Hacının səxavəti 

 

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsinin Bakıya gəldiyini və Televiziyada çıxışını görəndə göz yaşlarımı saxlaya bilmədim. Sevindim ki, nəsil davam edir. Hacının səxavəti gözlərim önünə gəldi. Rəhmətlik atamdan eşitdiyim bir hadisəni oxuculara çatdırmaq istəyirəm. Yaşı 90-ı keçmiş ixtiyar adamam. Sabaha get-gedə ümidim azalır. Hacının şəxsiyyətinə, xeyirxahlığına, səxavətinə dəlalət edən hadisə qoy imkanlı adamlarımıza örnək olsun...

Ailənin yeganə oğlu həddi-buluğa çatıbmış. Gecə vaxtı ər-arvad qərara gəlirlər ki, uşağı evləndirsinlər. Bunun üçün ona-buna yük daşımaqla ailənin güzəranını təmin edən eşşəyi satmaq qərarına gəlirlər. Oğlan evlənməkdən imtina edir. Aylar keçir, bir gün oğlan deyir:

- Ana, daha eşşək-meşşəkdən danışmırsınız?!

Ər-arvad bir yandan sevinir ki, oğlanları evlənmək istəyir, başqa tərəfdən də qəm dəryasına qərq olurlar.

Arvad deyir:

- A kişi, deyirlər Hacı çox səxavətli adamdır, get onun yanına. Allah qəlbinə rəhm salar, səni əliboş qaytarmaz.

Kişi elə də edir.

Hacı kargüzarını çağırır və deyir:

- Yaz: bir kisə un, iki pud düyü, 10 girvəngə (4 kq) yağ, xuruşuaşa lazım olan başqa ədvəcat.

Kişi başlayır ağlamağa.

Hacı təəccüblə soruşur:

- Azdır?

- Hacı ağa, baxıram sənin səxavətinə, baxıram uzunqulağın gücünə. Bu qədər yükü apara bilməz.

Hacı kargüzara deyir:

- Yazdıqlarını poz!

Kişi dediyinə peşman olur. Fikirləşir ki, Hacı ərzağı azaldacaq. Kişinin həddən artıq məyus olduğu Hacının nəzərindən qaçmır.  Kargüzara deyir:

- Yazdıqlarını üç qat artır və çarxlı arabaynan yola sal.

Bu, Hacının səxavət göstərdiyi minlərlə kəramətindən biri idi.

 

 

Cümşüd Muradov

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.11.