SÖZ - QƏRİB DURNA QATARI...

 

İlahidən gəlməyəndə

O sözü geri qaytarın.

Qoymayın ölsün, dirildin,

Sözü ölümdən qurtarın!

Söz bəşərin şirin dili,

Sevirəm bu şirindili.

Söz-çəmənin qönçə-gülü,

Söz - qərib durna qatarı!

Bir müqəddəs yazı itib,

Tapan gərək, izi itib.

Allahın bir sözü itib,

Şair o sözü axtarır!

 

BƏRİ GƏL

 

Biri dedi, deyən, sən yazırsan,

Eylədiyin ağılmış, bəri gəl!

Yazıb-pozub ölməyə hazırsan,

Gözlərinə qan sağılmış, bəri gəl!

Daş acıyır bir kəsəyə yenəmi,

Şam oturub gün ağlayır günəmi?

Qalıb yoxu var eyləmək sənəmi?

Ay biçarə, ay yox olmuş, bəri gəl!

Kim çıxarıb bu dünyanı yolundan?

Baxır, gözü heç su içmir halımdan.

Qalx, söyləyib anam dartır qolumdan,

"Düzələn döy bu dağılmış, bəri gəl!"

Mən neyləyim, alın yazım yazılı,

İlhamımın sağı var, solu.

Şeir yazmaq deyil məndən asılı,

Şair olmaq bir nağılmış, bəri gəl!

Oxuyubmuş ürəyimi elə bil,

Bir qanadlı pəri gəldi, açdı dil.

Dedi, burda harda olur Baratgil,

Dedim, mənəm, ay sağ olmuş, bəri gəl!

 

DÜNYANI TANITMA MƏNƏ

 

Dədə, bu dünyanı tanıtma mənə,

Bu dünyanın neçə sifəti varmış,

Bu dünyanın neçə üzləri çıxır.

Qızıl sandığının üstə oturub,

Cırıq şalvarından dizləri çıxır.

Guya ki, mənə qanı qaynayır,

Halbuki qanımı qaba tutacaq.

Hələ ki, mənimlə beşdaş oynayır,

Bir azdan məni topa tutacaq.

Xəncəri bağrımı dəlib əlində,

Səni vuracaq, bilməyəcəksən.

Dünən dədəm-babam ölüb əlində,

Bu gün mənə deyir: ölməyəcəksən?!

Dədə, bu dünyanı tanıtma mənə,

Götürüb birinə kədər-qəm verir.

Aldadıb birinə şeir yazdırır,

Birini dünyadan aparmaq üçün,

Yüzünə bel verib qəbir qazdırır!

Təzə qəbristandı sanki qayəsi,

Yüyürüb yoluna daş dığırlayır.

Dilində duası - Quran ayəsi,

Əlində baltası, baş dığırlayır!

Bir qismət çörəyi təzə qəbirmiş,

Bir qismət çörəyi dərin quyuymuş,

Gələnə-cavaba oxşayan ömür,

Gedənə sualmış: dünya bu imiş?!

Dədə, bu dünyanı tanıtma mənə,

Boylandım, qəlbidən tanıdım onu.

Qərbinə, Şərqinə qarışdı başım,

Qərbindən-qəbrindən tanıdım onu.

Dedirdir bağlama, yanıltmac mənə,

Dilim gəlmir, dinəm: Canidi! - deyə.

Dədə, bu dünyanı tanıtma mənə,

Dədəmi yandırır tanıdım! - deyə.

 

MƏNİ ÖZ QƏBRİMƏ QOYUN

 

Qoymayın seçilsin ilk beşiyimdən,

Siz məni özümün qəbrimə qoyun.

Siz məni etməyin ev-eşiyimdən,

Siz məni özümün qəbrimə qoyun!

Bələnim qanımın qanına kimi,

Yollanım Allahın yanına kimi.

Aparın dünyanın sonuna kimi,

Siz məni özümün qəbrimə qoyun!

Hər cibdən bir cürə güllə çıxacaq,

Canımız min cürə yolla çıxacaq.

Haranı qazsanız kəllə çıxacaq,

Siz məni özümün qəbrimə qoyun!

Səbri sanmayın ki, çoxdu səbrimin,

Olmazdım, olsaydı baxtı dərdimin,

Əlim ətəyindən çıxdı qəbrimin,

Siz məni özümün qəbrimə qoyun!

Hazır bir qəbirmiş bu yorğan-döşək,

Qazılı qəbirmiş bu yorğan-döşək.

Pozulu qəbirmiş bu yorğan-döşək,

Siz məni özümün qəbrimə qoyun!

Susmazdı bu qəlbim, özgə qəlbidi,

Bu zirvə dərədi, üzdə qəlbidi.

Vallah, yer kürəsi özgə qəbridi...

Siz məni özümün qəbrimə qoyun!

 

BARIŞIQ

 

Xalq yazıçısı İsmayıl Şıxlıya

Köhnə yurd yerində köhnə bir kişi,

Sağa boylanırdı, sola baxırdı.

Qazaxdan burulan, Tiflisdən gələn,

Cığıra üz tutur, yola baxırdı.

O köhnə pəncərə, bu köhnə tavan,

Köhnə ağa evi necə var, durur.

Köçüb qalmasa da, bu yurdda duran,

Ürəkdə ağrılar, acılar durur.

Kimiydi qəfildən o keçən atlı,

İsrafil ağamı, qaçaq Kərəmmi?

Bayaqdan bir qonaq durub gözləyir,

Bəs mən onları gözləmirəmmi?

Od köhnə ocaqsa, getdi sönməyi,

Zaman dayanmadan çapır atını.

Köhnə Kəsəmənə - yurda dönməyi,

Köhnə kişilər yadırğadımı?!

 

Elə bil bu yurdun yoxmuş heç kimi,

Sevinc axtarırsan, bəxtə qəm çıxır.

Birdən dəli Kürü qızılquş kimi,

Şığıyıb bir kişi böyürdən çıxır.

İsrafil ağadır bu gələn, Allah,

Dünya xali deyil, gördünmü qardaş?

İsmayıl Şıxlının sevincinə bax,

İsmayıl Şıxlının gözlərində yaş...

"A bala, yeri bir Kərəmi çağır!"

İsrafil ağanın səsiydi bu səs.

Bir görüş müqəddəs, bir görüş ağır,

Kərəm gələrmi ki? Gəlməyə bilməz!

Göyə şölə çəkir köhnə od-ocaq,

Bir sözü dil demir, deyir göz, ürək.

Deyir ki, indi biz barışmasaq,

Vallah, göydəmizə el tüpürəcək!

İsrafil ağanın sözləri haqdı,

Birləşir axırda neçə yol, gəlib.

Kərəm yəqin ki, yumşalacaqdı,

"Nağayrım, qapıya İsmayıl gəlib!"

İki köhnə düşmən, iki köhnə dost,

O günü yuxudan oyanmışdılar.

Köhnə bir kişinin dərdli qəlbində

Təzədən baş-başa dayanmışdılar.

 

DAR AĞACININ BAYRAMI

 

Dedikləri səndən ötrü deyildi,

Bir itkisi belə itki deyildi,

Gül sənə dediyi ətri deyildi,

Başa düşməməli burda var ki!

O göy yerlə, bu yer o göylə dolu,

Doğmayla, yaxınla, ögeylə dolu.

Könüllər, yer-göylər hər şeylə dolu,

Tanrıdan savayı harda var ki?!

Sanma bir Nəsimi, bircə Mənsur var,

Göydə Nəsimilər, yerdə Mənsurlar.

Asılmaq istəyir bir Mənsurlar,

Sən hələ deyirsən darda var ki?!

 

ADƏM

 

Cənnətdə deyirlər, gəlib həyata,

İtirib ağlını, azıb yolunu.

Peyğəmbərlik edir bədbəxt bir ata,

Tərbiyə edəmmir namərd oğlunu.

Olub keçənləri bir-bir bildirir,

Köhnə qardaş dərdi, qardaş fəryadı.

Bütün ölənləri Qabil öldürür,

Bütün ölənlərin Habildir adı?!

Dərddən unudurmuş adam adını,

Bu dərdi fələklər deyir, yazıram.

Mən çəkən gündən Adəm adını,

Cənnətdən qovulub... şeir yazıram?!

Ürək as, sinəmdən daş asma, Tanrı,

Sən nədə yalansan, mən nədə doğru?

Diriykən cənnətdən baş açmayanı,

Ölü göndəririk cənnətə doğru!?

Bir-bir döşürülür bir-bir tökdüyü,

O yazıq Adəmin oğluyam mən .

Bəlkə mən bilmirəm, Qabil tökdüyü,

Məlum qan-qadayla doluyam mən ?!

 

Bəlkə Qabil mənəm, elə haqq üçün,

Yüz qərar çıxarır, yüz akt alırlar.

Məni Habil bilib basdırmaq üçün,

Gündə yer gəzirlər, yer axtarırlar?!

Damarda bu qanı bu qan yeyibdi,

Adamam, Adəmə yazığım gəlir.

Necə olubdu ki, Adəm yeyibdi,

Yeyilən o dənə yazığım gəlir!

Sənin bədəninin ay Adəm babam,

Yarısı ölüymüş, yarısı sağmış!

Yoxsa insan oğlu - zamin dururam,

Bir olan Allahtək yaşayacaqmış.

... Olan faciəni bir-bir bildirir,

Köhnə qardaş dərdi, qardaş fəry adı.

Bütün ölənləri Qabil öldürür,

Bütün ölənlərin Habildir adı?!

Adamlar haqq gəzir, Haqqı tapdayır,

Nə günə düşübdü vay dədə, Adəm.

Adamlar çoxalır... adam çatmayır,

Peyğəmbərəm! - deyir hələ də Adəm?!

 

TƏZƏ SÖZLƏR, QƏDİM SÖZLƏR

 

Xalq şairi Fikrət Qocaya

Ürəyində dərd kişnəyir,

Ruhu - Cıdır düzündəndir.

Qaralmayan od-ocaqdan,

Yurdun odu-közündəndir.

 

Aşıb-daşıb təb üzündən,

Sözlərinin öp üzündən,

Dədə Qorqud qopuzundan,

Koroğlunun sazındandır.

Qalmaz daha yetim sözlər,

Təzə sözlər, qədim sözlər

Elə bil ki, bütün sözlər

Fikrət Qoca sözündəndir.

 

***

 

Mənim bir ovcumda məchul şəkil var,

Bəlkə onçun belə məchul adamam.

Bütün adamlardan baş olmasam da,

Bütün adamlara məsul adamam.

Allaha asimi olmuşam bir vaxt,

Mən ki sübh nəsimi olmuşam bir vaxt.

Bəlkə ... Nəsimi olmuşam bir vaxt,

Mən məşhur adamam, məşhur adamam!

Baş vuram ümmana, baş vuram sənə,

Allahım, bir başı beş verəm sənə,

Mən könül verməklə məşğulam sənə,

Mən ömür sürməklə məşğul adamam!

 

BALACA ADAMAM

 

Ömrümün bir qanunu var,

Kim ki, çaşıb meydan sular.

Göz yumsam, gözüm yumular,

Gözü qaraca adamam.

Coşsam, sanma Kür deyiləm,

Ə mrə müntəzir deyiləm,

Birəm, amma bir deyiləm,

bilim neçə adamam!

Mənim sözüm sünbül-sünbül,

Mənim sözüm bir yox, minbir.

Mən sözü hamıdan hündür,

Özü balaca adamam!

 

 

Barat VÜSAL

 

525-ci qəzet.- 2019.- 23 noyabr.- S.23.