Gitaranı muğam alətinə çevirən Rəmiş   

 

 

Təkrarolunmaz sənəti ilə ürəkləri fəth edən Rəmişin bu günlərdə 75 yaşı tamam olur. Mən öz adımdan minlərlə Rəmişsevərlər adından Rəmişi yubileyi münasibətilə təbrik edir ona həyatda ən gözəl nemət olan cansağlığı arzu edirəm. 

Məşhur gitaraçı, Azərbaycan Respublikasının xalq artisti Rafiq Hüseyn oğlu Hüseynov (Rəmiş) 1944-cü il noyabr ayının 13-də Azərbaycanın "İsveçrəsi" adlandırılan Ağdamın Abdal-Gülablı kəndində doğulub. İndi erməni işğalçılarının tapdağı altında qalan Abdal-Gülablı kəndi mədəniyyətimizə Aşıq Valeh, Qurban Pirimov, Sara Qədimova, Rəmiş, Səxavət Məmmədov, Feyruz Səxavət, Güllü Muradova, Abdal Qəhrəman kimi sənətkarlar bəxş edib.

Görkəmli Alim Xudu Məmmədov demişdir ki, keçmişini bilməyən gələcəyini görməz. Hər dəfə mən Rəmişi görəndə Ağdamı, keçmiş günləri xatırlayıram. Rəmişin adı gələndə qeyri ixtiyari  Ağdam yada düşür. Tək Rəmiş deyil, bir çox ziyalılar - Xudu Məmmədov, Teymur Vəliyev, Adilə Namazova, Arif Babayev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Aqil Abbas, Habil Qurbanov, Şahin Rüstəmov, Mənsum İbrahimov, Təyyar Bayramov başqaları artıq Ağdamın simvoluna çevrilmişlər. Ağdamı onlarsız təsəvvür etmək çətindir.

Hər insanın tanrı tərəfindən verilmiş bir ömür yolu, bir yaşam tərzi var. Bu ömür payları o qədər müxtəlifdir ki, onların hamısını təsvir etmək, hamısını qələmə almaq, onların haqqında danışmaq qeyri mümkündür. Lakin öz ömür payında gitarası ilə, musiqimizdə bənzərsiz çalğısı ilə xüsusi yeri olan Rəmiş haqqında danışmamaq mümkünsüzdür. Allah-təala  ona elə bir fitri istedad verib ki, o, qəlbləri fəth edən çalğısı ilə minlərlə-milyonlarla insanların sevimlisinə çevrilib. Mənim bu yazıda məqsədim Rəmişi tərifləmək yox (buna ehtiyac da yoxdur), sadəcə olaraq onun barəsində bildiklərimdən bəzilərindən qısaca bəhs etməkdi.

Rafiq Hüseynov 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək Rəmiş deyə çağırmağa başladı. Elə o vaxtdan bütün el-oba, qohum-əqrəba ona Rəmiş dedilər.

Rəmişin musiqiyə olan hədsiz həvəsini görən atası Hüseyn kişi onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə gətirir. Con müəllimin sinfində tar təhsili alan Rəmişin fitri istedad olması tezliklə üzə çıxır.

Sonralar Rəmiş Qarabağın musiqi beşiyi olan Ağdamda Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbini bitirir. Rəmişin musiqi şöhrəti bütün Qarabağa yayılmışdır.

Xosrov Fərəcovun rəhbərlik etdiyi Ağdamış "Şur" ansamblında Rəmiş konsertmeysterlik edirdi. O vaxtlar, SSRİ dövründə "Şur" ansamblı öz müvəffəqiyyətli çıxışlarına görə 15 qızıl medal almışdı.

Öz fitri istedadı ilə hamını valeh edən Rəmiş az bir müddətdə məşhurlaşdı sevilən sənətkara çevrildi. O vaxtlar Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən sonra onun çalğısını çox yüksək qiymətləndirdi ona Bakıya gəlməsini məsləhət görmüşdü.

Bəs necə oldu ki, Rəmiş tarı gitara ilə dəyişdi? Ağdam rayonundan Rəmişin pərəstişkarı həmyaşıdı olan Nizami Ələsgərov mənə bu barədə maraqlı bir əhvalat danışdı o dedi ki, 60-cı illərin əvvəllərində biz yay vaxtı həmişə Çaybaxça deyilən yerə çimməyə gedərdik. Rəmiş ora gələrdi. Təxminən 1962 ya 1963-cü illər olardı. Ağdama lap yaxın, Ağdamkənd deyilən qəsəbədə möhtəşəm bir çimərlik saldılar. Bu çimərliyə azərbaycanlılarla yanaşı, çoxlu ruslar da gəlirdi. Nizami Ələsgərov deyir ki, həmin çimərlikdə mən özüm dəfələrlə görmüşəm ki, Rəmiş rusların gitarasını alıb, elə gözəl azərbaycan mahnıları muğamları çalırdı ki, hamı heyran qalırdı. Rəmişin gitaraya həvəsi elə həmin vaxtlardan başladı. Bu bir həqiqətdir ki, gitaranı ilk "azərbaycanlaşdıran" Rəmiş olmuşdu. Azərbaycan mahnıları muğamları Rəmişin ifasında gitarada çox möhtəşəm səslənirdi hamı tərəfindən sevilirdi.

Mən Rəmişi ilk dəfə 7-8 yaşlarımda Ağdam rayonunun Əhmədavar kəndində evimizdə görmüşəm. Qardaşım Eldar Kərimovla musiqi məktəbində bir oxumuşdular dostluq edirdilər. Bu dostluq Eldar dünyasını dəyişənə qədər davam etdi. Rəmiş ilk gitarasını Eldara bağışlamışdı. Azərbaycanda Rəmişdən sonra muğam mahnılarımızı gitarada ikinci ifa edən Eldar Kərimov olmuşdu. O, həmişə özünü Rəmişin tələbəsi hesab edirdi.

Ağdamda ən sanballı möhtəşəm toylara Rəmişi dəvət edirdilər. Dəfələrlə mən Ağdamda o vaxtlar  el şənliklərində Rəmişin, Arif Babayevi, Qədir Rüstəmovu, Yaqub Məmmədovu, Şahmalı Kürdoğlunu müşayiət elədiyini görmüşəm.

Rəmişin ilahi istedadı onu bənzərsiz bir sənətkara çevrilmişdi. 60-cı illərin ortalarında Bakıya gələn Rəmişlə bir çox xalq ansambllarının rəhbərləri maraqlanırdı. Rəmiş bu ansambllardan Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblını seçdi. Həmin ansamblda Süleyman Abdullayevin ifasında "Dəşti" muğamı Rəmişin müşayiəti ilə lentə alındı.

Musiqidə öz yolu, öz üslubu, təkrarsız çalğısı olan Rəmişlə artıq radio, televiziya mətbuat maraqlanmağa başladı.

Yaxşı yadımdadı ki, mətbuatda Rəmiş haqqında o vaxt ilk yazını yazıçı-publisist, millət vəkili Aqil Abbas yazmışdı. Aqil Abbasın "Ulduz" jurnalında "Duya duya, yana-yana" məqaləsində Qarabağın iki böyük sənətkarı Qədir Rüstəmovun Rəmişin sənətinə ilk dəfə qiymət verilmiş onların sənətkarlığının bir yerdə vəhdət təşkil etməsi göstərilmişdir. Bu yaxınlarda Aqil Abbas Rəmişin 75 illik yubileyinə həsr etdiyi romanı tamamlayıb.

Rəmiş sənətinin böyüklüyü ondadır ki, o, ifa etdiyi bir əsəri ikinci dəfə tamamilə başqa bir tərzdə, başqa bir formada ifa edir.

Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov Rəmişin ifasında öz yazdığı "Ana" mahnısını dinləyərək heyran qaldığını bildirmiş və heyrətlə demişdir ki, bu, mənim yazdığım "Ana" mahnısı deyil, bu, Rəmişin barmaqlarından süzülən daha möhtəşəm, ürəkləri fəth edən tamamilə başqa bir əsərdir.

Azərbaycanın Xalq şairi, Prezident mükafatçısı Nəriman Həsənzadədən Rəmiş sənətinə münasibət bildirməsini xahiş etdim. Nəriman müəllim dedi ki, ayə o, dəryadır, o, dahidir, Rəmiş Avropada olsaydı, Paqanelidən də məşhur olardı. Rəmiş bir müddət SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışmış və dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. Zeynəb xanım da həmişə Rəmişin sənətini yüksək qiymətləndirmişdi.

Rəmişin bənzərsiz heyrətamiz çalğısını vaxtilə karifey sənətkarlarımız Habil Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğluda yüksək qiymətləndirmişlər.

Qarabağ müharibəsi dövründə Rəmiş gitarasını silahla əvəz etmişAğdamda Fred Asifin dəstəsində döyüşürdü. Rəmişin döyüşçülər arasında olması onlarda ruh yüksəkliyi yaradırdı. Açığını deyim, rəhmətlik Fred Asifonun döyüş yoldaşları Rəmişi həmişə qoruyurdularonu çox vaxt ön xəttə buraxmırdılar.

Cavan vaxtlarında Rəmişin keşməkeşli, acılı-şirinli həyatı, özünəməxsus ərköyünlükləri bir müddət onun həyat tərzinə çevrilmişdi. Hətta bu "dahi-dəli"ni bəzi ərkəsöyün hərəkətlərinə görə həbs etmək istəmişdilər. Amma sənətkarlara, mədəniyyət işçilərinə həmişə yüksək qiymət verən Ulu Öndərimiz o vaxt göstəriş vermişdi ki, Rəmişə toxunmayın, onu qorumaq lazımdır.

Rəmişin dolanışığı toylardan olmuşdu, amma o heç vaxt pulpərəst olmamışdır. Yaxın dostların, qohumların toylarından pul götürməzdi. Yaxşı yadımdadı, 2008-ci ilin noyabr ayı idi. Mən Məkkədə Cəbəllü-Nur dağını ziyarət edirdim. Yaxın bir qohumum zəng edib dedi ki, həmişə arzum olub ki, övladımın toyunu Rəmiş çalsın. Mən Rəmişə zəng edib bu barədə xahiş elədim. Sonralar mənə dedilər ki, Rəmiş gəlib həmin toyu çalıb və pul almadan çıxıb gedib. Rəhmətlik  Qədir Rüstəmov deyərdi, Rəmişin barmaqları qızıldı, amma ağlı yoxdu, pul qədri bilən deyil.

Rəmiş həmişə dövlətimizdən, dövlət başçısından qayğı gördüyünü deyiröz razılığını bildirir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə Rəmiş Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. Sənətinə verilən yüksək qiymət kimi, o, Prezident tərəfindən mənzillə də təmin olunmuşdur.

İllərillərin üstünə gəlir, yaş da öz işini görür, xəstəlik də öz fəsadını göstərir. Təngnəfəslik və boğulma Rəmişin səhhətinə pis təsir etdiyinə görə son vaxtlar o, toylara getmirona həmişəlik sadiq olan gitarası və Gülüsü ilə evdə qalır.

Mehriban xanımın prezidenti olduğu Heydər Əliyev Fondu daima Rəmişin qayğısına qalır.

Gözəl yaradıcılıq müvəffəqiyyətlərinə nail olan, efirlərin, el şənliklərinin yaraşığına çevrilən Rəmişin bu günlərdə 75 yaşı tamam olur. Bu "dahi dəli" yaşlansa da, onun gitarasının səsi həmişə cavan səslənir. Mən də onun sənətinin pərəstişkarı olan milyonlardan biri kimi ona sağlam ömür diləyirəm və arzu edirəm ki, Rəmişin gitarasının səsi tezliklə azad olunacaq Qarabağdan - Şuşamızdan, Xankəndindən, Ağdamımızdan, Rəmişi bizə bəxş edən Abdal-Gülablıdan gəlsin.

 

Şöhlət KƏRİMOV

MAA-nın "Hüquqşünaslıq" kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, "Qızıl qələm" mükafatı laureatı

 

525-ci qəzet.- 2019.- 13 noyabr.- S.14.