, onun şəninə söylənən misralar yoxdur. Amma Şamana, onun duasına böyük inam var. Bu inam Rüstəm Behrudi poeziyasının güc mənbəyidir, oxucuda şairin duasının qəbul ediləcəyinə böyük ümid yaradır:

 

Şaman kimi sözlərdən

mən tale toxuyuram,

Ürəyimdə səksəkə,

ruhumda bir zəlzələ...

Hər gecə göy üzünə

mən dua oxuyuram:

- İlahi, bu mill əti

yox olmaqdan hifz elə!

 

Şair tək-tənha, çarəsiz qalan insanın vəziyyətini hay-küylə, ünvansız sözlərlə deyil, psixoloji duyumla canlandırır. Bu canlanma oxucuya ümid və inam gətirir:

 

Min il pıçıltım da Tanrıya çatdı,

İndi hayqırıram, özümə çatmır.

Bu gün mən piyada, istəyim atlı,

Gör necə tükənib, qüvvətim, gücüm,

Düşmənim bir yana, sözümə çatmır.

Gör necə qısalıb qollarım mənim

Doğma ocaqdakı sözümə çatmır.

Bu hələ bir yana, dərdə bax, Allah!

Əllərim saçıma, gözümə çatmır.

 

Bu misralar Vətənlə, yurdla bağlı istəklərin həqiqət ola bilməməsinin faciəsini yaşadır. Bu misralar qeyzdən və qəzəbdən param-parça olmuş bir ömrün zərrələridir. Amma bu yerdə Şaman ruhu köməyə gəlir və o bildirir ki, əgər arzularım həqiqət olmursa, ağaca, daşa dönüb torpağa qarışmaq istəyirəm. Bu, ruhun dincəlməsinin də ən qısa yoludur.  

 

Rüstəm Behrudi heç kəsi təkrar etmir. Əslində, o, kimisə təkrar etmək istəsə belə bu, mümkün deyil. Çünki Rüstəm Behrudinin çapdığı atın meydanı başqa məkandır. Bu məkanın bir tərəfində gün batanda o biri tərəfində günəş yenidən doğur. Onun poeziyasında özünəməxsus milli hiss və duyğudan enerji alan daxili dinamizm və səmimilik öz gücünü həmişə saxlayır. Səmimiyyəti, məhrəmliyi qoruyan və yaşadan poeziya isə oxucuya daha çox doğmadır. Rüstəm Behrudinin "Salam, Dar ağacı" şeirinin geniş yayılmasının və müəllifinə şöhrət gətirməsinin əsas səbəbi şeirin misralarına hopmuş səmimilik və məhrəmlikdir. Oxucu eşitdiyi salamı ala-ala, ona "əleyküm-salam" cavabını verə-verə özü də bilmədən şeirin ruhuna uyur. Elə bil salam oxucunu dalınca dartıb aparır.

 

Rüstəm Behrudinin Dar ağacı cəza ağacı deyil ki, günahkarları asasan, ölümün qınaq sahibi olasan. Rüstəm Behrudinin Dar ağacı əsr-əsr, nəsil-nəsil bölünən bir xalqın dərdiylə üz-üzə dayanan, Tanrının bəndədən aralı düşməsinə şəhadət verən bir ağacdır. Dar ağacına verilən salam oxucuya verilən salama çevrilir, ağac da ruhən yaxınlaşır, doğmalaşır.

 

Rüstəm Behrudi şeirində Dar ağacı oxucu yaddaşında qalan quru, günahkar ağac deyil. Rüstəm Behrudinin dilində bu ağac budağı, yarpağı olan həyat ağacıdır:

 

Çarxı tərs fırlanır fələk qarının,

Turan kölgəsində budaqlarının,

Rəngi bayrağımda yarpaqlarının,

Salam, Dar ağacı!

Əleyküm-salam.

 

Rüstəm Behrudi yağmalanan obalara, bölünən ellərə, tapdanan torpaqlara, quruyan çaylara görə Dar ağacı ilə haqq-hesab çəkməyə gəlib.

 

Amma bu haqq-hesab məqamında hakim olmaq iddiasında deyil, o yaxşı bilir ki, haqq-hesab məqamı Tanrının ixtiyarındadır. Rüstəm Behrudi Dar ağacının hüzurunda dəli bir şair kimi dayanır, heç Dar ağacının özünə də qürrələnməyə imkan vermir:

 

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm,

Elə qürrələnmə... hər yanın mənəm,

Salam, Dar ağacı!

Əleyküm-salam.

 

Rüstəm Behrudinin şeirləri müasir şairlərin heç birinin şeirlərini xatırlatmır. Bu fərqlilik poetik novatorluğun şeirdə ifadə olunan fikirlərdən qaynaqlanması, həmçinin, şeirin daxili hərəkətinin tənzimləməsi ilə bağlıdır. Nümunələrdə rast gəlinən "Tanrı öz yanından göndərib məni", "Qurd kimi uladım gecələr elə", "Orda - Tanrı dağda Gurşad gözləyir" kimi misralar bir bəndin sonuncu, digər bəndin isə birinci misrasına çevrilməklə dinamizm yaradır. Əslində isə Tanrı, Boz Qurd, Gurşad adlarını içinə hopduran həmin misralar şeiri ruh kimi dolaşır.

 

Rüstəm Behrudi yol gedir, bu yol heç kəsin getmədiyi yoldur, ruhun yoludur. Bu yolun mənzili uzaqdı, mənzilinə çatasan, şair!

 

 

Kamran ƏLİYEV

 

525-ci qəzet.- 2019.- 9 noyabr.- S.19.