İki hekayə  

 

 

 

AĞLAMALI

 

Nazimə ev verəcəkdilər təzə binada. Qəflətən öldü. Sitarə ərinin qırxından  sonra onun işlədiyi idarəyə gəldi. Göz yaşları içərisində soruşdu ki, onların ev işi necə olacaq. Qəti söz deyən olmadı. Müdir qəbul eləmədi onu. Evinə qayıtdı. Balasını bağrına basıb içində ağladı. Bir azdan qardaşı Səlim gəldi. Əhvalatı öyrənib dedi:

- Özünü yorma. Həyatda olmayan adama ev verməzlər. İndi sən körpənin qeydinə qal. Olacağa çarə yoxdur. Allah Nazimə rəhmət eləsin.

Sitarə köksünü ötürdü :

- Gərək

 müdirlə görüşüm, - dedi.

Səlim yalvardı ki, mənası yoxdur, amma Sitarə razılaşmadı. Səhər tezdən Sitarə müdirin qəbul otağında idi. Xeyli gözlədi. O qədər gözlədi ki, katibə qızın ona yazığı gəldi.

- Yaxşısı budur, sabah gəlin, - dedi. - Sabah müdirin iclası var, səhər 10-da. Siz bir az tez gəlin.

Sitarə getdi. Səhər tezdən gəldi. Müdir yerindəydi. Katibə qızın yalvar-yapışından sonra müdir Sitarəni qəbul elədi.

Sitarə özünə söz vermişdi. Müdirlə görüşəndə ağlamayacaqdı. Amma ağladı. Müdirin kobud şəkildə dediyi söz onun ürəyinə xəncər kimi batdı.

- Ölüyə mən necə ev verim?

Sitarə:

- Heç olmazsa bir otaq verin, - dedi.

- Olmaz! - dedi müdir. - Ölüyə ev düşmür, başa düşün.

Nazimin adı "ölü" olmuşdu. Sitarə durub getdi. Dərd götürmüşdü onu: evi Nazimsiz necə dolandıracaqdı...

İşlədiyi uşaq baxçasından aldığı qəpik-quruş ona çatmayacaqdı. Qardaşı Səlimin öz ailəsi vardı. Sitarə belə götür-qoy eləyəndə təzə binanın sakinləri "mərtəbə davası" edirdilər. Haqqı olan, amma ev almayan narazılar da vardı. Onların da əlindən deyinməkdən başqa bir şey gəlmirdi. Narazılardan ancaq biri şikayət yazdı nazirliyə. Məktubunda da and içdi ki, ev alanların çoxunun üç-dörd yerdə evi var. Onun da şikayət məktubu qayıdıb elə müdirə gəldi. Müdir də ürəyində dedi: "Yaxşı köpəkoğlu, gör bunun əvəzini necə çıxacağam səndən".

Təzə evin sakinləri qonaqlıq verirdilər. Qonaqlıq verənlər müdiri də dəvət eləyirdilər. Müdiryeyirdi, içirdi, tost deyirdi, ona xoş söz deyənlərə  minnətdarlığını bildirirdi.

Sonra da bir gün iclasda  belə dedi:

- Bəzi ağzıgöyçəklər nazirliyə "danos" yazıblar ki, guya bizim təzə binanın sakinlərinin bir neçə yerdə evi var. Mən bu məsələni diqqətlə araşdırdım. Məlum oldu ki, yalandır bu! yalan!

Bu sözlərə hamı əl çaldı. Müdir sevindi. Baxıb gördü ki, "donosyazan" da əl çalır, ürəyində dedi: "Yaxşı, köpəkoğlu, sən də əl çal. Az qalıb. Qovacağam səni burdan!"

Aradan aylar ötdü... Təzə evin sakinləri yavaş-yavaş, bir-bir köhnə evlərinə köçdülər, təzə mənzillərini də kirayə verdilər.

...Sitarə çox yaşamadı. Vəsiyyətinə görə onu Nazimin yanında basdırdılar. Qəbrin uzunluğu iki metrdi, dərinliyi və eni bir metr... lap birotaqlı mənzilə oxşayırdı.

 

GÜLMƏLİ

 

Aslanın maşınının təkəri elə partladı ki, elə bil göydən yerə bomba atdılar. Yoldan keçən qoca kişi ürəyini tutdu. Aslan düşüb təkərə baxdı. Dilxor oldu. Qoca çığırdı:

- Allah lənət eləsin! Ürəyim qopdu. Yuxum da çin oldu. Yuxuda görmüşdüm ki, müharibədir, güllə atırlar mənə, birdən lap yanımda bir bomba partladı.

Aslan qocaya əhəmiyyət vermədi. Maşınını birtəhər yaxınlıqdakı təmirxanaya çatdırdı. Gördü ki, qapıda iri hərflərlə yazıblar: "Hava 3 manat". Maşından düşüb içəri girəndə gördü ki, usta xörək yeyir.

- Nuş olsun, - dedi və əlavə etdi: - Bayramın da mübarək olsun!

Usta özündən çıxdı:

- Nə bayram əşşi... Qurban bayramını deyirsən? Mən elə bayram tanımıram. Bu, bayram deyil. Qoyun-quzunun soyqırımıdır.

Aslanın bir xasiyyəti vardı. Heç vaxt, heç kəslə mübahisə etmirdi. Birbaşa mətləbə keçdi:

- Maşının şini partlayıb. O birilərinə hava vurdurmaq istəyirəm. Amma yaman bahalandırmısan haa  havanı. Əvvəl 1 manataydı.

- Dollar bahalaşıb, - dedi usta və xörəyini iştahla yeyib qurtarandan sonra ayağa durdu.

Bir xeyli çəkdi ustanın işi. Aslan ustanın pulunu dinməz-söyləməz ödəyib mindi maşınına, yadına yaxın dostu Həsrətin sözü düşdü: "Maşın kişinin ikinci arvadıdır. Xərci çoxdur".

Aslan müəllimdi. Həmişə  dərsdən sonra evə gələn kimi yeməyini nuş eləyib mürgü vururdu. Arvadıda deyinirdi:

- Gecə yatırsan, gündüz ... Gəzmək lazımdır, hava lazımdır ey, hava... Eşidirsən? Hava! Hava!

Aslan bu dəfə arvadının hava haqqında dediklərinə əhəmiyyət verməyib yeməyini yedi, sonra  mürgü vurdu. Amma bu, mürgü deyildi. Kişi əməlli-başlı xoruldayırdı. Hətta yuxu da gördü. Yuxusunda gördü ki, evinin qapısı bərk-bərk döyülür. Durub açdı. Qapının ağzında pəhləvan cüssəli bir kişi dayanmışdı. Aslanı görən kimi qışqırmağa başladı:

- Bir ildir hava pulu vermirsüz! Nöşün vermürsüz?! Həzrət Abbas haqqı, kəsərəm havanızı, boğulub ölərsiz hamınız!

Aslan hövlnak arvadını çağırdı:

- Ay arvad, gəl görək bu kişi deyir. Biz indiyəcən hava pulu vermişik bəyəm?!

Arvadın gözü kəlləsinə çıxdı.

- ?! Hava pulu?!

Pəhləvan cüssəli kişi özünü içəri soxdu əlini atıb Aslanın hulqumundan yapışdı:

- Bu dəqiqə hava pulunu verməsən, boğaram: əvvəlcə səni, sonra da o gombul arvaduvu... Özüm ölüm, boğaram!!!

Aslan boğulurdu. Qışqırıb yuxudan ayıldı. Qışqırıq səsinə arvadı gəldi.

- Bağrım yarıldı, ay kişi! Nə olub?! Yuxu görürdün? Nə görürdün?

Aslan yataqdan qalxıb dik oturdu.

- Yuxuda gördüm ki, yekəpər bir kişi gəlib bizə, deyir bir ildir hava pulu vermirsüz. Boğurdu ey, məni, it oğlu. Səni boğacaqdı ey... Qoymadım. Sifətinə möhkəm bir şapalaq vurdum, ağzı-burnu partladı.

Arvadı Aslanın bərəlmiş gözlərinə baxıb dedi:

- Sənə yüz dəfə demişəm ki, günortalar yatma! Başuva hava gələr ey... Dəli olarsan. Dur ayağa, geyin, çıxaq təmiz havaya. Hava lazımdır bizə, hava!

Aslan hələ yuxulu idi. Cüssəli kişi gözlərinin önündən çəkilməmişdi.

 

 

Aqşin BABAYEV

 

525-ci qəzet.- 2019.- 23 noyabr.- S.21.