Mina Rəşiddən balacalara hədiyyə

 

 

Bu günlərdə yazıçı, şair Mina Rəşidin yeni kitabları işıq üzü görüb. Həm də uşaq yazıçısı kimi tanınan Mina Rəşidin hər iki kitabı balaca oxucuların marağına səbəb olacaq. 

"Vektor" Beynəlxalq Nəşrlər Evində işıq üzü görən "Balaca günəş" kitabına müəllifin müxtəlif illərdə yazdığı şeirlər daxil edilib. Kitabın redaktoru Sevinc Nuruqızı, texniki redaktoru Şükufə Əhmədlidir. Ön sözü professor, şair Elçin İsgəndərzadə yazıb. "Balalarımıza Qarabağ nəğmələri" adlı yazıda E.İsgəndərzadə bildirir: "Mən Mina Rəşidi 20 ilə yaxındır ki, Qarabağ həsrətli, Qarabağ göynərtili, Qarabağ hayqırtılı bir Vətəndaş şair kimi tanıyıram. Mina Rəşid poeziyası təxminən 20 ilə yaxındır ki, mənim gözümdə bu mövzunun barometrinə çevrilərək Qarabağ məşəqqətlərinin və həqiqətlərinin ən gözəl səlnaməsinə çevrilib.

Mən elə düşünürəm ki, istəkli balalarımıza ünvanlanmış bu kitabın araya-ərsəyə gəlməsinin ən əsas səbəbi də məhz Minanın böyük vətəndaşlığı, böyük vətənpərvərliyi və fenomenal Qarabağ sevgisidir. Bəli, bu gün biz balalarımıza Minanın yazdığı bu şeirləri və bu səpkili şeirləri oxumalıyıq və oxutmalıyıq!"

Kitab "Sən mənim vətənimsən" adlı hissəylə başlayır. Burada şairin vətənpərvərlik mövzulu şeirləri toplanıb. "Mənim doğma vətənim", "Ana dilim", "Azərbaycan əsgəri", "Novruz", "Xocalı", "Ağdam", "Mübariz", "Təbriz", "Türk bayrağı", "Qarabağ", "Qız qalası", "Bərdə", "Şəki", "Əsgərə məktub" və sair kimi şeirlərdə azyaşlı oxuculara vətənə sevgi, bayrağa, şəhidə hörmət kimi ülvi hisslər aşılanır.

Kitabın sonrakı hissələri "Ayaqqabı adası", "Mənim Qiyaslı kəndim" adlanır.

"Meyvələrin şöhrəti" adlı şəkilli kitabı isə M.Rəşid Səltənət Zülfüqarova ilə birlikdə yazıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulidən ilhamlanaraq, "Meyvələrin söhbəti"ni təqlid edərək yazılan şeirdə meyvələrin insan orqanizminə, xüsusən uşaqların sağlam inkişafına faydasından bəhs olunur. "Parlaq imzalar" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitabın illüstratoru August Dinadır. Həkim nutrisioloq-dietoloq Amaliya Rəhimova, fotoqraf Elnarə Hüseyni, redaktor Amin Sükut, korrektor Zülfi Xəlilov, dizaynerlər Rauf Vəkilov və İsmayıl Süleymanlıdır.  Kitaba ön sözü şair Günel Eminli yazıb: "Füzulinin əsərində də bütün meyvələr danışır, hamısı özünü hey tərifləyir, bir-birlərinin sözünü kəsirlər. Şair burada meyvələrin xeyrini onların öz dilindən versə də, lovğalığı pisləyir; heç kimə lovğa olmamağı tövsiyə edir. Məhəmməd Füzuli bu əsəri yazanda, yən XVI əsrdə uşaqlar üçün maraqlı əsərlər az yazılırdı. Hətta ehtimal var ki, bu, yazılı ədəbiyyatda uşaqlar üçün yazılan ilk əsərdir. İndi isə hər şey dəyişib. Uşaqlar üçün yazan nağılçılar və hekayəçilər dünyanın hər yerində sizi sevindirir. Belə kitablardan biri də əlinizdə hal-hazırda tutduğunuz kitabdır. Səltənət xanım və Mina xanım "Meyvələrin söhbəti" əsərinin ideyasından bəhrələnib. Sizin üçün maraqlı və rəngarəng kitab yazıblar. Bu kitabda da meyvələr danışır. Amma bu kitabdakı meyvələr beş yüz il bundan qabaq yazılmış "Meyvələrin söhbəti"ndəki meyvələrdən fərqlənir. O fərqi isə yalnız kitabı diqqətlə oxuyanlar tapacaq". 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.12.